Məhkəmə qərarları › İş №2-1(106)-524/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-524/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-524/2024 29.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun kiçik leytenant hərbi rütbəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2-1(120)-3220/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun kiçik leytenant hərbi rütbəsinin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Müdafıə Nazirliyində hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafıə Nazirinin 0371 №-li, xx.xx.1995-ci il tarixli əmrilə N №-li hərbi hissənin motoatıcı taborunun rabitə tağımının komandiri vəzifəsindən azad edilmiş və kiçik leytenant zabit hərbi rütbəsindən məhrum edilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. Kiçik leytenant hərbi rütbəsindən məhrum edildiyi vaxtdan 3 ildən çox vaxt keçdiyinə görə kiçik leytenant zabit hərbi rütbəsinin bərpa edilməsi üçün o, xx.xx.2024-cü il tarixdə nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafıə Nazirliyi müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafıq olaraq, hərbi rütbədən məhrum edilən şəxslər əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə təqdimat əsasında həmin hərbi rütbəni vermək hüquqi olan vəzifəli şəxslər tərəfındən bərpa edilə bilərlər. 3-cü şəxs olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə xx.xx.2023-cüil tarixli məktubunda göstərir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafıq olaraq, hərbi rütbədən məhrum edilən şəxslər əvvəlki hərbi rütbəyə aidiyyəti üzrə məhkəmə orqanının qərarı ilə müvafıq icra hakimiyyətinin təqdimatına əsasən əvvəllər hərbi xidmət keçdiyi qoşun növünün komandanlığı (həmin hərbi rütbəni vermək hüququ olan vəzifəli şəxslər) tərəfındən bərpa edilə bilərlər. Hesab edir ki, onun kiçik leytenant hərbi rütbəsi bərpa edilməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 70-ci maddəsinə əsasən, hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilirlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 184-cü maddəsinə əsasən, ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaq hüququndan məhrum edilməsi, hərbi rütbələrinin bir pillə aşağı salınması, hərbi rütbələrindən məhrum edilməsi və hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar hərbi komissarlıqlar tərəfındən (indiki Səfərbərlik və HXÇ üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri) irəli sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanı tərəfındən baxılır və qərar verilmək üçün yuxan rəislərə göndərilir. Azərbaycan Respublikası Silahlı X1 42-ci maddəsinə əsasən, hərbi qulluqçulara verilən intizam cəzaları yalnız bu cəzaları verən rəislər, həmçinin intizam səlahiyyəti daha böyük olan birbaşa rəislər götürə bilərlər. Eyni vaxtda hərbi qulluqçuya verilmiş ancaq bir cəza götürülə bilər. Rəisin intizam cəzasını o vaxt götürməyə ixtiyarı var ki, cəza tərbiyəvi rol oynamış olsun və hərbi qulluqçu öz nümunəvi xidmətilə bunu sübut etsin. Çavuş rütbəsindən məhrum edilmə, hərbi rütbədə (vəzifədə) aşağı salınma kimi intizam cəzaları:- müddətli və müddətindən artıq xidmət hərbi qulluqçuları - çavuş rütbəsindən məhrum edildiyi, hərbi rütbədə (vəzifədə) aşağı salındığı gündən ən azı altı aydan sonra; - gizirlərvə miçmanlar - hərbi rütbələri (vəzifələri) aşağı salındığı gündən ən azı altı aydan sonra; - zabitlər - hərbi rütbələri (vəzifələri) aşağı salındığı gündən ən azı bir ildən sonra; - generallar və admirallar - vəzifələri aşağı salındığı gündən ən azı bir ildən sonra; - ehtiyatda, yaxud istefada olan zabitlər - hərbi rütbələri aşağı salındığı gündən ən azı üç ildən sonra götürülə bilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3220/2024 saylı, 05 avqust 2024-cü il tarixli qərardadı (hakim Fehruz Abbasov) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3220/2024 saylı, 05 avqust 2024-cü il tarixli qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma aparmamış və nəticədə qanuni olmayan məhkəmə aktı qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3220/2024 saylı, 05 avqust 2024-cü il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun ifadə verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-3220/2024 saylı, 05 avqust 2024-cü il tarixli qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında (6.1, 6.2 və 7-ci bəndlərində) qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 1. bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyənhüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddianı mümkün saymayan məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli, 0371 saylı əmrinə əsasən kiçik leytenant zabit hərbi rütbəsindən mərhum edilmişdir. Nə qədər ki, iddiaçının kiçik leytenant zabit hərbi rütbəsindən mərhum edilməsinə əsas olmuş Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli, 0371 saylı əmri qüvvədədir, həmin əmr əsasında iddiaçının mərhum edildiyi kiçik leytenant zabit hərbi rütbəsinin bərpası mümkün deyildir. İddiaçının nəzərinə çatdırılır ki, onun mərhum edildiyi kiçik leytenant zabit hərbirütbəsinin bərpası üçün ilk öncə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli, 0371 saylı əmrini həmin hissədə mübahisələndirməli və tələbinə müvafiq cavabdehi müəyyən etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Göründüyü kimi, inzibati məhkəmə icraatında iddianın xüsusi mümkünlük şərtlərindən əvvəl yoxlanılmalı olan ümumi mümkünlük şərti həmin iddianın predmetinin inzibati hüquq mübahisəsinə və həmin mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasına bağlı olmasıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kolegiyası qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir Hazırki iddia ərizəsi ilə İddiaçı «onun kiçik leytenant hərbi rütbəsinin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması”nı xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət baş idarəsinin xx.xx.2023-cü il tarixli, 3-25-1/2-M-103xx-xx/2023 nömrəli məktubundan görünür ki, iddiaçının hərbi rütbəsinin bərpa olunması barədə müraciətinə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır, “Hərbixidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, hərbi rütbədən mərhum edilən şəxslər əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə təqdimat əsasında həmin rütbəni vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa edilə bilələr səbəbi ilə iddiaçının hərbi rütbəsinin bərpa olunmasından imtina olunmuş, məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 252 nömrəli arayışından görünür ki, ehtiyatda olan əsgər xx.xx.1973-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrində hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli, 0374 saylı əmrinə əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (zabit hərbi rütbəsindən məhrum edilməklə) silahlı qüvvələrdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995ci il tarixli, 0371 saylı əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, motoatıcı briqada (703 nömrəli hərbi hissə) motoatıcı taburun rabitə tağımı komandiri-rabitə rəisi kiçik leytenant İddiaçı Əziz oğlu tutduğu vəzifədən azad edilmiş və zabit rütbəsindən məhrum edilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinin siyahısından çıxarılmışdır. Beləliklə iş materiallarında olan sənədlərdən, iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmiş, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli, 0371 saylı əmrinə əsasən tutduğu vəzifədən azad edilmiş və zabit hərbi rütbəsindən məhrum edilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinin siyahısından çıxarılmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab ki, İddiaçı hazırki iddianı qaldırmaqda hüquqi marağı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli, 0371 saylı əmrini ləğv etmək və həmin inzibati aktın yaratmış olduğu hüquqi nəticələri aradan qaldırmaqdır. Yəni, iddiaçının istəyi onun üçün əlverişsiz inzibati akt olan “zabit hərbi rütbəsindən məhrum edilməsi və tutduğu vəzifədən azad edilməsi haqqında” cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli, 0371 saylı əmrinin ləğvinə nail olmaqdır. Məhkəmə kollegiyası aşağıda qeyd olunan qanunvericilik normalarına istinad etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyənhüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə və zabit hərbi rütbəsindən məhrum edilməsinə əsas olmuş və onun üçün əlverişsiz nəticələr doğuran inzibati akt, yəni Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli, 0371 saylı əmri ləğv edilməmiş, dəyişdirilməmiş və hal-hazırda qüvvədədir. Belə olduğu halda iddiaçı məqsədinə, yalnız mübahisələndirmə haqqında iddia qaldırmaqla, həmin inzibati aktın (Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995ci il tarixli, 0371 saylı əmrinin) ləğvi ilə nail ola bilər. Mübahisələndirmə haqqında iddia onunla səciyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyşidirci təsirə malik olur. Yəni, belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə hüquqi vəziyyəti dəyişdirir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya yuxarıda qeyd edilən məzmundan hüquqi yardım edilmiş, lakin iddiaçı tələbini dəyişdirməkdən imtina edərək hazırki məzmunda iddia tələbinə baxılmasını xahiş etmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3220/2024 saylı, 05 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar