Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-52/2023 13.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı1 cavabdeh DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “0.0811 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(120)-18/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 0.0811 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq-sahələrinin plan və ölçülərini tərtib edilməsinin, daşınmaz əmlakın qiymətləndirilməsi; daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilən sənədlərdəki çatışmamazlıqlara görə daşınmaz əmlakın dövlət qeydiyyatına alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün deyildir. Göstərilən çatışmayan sənədləri Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdərəsinin Yardımlı rayon şöbəsinə təqdim edildiyi təqdirdə daşınmaz əmlakın dövlət qeydiyyatına alınması məsələsinə qanunvericiliyin tələblərinə uyğun baxılacağı bildirilmişdir. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Yardımlı rayon Osnaqaran kənd ərazisində torpaq fondundan İddiaçı1 ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinin qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-cu il tarixli qərardadı ilə Yardımlı rayon Bozayran bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) İddiaçı2 ərizə təqdim edərək iddianın dəyişdirilərək “0.0811 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 26 fevral 1991-ci il tarixli 72 saylı qərarı ilə N.Tusi adına kolxozun 6 noyabr 1993-cü il tarixli 1 saylı qərarı əsasında Yardımlı rayon Osnaqaran kənd ərazisində torpaq fondundan 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmış və 20 noyabr 1993-cü il tarixli Akt əsasında İddiaçı1 verilmişdir. Həmin tarixdən bu günədək torpaq sahəsi iddiaçının sahibliyindədir. Bundan başqa 1998-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş, fərdi yaşayış evinə "xxxx" ASC tərəfindən **********00058 kod altında sayğac quraşdırılmış və iddiaçı ilə Yardımlı EŞ-də abonent kimi qeydiyyata alınmışdır. Sözügedən toıpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə onun adına 2007-ci il tarixdən ***-**-** saylı telefon nömrəsi verilmişdir və həmin nömrə də hal-hazıra kimi onun adındadır. Yardımlı rayon İHB-nın Bozayran İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən arayışa əsasən isə bildirilmişdir ki, “Həqiqətən təsərüffatbaşına kitaba əsasən, Osnaqaran kənd sakini İddiaçı1 təsərüfatında 0.10 ha həyətyanı torpaq sahəsi və 1998-ci ildə tikilmiş fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsi və üzərində tikilmiş olan fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı tərəfindən DƏDRX-nin 8 saylı Cəlilabad ərazi idarəsinə müraciət etsə də cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdehin etirazları: İddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərini tərtib edilməsinin, daşınmaz əmlakın qiymətləndirilməsi; daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilən sənədlərdəki çatışmamazlıqlara görə daşınmaz əmlakın dövlət qeydiyyatına alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün deyildir. Göstərilən çatışmayan sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdərəsinin Yardımlı rayon şöbəsinə təqdim edildiyi təqdirdə daşınmaz əmlakın dövlət qeydiyyatına alınması məsələsinə qanunvericiliyin tələblərinə uyğun baxılacağı bildirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(120)-18/2022 nömrəli qərarı ilə (hakim Hilal Nəcəfov) iddia təmin edilmiş, İddiaçı1 Azərbaycan SSR Nazirlər Sovetinin 26 fevral 1991-ci il tarixli 72 saylı qərarı ilə N.Tusi adına kolxozun 6 noyabr 1993-cü il tarixli 1 saylı qərarı ilə Yardımlı rayon Osnaqaran kənd ərazisində ayrılmış 0.0811 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Yardımlı rayon Osnaqaran kənd ərazisində torpaq fondundan 0.0811 ha həyətyanı torpaq sahəsinin hazırki İddiaçı1 qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Azərbaycan SSR Nazirlər Sovetinin 26 fevral 1991ci il tarixli 72 saylı qərarı ilə N.Tusi adına kolxozun 6 noyabr 1993-cü il tarixli 1 saylı qərarı «Torpaq islahatı haqqında» AR Qanununun 9, 10-cu maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanının müddəalarına (Fərmanla təsdiq edilmiş Siyahının 2.6-cı bəndi) uyğun olaraq iddiaçının həmin qərarla ona ayrılmış 0,0811 ha torpaq sahəsinə həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə (1998-ci il tarixdə tikilmiş) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Şirvan İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(120)- 18/2022 nömrəli qərarından verdiyi apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim emiş və etirazını onunla əsaslandırmışdır ki, ekspert rəyinə əsasən torpaq sahəsinin koordinatları qeyd edilmiş, iddiaçının və onun ailə üzvlərinin adına təsərrüfatbaşına kitabda qeyd olunmuş Yardımlı rayonu Osnağaran kəndi yaşayış məntəqəsinə aid torpaq sahəsinin hüdudları daxilində yerləşən torpaq sahəsi ilə eynilik təşkil etdiyi göstərilmiş, 0,10 hektar həyətyanı torpaq sahəsinin şimal istiqamətində 0,0118 ha hissəsinin, cənub istiqamətində 0,0071 ha hissəsinin bələdiyyə mülkiyyəti, qalan 0,0811 ha hissəsinin isə iddiaçının mülkiyyətinə verilməsi nəzərdə tutulmuş 37A nömrəli həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü, mövcud olan fərdi yaşayış evinin iddiaçının faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 26 fevral 1991-ci il tarixli 72 saylı qərarı ilə N.Tusi adına kolxozun 6 noyabr 1993-cü il tarixli 1 saylı qərarı «Torpaq islahatı haqqında» AR Qanununun 9, 10-cu maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanının müddəalarına (Fərmanla təsdiq edilmiş Siyahının 2.6-cı bəndi) uyğun olaraq iddiaçının həmin qərarla ona ayrılmış 0,0811 ha torpaq sahəsinə həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə (1998-ci il tarixdə tikilmiş) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır. Cavabdeh DƏDRX 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək Şivan İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2- 1(120)-18/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İş üzrə İddiaçı1 teleqramla məhkəmə kollegiyasına müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, Şivan İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(120)-18/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası; Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 43, hissə 1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi; 84.1.Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Maddə 88.Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu; 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu; Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0.5. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Maddə 10.2-10.2.1. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, torpaq sahəsinin ayrılması barədə ilkin hüquqmüəyyənedici qərar, əmr və arxiv çıxarışı olmadığı üçün ərazi idarəsi tərəfindən daşınmaz əmlakın qeydiyyata alınmasından imtina edilmişdir. Məhkəmə kollegiyası, bu dəlili əsassız hesab edir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 26 fevral 1991-ci il tarixli 72 saylı qərarı ilə N.Tusi adına kolxozun 6 noyabr 1993-cü il tarixli 1 saylı qərarı «Torpaq islahatı haqqında» AR Qanununun 9, 10-cu maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanının müddəalarına (Fərmanla təsdiq edilmiş Siyahının 2.6-cı bəndi) uyğun olaraq iddiaçının həmin qərarla ona ayrılmış 0,0811 ha torpaq sahəsinə həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə (1998-ci il tarixdə tikilmiş) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, § 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, daşınmaz əmlaklar üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan cavabdehin apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68-ci, 69-cu, 87.6-cı, 90.1-ci, 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(120)-18/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1(bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti verilə bilər.