Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-520/2024 11.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2-1(120)-1851/2024 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması tələbinə dаir iddiаsı inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 3EDQ6FV001 saylı qərarın və xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarın artıq hesablanmış pul vəsaitinin tutulması hissəsində ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulan pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 16 iyul 2024-cü il tarixli, 2-1(120)- 1851/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci insatnsiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına səbəb xx.xx.2015-ci il tarixdən (işə daxil olduğu il) xx.xx.2021-ci il tarixədək artıq aldığı cəmi 2216.20 manat aşkarlanması olmuşdur. Buna görə də xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödəmə olduğu aşkarlanmış və xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərar ilə 2216.20 manat pensiya məbləği ondan geri tələb edilmişdir. İddiaçının yanlış əmək pensiyası alması ilə bağlı faktiki şərt özü-özlüyündə əhəmiyyət daşımır. Əhəmiyyət daşıyan ehtimal olunan pozuntu halı ilə bağlı iddiaçının təqsirinin olub-olmaması, etimad hüququnun qorunmasına istinadın mümkün olub-olmamasıdır ki, məhkəmə hesab edir ki, etimad hüququ qanunla qorunur. Bu səbəbdən də cavabdehin məsul əməkdaşları ehtimal olunan səhv hərəkətlərinin hüquqi nəticəsinin aradan qaldırılması iddiaçıya həvalə edilməməlidir. Cavabdeh əlavə məbləğin ödənilməsinə istinad edirsə, həmin məbləğin tutulması cavabdehin səhvə yol verilmiş əməkdaşlarına qarşı münasibətdə tədbirlərin görülməsinə səbəb ola bilər ki, həmin səhvlərin iddiaçının hesabına aradan qaldırılması məhkəmə hesab edir ki, yolverilməzdir. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi ödənilmiş 2216,20 manat pensiyasından tutulamasına Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 tərəfindən DSMF-nin Maliyyə və Münasibatlıq üzrə mərkəzi tərəfindən tutulmasına sərəncam verilmişdir. Bu qanunsuzluğu aradan qaldırmaq üçün xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən ərizsi təmin edilməmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, Fondun 7 saylı regional filialının 13 yanvar 2022-ci il tarixli, **********0 nömrəli məktubu ilə İddiaçı xx.xx.2015-ci il tarixdən (işə daxil olduğu il) xx.xx.2021-ci il tarixədək artıq alınan cəmi 2216,20 manat DSMF-nun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən tutulacağı bildirilmişdir. İddiaçı əmək pensiyasından 1 saylı Lənkəran-Astara regional ərazi filialı tərəfindən xx.xx.2021-ci il tarixdə “ötən dövr” xanasına qeyd edilmiş ümumi 2216,20 (iki min iki yüz on altı manat iyirmi qəpik) manat məbləğində artıq ödənilmiş vəsaitlər xx.xx.2021xx.xx.2021 dövrlərdə yaranmış 135.22 (yüz otuz beş manat iyirmi iki qəpik) manat əskiködəmə məbləği çıxılmış və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyasından ayda 77,08 (yetmiş yeddi manat səkkiz qəpik) manat olmaqla tutulma həyata keçirilmişdir (2216,20-135,22-539,56 = 1541,42). Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli sərəncamına əsasən yenidən hesablama nəticəsində xx.xx.2021-xx.xx.2022-ci il tarixində yaranmış 236,94 (iki yüz otuz altı manat doxsan dörd qəpik) manat əskik ödəmə məbləği 1541,42 manat qalıq artıqödəmədən çıxıldıqdan sonra (1541,42 - 236,94 = 1304,48) qalıq borc 1304,48 (min üç yüz dörd manat qırx səkkiz qəpik) manat təşkil etmişdir. İddiaçı Z Rzayevanın əmək pensiyasından yuxarıda qeyd edilən sərəncamlara əsasən xx.xx.2022-ci il tarixdən aylıq 81,54 (səksən bir manat əlli dörd qəpik) manat olmaqla, xx.xx.2023-cü il tarixədək tutulma həyata keçirilmiş və xx.xx.2023-cü il tarixdə yekunlaşdırıimışdır. xx.xx.2023-cü il tarixdən etibarən İddiaçı əmək pensiyasından hər hansı tutulma aparılmır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdi, əlavə olaraq bildirdi ki, iddiaçıdan tutulmalar xx.xx.2021-ci il tarixli, 3EDQ6FV001 nömrəli qərar əsasında aprılmışdır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İddiaçı həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, 3EDQ6FV001 saylı qərarının artıq hesablanmış pul vəsaitinin tutulması hissəsində ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulan pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Ərizə icraata qəbul edilmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -xx.xx.2021-ci il tarixli, 3EDQ6FV001 nömrəli qərarın məzmunundan görünür ki, qərarın aşağı sol küncündə karandaşla “xx.xx.2015-xx.xx.2021 dək artıq aldığı cəmi 2216,20 tutulsun” ifadəsi yazılmışdır. Cavabdehin nümayəndəsi tutulmaların məhz bu qərar əsasında həyata keçirildiyini bildirmişdir. -xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərardan görünür ki, İddiaçı hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək pensiya təyin olunmuş, əmək pensiyasının hazırkı məbləği 404.43 manat, yenidən hesablanmış pensiya məbləği 431.05 manat qeyd olunmuşdur. Həmçinin həmin qərarın qeyd hissəsində iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödəmə olmasının müəyyən edildiyi qeyd olunmuşdur. Bu qərarla hər-hansı tutulmaların aparılması göstərişi verilməmişdir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçıya pensiya məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də pensiya ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. -67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlsə də, mübahisənin predmeti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialının İddiaçı barəsində olan xx.xx.2021-ci il tarixli, 3EDQ6FV001 nömrəli qərarı olmasına baxmayaraq, zərurət olmadığı halda Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərarının qanuniliyinə və ləğv edilməsi məsələsinə də baxmış və həmin qərarın qismən ləğv edilməli olması qənaətinə gəlmişdir. İddiaçının pensiyasından tutulmalar yalnız xx.xx.2021-ci il tarixli, 3EDQ6FV001 nömrəli qərar əsasında aparıldığından mübahisə predmeti də məhz həmin qərar ola bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2- 1(120)-1851/2024 nömrəli qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2-1(120)-1851/2024 nömrəli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialının xx.xx.2021-ci il tarixli, 3EDQ6FV001 saylı qərarı İddiaçı artıq hesablanmış pul vəsaitinin tutulması hissəsində ləğv edilsin. Həmin qərar əsasında xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulmuş pul məbləğinin ona geri qaytarılması öhdəliyi Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-520/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-520/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver