Məhkəmə qərarları › İş №2-1(106)-522/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-522/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-522/2025 10.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin bərpa edilməsi) Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyinin bərpa edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli 2-1(120)-941/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçıya ilkin olaraq xx.xx.2004-cü il tarixdə 1 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmiş, sonrakı dövrlər üzrə də əlillik təyin edilmiş, sonuncu dəfə xx.xx.2015-ci il tarixdə “sol baldırın aşağı 1/3-ni dəlib keçən güllə yarası, baldır sümüklərinin əzələlərinin zədələnməsi ilə sol aşağı ətrafın incik və gamış sinirlərinin zədələnməsi və yerişin pozulması” diaqnozuna əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya təyin edilmiş müddətsiz əlillik xx.xx.2023-cü il tarixli qərar ilə ləğv edilmiş, qərarda diaqnoz: “sol baldırın aşağı 1/3-nin odlu silah yaralanması. Sol baldırın aşağı 1/3nin yumşaq toxumalarının kor güllə yarası.”; imtinanın səbəbi kimi: tam reabilitasiya olması. Ətraflı: Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.” göstərilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-18032/2023 qərarında göstərilmişdir ki, “...Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 255 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol baldırın orta 1/3-nin yumşaq toxumalarının kor güllə yarası (güllə çıxarılıb). Sol baldırın odlu silah yaralanması” kimi müəyyənləşdirilmiş, xəstəlik/travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi qiymətləndirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarda olan ağrılar və hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sol baldırın aşağı 1/3-də çapıqlar müşahidə edilmiş, müayinə zamanı hərəkətləri sərbəst olmuş, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Vətəndaş heç bir müayinə və müalicə sənədini təqdim etməmişdir. Nəticədə Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir.” Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...İddiaçı minik avtomobilinin təyinatına tibbi göstərişin müəyyən edilməsi ilə bağlı müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq, sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən ağırlaşmalar olmadığından, həmçinin göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına əsas vermədiyindən “Tam reabilitasiya olması” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir.” Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...İddiaçı reabilitasiya vasitəsi kimi minik avtomobilinə tibbi göndərişin müəyyən edilməsi məqsədilə etdiyi müraciət əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən ağırmaşlar və patofunksional pozuntular aşkar olunmadığından Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində döyüşmüş, sol ayağından güllə yarası almışdır. 1993-cü ildən 2004-cü ilə kimi müəyyən neqativ səbəblərdən müavinət ala bilməmiş, ona 2004-cü ildən 2015-ci ilə kimi müddətli, 2015-ci ildən isə müddətsiz əlillik təyin olunmuş, lakin 2023-cü ilin oktyabr ayında dayandırılmışdır. Dəfələrlə Masallı Rayon Mərkəzi Xəstəxasında müalicə olunmuş, sol ayağının vətəri zədələndiyi üçün yeriş pozğunluğu və sinir ağrıları müşahidə olunur. Hazırda ayağı sağalmamış və yenə də müalicə olunur. Dəfələrlə əlillərə verilən avtomobil ilə bağlı ƏƏSMN-yə müraciət etməsinə baxmayaraq, növbəyə götürülməmiş, 2021-ci ildə sonuncu dəfə müraciət etmiş, bundan sonra komissiyaya çağırılmış və guya ayağı reabilitasiya olduğu üçün pensiyasını və təqaüdünü dayandırmışlar. Ona əlillik illər əvvəl təyin edildiyi üçün hesab edir ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı sonradan qəbul edilmiş normativ-hüquqi akt şəxsin vəziyyətini ağırlaşdırdığından əvvəlki münasibətlərə tətbiq oluna bilməz. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XX Sinif-Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36 2 - Hərbi əməliyyatlar nəticəsində digər. Diaqnozun mətni: Sol baldırın aşağı 1/3-nin odlu silah yaralanması. Sol baldırın aşağı 1/3-nin yumuşaq toxumalarının kor güllə yarası. Məzkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir, qərarı verilmişdir. Masallı rayon sakini xx.xx.1967-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2015-ci il tarixdə əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 255 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol baldırın orta 1/3-nin yumşaq toxumalarının kor güllə yarası (güllə çıxarılıb). Sol baldırın odlu silah yaralanması” kimi müəyyənləşdirilmiş, xəstəlik travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi qiymətləndirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarda olan ağrılar və hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sol baldırın aşağı 1/3-də çapıqlar müşahidə edilmiş, müayinə zamanı hərəkətləri sərbəst olmuş, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Vətəndaş heç bir müayinə və müalicə sənədini təqdim etməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli 2-1(120)-941/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli 2-1(120)- 941/2025 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun Vİİ fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatının iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə müraciəti əlilliyin qiymətləndirilməsi ilə bağlı deyil, ona minik avtomobilinin verilməsi ilə bağlı olmuşdur. Cavabdeh orqan isə bu halda iddiaçıya reabilitasiya vasitəsi olan minik avtomobilinin verilməsinə dair tibbi göstərişlərin mövcud olub-olmamasını yoxlamalı və buna müvafiq olaraq məhz iddiaçının reabilitasiya vasitəsi ilə təmin olunub-olunmaması barədə qərar qəbul etməli olduğu halda, mübahisələndirilən qərarı ilə “minik avtomobilinə tibbi göstərişin olmaması”, eyni zamanda “tam reabilitasiya olması” barədə nəticəyə gəlmişdir. Hansı ki, cavabdeh orqan iddiaçının reabilitasiya vasitəsi ilə təmin olunub-olunmamasını yoxlayarkən onun cavabdeh orqanın qərarı ilə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyi mövcud olmuş, habelə əlilliyinin qiymətləndirilməsi barədə yeni göndəriş olmamışdır. Bu hal isə cavabdeh inzibati orqan tərəfindən iddiaçının tam reabilitasiya olunması barədə qərarı ilə əlilliyinin ləğv edilməsinin qanunsuz və əsassız olduğunu təsdiq edir. İddiaçıya əlilliyin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçıya ilkin olaraq xx.xx.2004-cü il tarixdə 1 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmiş, sonrakı dövrlər üzrə də əlillik təyin edilmiş, sonuncu dəfə xx.xx.2015-ci il tarixdə “sol baldırın aşağı 1/3-ni dəlib keçən güllə yarası, baldır sümüklərinin əzələlərinin zədələnməsi ilə sol aşağı ətrafın incik və gamış sinirlərinin zədələnməsi və yerişin pozulması” diaqnozuna əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı cavabdehə minik avtomobili ilə təmin edilməsi ilə bağlı müraciət etmiş, cavabdeh tibbi göndəriş olmadan iddiaçını əyani müayinəyə cəlb etmiş və nəticədə onun müddətsiz əlilliyini xx.xx.2023-cü il tarixli qərar ilə ləğv edilmiş, qərarda diaqnoz: “sol baldırın aşağı 1/3-nin odlu silah yaralanması. Sol baldırın aşağı 1/3-nin yumşaq toxumalarının kor güllə yarası.”; imtinanın səbəbi kimi: tam reabilitasiya olması. Ətraflı: Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.” göstərilmişdir. Kollegiya qeyd edir ki, müddətsiz əllilik təyinatı ilə bağlı qərarın sonradan ləğv edilməsinin mümkünlüyü qiymətləndirilərkən ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi halla bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Baxılan iş üzrə kollegiya qeyd edir ki, inzibati orqan qanuni əlverişli inzibati aktı ləğv etmişdir. Belə ki, cavabdeh şəxsin artıq tam reabilitasiya olunması qənaətinə gəlməklə müddətsiz müəyyən edilmiş əlliliklə bağlı əvvəlki qərarını ləğv etmişdir. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Belə ki, inzibati orqan əvvəlki qərarın qanuniliyini qəbul edir, aktın qəbulundan sonra yaranmış faktiki vəziyyətə (şəxsin tam reabilitasiya olunduğuna) istinadla onun ləğv edilməli olduğunu hesab edir. Ona görə də, mübahisəyə qanuni inzibati aktın ləğvinə dair “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş normalar tətbiq edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsi qanuni əlverişli inzibati aktın ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutmaqla yanaşı, bunun üçün həm də məhdud əsaslar dairəsi müəyyən etmişdir. Buna görə, yalnız Qanunda sadalanmış həmin məhdud əsasların birinin və ya bir neçəsinin mövcudluğunda qanuni əlverişli inzibati aktın ləğv edilə bilər. Nəzərə almaq lazımdır ki, bu zaman “İnzibati icraat haqqında” Qanunda və sahəvi aktlarda təsbit edilmiş icraatla bağlı müvafiq normaların əsas tələblərinə riayət etmək öhdəliyi də daşıyır. Həmin tələblər aşağıdakılardan ibarətdir. İlk növbədə, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əvvəlki əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Nəticə etibarilə təzələnmiş icraat əvvəlki əlverişli inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə dair yeni inzibati aktın çıxarılması ilə yekunlaşmalıdır. Fərqli yanaşma, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Hazırki iş üzrə müəyyən edilir ki, inzibati orqan əvvəlki inzibati aktın qanuniliyi ilə bağlı hər hansı bir məlumata malik olmadan, heç bir əsas olmadan minik avtomobili ilə təmin edilməsi ilə bağlı müraciət etmiş şəxsi tibbi göndəriş olmadan əyani müayinəyə cəlb etmiş və nəticədə şəxsin müddətsiz əlilliyini tam reabilitasiya olunması əsası ilə ləğv etmişdir. Qanunvericilk inzibati orqanın qanuni əlverişli inzibati aktını ləğv etməsini müəyyən şərtlər daxilində tanıyır. Bunun üçün əvvəlki inzibati icraatın təzələnməsi üçün əsas olmalı, belə əsas olduqda inzibati icraat təzələnməli və qanunvericiliyə uyğun inzibati icraat aparılmalıdır. Yoxsa, heç bir əsas olmadan, şəxsin hər hansı səbəbdən bir məsələ ilə bağlı cavabdehə müraciət etməsi, inzibati orqan tərəfindən icraatın təzələnməsi, şəxsin əyani müayinəyə cəlb edilməsi üçün əsas ola bilməz. Bunun əksi o anlama gələr ki, cavabdeh orqan əlilliyi olan şəxsi istədiyi vaxt əyani müayinəyə cəlb edə bilər. Bu isə inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə ziddir. Beləliklə, inzibati orqan özünün əvvəlki qüvvədə olan əlverişli inzibati aktının ləğvi ilə bağlı məsələyə münasibətdə inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət etmədiyindən iddianın təmin edilməli olduğuna dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli 2-1(120)-941/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar