Məhkəmə qərarları › İş №2-1(106)-517/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-517/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-517/2024 23.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2-1(120)-2627/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi, xidmətə bərpa edilməsi, xidmətə xitam verildiyi gündən bərpa olunduğu günə kimi olan əmək haqqının ödənilməsi, xüsusi rütbə ilə təmin edilmə” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli 1000/380Ş nömrəli əmrinin ləğv edilməsi, xidmətə bərpa edilməsi, xidmətə xitam verildiyi gündən bərpa olunduğu günə kimi olan əmək haqqının ödənilməsi, hal-hazıradək işləyəcəyi təqdirdə daşıyacağı xüsusi rütbə ilə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 02 avqust 2024-cü il tarixli, 2- 1(120)-2627/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki mübahisələndirilən əmrlə iddiaçı gömrük orqanlarından xaric edilmiş və həmin əmr ona elan edilmişdir. Müddətin axımı inzibati qanunvericiliyə müvafiq olaraq həmin inzibati aktın elan edildiyi vaxtdan başlamışdır. İş materiallarına əalvə edilmiş inzibati icraat materiallarında olan arayış və izahatlardan da müəyyən olunur ki, İddiaçı müxtəlif vaxtlarda Emin Dünyamalılıdan pul vəsaitini borc qismində almış və müxtəlif vaxtlarda həm özü, həm atası həmin pulları Emin Dünyamalılıya geri qaytarmışdır. İddiaçı ərizədə müddətin ötürülməsinə əsas kimi araşdırmanın aparılmasını və daha sonra isə məhkəmə proseslərini və qəbul edilən qərarların nəticələrini qeyd etmişdir. Məhkəmə araşdırmaya münasibətdə qeyd edir ki, əmr qəbul edildikdən sonra aparılmış hər hansı bir araşdırma iddiaçını inzibati aktı mübahisələndirmək imkanından məhrum etmirdi. Həmçinin iddiaçının ilkin müraciəti də müddət ötürülməklə, yəni xx.xx.2021-ci il tarixdə olmuşdur. Daha sonra Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası MPM-in 261.1-ci maddəsinə əsasən mülki icraat qaydasında işin baxılmasının yolverilməzliyinə görə işə xitam verilsə də, iddiaçı inzibati məhkəməyə yalnız xx.xx.2023-cü il tarixdə, yəni kifayət qədər uzun müddət ötürüldükdən sonra müraciət etmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdən Tovuz Gömrük İdarəsi Sınıq Körpü gömrük postunun inspektoru vəzifəsində işləmişdir. İşlədiyi dövrdə onunla birlikdə gömrük postunun böyük inspektoru vəzifəsində işləyən X5 tərəfindən barəsində rəhbərliyə şikayət edilmişdir. Şikayətin səbəbi o olmuşdur ki, guya o X1 2019- 2020-ci illər ərzində borc qismində 79600 Azərbaycan manatı, 12100 ABŞ dolları və 8000 avro məbləğində pulu borc alaraq qaytarmamışdır. Şikayət Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsində araşdırıldıqdan sonra araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Həmin İdarənin 07 sentyabr 2021-ci il tarixli 02/2-180xx-xx/2706 saylı məktubu ilə şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Lakin şikayət Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsində obyektiv və düzgün araşdırılmamış, o, qanunsuz olaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəddinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin əsasnamənin 120-ci maddəsinin 8-ci bəddinə əsasən gömrük orqanlarında xidmətinə xx.xx.2021-ci il tarixdə 1000/380Ş nömrəli əmrlə xitam verilmişdir. Bundan sonra Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(020)-706/2022 saylı qətnaməsi ilə iddiaçı X2 ona qarşı borc pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-671/2023 saylı qətnaməsi ilə Beyləqan rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi ilə ona borc pul verilməsi faktı təsdiqini tapmadığından o, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin rəhbərliyinə müraciət edərək Komitənin xx.xx.2021-ci il tarixli 1000/380Ş nömrəli əmrinin qanunsuz olduğu üçün ləğv edilməsi və onun xidmətə bərpa edilməyini xahiş etmişdir. Lakin Komitənin xx.xx.2023-cü il tarixli 3- 33/2-003431/2023 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikasının 07 dekabr 1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında“ Əsasnamənin 128-ci maddəsinə əsasən gömrük orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, sabiq gömrük əməkdaşı İddiaçı xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Komitənin 1000/380ş nömrəli 11 iyun 2021-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin (bundan sonra - Əsasnamə) 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra-AR ƏM) 296.2-ci maddəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. AR ƏM-nin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin,(sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. AR ƏM-nin 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı iddiasının onun iddia müddətini ötürdüyü nəzərə alınmaqla mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək, bərpa edilməsini və iddianın mümkün sayılmasını xahiş etmiş, əsas kimi göstərmişdir ki, mübahisələndirilən əmr onun vəkilinə xx.xx.2021-ci il tarixdə təqdim edilmiş, bundan sonra məsələ ilə bağlı mediasiya təşkilatına və Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmiş, bundan sonra X5 ilə aralarında başlamış mülki məhkəmə çəkişmələrinin nəticəsini gözləmiş və sonra Bakı İnzibati Məhkəməsinə hazırki məsələ ilə bağlı müraciət etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddianın verilməsi ilə bağlı prosessual müddətin ötürülməsi məsələsinə baxarakən qeyd olunan halları nəzərə almamışdır. Prosessual məsələlər İddiaçı və vəkili ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə etdilər, vəkil şikayətin məzmununa oxşar izahat verdi və kollegiyanın suallarına cavab olaraq iddiaçı bildirdi ki, xidmətdən xaric edildikdən sonra Komitənin rəhbər şəxsləri onu arxayın salmaqla problemin mülki qaydada həllindən sonra xidmətə bərpa ediləcəyini bildirsələr də, sonradan müddətin ötürülməsi əsası ilə bundan imtina etmişlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatda, eyni zamanda apellyasiya şikayətində mübahisələndirilən əmrin surətinin ona verildiyini, lakin mülki mübahisənin nəticəsini gözlədiyinə görə əmrdən geç şikayət etdiyini, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmədiyini bildirmişdir. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən əmrdə həmin əmrə qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti göstərilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə əmrin surəti ona (vəkilinə) təqdim edildikdən sonra müvafiq mediasiya prosesinə riayət etməklə xx.xx.2021ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə, əmri mübahisələndirmişdir. İddiaçı xidmətdən “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən xaric edilmiş, xaric edilmənin əsası kimi onun digər gömrük əməkdaşından (Emin Dünyamalıyev) borc pul alması, həmin pulu qaytarmaması, bununla da gömrük orqanı əməkdaşına yaraşmayan davranışı çıxış etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən və onların məzmunundan görünür ki, Emin Dünyamalıyevin iddiaçıya qarşı pul tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında baxılmış və iddiaçının ondan borc pul alması faktı təsdiq olunmadığından iddia rədd edilmişdir. İş üzrə apellyasiya instansiya məhkəməsinin qərarı xx.xx.2023-cü il tarixdə, yekun məhkəmə qərarı (Ali Məhkəmə) xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Bu zaman kəsiyində, yəni iş üzrə apellyasiya instansiyasının qərarını əldə etdikdən sonra iddiaçı xx.xx.2023-cü il tarixdə hazırki iş üzrə iddia ərizəsini Bakı İnzibati Məhkəməsinə təqdim etmişdir. Qeyd olunan sənədlərin və diqqətə çatdırılması zəruri hesab olunan xüsusatların xülasəsi onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirilən əmri qanunla müəyyən edilmiş müddətdə mübahisələndirmiş, lakin məhkəmə aidiyyətini düz seçməmişdir. Bundan sonra xidmətdən xaric olmasının əsasını təşkil edən məsələnin məhkəmə müstəvisində həllini gözləmiş və sözügedən əsasların aradan qalxmasına (belə bir əsasın mövcud olmamasına) yönəlik məhkəmə qərarını əldə etdikdən sonra hazırki iddianı qaldırmışdır. Başqa sözlə, hazırki mübahisənin iddiaçının xeyrinə uğurlu nəticələrini, sözügedən mülki mübahisənin nəticələrindən asılı hesab etmək olar ki, iddiaçı da bu nəticənin əldə edilməsini gözləməklə, ugurluluq ehtimalı daha böyük olan iddianı qaldırmağa yönəlik hərəkət etmişdir. Bu hallar iddiaçının mübahisələndirilən əmrdən şikayət vermə müddətini üzrlü səbəbdən ötürməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; -24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir və qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi tələbin müddətlə bağlı mümkünlük şərtləri üzrə düzgün hüquqi dəyərləndirmə aparmamış, iddiaçının hüquqi müdafiə vasitələrindən qanunla müəyyən edilmiş müddətdə istifadəsinin yuxarıda qeyd olunan şərtlərdən asılı olmasını nəzərə almamış, bununla da iddiaçının qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaması qənaətinə gələrək, iddianı mümkünsüz hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2-1(120)-2627/2024 nömrəli qərardadı ləğv edilməli, iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2-1(120)-2627/2024 nömrəli qərardadı ləğv edilsin, inzibati iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar