Məhkəmə qərarları › İş №2-1(106)-523/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-523/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-523/2024 29.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli, 0208 nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(120)-323/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçının nümayəndəsi X14 iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək cavabdeh N nömrəli hərbi hissə iş üzrə dəyişdirilərək üçüncü şəxs qismində cəlb edilməsi, iddia tələbi isə “xx.xx.2022-ci il tarixli, 0208 nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilməsi” kimi göstərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(120)-323/2024 saylı qərаrdadı ilə (hakim Hilal Nəcəfov) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hərbi Hava Qüvvelerinin Komandanlığının tabeçiliyinidə olan, Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissədə qulluq keçmiş, 2011-2014-cü illərdə Naxçıvan şəhərində yerləşən, Heydər Əliyev adına hərbi litseydə təhsil almış, 2014-2018-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbi aviasiya mühəndisliyi (aviasiya silahları) ixtisası üzrə bitirmiş, xidmət keçdiyi dövrdə rekordunu həmişə komandanlığın tapşırıqlarını şərəflə icra etmişdir. 2018-ci ilin iyul ayında X18 üzrə keçirilən futbol birinciliyində 1-ci yer, 2019-cu ilin mart ayında Hərbi Hava Qüvvələri üzrə keçirilən cüdo-güləş yarışında 3-cü yer, 2019-cu ilin may ayında Silahlı Qüvvələrin atletika üzrə ordu birinciliyində 100 metr məsafədə ordu təzələyərək 1ci yer, 400 metr məsafədə ordu rekordunu təzələyərək 1-ci yer, 2019-cu ilin avqust ayında Hərbi Hava Qüvvələri üzrə keçirilən futbol birinciliyində 2-ci yer, 2021-ci ilin aprel ayında Silahlı Qüvvələrin atletika üzrə ordu birinciliyində 400 metr məsafədə 3-cü yer, 2021-ci ilin iyul ayında Hərbi Hava Qüvvələri üzrə keçirilən voleybol birinciliyində 1-ci yer tutaraq Müdafə Nazirliyinin rəhbərliyindən 3 dəfə, Hərbi Hava Qüvvələrinin rəhbərliyi tərəfində 4 dəfə fəxri fərman və təşəkkümamə ilə mükafatlandırılmışdır. Sonuncu dəfə 2021-ci ilin iyul ayında hərbi hissənin komandiri tərəfindən ona rəsmi təşəkkür elan olunmuşdur. 44 günlük Vətən Müharibəsində möhtərəm cənab Prezidentin rəhbərliyi altında X12 çalaraq qalib gəldiyi zamanda bütün silahdaşları ilə bərabər xidmətdə olmuş və Müharibə veteranı adı qazanmışdır. 2020-ci ildə səhhətində problem yaranmış və məzuniyyətdə olduğu dövrdə Bakı şəhərində Medeyra Hosbitalda sinir sistemini müalicə elətdirməyə başlamış və uzun müddət psixotrop və antidepresant dermanlardan istifadə etmişdir. 2021-ci ilin oktyabr ayının 23-də onu digər hərbi qulluqçularla birlikdə qanda narkotik maddələrin olub-olmamasını müəyyən etmək üçün MN-nin Məhkəmə Tibbi Espertiza və X4 göndərilmişdir. 2021 -ci ilin yanvar ayının 8-də xidmət keçdiyi hərbi hissədə test cavabının müsbət çıxdığı ona elan olunmuşdur. Yanvar ayının 11-də tibbi müayinədən keçmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə getmiş və müaynənin nəticəsi ilə məlum olmuşdur ki, onda heç bir narkotik maddə aşkar olunmamışdır. Bütün bu proseslərdən sonra ona elan olunan müayinənin cavabından narazı olduğunu yazılı olaraq bildirmiş və təkrar müayinə keçirilməsi ilə əlaqədar raportla müraciət etmiş, bundan sonra Hərbi Hava Qüvvələrinin Komandanlığı tərəfindən təkrar müayinə olunmasına göstəriş verilmişdir. Hüquqi əsaslar barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin təhqiqatcısı ədliyyə leytenantı X6 tərəfindən araşdırılma aparılaraq cinayət işinin başlanması haqqında rədd qərarı verilmişdir. Həmin araşdırma materialında olan Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8 tərəfindən təqdim edilmiş "955/K" saylı maddi sübutların tədqiqat aktında sonuncunun verdiyi analiz nümunələrində "Metamfetamin" adlı psixotrop maddə aşkar edilməsi göstərilsə də təkrar analizlərdə fakt təsiq olunmur. Əksinə başqa şəxslərə aid nümunələr araşdırmada istifadə olunduğu təhqiqatcının aşağıda qeyd edilən öz əsaslandırmasında təsdiqini tapır. MN TE ve PAM-i tərəfindən təqdim edilmiş "955/K" saylı aktla tanış olduğunu, həmin aktda qeyd olunanlarla razı olmadığını və heç vaxt narkotik və psixotrop maddələrdən istifadə etmədiyini bildirmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müxtəlif vaxtlarda "Mederia Hospital"-da xüsusi dərmanlarla müalicə aldığını bildirmişdir. İzahatları alınmış, N nömrəli hərbi hissənin, RHM-nin rəisi vəzifəsində xidmət edən kapitan X5 ve N nömrəli hərbi hissənin, RHM-nin reqlament işləri qrupunun rəisi vəzifəsində xidmət edən baş leytenant X7 izahatlarında hadisələrin yuxarıda qeyd olunan formada olduğunu təsdiq etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X9" Publik Hüquqi şəxs Məhkəmə-kimya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 277/K nömrəli ekspert rəyindən görünür ki, ondan götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatına esasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlir: X3 götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Metamfetamin aşkar edilmişdir. Göstərilən pozuntular Tərtər rayon Hərbi Məhkəməsinin 13 iyun 2022-ci ildə 3-(098)-170/2022 saylı işinə həmin craata baxan və sədrlik edən Əhməd Sariyevin icraata xitam vermək haqqında qərarı ilə asdiqini tapır. Belə ki, Müdafiə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X2 də ondan qan, sidik və saç nümunələri götürülərək narkoloji yoxlama apalımış, həmin Mərkəzin ekspertinin tərtib etdiyi 23 dekabr 2021-ci il tarixli 955/K nömrəli akta əsasən onun qan və sidik nümunələrinin tərkibində metamfetamin adlı psixotrop maddə aşkar olunmuş, lakin həmin rəy ona məlum olduqdan az müddət sonra o, ekspertin bu aktı ilə razılaşmadığından özü müstəqil olaraq Respublika Narkoloji Mərkəzində yenidən narkoloji yoxlamadan keçmiş, həmin Mərkəzin aktı ilə isə onda psixotrop maddələrin istifadə etməsi akşar edilmədiyi müayyən edilmişdir. İşin təhqiqatını aparan təhqiqatçı ayrı-ayrı idarələr tərəfindən aparılmış narkoloji yoxlamanın nəticələrinin ziddiyyətli olması səbəbindən məhkəməkimyəvi ekspertiza təyin etmiş, həmin ekspertizanın rəyi ilə onun qan və sidik nümunələrində metamfetamin aşkar edildiyi göstərilsə də, ekspertiza rəyində tədqiqat üçün istifadə olunmuş qan və sidik nümunələrinin ona məxsusluğuna dəlalət edən məlumatlar göstərilmədiyindən, bu isə nümunə kimi istifadə olunmuş qan və sidiyin ona məxsus olduğuna əsaslı şübhələr yaratdığından məhkəmə tərəfindən təkrar ekspertiza keçirilməsi zərurətini yaratmış, məhkəmənin keçirdiyi təkrar ekspertizanın rəyi ilə isə onda psixotrop maddə aşkar olunmamışdır. Bundan başqa izahatı alınmış şahidlər də, onun narkotik və ya psixotrop maddə qəbul etməsi ilə rastlaşmadıqlarını göstərmişlər. Göründüyü kimi, məhkəmədə araşdırılmış sübutlar ziddiyyətli olmaqla, biri-digərini inkar edir və onun psixotrop maddə qəbul etməsi, beləliklə onun əməlində İXM-nin 206-cı maddəsinin tərkibi olması barədə mötəbər nəticəyə gəlməyə əsas verilmir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Bununla əlaqədar Azərbaycan Respublikası MN-ə edilmiş müraciətə Hüquq İdarəsinin rəisi Emin Əzimzadənin imzası ilə cavablandırılaraq göstərilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinə ünvanlanmış, onun həqiqi hərbi xidmətə bərpa olunması ilə bağlı 07 aprel 2022-ci il tarixli təkrar ərizəsinə Müdafiə Nazirliyinin Hüquq İdarəsində baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət etdiyi müddətdə narkotik vasitə istifadə etməsi faktı ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında icraat başlanmışdır. Bununla əlaqədar olaraq, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. Baxmayaraq ki, Tərtər rayon Hərbi Məhkəməsinin 13 iyun 2022-ci ildə 3(098)-170/2022 saylı işinə həmin icraata baxan və sədrlik edən Əhməd Sariyevin icraata xitam vermək haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(120)-323/2024 saylı qərаrdadının ləğv edilərək, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 sentyabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(120)-323/2024 saylı qərаrdadı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi iddianı mümkün hesab etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirdiyi Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli, 0208 nömrəli əmrinin ləğv edilməsi barədə ərizə ilə 2022-ci ilin sentyabr ayında məhkəməyə müraciət etmişdir. İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə proses iştirakçılarının ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə işə aid halların və faktların hərtərəfli tədqiq olunmasına yönəlmiş, obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən, iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən və xüsusilə də şübhələri susmağa məcbur edən həcmdə araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini və işin təkrar baxılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 02 mart 2022-cı ıl tarixlı 0208 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin“e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehiyyata buraxılmaının səbəbi İddiaçı Azərbaycan Respublikası MüdafiəNazirinin 06 aprel 2020-ci il tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 8.1 yarımbəndinin (hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixatrep maddələr qəbul etməməlidirlər) tələblərini kobud şəkildə pozması olmuşdur. Lakin, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant İddiaçı həmin dəlillər ilə razılaşmayaraq, müraciəti əsasında təkrar ekspetizadan keçmiş, hətta analiz nümunələrində psixotrop maddələrin izlərinin aşkar edilməsi faktında cinayət hadisəsinin olmaması əsas gətirilərək onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Tərtər hərbi prokuroru tərəfindən İddiaçı barəsində inzibati iş üzrə icraatın başlanması haqqında 10 mart 2022-ci il tarixli qərar qəbul edilmiş və Tərtər hərbi məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarı ilə İddiaçı əməlində inzibati xəta tərkibi olmaması əsas gətirilərək inzibati iş üzrə icraata xitam verilmişdir. Bundan sonra Tərtər hərbi prokurorluğu tərəfindən İddiaçı atası X11 ərizəsi İddiaçı işə bərpa olunması məsələsinə baxılması üçün 22 iyun 2022-ci il tarixdə Müdafi Nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanına göndərilmişdir. Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli, 7098 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı atası X11 Tərtər hərbi prokurorluğuna ünvanladığı şikayət ərizəsinə baxılmış, baş leytenant İddiaçı “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 8.1-ci yarımbəndinin tələblərini kobud şəkildə pozması qeyd edilmiş, “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılan hərbi qulluqçuların yenidən hərbi xidmətə qəbulunun mümkün olmaması əsas gətirilərək müraciətin icrasında imtina edilmiş və ona məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli, 0208 nömrəli əmrinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddianın mümkün hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, qeyd edir ki, iddiaçının iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aid olmuşdur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. İddiaçı onun üçün əlverişsiz inzibati akt hesab olunan Azərbaycan Respublikası Müdafiə Naziri tərəfindən qəbul olunmuş 02 mart 2022-cı ıl tarixlı 0208 nömrəli əmrin ləğv edilməsini xahiş etmişdir. Mübahisələndirilən əmrdən və həmin əmrin verilməsinə əsas olan sənədlərdən görünür ki, iddiaçının narkotik vasitələrdən və psixatrep maddələrdən istifadə etməsində əsaslı şübhələr olduğundan o xidmətdən xaric olunmuşdur. Məhz yuxarıda qeyd edildiyi kimi cinayət təqibi ilə bağlı prokurorluq orqanlarında və inzibati xətalara dair icraat üzrə məhkəmədə işə baxılmanın məqsədi də iddiaçının narkotik vasitələrindən itifadə edib-etməməsini müəyyən etmək olmuşdur. Başqa sözlə, qeyd edilən araşdırmanın aparılmasında məqsəd Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli, 0208 nömrəli əmrinin verilməsinin əsasını təşkil edən faktın (narkotik vasitələrdən istifadənin) olub-olmamasının aydınlaşdırılması, olduğu halda bununla bağlı iddiaçı barəsində qanunla nəzərədə tutulmuş tədbirlərinin görülməsi məqsədi daşımışdır. Təsadüfi deyildir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsində qeyd olunub ki, barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. Qanunsuz məhkum edilməsi ilə əlaqədar həqiqi hərbi xidmətdən buraxılmış, yaxud qanunsuz surətdə cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar vəzifəsindən azad edilmiş hərbi qulluqçular müəyyən edilmiş qayda ilə həqiqi hərbi xidmətə və tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa olunurlar. Bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı əmrdən faktiki olaraq xx.xx.2022-ci il tarixində (birinci instansiya məhkəməsinin müəyyən etdiyinə əsasən) məlumatlı olsa da, iddiaçı həmin əmrin verilməsinin səbəb olan faktiki şərtlərin mövcud olub-olmadığını müəyyən edilməsi istiqamətində səlahiyyətli orqanların araşdırmasının nəticələrini gözlədiyindən və onun gözləntisi ağlabatan və qanuna uyğun olduğundan, həmin əmrə qarşı vaxtında məhkəməyə müraciət edilməməsi onun ziyanına şərh edilə bilməz. Hətta, işdən görünür ki, iddiaçının gözləntisi də yersiz və mənasız olmamışdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant İddiaçı analiz nümunələrində psixotrop maddələrin izlərinin aşkar edilməsi faktında cinayət hadisəsi olmadığından həmin fakt üzrə AzərbaycanRespublikasının CPM 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati xətaya dair iş üzrə Tərtət Hərbi Məhkəməsinin qərarının surətindən görünür ki, İddiaçı əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində İXM-nin 206-cı maddəsi ilə olan inzibati icraata xitam verilmişdir. Bütün bu araşdırmalardan sonra Tərtər Hərbi Prokurorluğu tərəfindən Müdafi Nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanına xx.xx.2022-ci il tarixli, 22HP3606 nömrəli məktub ünvanlanmış və həmin məktubda İddiaçı götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində onun qanında və sidiyində narkotik və ya psixotrop maddələrin, amfetamin və metamfetamin, fenotiazin, pirazolan, salisilatlar və kannabionid aşkar edilmədiyi qeyd edilmiş və onun işə bərpa olunması məsələsinə baxılması tapşırılmışdır. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 22HP3606 nömrəli məktubunu hazırki mübahisələndirilən əmrin ləğv edilməsində və ya dəyişdirilməsində səlahiyyətli inzibati orqanın yazılı vədi kimi qəbul etməsə də, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13.3-cü, 13.4-cü madələrini “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsi ilə birgə təhlil edərək hesab edir ki, cavabdeh həmin məktubda yazılanları rəhbər tutaraq hazırda mübahisələndirlən əmrin öz təşəbbüsü ilə ləğv edə bilərdi. Başqa sözlə, həmin məktub iddiaçının etimad hüququnun əsasını təşkil edə bilərdi. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd edir ki, ümumiyyətlə hazırda mübahisələndirilən inzibati aktda hüquq müdafiə vasitələri qeyd edilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Ən azından iddiaçının həmin normaya istinad etməklə 6 ay ərzində yuxarı inzibati orqana müraciət etmək imkanı olmuşdur ki, bu hal onun müddətin ötürülməsi anlamına gələ bilməz. Ümumiyətlə işdən görünür ki, iddiaçı əmrdən məlumatlı olduğu xx.xx.2022-ci il tarixindən sonra 6 ay müddət keçmədən, məhkəməyə müraciət etmək hüququnun izah olunduğu Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli, 7098 nömrəli məktubunu rəsmi qaydada aldıqdan sonra isə 30 gün müddət keçmədən məhkəməyə müraciət etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1 və 24.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda məhkəmə şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin müddət o halda bərpa olunur ki, əmrin ona elan olunduğu vaxtdan 1 ildən artıq müddət keçməsin. İşin hallarında görünür ki, iddiaçı əmrin qəbul edilməsinə əsas olan səbəblər ilə razılaşmayaraq ilk əvəlindən hərəkətsizlik və laqeyidlik göstərməmiş, əksinə öz təşəbbüsü ilə tibbi müayinədən keçmiş, həmçinin həmin faktlar ilə bağlı cinayət təqibi üzrə araşdrıma, inzibati xəlara dair araşdıma aparılmış və çox saylı şikayətlər edərək əmrin ləğv edilməsinə nail olmaq istəmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxan zaman yuxarıda göstərilən halları araşdırmamış və bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kolegiyasının mövqeyinə görə işə təkrar baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən dəlillər üzrə müvafiq araşdırma aparmalı, bununla bağlı təqdim olunmuş sənədləri tədqiq etməli, zərurət yaranarsa sorğular verməli və sübutlar tələb etməli və bundan sonra gəldiyi nəticəni əsaslandırmalıdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan halları, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalıdır. Nəticəvi hissə: Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(120)-323/2024 saylı qərаrdadı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(120)-323/2024 saylı qərаrdadı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar