Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-513/2025 01.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkün sayılmaması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “xx.xx.2024-cü il tarixli 196 ş/h nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(120)-2048/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı tərəfindən Dəniz limanlarında sərhəd nəzarəti şöbəsinin rəisi v.m.i.e cənab polkovnik-leytenant Nail Əhmədova ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41ci maddəsinin 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövləf Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmağı üçün yuxarı Komandanlıq qarşısında vəsatət qaldırmağı, Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı təqdirdə sənədlərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə göndərilməsini xahiş etmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmağı ilə əlaqədar olaraq Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyinə ehtiyacı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2024-cü il tarixli 196 ş/h nömrəli əmrindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq leytenant İddiaçı dəniz limanlarında sərhəd nəzarəti şöbəsinin 1-ci sərhəd nəzarəti bölməsinin zabit nəzarətçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, hərbi qeydiyyata götürülməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin xx.xx.2024-cü il tarixli 80 nömrəli təyinat vərəqəsindən görünür ki, təyinat vərəqəsi leytenant İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə hərbi qeydiyyata götürülməsi ilə əlaqədar verilmiş, çıxma vaxtı: 05 oktyabr 2024-cü il tarixdən, çatma vaxtı: 08 oktyabr 2024-cü il tarixədək qeyd edilmiş, təyinat vərəqəsinin arxa hissəsində “Əlavə olunur” qeydində göstərilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq leytenant İddiaçı Sərhəd Nəzarəti rəisinin xx.xx.2024-cü il tarixli 196 ş/h nömrəli əmrinə əsasən Sərhəd Nəzarəti rəisinin xx.xx.2024-cü il tarixli 0279 nömrəli nizami hissə üzrə əmri ilə xx.xx.2024-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılarq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. “Əlavə olunur” qeydinin aşağı hissəsində yuxarıda qeyd edilənlər ilə tanış olması ilə bağlı İddiaçı “Tanış oldum. L-t. İmza var. İddiaçı xx.xx.2024” qeydlərini aparmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin “Təyinatların qeydiyyat kitabı”nın 80-cı sırasındakı qeydiyyatdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə təyinatı üzrə göndərilməsi ilə bağlı qeydlər aparılmışdır. İddiaçının “imzası var, tarix olaraq 05.10.24” qeyd etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022ci il tarixədək DSX-də gizir qismində, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək zabit qismində xidmət keçmişdir. xx.xx.2024-cü il tarixli 196 nömrəli əmrlə “Hərbi vəfizə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı məddəsinə (xidməti uyğunsuzluq) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. xx.xx.2019-cu il tarixdə Dövlət Sərhəd Xidmətində fəaliyyətə başlamış, işlədiyi müddətdə bir dəfə də, olsun pozuntuya yol verməmişdir. Ona prosessual hüquq normaları ilə üzərinə qoyulmuş sübutetmə vəzifəsindən və yükündən azad edilərək işdən çıxarılma əsaslarının və səbəblərinin qərəzli və qanunsuz olmasını təsdiq edə biləcək sübut və dəlil gətirmədən öz əvvəlki işinə bərpa olunmaq imtiyazı əldə edir. 05 oktyabr 2024-cü il tarixli əmrdə hansı hüquqazidd hərəkətləri nəticəsində onun xidmətə xitam verməkləri barədə heç bir məlumat qeyd edilməmiş, inzibati (daxili) araşdırma aparılmamış və bunun nəticəsində həmin əmr Azərbaycan Respublikasının qanunvericiliyə zidd olaraq qəbul edilmişdir. Əmrin surəti dəfələrlə müraciət olunmasına baxmayaraq, ona təqdim edilməmişdir. Eyni zamanda ondan işdən çıxması barədə ərizə alınmasına baxmayaraq, məlumatı olmadan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluq) müvafiq olaraq işdən azad edilmiş, ehtiyata buraxılmşdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, ehtiyatda olan leytenant R.R.X2 rəisinin xx.xx.2024-cü il tarixli 196 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı DSX rəisinin xx.xx.2019-cu il tarixli 1724 ş/h №-li əmri ilə “gizir” hərbi rütbəsi verilməklə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə müvafiq olaraq, DSX-də 5 il gizir qismində həqiqi hərbi xidmətə qəbul edilmişdir. İddiaçı xidmətə qəbul olunmazdan əvvəl Dövlət Sərhəd Xidmətinin rəisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsində Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olduğunu bildirmişdir. İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluga görə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə hərbi hissə rəhbərliyinə xx.xx.2024-cü il tarixdə raportla müraciət etmiş və həmin raport əsasında Sərhəd Nəzarəti rəisinin birinci müavini - qərargah rəisi polkovnik Ceyhun Nəbiyevin xx.xx.2024-cü il tarixli təqdimatı qəbul edilmiş, leytenant İddiaçı raportu N №-li hərbi hissədə xx.xx.2024-ci il tarixdə 444 nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan raportdan görünür ki, İddiaçı sağlamlıq vəziyətininin müəyyənləşdirilməsi ilə əlaqədar olaraq DSX-nin Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyə ehtiyacı olmadığını və ehtiyata buraxılacağı təqdirdə şəxsi işinin SHXÇDX-nın Beyləqan rayon şöbəsinə göndərilməsini xahiş etmişdir. İddiaçı xidməti uyğunsuzluqa görə yazdığı raportla əlaqədar onunla söhbətlər aparılmışdır. xx.xx.2024-cü il tarixli birinci söhbət arayışından görünür ki, söhbət zamanı İddiaçı xidməti fəaliyyəti ətraflı təhlil edilərək şikayət və təklifləri dinlənilmiş, xidməti fəaliyyət zamanı üzləşdiyi problemlər və xidmətinə təsir edə biləcək problemlərin olubolmaması aydınlaşdırılmışdır. İddiaçı tərxis olunmaq istəməsinin səbəbini ailə vəziyyətindəki problemlərinin, övladının səhhəti ilə bağlı (qızının “Kvadraplegik spastik serebral iflic. Baş-beynin anadangəlmə anomaliyası” diaqnozu ilə olan xəstəlikdən əziyyət çəkir) nəzərə alıb valideynlərinin yanında olmasına ehtiyacı olduğunu, xidmətə həvəsi olmadığını, tərxis olunaraq gələcək fəaliyyətinə mülki həyatda davam etdirmək istədiyini bildirərək Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını təkidlə xahiş etmişdir. Söhbət zamanı leytenant İddiaçı xidmət yerinin xx.xx.2021-ci il tarixdə övladının səhhəti ilə bağlı “Yalama” sərhəd nəzarəti şöbəsindən dəniz limanlarında sərhəd nəzarəti şöbəsinə dəyişdirilməsinin, hərbi xidmətin üstünlükləri, xidmətində buraxdığı nöqsanlar, xidmətdən kənar münasibətlərə meyilli olması, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun, həmçinin hərbi xidmətkeçmə qaydalarını tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq hərbi qulluqçular üçün müəyyən edilmiş qaydalara əməl edilməsi üzrə qəbul etdiyi öhdəliklərin tələbləri onun nəzərinə çatdırılmış, hərbi xidmətə könüllü qaydada daxil olma qaydası, hərbi qulluqçuların özlərinə xidmət yeri seçməməsi, eləcə də mövcud qanunvericilik və əsasnamənin müddəaları ona izah olunmuşdur. Əlavə olaraq leytenant İddiaçı bir daha fikirlərini dəqiqləşdirməsi üçün vaxt verilmişdir. Söhbətin sonunda leytenant İddiaçı arayışın onunla aparılmış söhbəti düzgün əks etdirdiyini, mətni ilə tanış olduğunu, tam razı olduğunu, hər hansı əlavə və şikayətinin və təklifinin olmadığını, onunla aparılmış söhbətə görə, razılığını bildirmişdir. Qeyd olunan söhbətə dair arayışla İddiaçı tanış edilmiş və öz imzası ilə təsdiq etmişdir. Qoşmaya əlavə olunmuş ikinci söhbət arayışından da göründüyü kimi leytenant İddiaçı ilə xx.xx.2024-cü il tarixdə ikinci dəfə təkrar söhbət aparıldığını, söhbət zamanı Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə bağlı fikrinin qəti olduğunu, təkrar olaraq tərxis olunmaq istədiyini bildirmiş, bu fikrini də xidmətə həvəsinin olmaması, tərxis olunaraq gələcək fəaliyyətini mülki həyatda davam etdirmək istəməsi ilə əsaslandırmışdır. Söhbət zamanı həmçinin leytenant İddiaçı xidmət yerinin digər sərhəd nəzarəti bölmələrindən birinə dəyişdirilməsi təklif olunsa da, imtina edərək fikrinin qəti olduğunu qeyd etmişdir. Bir daha hərbi xidmətin üstünlükləri, xidmətində buraxdığı nöqsanlar, xidmətdən kənar münasibətlərə meyilli olması, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun, həmçinin hərbi xidmətkeçmə qaydalarını tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq hərbi qulluqçular üçün müəyyən edilmiş qaydalara əməl edilməsi üzrə qəbul etdiyi öhdəliklərin tələbləri onun nəzərinə çatdırılmış, hərbi xidmətə könüllü qaydada daxil olma qaydası, hərbi qulluqçuların özlərinə xidmət yeri seçməməsi, eləcə də mövcud qanunvericilik və əsasnamənin müddəaları ona izah olunmuşdur. Söhbətin sonunda leytenant İddiaçı arayışın onunla aparılmış söhbəti düzgün əks etdirdiyini, mətni ilə tanış olduğunu, tam razı olduğunu, hər hansı əlavə və şikayətinin olmadığını, onunla aparılmış söhbətə görə razılığını bildirmişdir. Qeyd olunan söhbətə dair arayışla İddiaçı tanış edilmiş və öz imzası ilə təsdiq etmişdir. Leytenant İddiaçı xidməti xasiyyətnaməsində onun xidmət etdiyi müddət ərzində verilən tapşırıqları bəhanələrlə yerinə yetirdiyini, dövlət sərhədindən keçmək üçün hüquq verən sənədlərin növlərini və məzmununu, həmçinin onların yoxlanışı və həmin sənədlər əsasında şəxslərin dövlət sərhədindən buraxılışı qaydalarını qismən mənimsədiyini, şəxsi mənafeyini üstün tutduğunu, hər zaman şəxsi rahatlığını düşünən hərbi qulluqçu kimi şəxsi heyət arasında tanındığını, xidmət müddətində yol verdiyi nöqsanlara görə ona ciddi iradlar bildirildiyini və ailə vəziyətində olan problemlərinin arxasına sığındığını, həmçinin işində laqeyd olduğu, kollektivdə hörmətə malik olmadığını, rəislərin tənqidlərindən düzgün nəticə çıxarmağı bacarmadığını, sıra və nəzəri biliklərinin aşağı səviyyədə olduğu qeyd olunmuşdur. Bundan əlavə, İddiaçı həqiqi hərbi xidmətə daxil olarkən “Hərbi qulluqçular üçün internet şəbəkəsindən qeyri-xidməti məqsədlərlə istifadəsi barədə öhdəlik”. “Hərbi and”. “Əcnəbilərlə xidmətdən kənar əlaqələr barədə məruzə etmək haqqında öhdəlik”. “Dövlət sirri və xidməti məlumatları yaymamaq haqqında öhdəlik”, “Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hərbi qulluqçular üçün müəyyən edilmiş ümumi vəzifələrə əməl edilməsi barədə öhdəlik”; “Elektron məlumat daşıyıcılarından istifadəyə (fləş-kart və harddisk) dair öhdəlik”, “Dövlət sirrini təşkil edən məlumatları yaymamaq barədə öhdəlik”; və digər öhdəlikləri öz imzası ilə təsdiq edərək həmin öhdəliklərdən irəli gələn tələblərə əməl etmək vəzifəsini daşımışdır. Həmçinin bildirirlir ki, qoşmaya əlavə edilmiş N nömrəli hərbi hissənin “Təyinatların qeydiyyatı kitabı”ndan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə təyinat vərəqəsi təqdim edilmiş və öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci (iddia müddəti) maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən, ehtiyata və istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. İddiaçı iddia müddətini buraxmışdır. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixdə təyinat vərəqəsini almış, yəni Silahlı Qüvvələrin ehtiyatına buraxılması ona elan olunmuş və şəxsi işinin SHXÇDX-nın Beyləqan rayon şöbəsinə göndərilməsi barədə məlumatlı olsa da, Məhkəməyəxx.xx.2024-cü il tarixində iddia ilə müraciət edərək iddia müddətini 2 aya yaxın olmaqla üzrsüz səbəbdən ötürmüş və iddia ərizəsində prosessual müddətin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən əsasları göstərməmişdir. Şirvan İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(120)-2048/2025 saylı qərardadı (hakim Hilal Nəcəfov) ilə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməmiş və iddia mümkün sayılmamışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 05 oktyabr 2024-cü il tarixli əmrin surəti dəfələrlə müraciət olunmasına baxmayaraq, iddiaçıya təqdim edilməmişdir. İddiaçı əmrin surətini almağa çalışmış, lakin məhkəməyə müraciət etdiyi anadək əmrin surətini ala bilməmişdir. Halbuki, inzibati orqan tərəfindən həmin əmr iddiaçıya təqdim edilməli idi. Bundan başqa İPM-nin 38-ci maddəsindin qeyd olunan “elan” olunma institutu özündə onu ehtiva edir ki, inzibati akt “təfərrüatı ilə açıqlanmalı” və ya inzibati aktın hüquqi nəticəsi maraqlı şəxsə izah olunmalıdır. Elan olunma formal mülahizələrlə əsaslandırılmamalıdır. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan edilmişdir. Ona görə də ona “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsi şamil oluna bilməz.” Məhkəmənin bu mövqeyi ilə razılaşmaq mümkün deyildir. Çünki, inzibati akt iddiaçıya “təfərrüatı ilə açıqlanmamış” və ya inzibati aktın hüquqi nəticəsi maraqlı şəxsə izah olunmamışdır. Belə ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). İnzibati orqan inzibati aktın “elan” olunmasını əsas gətirdiyi halda, bunu tamamilə fərqli əsaslarla, yəni, təyinat vərəqəsinin verilməsi və.s ilə izah edir. Bu hallar elə özüözlüyündə isbat edir ki, əmrin surəti iddiaçıya verilməmiş, əmr iddiaçıya elan olunmamışdır. Eyni zamanda cavabdeh inzibati orqan qeyd edir ki, iddiaçı 2 aya yaxın iddia müddətini ötürmüşdür. İddia ərizəsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Yəni, təkcə xx.xx.2024-cü il tarixdən hesablanma aparılsa, iddiaçı iddia müddətini 11 gün ötürmüş hesab olunur. Həmin 11 gün iddiaçı tərəfindən ona görə ötürülmüşdür ki, o, əmrin surətini almağa çalışmışdır. Çünki, iddiaçının hələ də məlumatı olmamışdır ki, o, “xidməti uyğunsuzluqla” işdən azad edilmişdir. Ötürülmüş qısa müddətli (11 gün) iddia müddətindən görünür ki, iddiaçı həmin müddəti üzrlü səbəbdən ötürmüşdür. İddia müddətinin xx.xx.2024-cü il tarixdən hesablanması məsələsinə gəldikdə isə cavabdeh inzibati orqanın formal mülahizələri əsasında bu mümkün ola bilər. Çünki, faktiki olaraq inzibati aktın təqdim olunmasını sübutetmə öhdəliyi sonuncunun üzərindədir. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman məhkəmə mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa, cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Apellyasiya şikayətinə etiraz: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etirazın dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22. Müddətlər 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 35. İddianın mümkünlüyü 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən əmr iddiaçıya xx.xx.2024-cü il tarixdə elan edilməklə təqdim edilmiş, lakin onun tərəfindən iddia 30 günlük müddət ərzində qaldırılmamış və buraxılmış prosessual müddətin üzürlü səbəbdən buraxılması ilə bağlı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının cavabdehə qarşı xx.xx.2024-cü il tarixli 196 ş/h nömrəli əmrin ləğv edilməsi ilə bağlı iddia tələbi, məzmunundan göründüyü kimi mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçı xx.xx.2024-cü il tarixli 196 ş/h nömrəli əmrin ləğv edilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) müraciət etmişdir. İddia müddətinin ötürülübötürülməməsi İPM-nin 38.1-ci maddəsinin tələbləri baxımından yoxlanılmalıdır. Kollegiya - mübahisələndirilən inzibati aktın təqdim edilməməsi və inzibati aktın iddiaçıya “təfərrüatı ilə açıqlanmaması” və ya inzibati aktın hüquqi nəticəsinin maraqlı şəxsə izah olunmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Dəniz limanlarında sərhəd nəzarəti şöbəsinin rəisi v.m.i.e cənab polkovnik-leytenant Nail Əhmədova ünvanlanmış xx.xx.2024cü il tarixli raportdan görünür ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinin 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövləf Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmağı üçün yuxarı Komandanlıq qarşısında vəsatət qaldırmağı, Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı təqdirdə sənədlərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə göndərilməsini xahiş etmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmağı ilə əlaqədar olaraq Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyinə ehtiyacı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2024-cü il tarixli 196 ş/h nömrəli əmrindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq leytenant İddiaçı dəniz limanlarında sərhəd nəzarəti şöbəsinin 1-ci sərhəd nəzarəti bölməsinin zabit nəzarətçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, hərbi qeydiyyata götürülməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin xx.xx.2024-cü il tarixli 80 nömrəli təyinat vərəqəsindən görünür ki, təyinat vərəqəsi leytenant İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə hərbi qeydiyyata götürülməsi ilə əlaqədar verilmiş, çıxma vaxtı: 05 oktyabr 2024-cü il tarixdən, çatma vaxtı: 08 oktyabr 2024-cü il tarixədək qeyd edilmiş, təyinat vərəqəsinin arxa hissəsində “Əlavə olunur” qeydində göstərilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq leytenant İddiaçı Sərhəd Nəzarəti rəisinin xx.xx.2024-cü il tarixli 196 ş/h nömrəli əmrinə əsasən Sərhəd Nəzarəti rəisinin xx.xx.2024-cü il tarixli 0279 nömrəli nizami hissə üzrə əmri ilə xx.xx.2024-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılarq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. “Əlavə olunur” qeydinin aşağı hissəsində yuxarıda qeyd edilənlər ilə tanış olması ilə bağlı İddiaçı “Tanış oldum. L-t. İmza var. İddiaçı xx.xx.2024” qeydlərini aparmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin “Təyinatların qeydiyyat kitabı”nın 80-cı sırasındakı qeydiyyatdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə təyinatı üzrə göndərilməsi ilə bağlı qeydlər aparılmışdır. İddiaçının “imzası var, tarix olaraq 05.10.24” qeyd etmişdir. Qeyd edilənlər onu sübut edir ki, “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinin tələbi baxımından mübahisələndirilən qərar iddiaçıya xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, o, həmin qərar ilə tanış olmuş, qərarın nəticəsi ona məlum olmuşdur. İddiaçının əmrlə tanış olması istinad olunan normanın tələbləri baxımından, əmrin qəbul olunması barədə inzibati orqan tərəfindən iddiaçıya rəsmi məlumat verilməsi anlamında qəbul edilməli və inzibati aktın ona elan edilməsi kimi qiymətləndirilməlidir. Lakin iddiaçı xx.xx.2024-cü il tarixdə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) mübahisələndirilən qərarın ləğv edilməsi ilə bağlı müraciət etmiş, lakin iddia müddətinin ötürülməsinin üzürlü səbəbdən baş verməsi ilə bağlı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-630/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən işdə göstərilmişdir ki, “...Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənəddən iddiaçının əmrdən çıxarışla 11 avqust N0N0-ci il tarixdə tanış olduğu və bunu imzası ilə təsdiq etdiyi görünür. Başqa sözlə, iddiaçının əmrlə (əmrdən çıxarışın) tanış olması istinad olunan normanın tələbləri baxımından, əmrin qəbul olunması barədə inzibati orqan tərəfindən iddiaçıya rəsmi məlumat verilməsi anlamında qəbul edilməli və inzibati aktın ona elan edilməsi kimi qiymətləndirilməlidir.” Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. Beləliklə, iddiaçı mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli 196 ş/h nömrəli əmrlə xx.xx.2024-cü il tarixdə tanış olmuş və yuxarıda istinad olunan normaya uyğun olaraq əmr ona elan olunmuşdur. “İnzibati icraat haqqında” qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Hazırkı mübahisəyə münasibətdə İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində qeyd olunan müddətin axımı məhz həmin tarixdən, yəni xx.xx.2024-cü il tarixdən başlayır. İddiaçı tərəfindən isə həmin əmrin mübahisələndirilməsi barədə iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim olunmuşdur. Nəticə etibarı ilə, iddiaçı tərəfindən inzibati aktın mübahisələndirilməsi haqqında iddia ərizəsi müddət buraxılmaqla (30 günə qarşı 41 gündən sonra) məhkəməyə təqdim olunduğu və iddia müddətinin ötürülməsinin üzürlü səbəbdən baş verməsi ilə bağlı sübut təqdim edilmədiyi üçün iddianı mümkün saymamaqda məhkəmə haqlı hesab edilməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(120)-2048/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.