Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-516/2025 19.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi; Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması tələbinin şamil edilməməsi; məzmunun formadan üstün olması; mütənasiblik və ədalətlilik prinsipləri) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2- 1(120)-1006/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.1993-cü il tarixli НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1993cü il tarixdən xx.xx.1997-ci il tarixədək hərbi xidmətdə olmuş, N nömrəli hərbi hissənin tərkibində Füzuli rayonunda döyüşlərdə iştirak etmişdir. Salyan Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli M/V 057920 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023cü il tarixli 4/2-133 nömrəli məktubunda göstərilir ki, “...888 nömrəli hərbi hissədən gəlmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 4 №-li əmrilə (əsas: səh 18, sıra 12. Əmrdə hərbi rütbəsi qeyd edilməmişdir.) şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilərək tuşlayıcı vəzifəsinə təyin edilmişdir. Hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş İddiaçı N nömrəli hərbi hissə komadirinin xx.xx.1993-cü il tarixli 58 №-li əmrilə (əsas: səh 36, §5, sıra 51. Əmrdə hərbi rütbəsi və vəzifəsi qeyd edilməmişdir.) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 165 №-li əmrilə (əsas: səh 197, §7, sıra 42. Əmrdə hərbi rütbəsi və vəzifəsi qeyd edilməmişdir.) xx.xx.1993-cü il tarixdə Salyan RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Salyan RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü, sıravi İddiaçı xidməti yerini özbaşına tərk etdiyinə görə N nömrəli hərbi hissə komadirinin xx.xx.1993-cü il tarixli 200 №-li əmrilə (əsas: səh 292, §7, sıra 62.) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq həqiqi hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissə komadirinin xx.xx.1994-cü il tarixli 10 №-li əmrində (əsas: §3, sıra 6. Əmrdə adı Sadiq qeyd edilməmişdir.) N nömrəli hərbi hissəni özbaşına tərk etmiş, sıravi əsgər X4 bütün növ təminatlardan çıxarılaraq həqiqi hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi qeyd edilmişdir. N nömrəli hərbi hissə komadirinin xx.xx.1994-cü il tarixli 12 №-li əmrində (əsas: səh §7, sıra 1.) İddiaçı adı xx.xx.1994-cü il tarixdə N nömrəli hərbi hissəyə göndərilən şəxsi heyətin siyahısında səhvən yazıldığına görə (nizami xidmətə yararsız olduğuna görə) siyahıdan çıxarılmışdır. N nömrəli hərbi hissə komadirinin xx.xx.1994-cü il tarixli 108 №-li əmrində (əsas: §1) N nömrəli hərbi hissənin sıravi əsgəri İddiaçı xx.xx.1994-cü il tarixdən müvəqqəti olaraq N nömrəli hərbi hissənin bütün növ təminatlarına qoyulması və SSRİ Müdafiə nazirinin 1987ci il tarixli 260 №-li əmrinin 39-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq nizami xidmətə yararsız hesab olunaraq gələcək hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilməsi (əsas: §2) barədə məlumat vardır. Hərbi xidmətini davam etdirmək üçün gəlmiş, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 176 №li əmrilə (əsas: səh 192, §6, əmrdə vəzifəsi qeyd edilməmişdir.) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş İddiaçı N nömrəli hərbi hissə komadirinin xx.xx.1995-ci il tarixli 100 №-li əmrilə (əsas: səh 210, §1, sıra 178, Əmrdə hərbi rütbəsi və vəzifəsi qeyd edilməmişdir.) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilmişdir. Hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 34 №-li əmrilə (əsas: səh 192, §6. Əmrdə hərbi vəzifəsi qeyd edilməmişdir.) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 115 №-li nizami hissə üzrə əmrində (əsas: səh 192, §6. Əmrdə adlı siyahı qeyd edilməmişdir.) bir qrup hərbi qulluqçunun N nömrəli hərbi hissəyə göndərilərək qazan təminatından çıxarılması qeyd edilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında (əsas: Tom-1, səh 77, sıra 94) N nömrəli hərbi hissədən gəlmiş, xx.xx.1993-cü il tarixində Salyan RHK-dan çağrılmış, xx.xx.1975-ci il təvəllüdlü, İddiaçı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısına daxil olması və hissə komandirinin xx.xx.1997-ci il tarixli N №-li əmrilə ehtiyata tərxis olması qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №-li nizami hissə üzrə əmrində (əsas: səh 32, §4, sıra 11. Əmrdə adı və atasının adı tam qeyd edilməmişdir.) Prişibdən gəlmiş sıravi S.A.X1 hesab nömrəsi vəzifəsinə təyin edilməsi qeyd edilmişdir. Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən Artilleriya Dviziyonunda top komandiri, əsgər İddiaçı ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli N №-li əmrilə (əsas: səh 117, §6, sıra 24.) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Salyan RHK-nın sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr 1993-cü il tarixli və N nömrəli hərbi hissə komandirinin aprel 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 1432 nömrəli məktubunda göstərilir ki, “...888 №-li hərbi hissədən həqiqi hərbi xidmətini davam etdirmək üçün gəlmiş, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 4 №-li əmrilə (əsas: §-1, səh-18, sıra-112, əmrdə hərbi rütbəsi “sıravi yazılmışdır.) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq 2-ci mobil bölükdə tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 58 №-li əmrində (əsas: §-5, səh-36, sıra-51, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir.) xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. - xx.xx.1993-cü il tarixdə Salyan RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 165 №-li əmrilə (əsas: §-7, səh-197, sıra-42, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir.) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmışdır. - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 167 №-li əmrində (əsas: §-7, səh-204, sıra-33, əmrdə vəzifəsi göstərilməmişdir.) döyüş tapşırıqlarını yerinə yetirmək üçün Füzuli rayonuna ezamiyyətə göndərilən hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 200 №-liəmrində (əsas: §-7, səh-292, sıra-62) xidməti yerlərini özbaşına tərk etmiş, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və həqiqi hərbi xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissəyə keçirilən hərbi qulluqçuların siyahısında, Salyan RHKnın çağırışçısı, 1975-ci il təvəllüdlü, sıravi İddiaçı adı qeyd edilmişdir. - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 10 №-li əmrində (əsas: §-1, səh-28, sıra-11, əmrdə adı “Sadiq” yazılmışdır.) xx.xx.1994-cü il tarixdən müvəqqəti olaraq hərbi hissənin bütün növ təminatlarına qoyulmuş N və N №-li hərbi hissələri özbaşına tərk etmiş əsgərlərin siyahısında, sıravi əsgər X4 adı qeyd olunmuşdur. - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 10 №-li əmrində (əsas: §-3, səh-29, sıra-6) həqiqi hərbi xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilən və xx.xx.1994-cü il tarixdən N №-li hərbi hissənin bütün növ təminatlarından çıxarılan, N №-li hərbi hissəni özbaşına tərk etmiş əsgərlərinin siyahısında, sıravi əsgər İddiaçı adı qeyd olunmuşdur. - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 12 №-li əmrilə (əsas: §-7, səh-36, sıra-1, əmrdə əsas kimi “N №-li hərbi hissə komandirinin göstərişi” qeyd olunmuşdur.) nizami xidmətə yararsız olduğuna görə, xx.xx.1994-cü il tarixdən N №-li hərbi hissəyə göndərilən siyahıya səhv yazılmış hesab edilərək, sıravi əsgər İddiaçı adı siyahıdan çıxarılmışdır. - N №-li hərbi hissənin sıravi əsgəri İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 108 №-li əmrilə (əsas: §-1, səh-1, sıra-1, əmrdə əsas kimi “N №-li hərbi hissə komandirinin göstərişi” qeyd olunmuşdur.) xx.xx.1994-cü il tarixdən müvvəqqəti olaraq N №-li hərbi hissənin bütün növ təminatlarına qoyulmuşdur. - N №-li hərbi hissənin sıravi əsgəri İddiaçı SSRİ Müdafiə nazirinin 1987-ci il tarixli 260 №-İi əmrinin 39 “v” maddəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 3/4-772 №-li sərəncamına əsasən nizami xidmətə yararsız hesab olunaraq gələcək hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərildiyindən N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 108 №-li əmrilə (əsas: §-2, səh-1) N №-li hərbi hissənin bütün növ təminatlarından çıxarılmışdır. - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 147 №-li əmrinə əsasən N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərildiyindən N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 176 №-li əmrilə (əsas: §-6, səh-192, əmr rus əlifbası ilə yazılmışdır.) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq «1 -yю BCP» göndərilmişdir. - N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 100 №-li əmrində (əsas: §-1, səh-210, sıra-178, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır.) N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №-li əmrinə əsasən, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətlərini davam etdirmək üçün N №li hərbi hissəyə göndərilən hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. - N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 34 №-li əmrilə (əsas: §-1, səh-32, sıra-37, əmrdə vəzifəsi yazılmamışdır.) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmışdır. - N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 115 №-li əmrində (əsas: §-1, səh-13) bir qrup şəxsi heyətin qazan təminatından çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndəriməsi barədə məlumat qeyd edilmişdir. Lakin əmrə adlı siyahı əlavə olunmamışdır. - N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: tom-1, səh- 77, sıra-94) xx.xx.1993-cü il tarixdə Salyan RHK-dan çağırılmış, xx.xx.1975-ci il təvəllüdlü, xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş İddiaçı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli 3 №-li əmrinə əsasən ehtiyata tərxis olunduğundan komandirin xx.xx.1997-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. - N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №-li əmrində (əsas: §-4, səh-32, sıra-11, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır.) Prişibdən gəlmiş, sıravi «C.A.Гacaнов»un ADN-da hesab nömrəsi vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. - Artilleriya Divizionunun hərbi qulluqçusu, top komandiri, əsgər İddiaçı, Azərbaycan Respublkası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli 3 №-li əmrinə əsasən, xidmət müddəti başa çatdığına görə, həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli N №-li əmrilə (əsas: §-6, səh-117, sıra-24) xx.xx.1997-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Salyan RHK-ya göndərilmişdir. - İddiaçı xidmət keçdiyi hərbi hissələrin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciət əsasında aparılmışdır.” Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 184 nömrəli qərarından görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Salyan Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sol baldırın yuxarı 1/3-dən dəlib keçən güllə yarası. Qamış sümüyünün yerini dəyişən sınığı ilə. Posttravmatik sindrom” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 875 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 1164 nömrəli arayışı, Salyan rayon xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) nəzərə alınaraq aldığı travma “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır.” kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş “Vətəndaşın əlillik vəziyyəti haqqında” məktubda göstərilir ki, “...İddiaçı əlillik vəziyyəti Salyan Rayon Mərkəzi Xəstəxanasının 0313003AAFTA nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən beş il müddətinə (xx.xx.2022-ci il tarixinədək) üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Əlillik müddəti başa çatdıqdan sonra İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Salyan Rayon Mərkəzi Xəstəxanasının 0313003AAP1Q nömrəli göndərişi və müraciəti əsasında müvafiq olaraq xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə edilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 32 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli xxxxxxx0001 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə ilkin əlillik təyin edilmişdir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş tələbnamədə qeyd olunmuşdur ki, İddiaçı barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 2/2-12488 nömrəli məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023cü il tarixli 4/2-133 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman xidmət yerini dəfələrlə özbaşına tərk etdiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-1997-ci illərdə Füzuli rayonunun müdafiəsi uğrunda N saylı hərbi hissədə döyüşlərdə iştirak etmiş, bununla bağlı hərbi biletinin 7-ci səhifəsində qeyd aparılmışdır. Füzuli rayonu uğrunda gedən döyüşlərdə top komandiri atıcı kimi fəaliyyəti olmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçı döyüş əməliyyatları aparılan zaman xidmət yerini dəfələrlə özbaşına tərk etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət verini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-cı maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2-1(120)-1006/2025 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətinin dəlilləri etiraz ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (iddiaçı X5) “cavabdeh Müdafiə Nazirliyinin şikayətinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə dair” xx.xx.2024-cü il tarixli 2-1 (102)-182/2024 nömrəli Qərarının 37 və 38-ci bəndlərində göstərilmişdir ki, “...sözügedən Əsasnamənin 1-ci hissəsinə əsasən həmin Əsasnamənin 1-ci hissəsi ilə müəyyən edilmiş qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət verini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçının həmin qeyddə nəzərdə tutulmuş şəxslər kateqoriyasına aid olmadığı, həmçinin iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyinin həmin dövrdə deyil, 2016-2021-cü illərdə müəyyən edildiyi, həmin dövrdən sonra onun növbəti müddətə əlilliyinin müəyyən olunmadığı da nəzərə alınmamışdır. Halbuki, nəzərə alınmalıdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı (hazırkı halda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq tibbi-sosial ekspert komissiyası) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən və həmin qərarda müəyyən edilmiş müddətə əlilliyi olan şəxs hesab edilir.” Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmənin iclasında iddiaçı iddiaya uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (2024cü il 28 fevral tarixli, 110 №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə) müddəalarına əsasən: Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 79-1. Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi və bu zaman yaralanması işdə olan sübutlarla təsdiqini tapır. Onun barəsində hərbi hissəni özbaşına tərketmə, digər təqsirləndirici material və ya cinayət işi aşkar edilməmişdir. İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin müəyyən olunan hallarından görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək hərbi xidmətdə olmuş, N nömrəli hərbi hissənin tərkibində Füzuli rayonunda döyüşlərdə iştirak etmişdir. Onun hərbi xidməti ilə bağlı yuxarıda qeyd edilən məlumatlar mövcuddur. İddiaçının döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Salyan Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunması, yaralanma-diaqnoz: “Sol baldırın yuxarı 1/3-dən dəlib keçən güllə yarası. Qamış sümüyünün yerini dəyişən sınığı ilə. Posttravmatik sindrom” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 875 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 1164 nömrəli arayışı, Salyan rayon xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssis rəyi nəzərə alınmaqla aldığı travmanın “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır”. səbəbi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 184 nömrəli qərar qəbul etmişdir. Barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2017-ci il tarixli xxxxxxx0001 nömrəli qərar ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə ilkin əlillik təyin edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan hətta xidmət yerini özbaşına tərk etmiş olsa idi belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin İ hissəsinin “Qeyd 1.” bəndinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin İ hissəsinin “Qeyd 1.” bəndindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Cavabdehin apellyasiya şikayətində göstərdiyi - iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyinin həmin dövrdə deyil (yəni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli Qərarı 1995-ci il 22 sentyabr tarixdə təsdiq olunduğundan, qeyd edilən Qərarın müddəaları həmin tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə tətbiq edilməlidir.), sonradan müəyyən edildiyi, həmin dövrdən sonra onun növbəti müddətə əlilliyinin müəyyən olunmadığı, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-182/2024 nömrəli Qərarının olması ilə bağlı mövqeyinə münasibətdə kollegiya bildirir ki, hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, onun səbəbli əlaqəsidir. Kollegiya qeyd edir ki, əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. Kollegiya hesab edir ki, iddiaçının barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli 184 nömrəli qərar ilə aldığı travmanın “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” və əlilliyinin qiymətləndirilməsinə dair sənədlərdə onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüş əməliyyatları zamanı 1993-cü ildə aldığı travma nəticəsində əlil olmasına baxmayaraq, ilk dəfə əlilliyin 2017-ci ilə təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından kollegiya hesab edir ki, Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli qərarının müddəaları həmin tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə tətbiq edildiyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırki mübahisənin həllində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2580/2024 nömrəli qərarında əks oluna hüquqi mövqeyi nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (★★★) qeyd edilən qərarında oxşar iş üzrə mövqe eyni olmuşdur. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2-1(120)-1006/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-516/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-516/2025
19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver