Məhkəmə qərarları › İş №2-1(106)-52/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-52/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-52/2024 05.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 086 saylı sərəncamı ilə rayonun 7 saylı qış-otlaq ərazisindən qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 il müddətinə X5 icarəsinə verilmiş 280.0 ha torpaq sahəsinin icarə qaydasında istifadə hüququna xitam verilməsi barədə Cavabdeh başçısının 12 iyul 2016cı il tarixli 67 saylı sərəncamının X8 aid hissədə ləğv edilməsi” tələbinə inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(120)-694/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh Başçısının 26 may 2008-ci il tarixli, saylı sərəncamı ilə qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə Neftçala rayonu ərazisindəki saylı qış-otlaq sahəsindən 280 hektar torpaq sahəsi X8 15 il müddətinə icarəyə verilmişdir. Sonradan, yəni Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncamı ilə 26 may 2008-ci il tarixli, 086 saylı sərəncam ləğv edilmiş və qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə Neftçala rayonu ərazisindəki 7 saylı qış-otlaq sahəsindən 15 il müddətinə icarəyə verilmiş 280 hektar torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. Həmin sərəncamdan narazı qalan İddiaçı (X5 vərəsəsi) Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, “xx.xx.2016-cı il tarxli, 67 saylı sərəncamın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən хаhiş еtmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 28 aprel 2-1(120)-694/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “xx.xx.2016-cı il tarxli, 67 saylı sərəncamın ləğv edilməsi” barədə iddia dəyişdirilərək, iddiaçı və cavabdehin olduğu kimi saxlanılmaqla iddia tələbi Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 086 saylı sərəncamı ilə rayonun 7 saylı qışotlaq ərazisindən qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 il müddətinə X5 icarəsinə verilmiş 280.0 ha torpaq sahəsinin icarə qaydasında istifadə hüququna xitam verilməsi barədə Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamının X8 aid hissədə ləğv edilməsi kimi qəbul edilmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Başçısının 26 may 2008ci il tarixli, saylı sərəncamı ilə qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə Neftçala rayonu ərazisindəki saylı qış-otlaq sahəsindən 280 hektar torpaq sahəsi X8 15 il müddətinə icarəyə verilmişdir. Sərəncama uyğun olaraq mənə ayrılmış torpaq sahəsinə dair müvafiq sənədlərin hazırlanması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinə tapşırılmışdır. Qeyd olunan sərəncamın verilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin səlahiyyətli şəxsi tərəfindən rəy verilmişdir. xx.xx.2008-ci il tarixli həmin Rəydə göstərilir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsi Lerik rayonu, Rvarud kənd sakini X8 Cavabdeh başçısına yazdığı ərizəyə əsasən qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə rayonun 7 qışotlaq ərazisindən 280 hektar torpaq sahəsinin 15 il müddətinə icarəyə ayrılmasına etiraz etmir. xx.xx.2008-ci il tarixdə RİN başçısının Aqrar məsələlər üzrə müavini S.T.Həziyev, DTXK-si Neftçala rayon şöbəsinin müdiri S.S.Bədəlov, Şöbənin baş məsləhətçisi Ə.F.İmanov, Şöbənin aparıcı məsləhətçisi M.M.Əliyev və Lerik rayonu, Rvarud kəndi sakini X5 iştirakı ilə tərtib edilmiş Aktda göstərilir ki, X5 Cavabdeh başçısına yazdığı ərizəyə əsasən qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə rayonun 7 saylı qış-otlaq ərazisindən 280 hektar toıpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi məqsədə müvafiq hesab edilsin. Cavabdeh Başçısının xx.xx.2008-ci il tarixli, 086 saylı sərəncamına uyğun olaraq İddiaçı Midadaş qızının saylı qış-otlaq sahəsindən icarəyə ayrılacaq hektar torpaq sahəsinin yerquruluşu planından Çıxarış verilmişdir. Sərəncama uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ‘Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Həmin sənəd X25 kitabında xx.xx.2014-cü il tarixdə 11 nömrə ilə uçota alınmışdır. Sərəncama əsasən torpaq sahəsinin sərhəddi yerdə (naturada) işarə qoymaqla tarixdən torpaq sahəsi onun istifadəsindədir və təyinatı üzrə istifadə edir. Hal-hazırda həmin ərazidə təsərrüfatında 850 (səkkiz yüz əlli) baş xırdabuynuzlu (qoyun-quzu, keçi) və 25 (iyirmi beş) baş qara mal heyvan vardır. Son dövrdə ona məlum olmuşdur ki, Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncamı ilə 26 may 2008-ci il tarixli, 086 saylı sərəncam ləğv edilmiş və qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə Neftçala rayonu ərazisindəki 7 saylı qış-otlaq sahəsindən 15 il müddətinə icarəyə verilmiş 280 hektar torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. O, Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncamı barədə məlumat əldə edən kimi, həmin qərarı qanunsuz hesab edərək ləğv olunması ilə əlaqədar Cavabdehnə məktubla müraciət etmişdir. Cavabdeh Başçısının müavini Burcalı Ağayev tərəfindən 17 iyun 2022-ci il tarixli məktubla ona cavab verildi. Məktubda göstərilir ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Başçısının 26 may 2008-ci il tarixli, 086 saylı sərəncamı ilə X28 aid 7 saylı qış-otlaq ərazisindən qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə 15 il müddətinə icarəyə verilmiş 280 hektar torpaq sahənizin istifadə hüququna Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4,6,7-ci abzasına müvafiq olaraq, Cavabdeh Başçısının 12 iyul 2016-cı il tarixli, 67 saylı sərəncamı ilə xitam verilmişdir. O, Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncamını qanunsuz hesab edirəm və həmin sərəncamın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, Cavabdeh Başçısının 26 may 2008ci il tarixli, 086 saylı sərəncamı ilə üzərinə düşən öhdəlikləri heç bir zaman pozmamışdır. Bütün ödənişləri vaxtında ödəmişdir. Torpaq sahəsi hal-hazırda onun istifadəsindədir və torpaq sahəsindən istifadə ilə bağlı heç bir qanun pozunlusuna yol verməmişdir. Qeyd edilən torpaq sahəsinə dair mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Başçısının 67 saylı sərəncamı xx.xx.2016-cı il tarixdə qəbul edilsə də, onun həmin sərəncam barədə məlumatı olmamışdır. 2022-ci ilin aprel ayının sonunda sərəncam barədə məlumat əldə edən kimi Cavabdeh Başçısına müraciət etmişdir. Cavab məktubu alan kimi məhkəməyə müraciət etmişdir. İddia tələbi İnzibati Prosessual Məcəllənin və “İnzibati icraat haqqında” Qanunun müvafiq tələblərinə uyğundur və təmin ediləndir. Cavabdeh Başçısının mübahisələndirilən xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncamı qanunazidd olduğu və nəticədə onun hüquqlarını pozduğu üçün ləğv edilməlidir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Neftçala rayonu İcra Hakimiyyətinə qarşı, Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli 086 saylı sərəncamı ilə varisi olduğu mərhum əri X8 15 il müddətinə icarəyə verilmiş 280 hektar örüş torpaq sahəsinə dair həmin icarə müqaviləsinə İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 67 saylı sərəncamı ilə xitam verilməsindən narazılığı və həmin sərəncamın ləğv edilməsinə dair Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi qarşısında qaldırdığı iddiasını aşağıdakı əsasa görə tam rədd edir. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci Maddəsinə əsasən həmin müddət bir ay nəzərdə tutulduğu halda iddiaçının güman etdiyi, pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə 5 ildən çox vaxt keçdikdən sonra müraciət etdiyindən məhkəməyə müraciət etmə müddəti buraxılmışdır. (67 saylı xitam qərarından çıxarış iddiaçıya xx.xx.2016-cı il tarixli İİİTPŞ nömrəli məktubla göndərilmişdir.) Odur ki,yuxarıda qeyd edilənlərə əsasən İddiaçı cavabdeh Neftçala rayonu İcra Hakimiyyətinə qarşı, Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli 086 saylı sərəncamı ilə ona 15 il müddətinə icarəyə verilmiş 280 hektar örüş torpaq sahəsinə dair həmin icarə müqaviləsinə İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 67 saylı sərəncamı ilə xitam verilməsindən narazılığı və həmin sərəncamın ləğv edilməsinə dair Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi qarşısında qaldırdığı iddiasının təmin edilməməklə rədd edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(120)-694/2023 saylı qərardadı ilə (hakim Amilya Hüseynova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(120)-694/2023 saylı qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlliləri: İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncamın ləğv edilməsini xahiş etmişdir. Lakin məhkəmə işi tam və ətraflı araşdırmamış, iddianın mümkünsüzlüyü barədə qərardad qəbul etmişdir. Bir vətəndaş olaraq düşünür ki, hər iki dövlət orqanı tərəfindən həm Cavabdeh tərəfindən, həm də birinci instansiya məhkəməsi tərəfindən hüquqları kobud şəkildə pozulmuş, ona maddi və mənəvi ziyan dəymişdir. Çünki həmin torpaq sahəsi istifadələrində ola-ola, müqavilənin müddəti bitməmiş, icra başçısı sərəncamla həmin torpaq sahəsini digər şəxslərə satmış və ya icarəyə vermişdir. Digər tərəfdən Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli 67 saylı sərəncamı 2-1(120)-291/2022 saylı qərarla hakim Hilal Nəcəfov tərəfindən tamamilə ləğv edilmiş olsa da, birinci instansiya məhkəməsi buna münasibət bildirməmiş, yalnız müddətlə bağlı iddiasını mümkünsüz saymışdır. Sözügedən torpaq sahəsi həmişə istifadələrində olmuş, yalnız 2022-ci ilin yanvar ayında artıq bilmişdir ki, xəbərləri olmadan icra hakimiyyəti torpağlarını başqa şəxslərə yenidən icarəyə vermişdir. Həmin vaxtdan da artıq məhkəməyə müraciət etmişdir. Həyat yoldaşı X19 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Torpaq sahəsi isifadələrində olduğu üçün sərəncamın ləğvindən xəbəri olmamışdır. Bu problem 2022-ci ilin yanvar ayında yarandığı üçün, həmin ilin aprel ayında məhkəməyə müraciət etmişdir. Daha sonra Lerik Rayon Notariat ofisinə müraciət edərək yoldaşından irs qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi almışdır. İddiaçı Şirvan İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(120)-694/2023 saylı qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq təmin edilməsi barədə əqrar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-304/2023 saylı, 07 iyul 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2- 1(120)-694/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62 maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, “xx.xx.2016-cı il tarxli, 67 saylı sərəncamın onlara aid hissədə ləğv edilməsi” barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin, iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli sərəncamından görünür ki, Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 086 nömrəli sərəncamı ilə qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə rayonun 7 saylı qış-otlaq sahəsindən 280 (iki yüz səksən) hektar torpaq sahəsi 15 (on beş) il müddətinə X8 icarəyə verilmişdir. İş materiallarında olan 21 aprel 2016-ci il tarixli Aktın surətindən görünür ki, Rayon İcra Hakimiyyəti başçısının 26 may 2008-ci il tarixli 086 nömrəli sərəncamı ilə Lerik rayonu Rvarud kənd sakini X8 rayonun qış-otlaq sahəsindən icarəyə verilmiş 280 hektar qış-otlaq sahəsindən təyinatına uyğun istifadə etmədiyi müəyyən olunmuşdur. Belə ki, 280 hektar torpaq sahəsinin 200 hektarından cox hissəsində əkin işləri aparıldığı,eyni zamanda qeyriqanuni olaraq mişar daşından əsaslı tikililər inşa edildiyi məlum olmuşdur. (tövlə və çoban evi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli Qərarı ilə örüş və qış-otlaq sahəsində hər hektara görə 3-4 baş xırda buynuzlu heyvan saxlanması müəyyən edilmiş və əsaslı tikinti işlərinin aparılmasına icazə verilmədiyi bildirilmişdir. Bu halda 280 hektar ərazidə ***-**** baş qədər heyvan saxlanılmalıdır. Lakin yoxlama zamanı X5 icarəsində olan 280 hektar qış-otlaq sahəsində mövcud olaraq 200 başa qədər xırda buynuzlu davarların saxlanılması və qeyri-qanuni tikinti işi aparıldığı müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamından görünür ki, Neftçala rayonu üzrə örüş və qış-otlaq təyinatlı X21 qoyunçuluğu inkişaf etdirmək məqsədilə X9 adına 280 ha icarəyə verilmiş torpaq sahəsinin istifadə hüququna xitam verilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamından çıxarış məlumat üçün X8 göndərilmişdir. İş materiallarında olan Elbrus Abbasovun (X5) Azərbaycan Respublikasının Milli Məclisinə ünvanladığı 11 may 2020-ci il tarixli məktubundan görünür ki, Elbrus Abbasov dəfələrlə aidiyyatı orqanlara müraciət etmiş, lakin heç bir şikayətinə məhəl qoyulmamış, heç bir vəzifə səlahiyyəti olmayan imkanlı şəxslər tərəfindən təsərrüfatları məhv edilərək əllərindən alınmışdır. Atası həmişə çalışmışdır ki, dovlət tərəfindən ona olan etimadı doğrultsun, amma hər dəfə Neftçala rayonunun bir sıra qolçomaqları tərəfindən sıxışdırılmışdır. İndi də həmin qüvvələr tərəfindən atasına məxsus olanlar (örüş torpaqları, heyvanlara məxsus tövlələr) zəbt olunmuşdur. Atasının bir sahibkar kimi bütün hüquqları tapdalanmışdır. Neftçala quldurları atasını elə bir vəziyyətə saldılar ki, məhz bu düşdüyü çarəsiz durumdan və haqsızlıqla barışmayaraq dünyasını dəyişmişdir. Neftçala quldurları öz şəxsi mənfəətləri hesabına (qış-örüş torpaqlarının əkilməsi və s.) atasını zorla ona məxsus qış-örüş torpaqlarından çıxartmışdırlar. Atası məcbur qalıb təsərrüfatı Lerik rayonunun ən ucqar kəndinə (Rvarud) köçürtdü. Nəticədə burda çox sərt keçən amansız qış çox böyük sayda heyvanların ölümünə səbəb oldu. (iş vərəqi 71) İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tərtib edilmiş 12 iyun 2020-ci il tarixli Aktın surətindən görünür ki, Lerik rayonu Rvarud kənd sakini X17 Azərbaycan Respublikası Milli X14 vəkili Jalə Əliyevaya ünvanladığı və Milli Məclisdən araşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova ünvanlanan şikayət ərizəsində Neftçala rayonu qış-otlaq sahəsində atası mərhum X5 heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə icarəsinə verilmiş 280 ha örüş sahəsinin və hal-hazırda xx.xx.2018-ci ildə 7E-975 nömrəsi ilə reyestr qeydiyyata alınmış etibarnamə ilə icarə hüquqları mərhumun oğlu X6 verilmiş torpaq sahəsinin zətb edilərək başqa şəxslər tərəfindən şumlanaraq əkildiyini, heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə tövlə və yaşayış evlərinin zəbt edildiyini bildirərək köməklik göstərilməsini xahiş etmişdir. Bu məsələ ilə bağlı Əmlak Məsələsi Dövlət Komitəsinin Şirvan ərazi şöbəsinin məsləhətçisi X7, Əmlak Məsələsi Dövlət Komitəsinin Şirvan ərazi şöbəsinin aparıcıməsləhətçisi X10, Neftçala rayonu İcra Hakimiyyəti başçısı aparatının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi X18, Neftçala rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən Dövlət torpaqlarının dəqiqləşdirilməsi məqsədi ilə yaradılmış komissiyanın üzvü X23 və şikayətçi X4 iştirakı ilə akt tərtib edilmişdir. Sözügedən məsələ də bağlı sərəncamverici orqan olan Neftçala rayonu İcra Hakimiyyəti başçısı aparatının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Zaur Kərimov. Elşad Əzizov və Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi şöbəsinin Neftçala rayonu üzrə baş müfəttişi Sayılov Əlimənsur, X2 iştirakı İlə yerində baxış keçirilmişdir. Neftçala rayonu icra Hakimiyyəti başçısının 12 iyul 2016-cı il tarixli 67 nömrəli Sərəncamı ilə X5 icarəsinə verilmiş 280 hektar örüş otlaq sahəsinin icarə hüququna xitam verilmişdir. 280 hektar torpaq sahəsinə baxış keçirən zamanı kənar şəxslərin hazırki vəziyyətdə həmin ərazinin zəbt edilməsi halı aşkar edilməmişdir. Heyvandarlığın inkişaf etdirilməsi üçün tikilmiş tövlələrin və yaşayış evinin zəbti ilə bağlı da yerində araşdırma işləri aparılmışdır Araşdırma zamanı X4 öz razılığı ilə mərhum atasına məxsus olan heyvandarlıq tövlələrinin və çoban evinin X20 tərəfindən hal-hazırda istifadə edildiyi məlum oldu. X11 tövlədə çoban evlərindən qanunsuz istifadə etdiyini bildirdikdə, izahatında həmin tövlə və evdən X17 ilə müəyyən sövdələşmələr və razılıq əsasında istifadə etdiyini bildirdi. Akta E.Abbasov tərəfindən imza edilmişdir. İş materiallarında olan Cavabdeh X12 ünvanladığı 13 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, 21 aprel 2016-cı ildə X28 aid qış-otlaq ərazilərində torpaqların məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəçiliyinin yoxlanılması məqsədi ilə Rayon İcra Hakimiyyəti Başçısı aparatının və aidiyyatı şəxslərin iştirakı ilə keçirilən monitorinq zamanı Rayon İcra Hakimiyyəti Başçısının 26 may 2008-ci il tarixli, 086 nömrəli sərəncamla qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə rayonun 7 saylı qış-otlaq ərazisindən mərhum atanız X5 icarəsinə verilmiş 280 ha örüş torpaq sahəsindən təyinatına uyğun istifadə etməyərək, həmin ərazidə normadan (norma 3% xəsillik) artıq arpa bitkisi əkdiyi müəyyən olunmuş, aşkar olunmuş qanunsuzluqlar barədə qanunamüvafiq tədbir görülməsi Rayon İcra Hakimiyyəti Başçısından xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş norma və şərtlərə əməl etmədiyinə, eləcə də bütün rəsmi xəbərdarlığa baxmayaraq ərazidə əkin işləri apardığı üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4,6,7 abzasına uyğun olaraq, Rayon İcra Hakimiyyəti Başçısının 12 iyul 2016-cı il tarixli, 67 saylı sərəncamı ilə icarə müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna əsasən 5 saylı Ərazi Vergilər İdarəsinin cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Neftçala rayonu ərazisində dövlət ehtiyat fondundan qoyunçuluğu inkişaf etdirmək məqsədilə istifadəsinə torpaq sahəsi ayrılmış X5 vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınması barədə məlumat (VÖEN-in olması) müəyyən edilmədi. Torpaq icarəçisi X8 torpaq icarə haqqı xx.xx.2015-ci il tarixədək hesablanmış və xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət büdcəsinə torpaq icarə haqqı və torpaq vergisi ödənilməmişdir. Vergi orqanının X5 hüquqi varisləri barədə məlumat müəyyən olunmadı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamı rəsmi qaydada yəni, xx.xx.2016-cı il tarixli məktubla mərhumun X6 göndərilmişdir və onun həmin sərəncamdan məlumatı var idi. İddiaçı hazırda mübahisələndirdiyi sərəncam barədə məlumatlı olmuş, lakin məlumatı olsa da həmin sərəncamın ləğvi ilə bağlı 30 gün müddətində məhkəməyə müraciət etməmişdir. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 086 nömrəli sərəncamı ilə qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə rayonun 7 saylı qış-otlaq sahəsindən 280 (iki yüz səksən) hektar torpaq sahəsi 15 (on beş) il müddətinə X8 icarəyə verilmişdir. Həmin şəxsin xx.xx.2017-ci il tarixdə vəfat etməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Neftçala rayon notariat ofisində onun həyat yoldaşı İddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamından görünür ki, Neftçala rayonu üzrə örüş və qış-otlaq təyinatlı X21 qoyunçuluğu inkişaf etdirmək məqsədilə X9 adına 280 ha icarəyə verilmiş torpaq sahəsinin istifadə hüququna xitam verilmişdir. Məhkəmə kollegiyası tərəfindən işin halları araşdırılaraq müəyyən edilmişdir ki, Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamı X8 rəsmi məktubla göndərlimişdir. Lakin, X5 xx.xx.2017-ci il tarixdə vəfat etdiyi üçün mərhumun həmin sərəncamdan məlumatlı olub-olmamasını müəyyən etmək hal-hazırda mümkün deyildir. Bununla belə, həmin sərəncamdan məlumatsız olmasını da demək olmaz. Çünki, iş materiallarından görünür ki, xx.xx.2016-cı il tarixli sərəncam və torpaq sahəsi ilə bağlı mərhum ilə cavabdeh arasında heç bir mübahisə halı baş verməmişdir. Həmin torpaq sahəsi ilə bağlı mübahisə X5 ölümündən sonra yəni, 2020-ci il tarixində onun oğlu X17 ilə cavabdeh arasında olmuşdur. İşdə olan mərhum G.Abbasovun oğlu E.Abbasovun Milli Məclisə ünvanladığı xx.xx.2020-ci tarixli məktubdan, Azərbaycan Respublikası Neftçala rayonu İcra Hakimiyyətinin Azərbaycan Respublikası Milli Məclisinə ünvanladığı 16 iyun 2020-ci il tarixli,13 oktyabr 2020-ci il tarixli məktublardan, Azərbaycan Respublikası Neftçala rayonu İcra Hakimiyyətinin Lerik rayonu Rvarud kənd sakini X6 ünvanladığı 13 oktyabr 2020-ci il tarixli, 06 iyun 2022-ci il tarixli, 30 iyun 2020-ci il tarixli məktublardan, 12 iyun 2020-ci il tarixli aktın surətindən görünür ki, vərəsə X17 atasının vəfatından sonra yəni, 2020-ci il tarixdə mübahisəli torpaq sahəsinin zəbt edilməsi ilə bağlı mübahisələr yaranmış, müvafiq orqanlara şikayətlər etmiş, Əmlak Məsələləri Dövlət Komitəsinin 12 iyun 2020-ci il tarixli akta əsasən, həmin ərazi üzrə araşdırılma aparılmış və həmin ərazi üzrə zəbt hadisəsinin baş vermədiyi, mərhumun Azərbaycan Respublikası Neftçala rayonu İcra Hakimiyyəti başçısının 12 iyul 2016-cı il tarixli, 67 saylı sərəncamı ilə icarə hüququna xitam verildiyi və E.Abbasovla sövdələşməyə əsasən həmin sahədə X20 tərəfindən heyvandarlıq tövlələrinin istifadə edildiyi məlum olmuşdur. Həmin aktdan və iş materiallarında olan digər sənədlərdən aşkar olunmuşdur ki, mərhumun oğlu E.Abbasov Neftçala rayonu İcra Hakimiyyəti başçısının 12 iyul 2016-cı il tarixli, 67 saylı Sərancamdan məlumatlı olmuşdur. Belə ki, akta imza edərkən və şikayətlərinə verilən rəsmi cavablardan hazırda mübahisələndirilən 12 iyul 2016-cı il tarixli, 67 saylı icarə hüququna xitam verilməsi barədə olan Sərancamın mövcudluğu barədə xəbərdar olmuşdur. Bununla da aydın olur ki, iddiaçı onun üçün əlverişsiz olan inzibati aktdan, yəni Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamından 2020-ci il tarixindən məlumatlı olmuşdur. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi sərəncamdan yəni, Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamından ən geci 2020-ci il tarixdən (xx.xx.2020-ci il tarixli akt ilə) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə, İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamından məlumatlı olduğu vaxtdan 3 (üç) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. İddiaçının sərəncamdan məlumatlı olmasının digər sübutu onunla ifadə olunur ki, 2016-cı ildən hazırkı günə kimi iddiaçı sözügedən torpaq sahəsindən faktiki olaraq istifadəsinə görə (əgər istifadə etmişdirsə) qanunla nəzərdə tutulmuş icarə haqlarını ödəməmişdir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna əsasən 5 saylı Ərazi Vergilər İdarəsinin cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Neftçala rayonu ərazisində dövlət ehtiyat fondundan qoyunçuluğu inkişaf etdirmək məqsədilə istifadəsinə torpaq sahəsi ayrılmış X5 vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınması barədə məlumat (VÖEN-in olması) müəyyən edilməmişdir. Torpaq icarəçisi X8 torpaq icarə haqqı xx.xx.2015-ci il tarixədək hesablanmış və xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət büdcəsinə torpaq icarə haqqı və torpaq vergisi ödənilməmişdir. Vergi orqanının X5 hüquqi varisləri barədə məlumat müəyyən olunmamışdır. Həmçinin, iddiaçının imzası ilə təsdiq edilmiş iddia ərizəsinin məzmunundan görünür ki, o hazırda mübahisələndirdiyi sərəncamdan 2022-ci ilin aprel ayının sonunda məlumatlı olmuşdur. Hətta, iddiaçının mübahisələndirilən sərəncamdan 2022-ci ilin aprel ayından məlumatlı olduğunu, prosessual müddətin axımı həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığını, həmin sərəncamın ləğvi ilə bağlı məhkəməyə isə 2023-cü ilin iyul ayında müraciət etdiyini nəzərə alsaq, iddiaçı yenə də məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş 30 günlük prosessual müddəti (iddia müddətini) ötürmüş olur. Məhkəmə kollegiyası iddiaçının hazırda mübahisələndirilən sərəncamın mövcudluğundan xəbərsiz olması, torpaq sahəsi üzərində istifadə hüquqlarına xitam verilməsindən məlumatlı olmaması ilə bağlı dəlilləri ilə razılaşmır və iddiaçının bu dəlillərini qeyri-səmimi qəbul edir və əsaslı hesab etmir. Belə ki, iddiaçının oğlu 2020-ci ildən bəri torpaq sahəsi ilə bağlı mübahisələr edir və iddiaçı həmin torpaq sahəsinin onun faktiki istifadəsində olduğunu bildirir. Torpaq sahəsinin iddiaçının dediyi kimi onun faktiki istifadəsində olduğunu qəbul etsək, bu zaman həmin torpaq sahəsi ilə bağlı gedən bütün mübahisələrdən də xəbərdar olmasını qəbul etməliyik. Çünki, yuxarıda qeyd edildiyi kimi həmin mübahisələrin gedişində iddiaçının oğlu tərəfindən müvafiq orqanlara çoxsaylı şikayətlər edilmiş və edilən şikayətlərə verilən cavablarda, o cümlədən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçının oğlunun iştirakı ilə tərtib edilmiş 12 iyun 2020-ci il tarixli aktda hazırda mübahisələndirilən 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncam barədə qeydlər vardır. Bu nöqteyi nəzərdən məhkəmə kollegiyası hesab edir ki, hazırda mübahisələndirilən sərəncamdan torpaq sahəsi ilə bağlı mübahisələrin getdiyi dövrdə iddiaçı məlumatlı olmuşdur. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hüquqmüdafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən sərəncamın istər rəsmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin sərəncamın ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin sərəncamın iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin sərəncamın məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin sərəncamdan (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (torpağın iddiaçının istifadəsindən geri alınması, həmin torpaqdan başqa şəxslərin istifadəsi və iddiaçının istifadəsinə maneələrin yaranması, bununla bağlı dövlət orqanlarına çoxsaylı şikayətlər edilməsi və bu dövrlər ərzində icarə haqlarının ödənilməməsi) iddiaçı bilavasitə məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı sözügedən sərəncamdan məlumatlı olduğu vaxtdan 3 (üç) ildən artıq müddət keçdikdən sonra cavabdeh inzibati orqana qarşı hazırki iddianı qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(120)-694/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar