Məhkəmə qərarları › İş №2-1(106)-521/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-521/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-521/2024 29.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X10, üçüncü şəxs X21 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzilinə dair X7 adına tam mülkiyyət hüququ əsasında verilmiş **********13- 05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2-1(120)-1126/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzilinə dair X7 adına tam mülkiyyət hüququ əsasında verilmiş **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli qərardadı ilə X30, X14, X11 və X23 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşdurlar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X30 ilə 06 sentyabr 2012-ci il tarixdə rəsmi nikah münasibətlərinə girib evlənmiş, birgə nikahlarından 19 noyabr 2012-ci il tarixdə X26 və X27 adlı iki nəfər ekiz uşaqları doğulmuşdur. Aralarında olan narazılığa əsasən İmişli rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. X30 ilə 06 sentyabr 2012-ci il tarixdə rəsmi nikah münasibətlərinə girib evlənərkən 29 dekabr 2007-ci il tarixli 816 nömrəli orderlə X24 məxsus İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 2 mənzilinə gəlin köçmüş və həmin vaxtdan da halhazıra kimi həmin mənzildə yaşayır. 16 fevral 2013-cü il tarixdən də həmin mənzildə pasport qeydiyyatındadır. 2023- cü ilin iyun ayında məlum oldu ki, yaşadığı həmin İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 2 tam mülkiyyət hüququ əsasında **********13- 05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 25 mart 2023-cü il qeydiyyat tarixli X1 adına rəsmiləşdirilmişdir. X11 əri X21 bacısıdır. İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 2 İmişli rayon XDS İcraiyyə Komitəsinin 03 noyabr 1989-cu il tarixli 95 saylı orderi ilə X4 verilmişdir. Bundan sonra həmin mənzil 29 dekabr 2007-ci il tarixli 816 saylı orderlə X24 verilmişdir. Həmin mənzil mülkiyyət hüququ əsasında **********13-05101- 093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 25 mart 2023-cü il qeydiyyat tarixli X1 adına rəsmiləşdirilərkən bir ailə üzvü kimi onun məlumatı olmamış və razılığı alınmamışdır. Ona görə də **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 25 mart 2023-cü il qeydiyyat tarixli çıxarış qanunsuz və saxtadır. Qeyd edilənlərə əsasən İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzilinə dair X7 adına tam mülkiyyət hüququ əsasında verilmiş **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2-1(120)-1126/2024 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X17 ilə 06 sentyabr 2012ci il tarixdə rəsmi nikah münasibətlərinə girib evlənmişəm. Birgə nikahımızdan 19 noyabr 2012-ci il tarixdə X26 və X27 adlı iki nəfər ekiz uşağımız doğulmuşdur. Aramızda olan narazılığa əsasən İmişli rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə nikahımız pozulmuşdur. X17 ilə 06 sentyabr 2012-ci il tarixdə rəsmi nikah münasibətlərinə girib evlənərkən 29 dekabr 2007-ci il tarixli 816 nömrəli orderlə X24 məxsus İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 2 mənzilinə gəlin köçmüşəm və həmin vaxtdan da halhazıra kimi həmin mənzildə yaşayıram. 16 fevral 2013-cü il tarixdən də həmin mənzildə pasport qeydiyyatındayam. 2023-cü ilin iyun ayında mənə məlum oldu ki, yaşadığım həmin İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 2 tam mülkiyyət hüququ əsasında **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 25 mart 2023-cü il qeydiyyat tarixli X1 adına rəsmiləşdirilmişdir. Nəzərinizə çatdırıram ki, X11 ərim X21 bacısıdır. İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 2 İmişli rayon XDS İcraiyyə Komitəsinin 03 noyabr 1989-cu il tarixli 95 saylı orderi ilə X4 verilmişdir. Bundan sonra həmin mənzil 29 dekabr 2007-ci il tarixli 816 saylı orderlə X24 verilmişdir. Həmin mənzil mülkiyyət hüququ əsasında **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 25 mart 2023-cü il qeydiyyat tarixli X1 adına rəsmiləşdirilərkən bir ailə üzvü kimi mənim məlumatım olmamış və razılığım alınmamışdır. Ona görə də hesab edirəm ki, **********13-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 25 mart 2023-cü il qeydiyyat tarixli Çıxarış qanunsuz və saxtadır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2-1(120)-1126/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi X22 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs X30 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilsədə məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 8.0.2. Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; Maddə 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 8.0.4. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 8.0.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: Maddə 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: Maddə 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; Maddə 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; Maddə 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Maddə 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: Maddə 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Maddə 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Maddə 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının tələbi “İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzilinə dair X7 adına tam mülkiyyət hüququ əsasında verilmiş **********13-05101- 093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, İddiaçı ilə X7 qardaşı X30 arasında nikah xx.xx.2012-ci il tarixəd bağlanılmış və İmişli rayon Məhkəməsinin 2(036)-2351/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzil isə iddiaçılara 1989-cu il və 2007-ci illərdə yuxarıda qeyd edilən inzibati aktlara əsasən X30 və digərlərinin mülkiyyətinə verilmişdir ki, həmin tarixdə iş üzrə İddiaçı ilə İ.Ağayev arasında ailə münasibətləri olmamışdır. Eləcə də, iddiaçının həmin mənzildə qeydiyyatda olması həmin mənzilin mülkiyyətçilərindən biri olması demək deyil. İddiaçı yalnız həmin mənzildən istifadə və yaşamaq hüquqlarını əldə etmiş olur. Belə olan halda cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Həmin imtina iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 816 nömrəli orderin surətindən görünür ki, vətəndaş X24 verilmiş dörd nəfərdən ibarət ailəsi ilə birlikdə T.İsmayılov küçəsində 20 nömrəli evdə, 2 nömrəli mənzildə, 1-ci mərtəbədə 2 otaqdan ibarət 27,99 kv.metr mənzil vardır. Ailə üzvləri X15, X11 və X16r. İş materiallarında olan İmişli regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş, İmişli şəhəri, T.İsmayılov küçəsi ev 20, mənzil 2 ünvanında qeydiyyatda olan X21 xx.xx.2023-cü il tarixli, **********119 nömrəli ərizəsindən görünür ki, İmişli şəhəri, T.İsmayılov küçəsi ev 20 ünvanında yerləşən ümumi sahəsi 27.99 kv.m olan 2 saylı mənzil sahəsinin X7 adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etmir, razıdır. İş materiallarında olan İmişli regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş, İmişli rayonu, Qaradonlu Ə/D, Şahar kəndində qeydiyyatda olan X12 xx.xx.2023-cü il tarixli, **********115 nömrəli ərizəsindən görünür ki, İmişli şəhəri, T.İsmayılov küçəsi ev 20 ünvanında yerləşən ümumi sahəsi 27.99 kv.m olan 2 saylı mənzil sahəsinin X7 adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etmir, razıdır. İş materiallarında olan İmişli regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş, İmişli şəhəri, C.Cabbarlı küçəsi ev 19 ünvanında qeydiyyatda olan X9 xx.xx.2023-cü il tarixli, **********113 nömrəli ərizəsindən görünür ki, İmişli şəhəri, T.İsmayılov küçəsi ev 20 ünvanında yerləşən ümumi sahəsi 27.99 kv.m olan 2 saylı mənzil sahəsinin X7 adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etmir, razıdır. İş materiallarında olan İmişli Mənzil Kommunal X3 xx.xx.2023-cü il tarixli, 04 nömrəli arayışından görünür ki, X30 həqiqətən İmişli şəhəri, T.İsmayılov küçəsi ev 20, mənzil 2, otağın sayı 2, 27,99 kv.msahəsi olan 2 mərtəbəli binanın 1 mərtəbəsindəki mənzildə yaşayır. Adına 29 dekabr 2007-ci ildən 816 nömrəli order maliyyə hesabı açılmışdır. İmişli Mənzil Kommunal X3 balansındadır. Dörd nəfər ailə üzvü vardır. X30 mənzilin sahibi, X15, X11 və X23 bacılarıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, İmişli şəhəri, Tofiq İsmayılov küçəsi ev 20, mənzil 2 ünvanı X7 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ-İ 429796 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 Cəmalə Şamur qızı ilə olan nikahları ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2023-cü ilin iyun ayının 13 günündə 76 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İmişli Mənzil Kommunal X3 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Mənzil Kommunal X3 2 nömrəli ümumi təsərrüfatbaşı kitabının 24-cü səhifəsində X21 adı T.İsmayılov küçəsi bina 20 mənzil 2 ünvanında qeyd edilmişdir. İş materiallarında olan İmişli Mənzil Kommunal X3 xx.xx.2023-cü il tarixli, 160 nömrəli məktubundan görünür ki, X21 İmişli şəhəri, Tofiq İsmayılov küçəsi bina 20 mənzil 2,2799 kv.m sahəsi olan 2 mərtəbə binanın 1-ci mərtəbəsində yaşamasına dair 10 fevral 2023-cü il 04 nömrəli arayış 29 dekabr 2007-ci il İmişli rayon İcra Hakimiyyətinin 428 nömrəli sərəncamına əsasən verilmiş 29 dekabr 2007-ci il 816 nömrəli order əsasında verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 83/2-15739 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən İmişli şəhəri T.İsmayılov küçəsi 20 saylı evin, 02 saylı mənzilinə qeydiyyata düşmüşdür. Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2- 1(120)-3031/2022 saylı sərəncamına əsasən xx.xx.2022-ci il tarixdə İmişli şəhəri T.İsmayılov küçəsi 20 saylı evin, 02 saylı mənzildən qeydiyyatdan çıxarılmışdır. Vətəndaşın müraciəti və BPQMİ-nin xx.xx.2023-cü il tarixli 18/2-10435/2023 nömrəli məktubuna əsasən vətəndaşın həmin ünvanda qalmaqla vəsiqəsi aktiv edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(120)-1284/2023 nömrəli qərarı İddiaçı həmin ünvanda qalmasını təsdiqləyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin faktiki hallarından görünür ki, İmişli rayon İcra Hakimiyyəti başısının xx.xx.2007-ci il tarixli, 428 nömrəli sərəncamı ilə T.İsmayılov küçəsi 20 saylı binanın 1 mərtəbə, yaşayış sahəsi 27,99 kv.m olan 2 otaqlı, 2 saylı mənzilə X21 adına mənzildən istifadəyə dair order verilmiş, X21 ailə üzvləri X15, X11 və X16r. X30 ailə üzvləri X15, X11 və X5 regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş ərizələrinə əsasən İmişli şəhəri, T.İsmayılov küçəsi ev 20 ünvanında yerləşən ümumi sahəsi 27.99 kv.m olan 2 saylı mənzil sahəsinin X7 adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etməyərək razılıq vermişdirlər. Yuxarıda qeyd edilən sənədlər əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışla İmişli şəhəri, Tofiq İsmayılov küçəsi ev 20, mənzil 2 ünvanı X7 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, sözügedən mənzilin olduğu bina İmişli Mənzil Kommunal X3 balansında olmuş, həmin mənzil sahəsinə dair 29 dekabr 2007-ci ildən 816 nömrəli order maliyyə hesabı açılmışdır. Orderdə 4 (dörd) nəfər ailə üzvünün adı - X30 mənzilin sahibi, X15, X11 və X23 bacıları kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.11-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunun 64-cü maddəsinin müddəalarına görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Göründüyü kimi, İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzilə dair hazırda mübahisələndirilən çıxarışın verilməsinə əsas İmişli ayon XDS İK-in 03 noyabr 1989-cu il tarixli, daha sonra İmişli rayon İcra hakimiyyətinin 29 dekabr 2007-ci il tarixli 428 saylı sərəncamı və sərəncam əsasında verilən 29 dekabr 2007-ci il tarixli, 816 nömrəli order olmuşdur. İş materiallarından görünür ki, mübahisələndirilən çıxarış verilərkən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında 26 yanvar 1993-cü il tarixli 463 nömrəli Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlər mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və mənzil sahəsinin orderi təqdim olunmuşdur. Həmin sənədlər qüvvədədir və ləğv olunmamışdır, eyni zamanda yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə həmin sənədlər mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Qeyd olunan sənədlərin qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması iddiaçı və digər şəxslər tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda həmin inzibati aktlarda mənzil sahəsinin mülkiyyətçisi (payçısı) kimi İddiaçı adına rast gəlinməmişdir. Hazırki iddianı irəli sürməkdə iddiaçının əsas arqumentlərindən biri həmin ünvanda yaşadığı, qeydiyyatda olduğu, bir sıra inzibati orqanların və şəxslərin saxta sənədləri əsasında müvəqqəti qeydiyyatdan çıxarılaraq razılığı olmadan mübahisələndirdiyi çıxarışın verilməsi olmuşdur. Məhkəmə kollegiyası iddianın həmin dəlilləri üzrə aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarında olan sənədlərə əsasən İddiaçı ilə X30 arasında nikah xx.xx.2012-ci il tarixəd bağlanılmış və İmişli rayon Məhkəməsinin 2(036)-2351/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İmişli şəhəri, T.İsmayılov küçəsi, 20 saylı evin, 2 saylı mənzil isə X30 və digərlərinin mülkiyyətinə 1989-cu il və 2007-ci illərdə yuxarıda qeyd edilən inzibati aktlara əsasən verilmişdir ki, həmin tarixdə iş üzrə İddiaçı ilə X30 arasında ailə münasibətləri olmamışdır. Eləcə də, iddiaçının həmin mənzildə qeydiyyatda olması həmin mənzilin mülkiyyətçilərindən biri olması demək deyildir. Belə olan halda cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Həmin imtina iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı mövqe sərgiləmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2-1(120)-1126/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar