Məhkəmə qərarları › İş №2-1(106)-529/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-529/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-529/2024 23.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(120)-643/2024 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, müavinətdən tutulmanın dayandırılması və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dаir iddiаsı inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, 6925 nömrəli qərarının ləğv edilməsi, müavinətdən tutulmanın dayandırılması və tutulmuş məbləğin geri qaytarılması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 24 iyun 2024-cü il tarixli, 2- 1(120)-643/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci insatnsiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən müavinat təyin olunan zaman onun 2007-ci il tarixdən VÖEN-i olmuş, lakin iddiaçının 2021-2022-ci illərdə gəlir əldə etməsi və ya hansısa sahibkarlıq fəaliyyətini həyata keçirməsi cavabdeh tərəfindən sübut olunmamış, müavinətin təyin edilməsi barədə qərarda, nə də, məhkəməyə daxil olmuş müvafiq sənədlərdə iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İnzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində təqaüdün təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, digər inzibati orqanın səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ona “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci ildə yaşa görə müavinət təyin edilmişdir. Həmin müavinət 2021-ci ilin dekabr ayından sonra dayandırılmış, 01.2022-ci il tarixdən müavinət ödənişi bərpa edilmişdir. Müavinəti alan zaman ondan pul tutulmasını bilmiş və cavabdeh təşkilata müraciət etmişdir. Ondan hal-hazıradək 324 manat tutulmuş, 1376 manat qalmışdır. Həmin qərardan narazıdır. Belə ki, müavinət təyin olunandan sonra vergi ödəyicisi fəaliyyətini bərpa etməmişdir, əmək fəaliyyəti ilə məşğul olmamışdır. Ona müavinət təyin olunduqdan sonra əmək fəaliyyətinin bərpa edilməsi barədə müraciət etməmiş, əmək fəaliyyəti ilə məşğul olmamışdır. Buna baxmayaraq həmin bir il müddətində onun müavinətinin ödənilməsi qanunsuz hesab edilib ondan tutulur. Bunda onun təqsiri olmamışdır. Hər hansı bir saxta sənəddən istifadə etməmişdir. Qərar onun iştirakı olmadan qəbul edilmiş, bu barədə ona heç bir məlumat verilməmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, araşdırma zamanı İddiaçı münasibətdə təyin edilmiş yaşa görə müavinətin ödənilməsində artıq ödəmə yaranmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdən yaşa görə sosial müavinət alan İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək dövr ərzində əmək fəaliyyəti olduğu üçün həmin dövr üzrə 1459,35 manat artıq ödəmə yaranmışdır. Lakin iddiaçı qeyd olunan məbləğin büdcəyə bərpa edilməsi üçün müraciət etməmişdir. Buna görə də, artıq ödənilmiş vəsait 2022-ci ilin mart ayından 20 faiz olmaqla 36 manat tutularaq bərpa edilmişdir. Sosial Ödənişlər Altsistemindən əldə olunmuş məlumata görə, iddiaçının yaşa görə müavinətindən tutulmalar xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin məlumatından da aydın olduğu kimi, İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2007-ci il tarixdə uçota alınması, fəaliyyətinin 17.12..2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək dayandırlması, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il trixədək dayandırıldığı, fəaliyyətinin xx.xx.2020-ci il tarixdən bərpa edildiyi, xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci tarixədək dayandırılması müəyyən edilmişdir. Yəni ki, iddiaçı yaşa görə müavinət aldığı zaman eyni zamanda aktiv VÖEN-i də olmuşdur. Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydalarına əsasən VÖEN - Azərbaycan Respublikasında vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. xx.xx.2022-ci il tarixli, 6925 nömrəli qərarla İddiaçı yaşa görə müavinət təyin etmiş, həmin qərarda xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş məbləğin tutulması da nəzərdə tutulmuşdur. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, 6925 nömrəli qərarının müavinətin tutulması hissəsində ləğv edilməsi, müavinətdən tutulmanın dayandırılması və tutulmuş məbləğin geri qaytarılması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Ərizə icraata qəbul edilmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -xx.xx.2022-ci il tarixli, 6925 nömrəli qərardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən müavinət təyin edilməsi, həmçinin adına aktiv VÖEN aşkarlandığı üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək ödənilmiş 1459,35 manat yaşa görə təyin edilmiş müavinətin tutulması qərara alınmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********177300 nömrəli məktubunda qeyd edilmişdir kiuçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) xx.xx.2007-ci il tarixdə vergi uçotuna alınması barədə məlumat mövcuddur. İddiaçı əsas fəaliyyət növü “Dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi” (01111), əlavə fəaliyyət növləri “Qeyri-dövlət inzibati binası” (7010005) və “Mərkəzi ofislərin fəaliyyəti” (70100) kimi müəyyən edilmişdir. Vergi orqanında olan məlumatlara əsasən İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan fəaliyyət dövrü ərzində dövlət büdcəsinə 10,00 manat vergi məbləği ödənilmişdir. İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan fəaliyyət dövrü ərzində məcburi dövlət sosial sığorta haqqının və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan fəaliyyət dövrü ərzində icbari tibbi sığorta haqqının ödənilməsi barədə məlumat müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasinin xx.xx.2006-ci il tarixli Qanununun 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər- bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən, Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi, qanunvericilik artıq ödənilmiş sosial müavinəti alan şəxsin müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalı olmasını, artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılmalı olmasını göstərmişdir. Qanunverici sosial müavinətin geri tutulması barədə qərarın (inzibati aktın) qəbulunu müavinət alan şəxsin razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının sosial müavinətdən tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi mövcud deyil və cavabdeh orqan tərəfindən iddiaçıya ödənilmiş 1459,35 manat pulun geri qaytarılmasını məhkəmə müstəvisində həll etməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, mübahisələndirilən qərarla iddiaçıdan artıq ödənilmiş müavinətin tutulması qərara alınmaqla yanaşı, həm də iddiaçıya müvainət təyin edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin qərarın bütövlükdə ləğv edilməsi qənaətinə gəlmişdir ki, bu hal həm qərarın qanuni hissəsinin də ləğvinə, həm də iddiaçının sosial müavinət hüququndan məhrum etməklə nəticələnir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(120)-643/2024 nömrəli qərarı dəyişdirilməli, cavabdehin mübahisələndirilən qərarı müavinətin tutulması hissəsində ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(120)-643/2024 nömrəli qərarı dəyişdirilsin. Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 6925 nömrəli qərarı müavinətin tutulması hissəsində ləğv edilsin, İddiaçı ödənilən müavinətdən tutulmanın dayandırılması və tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar