Məhkəmə qərarları › İş №2-1(106)-514/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-514/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-514/2025 17.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı üçüncü şəxsin nümayəndəsi Babayev yaşar Məmmədağa oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2-1(120)-465/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0009 nömrəli qərarının ləğv edilməsi və ona xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə orqanizmin funksiyalarının pozulmasının 40-60% dərəcəsinə uyğun olaraq 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 14 may 2025-ci il tarixli, 2-1(120)- 465/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya inzibati orqan tərəfindən xx.xx.2008-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli aktlarla müvafiq əlillik təyinatı aparılna zaman “sağ əlin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət”, “barmaqların kontrakturaları” diaqnozlarını nəzərə alaraq əlillik təyin etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi xx.xx.2024cü il tarixli T 509/2024 nömrəli ekspert rəyinə əsasən əlin tutma funksiyasının natamam pozulması müşahidə olunduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır və iddiaçı orqanizmin funksiyalarının pozulmasının 40-60% dərəcəsinə uyğun olaraq 2 il müddətinə əlilliyin təyin edilməsini tələb etməkdə haqlıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 2007-ci ildən başlayaraq (sonuncu dəfə 2016-cı ildə 5 illik müddətə) AR Əmək və ƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasının müayinəsinə əsasən 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. (Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ əlin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət). 2023-cü ilin fevral ayında əlilliyin müddəti başa çatdıqdan sonra qeydiyyatda olduğu poliklinikanın Həkim Məsləhət Komissiyasının qərarı ilə əlilliyin qiymətləndirilmə məqsədi ilə Tibbi Sosial Ekspertiza müayinəsinə göndəriş verilmiş və həmin göndəriş həmin gündə AR Əmək və ƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik alt sisteminə ötürülmüşdür. Lakin cavabdeh xx.xx.2023-il tarixdə keçirdiyi qiymətləndirmə ilə ona imtina cavabı verilmişdir. İmtina cavabı ona xx.xx.2023-cü il tarixdə məlum olmuşdur. İmtinanı əsassız və qanunsuz hesab edir və hesab edir ki, cavabdeh onun diaqnozlarına uyğun düzgün qiymətləndirmə aparmamış və heç bir əyani baxış keçirmədən imtina vermişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyəti DTSERA-da xx.xx.2021-ci il tarixli göndərişi əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017ci il tarixli 12 nömrəli xəstəlik haqqında Qərar verilmişdir. Həmin qərarda “Saq əlin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət, daraq sümüyünün defekti ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Saq əlin dəlib keçən qüllə yaralanmasından sonrakı vəziyyət. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Saq əlin əzələlərinin atrofiyası və əlin funksiyasının kəskin pozulması. Saq əlin ll-lll-İV-V barmaqlarının kəskin kontrakturası” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Saq əlin İİİ barmağında proksimal falanqada kontraktura qeyd olunur. Əlin funksiyaları pozulmayıb” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxarı ətraflarda keyimə hissindən şikayətlənmişdir. Müayinə zamanı sağ bilək və sağ ovuc nahiyələrində çapıq toxumalar, lll-cü barmaqda hərəkət məhdudluğu izlənilmiş, digər barmaqlarda isə hərəkətlər sərbəst olmuş, əlin tutma funksiyası pozulmamış, əllərində yüngül qabarlar (mazollar) müşahidə edilmişdir. X1 və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli 118/96 nömrəli Tibbi Rəyində diaqnoz “saq əlin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. İİİ daraq sümüyünün qeyridüzgün bitişmiş sınığı və qısalığı. Əlin İİ, İİİ və İV barmaqlarının kontrakturası” kimi müəyyənləşdirilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021- xx.xx.2021-ci il tarixli 95972 nömrəli çıxarışında diaqnoz “Saq əlin qüllə yaralanmasından dəlib keçən yanası, saq əlin İİİ daraq sümüyü qeyri-düzgün bitişmiş sınığı, sümük defekti ilə bağlı qısalıq, İİ, İİİ, İV barmaq kontrakturası. Saq orta sinirin travmatik neyropatiyasının davamlı qalıqları, saq yuxarı ətrafın distal parezi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X1 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Tibbi Rəyində diaqnoz “Saq əlin dəlib keçən qüllə yaralanmasından sonrakı vəziyyət. İİİ əldaraqı sümüyünün qeyri-düzgün bitişmiş sınığı və qısalığı. İ-V barmaqlarının bükücü kontrakturası. Əlin tutma funksiyasının pozulması” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi yalnız ekspert rəyinə istinad edərək, səhv nəticəyə gəlmiş, həmçinin inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyinin bildirməklə, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə İddiaçı əlillik təyinatından imtina edilmişdir. -Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının xx.xx.2007-ci il tarixli, 12 nömrəli tibbi şəhadətləndirmə barədə arayışın surətindən görünür ki, hərbi-həkim komissiyasının qərarı ilə İddiaçı xəsarətləri “Sağ əlin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Daraq sümüyünün defekti ilə” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T 509/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ əlin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət” diaqnoz ona şəxsin stasionarda müalicəsi zamanı kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilsə də, diaqnoz nəzərə alınmaqla şəxsin DTSERA-da xx.xx.2024-ci il tarixdə əyani müayinəsi zamanı sağ əlin iç və arxa səthində çapıqlar izlənilmiş, İİİ barmağın bükücü kontrakturası müşahidə edilmiş, əlin tutma funksiyası pozulmadığı üçün əlillik təyinatına əsas verməmişdir. xx.xx.2024-cü tarixdə özünün əyani müayinəsi zamanı sağ əlin İİİ barmağının bükücü kontrakturası və əlin tutma funksiyasının natamam pozulması müşahidə olundu. Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicə olunmaqla tam reabilitasiya olunmurlar, müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə müalicəyə cəlb edilə bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən patofunksional pozuntuların ağırlaşma dərəcələrini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.4.1.1.-ci bəndi (dirsək oynağında yüngül bükmə kontrakturası ilə, bilək oynağında bükücü-pronator, əl barmaqları oynaqlarında bükücü kontraktura) ilə eyniləşdirməklə düz nəticəyə gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2-1(120)-465/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar