Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-522/2024 23.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Şirvan İnzibati Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2-1(120)-1713/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 162591.17 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 165000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar çıxarılmasını etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) xx.xx.2024-cü il tarixli, 2-1(120)- 1713/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1625991.17 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış Hyundai yük” markalı **-BT-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitəsi, “Hyundai Hd 78 yük” markalı **-CA-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitəsi, “Toyota Land-Cruıser” markalı **-CB-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitəsi, “X8” markalı **-BX-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitəsi, Hyundai Hd72 Yük” markalı **-CD-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və digər ödənişləri ödəmək vəzifəsi qoyulduğundan və o, vergi və digər borcların ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia təmin edilərək cavabdehin borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan siyahıya alınmış əmlakı ticarət şəbəkələrində satılmalıdır. Bununla yanaşı, Toyota Land- Cruıser-Prado markalı **-BZ-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2009-cu il tarixdən Cavabdeh mülkiyyətində olmuş, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında **-BZ-*** dövlət qeydiyyat nişanları verilərək X1 adına qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçının satılması barədə tələb irəli sürdüyü avtonəqliyyat vasitəsi hazırda cavabdehin deyil, başqa şəxsin mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi üçün hazırda başqa şəxsin mülkiyyətində olan əmlakın siyahıya alınaraq satılması yolverilməzdir. Qərardan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Cavabdehin xx.xx.2022 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 162591.17 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 165000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun ümumilikdə 162591.17 manat məbləğində borcu yaranmışdır. Vergi orqanı olan iddiaçıdan yaranmış borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2022-ci il tarixli qərarı əsasında xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus Hyundai yük markalı nəqliyyat vasitəsi, 2014-cu il istehsalı olan **-BT-*** dövlət nömrə nişanlı, 40000 manat məbləğində qiymətləndirilmiş, X8 markalı nəqliyyat vasitəsi 2007-ci il istehsalı olan **-BX-*** dövlət nömrə nişanlı 20000 manat məbləğində qiymətləndirilmiş, Hyundai HD 78 Yük markalı, 2010-cu il istehsalı olan **-CA-*** dövlət nömrə nişanlı 30000 manat məbləğində qiymətləndirilmiş, Hyundai HD 72 Yük markalı nəqliyyat vasitəsi 2009-cu il istehsalı olan **-GD-*** dövlət nömrə nişanlı 15000 manat məbləğində qiymətləndirilmiş, X6 minik markalı nəqliyyat vasitəsi 2013-cü il istehsalı olan **-CB-*** dövlət nömrə nişanlı 35000 manat məbləğində qiymətləndirilmiş, X6 Parado markalı nəqliyyat vasitəsi 2008-ci il istehsalı olan **-BZ-*** dövlət nömrə nişanlı 25000 manat məbləğində qiymətləndirilmiş və siyahıya alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. -24.1.1-ci və 24.1.12-ci maddələrinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. -77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. -78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. -89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. -90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. -90.3-cü maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. -90.4-cü maddəsinə əsasən əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2-1(120)-1713/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-522/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-522/2024
23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver