Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-526/2024 23.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(120)-296/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı “atası X8 adına verilmiş 0,06 ha həyətyani torpaq sahəsinin mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirərək “Beyləqan rayon XDS rəyasət heyətinin xx.xx.1994-cu il tarixli 26 nömrəli qərarına əsasən Beyləqan rayonu ərazisində yerləşən 0,0455 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun ölmüş X10 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi dəqiqləşdirilərək, “Beyləqan rayon XDS rəyasət heyətinin xx.xx.1994-cu il tarixli 26 nömrəli qərarına əsasən Beyləqan rayonu ərazisində yerləşən 0,0455 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun ölmüş X10 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilməsi və iş üzrə X11 və X12 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Beyləqan bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 25 iyul 2024-cü il tarixli, 2-1(120)-296/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Beyləqan rayon XDS rəyasət heyətinin xx.xx.1994-cu il tarixli 26 nömrəli qərarına əsasən Beyləqan rayonu ərazisində yerləşən 0,0455 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun ölmüş X10 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması, iş üzrə 50 manat ekspertiza tədqiqatının dəyərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ
22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan şəhərində yerləşən 23 nömrəli məhəllədə yerləşən ərazidə Beyləqan rayon X5 Rəyasət heyətinin 26 saylı, 15 dekabr 1994-cü il tarixli qərarı ilə rəhmətlik atası X10 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. 1995-ci ildə həmin həyətyanı torpaqda ev tikərək orada yaşayırlar. Atası rəhmətə getmişdir. Evin sənədləşdirilməsi üçün cavabdehə müraciət etdikdə həmin ərazinin bir hissəsinin məktəbin ərazisinə düşdüyünü əsas gətirərək sənədləşdirməkdən imtina etmişdir. Həmin ərazi məktəbin torpaq sahəsinə heç bir aidiyyəti yoxdur və həmin ərazidə ümumiyyətlə məktəb yoxdur. Sovet hökümətinin vaxtı orada məktəb tikilməsi nəzərdə tııtulsa da tikilməmiş və nəzərdə tutulmuş məktəb oradan çox aralıda tikilmiş və hazırda fəaliyyət göstərir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmış, torpaq sahəsi üzərində tikintialtı sahəsi 93.5 kv.m olan fərdi yaşayış evinin mövcud olması və sənəd üzrə torpaq sahəsinin 0.06 ha olmasına baxmayaraq faktiki vəziyyətdə 0.045 ha olması müəyyən edilmişdir. Bundan əlavə araşdırma zamanı sözügedən torpaq sahəsinin dövlətə məxsus orta məktəb üçün ayrılmış ərazidə yerləşməsi müəyyən edilmişdir.
Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs X13 bildirmişdir ki, mübahisəli torpaq sahəsində yerləşən evdə müvəqqəti olaraq yaşayır, evin altındakı torpaq sahəsinə dair arayışın verilməsinə etiraz etmir. Digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Beyləqan rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 314 nömrəli arxiv arayışında Beyləqan rayon X15 Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli iclasının 26 nömrəli qərarı ilə Beyləqan rayon sakini X10 şəhərin 23 nömrəli məhəlləsində həyətyani torpaq sahəsi üçün nəzərdə tutulmuş ərazidən 0,06 ha həyətyani torpaq sahəsi üçün ayrılması qeyd edilmişdir. -Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi Beyləqan rayon Torpaq şöbəsinin xx.xx.1994-cü il tarixli, 1548 nömrəli arayışının təsdiq edilmiş surətindən görünür ki, Beyləqan rayon sakini X8 adına Beyləqan rayon X5 xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən şəhərin 23 nömrəli məhəlləsindən 0,06 (altı) ha həyətyanı torpaq sahəsi ayrılmışdır. -Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, **********421 nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmış X8 vərəsələrindən biri İddiaçıdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7502 nömrəli ekspert rəyi ilə müəyyən edilir: Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün X10 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin sərhəddini müəyyən etmək üçün mülki işin içərisində olan vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması üçün nəzərdə tutulan ərazinin ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Beyləqan rayon Torpaq şöbəsinin mütəxəssisləri tərəfindən sxematik çəkilmiş və şöbə müdiri tərəfindən təsdiq olunmuş yerquruluşu sxemində olan ölçü göstəricilərinə əsasən, ölçü işləri aparılmışdır. Ölçü işləri aparılan zamanı müəyyən olunmuşdur ki, naturada X10 ayrılmış həyətyanı torpaq sahəsinin hüdudları ilə istifadə olunan torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq vardır. Ölçü işləri aparılan zamanı X8 faktiki olaraq istifadəsində 0.0455 ha torpaq sahəsinin mövcud olması müəyyən olundu. Ona görə də X8 istifadəsində olan 0.0455 ha həyətyanı torpaq sahəsinin ərazisində ölçü işləri aparılmaqla sərhəddi müəyyən edildi. Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün X10 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi xx.xx.1994-cü ildə ayrılan zamanı Beyləqan şəhərinin hüdudları daxilində boş torpaq sahəsi olmuşdur. Hazırda isə bələdiyyə mülkiyyətində olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş ərazidir, (naturada 0.0455 ha torpaq sahəsi mövcuddur.) Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün X10 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti ilə ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi Beyləqan rayon Torpaq şöbəsinin mütəxəssisləri tərəfindən çəkilmiş sxematik cizgidə göstərilən ərazinin ölçü göstəriciləri arasında uyğunsuzluq mövcuddur, (naturada 0.0455 ha torpaq sahəsi mövcuddur.) Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün X10 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi (naturada 0.0455 ha torpaq sahəsi mövcuddur.) faktiki olaraq X3 istifadəsindədir və həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün X10 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsində (naturada 0.0455 ha torpaq sahəsi mövcuddur.) 11.0 m x 8.50 m ölçüdə fərdi yaşayış evi və 2.0 m x 1.80 m ölçüdə isə köməkçi tikili mövcuddur. Fərdi yaşayış evi və köməkçi tikili Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır və X14 tərəfindən istifadə olunur. Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən həyətyanı torpaq sahəsi üçün X10 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin koordinatları 36 kv.m olan hissədə İddiaçı və 202 kv.m hissədə isə X4 istifadələrində torpaq sahələri üst-üstə düşür. Ancaq, X8 istifadəsində olmuş, faktiki olaraq X3 istifadəsində olan 0.0455 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür. Qeyd olunur ki, cavabeh apellyasiya şikayətində mübahisəli sahənin təyinatı baxımından, yəni sözügedən torpaq sahəsinin dövlətə məxsus orta məktəb üçün ayrılmış ərazidə yerləşməsi məsələsinə toxunulmuşdur. Lakin yuxarıda göstərildiyi kimi ekspert rəyindən görünür ki, qeyd edilən ərazi bələdiyyə ərazisi olmaqla, Beyləqan bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarında olan Beyləqan rayonu, Beyləqan Bələdiyyəsinin 305 saylı, 23 iyul 2024cü il tarixli məktubunda bildirilir ki, Beyləqan rayon sakini X10 Beyləqan şəhəri 23-cü Məhəlləsindən Beyləqan rayon XDSR heyətinin xx.xx.1994-cü il tarixli 26 nömrəli qərarı əsasında ayrılmış 0,06 ha torpaq sahəsi 2004-cü ildə Beyləqan rayonunda islahat aparılarkən digər torpaqlar kimi bələdiyyə mülkiyyəti kimi qeydə alınmışdır. Həmin torpaq sahəsi Beyləqan şəhəri, A.Əskərov küçəsində yerləşir və orada mərhum X8 ailəsi yaşayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlətqeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. -4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlətqeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmişdaşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsivə başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. -13.11. Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(120)-296/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.