Məhkəmə qərarları › İş №2-1(106)-53/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-53/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-53/2025 07.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2-1(120)-765/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müracitə edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********60403 nömrəli qərarın ləğv edilməsi barədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 26 aprel 2023-cü il tarixli, 2- 1(120)-765/2023 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı İV rüb 2017-ci ildən İİİ rüb 2021-ci ilədək olan dövr üzrə sahibkarlıq fəaliyyəti ilə bağlı aparılmış səyyar vergi yoxlamasının nəticələri üzrə qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********60403 nömrəli qərarı 10456,90 manat vergi məbləği və həmin məbləğin 50%-ni təşkil edən 5228,45 manat maliyyə sanksiyası istisna olmaqla qalan hissədə ləğv edilməsi, 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************) köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üzrə yoxlamanın əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktı ilə əlavə hesablanmış vergi və məcburi dövlət sosial sığorta haqları üzrə vergi ödəyicisi tərəfindən ödənilməli olan qalıq borcun 10456,90 manat məbləğində olması müəyyən edilmişdir. Vergi orqanının əməkdaşları tərəfindən yoxlama zamanı hesablamalar aparılarkən iddiaçının artıq ödəniş məbləği nəzərə alınmadan 229561,52 manat az hesablanmış vergi məbləği müəyyən olunmuş, cavabdeh təşkilat isə zəruri araşdırma aparmadan xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktını əsas götürərək “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 2**********60403 nömrəli Qərar qəbul etmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2-1(106)-320/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin sözügedən qərarından verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2-1(102)- 1035/2024 nömrəli qərarı ilə təmin edilmiş, iş təkrar baxılması üçün qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə ekspert rəyi tam əsaslandırılmamasına, hər tədiyyə növü üzrə borcun müəyyən edilməməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız ekspert rəyinə istinad edilməklə qərar qəbul edilmiş, həmçinin apellyasiya instansiyası məhkəməsinin qərarında cavabdehin xx.xx.2021-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı şərh olunsa da, həmin qərar iş materiallarına əlavə edilməmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi kimi fəaliyyət göstərdiyi gündən dövlət büdcəsinə olan vergi öhdəliklərini həmişə lazımınca yerinə yetirmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək onun sahibkarlıq fəaliyyətində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünun yoxlanılması məqsədi ilə vergi yoxlaması keçirilmiş və nəticəsi üzrə xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Müvafiq akta əsasən cavabdeh orqan onun barəsində xx.xx.2022-ci il tarixli, **********60403 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul etmiş və həmin qərar əsasında ona müxtəlif növ vergilər hesablanmış və müvafiq sanksiya tətbiq edilmişdir. Əsas kimi istinad edilmişdir ki, əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə 229561.52 manat və vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 444658.99 manat, ümumilikdə 674220.51 manat büdcəyə ödənilməli olan vəsait tələb edilmişdir. Hesab edir ki, qəbul edilmiş qərar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.5, 3.8, 3.11, 38.2, 53.3, 54.0.2, 67.1,85, 165.1.0.9-cu maddələrinə uyğun olaraq əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, cavabdeh qərarında vergi ödəyicisinin gəlirlərini birbaşa müəyyən etmək mümkün olmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək tətbiq edilmişdir. Halbuki, xərc sənədlərinin təqdim olunubolunmamasından asılı olmayaraq, vergi orqanı mənfəət vergisinin hesablanması zamanı şərti rentabellik normasının tətbiq edilməsindən əvvəl Vergi Məcəlləsinin 67.1-67.13-cü maddəsində nəzərdə tutulmuş hərəkətlərin ardıcıllığına riayət etməli idi. Cavabdeh tərəfindən əlavə mənfəət vergisinin hesablanması üçün əsas iddiaçı tərəfindən mənfəətinin düzgün əks etdirilməməsidir. Bu əsasın yaranmasınının səbəbi kimi cavabdeh xərc sənədlərinin iddiaçı tərəfindən təqdim edilməməsinə istinad etmişdir. Bu halda cavabdeh Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrin tələblərini tətbiq etməklə şərti rentabellik norması əsasında mənfəət vergisini hesablamışdır. Beləliklə, qanunveriliciyin müddəalarından göründüyü kimi, vergilərin hesablanmasının hüquqi əsası ilk olaraq Vergi Məcəlləsinin 67.1-ci maddəsi təşkil edir ki, həmin maddədə birbaşa olaraq vergi ödəyicisinə aid məlumatlardan istifadə edilməsi nəzərdə tutulmuşdur. Həmin məlumatlar əsasında vergi ödəyicisinin gəlirini dəqiq müəyyən etmək mümkün olmadığı halda, vergi orqanına 67.14-cü maddəyə əsasən artıq mənfəət vergisini hesablamaq hüququ verilmişdir. Beləliklə, iddiaçının xx.xx.2022-ci il tarixli, **********60403 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedəninin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının. keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********151659 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrü əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış, xx.xx.2022-ci il tarixdə başa çatdırılaraq, nəticəsi xx.xx.2022-ci il tarixli **********152484 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Yoxlama iddiaçının iştirakı və onun yoxlamaya təqdim etdiyi sənədlər-nəzarət kassa aparatından alınmış dövrü qısa fiskal hesabatları, bağlanmış icarə müqaviləsi, əmək haqqı ödəniş cədvəlləri, bank çıxarışları, dəyər ifadəsində mal-material dövriyyəsi barədə məlumatlar və vergi ödəyicisinin vergi orqanında olan baza məlumatları əsasında aparılmışdır. Vergi ödəyicisi tərəfindən mühasibat uçotunun aparılmadığı müəyyən edilmiş, malların satışını təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən yoxlamaya təqdim olunmamışdır. Vergi ödəyicisi tərəfindən tələbnamədə göstərilən sənədlərdən icarə müqaviləsi, bağlanmış əmək müqavilələri bildirişləri, əmək haqqının ödəniş cəvəlləri, bank hesabından çıxarışlar, NKAnın fiskal hesabatları, məbləğ ifadəsində mal material dövriyyəsi barədə hesabatı yoxlamaya təqdim edilmiş, tələb olunan digər sənədlər, o cümlədən çeşid və növlər üzrə material hesabatı, malların satışını və satış qiymətlərini təsdiq edən sənəd və məlumatlar təqdim etməmişdir. Vergi ödəyicisi yoxlamaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında ayrı-ayrı vergi ödəyicilərindən ərzaq və digər gündəlik təlabat mallarını elektron qaimə-faktura əsasında aldığını, alınmış malları əhaliyə pərakəndə qaydada, lakin nəzarət kassa aparatına daxil etmədən satdığını, pərakəndə satışla məşğul olduğundan mühasibat uçotunun aparılmasına ehtiyac olmadığını bildirmişdir. Vergi orqanı tərəfindən ödəyicinin müraciətinə əsasən xx.xx.2019-cu il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmış və **********7 saylı “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat Bildirişi” verilmişdir. Vergi ödəyicisi xx.xx.2019-cu il tarixdən yoxlanılan dövrün sonuna qədər ƏDV-nin ödəyicisi olmuşdur. Həmin dövrdə vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələri vergi orqanına təqdim edilmişdir. Yoxlama ilə vergi tutlan əməliyyatların vaxtı illər üzrə həmin ildə qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri nəzərə alınmaqla, əvəzləşdirilən ƏDV isə Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir. Qeyd edilən maddələrin tələbləri gözlənilməklə vergi ödəyicisinin ƏDV üzrə kənarlaşmaları aşağıdakı kimi müəyyənləşdirilmişdir: Vergi ödəyicisi xx.xx.2019-cu il tarixdən ƏDV qeydiyyatına alınması məqsədi ilə xx.xx.2019-cu il tarixdə ƏDV qeydiyyatına dair ərizə ilə müracət etmişdir. Qeyd olunan səbəbdən Vergi Məcəlləsinin 177.5-ci maddəsinin tələblərinə uyğun olaraq 2019-cu ilin fevral ayı üzrə ƏDV tutulan əməliyyatların dəyəri 2019-cu ilin mart ayı üzrə təqdim olunan ƏDV bəyannaməsində əks etdirilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim olunan ƏDV bəyannamələri üzrə yoxlamanın əhatə etdiyi dövr ərzində ƏDV tutulan dövriyyə 8023026.84 manat, ƏDV məbləği 1444144.83 manat, ƏDV-dən azad olunan əməliyyatların dəyəri 213734.1 manat (kameral vergi yoxlaması ilə müəyyən edilən məbləğ), əvəzləşdirilən ƏDV 1507499.65 manat, büdcədən hesablanan ƏDV məbləği 63354.82 manat göstərilmişdir. Yoxlamanın əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən ƏDV-dən azad olunan malların alınması və təqdim edilməsi hallarının olması müəyyən edilməmişdir. Lakin vergi ödəyicisinin obyektində quraşdırılmış onlayn kassa aparatına məbləğlər səhvən ƏDV-dən azad olunan əməliyyatlar kimi daxil edilmişdir. Yoxlama zamanı ƏDV-dən azad olunan əməliyyatların aparılması müəyyən edilməmişdir.Yoxlama zamanı 2018-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyənnaməsində ilin sonuna, yəni xx.xx.2019-cu il tarixə qalıq qalmış mallar 67639.0 manatı, dövr ərzində alınan mallar 9268826.58 manat, dövr ərzində satılan mallar 7964871.38 manat, xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinin obyektlərində keçirilmiş operativ nəzarət tədbirləri zamanı müəyyən edilmiş mallar 445096.8 manat, 01- 29 oktyabr 2021 -ci il tarix aralığında alınan mallar 542556.6 manat, oktyabr ayı ərzində satılan mallar 805128.7 manat (OVN tədbiri zamanı əskik gələn mallların dəyərinin vergi ödəyicisi tərəfindən 2021 -ci ilin oktyabr ayı üzrə dəqiqləşdirilmiş bəyənnamə təqdim etməklə bərpa edilən hissəsi nəzərə alınmaqla) nəzərə alınmaqla vergi ödəyicisinin minimum dövriyyəsi müəyyən olunmuş nəticədə satışı sənədlərlə təsdiqlənməyən 663925.63 manat dəyərində (alış dəyəri ilə) malların mal qalığında qalmalı olduğu müəyyən olunmuşdur. Yoxlama ilə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən həmin malların satışı yoxlama dövrünün sonuncu ayında, yəni 2021-ci ilin sentyabr ayında nəzərə alınaraq ƏDV-yə cəlb edilmiş, 119506.61 manat ƏDV məbləği hesablanmışdır. Yoxlama zamanı əldə edilmiş EQF-lar üzrə ödənilən, lakin əvəzləşmədə nəzərə alınmayan ümümilikdə 116354.01 manat ƏDV məbləği yoxlama zamanı nəzərə alınmışdır. Yoxlamanın əhatə etdiyi dövr ərzində ƏDV tutulan dövriyyənin 663925.63 manat, ƏDV məbləğinin 119506.6 manat azaldılması, əvəzləşdirilən ƏDV-nin 73595.42 manat artıq göstərilməsi nəticəsində büdcəyə çatası ƏDV məbləğinin 45911.19 manat azaldılması müəyyən edilmişdir. 2019 və 2020-ci illər üzrə gəlir vergisinin düzgünlüyü yoxlanılmışdır. Vergi ödəyicisi tərəfindən həmin dövr üzrə gəlir vergisi bəyannamələri Vergi Məcəlləsinin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən malların satışını və ya gəlirlərini təsdiq edən hər hansı sənəd və məlumatın mövcud olmaması səbəbindən yoxlamaya təqdim olunmamışdır. Yoxlama vergi ödəyicisinin vergi orqanında olan baza məlumatları əsasında aparılmışdır. Həmçinin, vergi ödəyicisinin fəaliyyətinə analoji vergi ödəyicisi müəyyən edilməmişdir. Belə ki, aparılmış araşdırmalarla vergi ödəyicisi kimi 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan X4 və X2 fəaliyyətlərinin İddiaçı fəaliyyətinə oxşar olması müəyyən edilmiş, lakin İddiaçı malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı satışda olan malların çeşid və növlərinin fərqli olması, satışda İran İR istehsalı olan malların olması, həmçinin həmin vergi ödəyiciləri ilə müqayisədə işçi sayının, obyekt sahələrinin fərqli olması müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən Vergi Məcəlləsinin 67.2-ci maddəsində nəzərdə tutulan meyarlar üzrə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir. Həmçinin, vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar hüquqi məsələyə, yəni Vergi Məcəlləsinin 67-ci maddəsində qeyd olunan ardıcıllığa əməl etmədən birbaşa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisinin hesablanması məsələsinə aşağı instansiya məhkəmələri düzgün hüquqi qiymət verməsə də, Ali Məhkəmə qeyd olunan məsələ ilə bağlı artıq öz hüquqi mövqeyini bildirmiş və belə nəticəyə gəlmişdir ki, vergi qanunvericiliyində Nazirlər Kabinetinin müvafiq qərarına əsasən şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisinin hesablanmasında hər hansı bir sərt ardıcıllıq müəyyən olunmamışdır. Qeyd olunan səbəbdən vergi ödəyicisinin gəlirini birbaşa müəyyənləşdirmək mümkün olmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına (əlavə və dəyişikliklər xx.xx.2001-ci il tarixli 42 saylı) əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin xərclərinə görə gəliri müəyyənləşdirilmiş və illər üzrə aşağıdakı kimi olmuşdur. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlirlər 1496569.5 manat, xərclər 1477770.6 manat, vergiyə cəlb edilən gəlir 18798.9 manat, gəlir vergisi 3759.78 manat göstərilmişdir. Xərclərin tərkibində əmək haqqı xərcləri 2650.0 manat, sosial sığorta ayırmaları 677.6 manat, malın dəyəri 1471743.0 manat, icarə haqqı 1200.0 manat, bank xidmət haqqı məbləği 1500.0 manat göstərilmişdir.Yoxlama ilə satılmış malın alış dəyəri 1471743.0 manat, əmək haqqı xərcləri 3340.0 manat, sosial sığorta xərcləri 723.5 manat, icarə haqqı 2400.0 manat, bank xidmət haqqı 2140.0 manat olmaqla, ümumilikdə 1480346.5 manat xərcə görə gəlir müəyyən edilmişdir. Beləliklə yoxlama zamanı aparılmış hesablamalarla 2019-cu ildə vergi ödəyicisinin gəlirlərinin 1776415.8 manat, xərclərin 1480346.5 manat, vergiyə cəlb edilən gəlirin 296069.3 manat, gəlir vergisinin 59213.86 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi vergi ödəyicisi tərəfindən 2019-cu ildə gəlir vergisi məbləği 55454.08 manat (592xx.xx-3759.78) azaldılmışdır. Vergi ödəyicisinin gəlirlərinin NK 55 saylı qərar tətbiq edilməklə müəyyən edildiyi üçün Gəlir vergisi bəyənnaməsi üzrə olan dövriyyə ilə (1776415.8 manat) ƏDV bəyənnamələri üzrə dövriyyə (1496569.5 manat) arasında 279846.3 manat fərq yaranmışdır. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlirlər 3332893.76 manat, xərclər 3299564.82 manat, vergiyə cəlb edilən gəlir 33328.94 manat, gəlir vergisi 6665.78 manat göstərilmişdir. Xərclərin tərkibində malın dəyəri 3299564.82 manat göstərilmişdir. Yoxlama ilə satılmış malın alış dəyəri 3299564.82 manat, əmək haqqı xərci 12875.0 manat, sosial sığorta xərcləri 2753.39 manat, icarə haqqı 2400.0 manat, bank xidmət haqqı 2678.0 manat olmaqla, ümumilikdə 3320271.21 manat xərcə görə gəlirlər aşağıdakı kimi müəyyən edilmişdir. 2020-ci il üçün M =3320271.21 x 20 : 100 = 664054.24 manat gəlir müəyyən edilmişdir. Beləliklə, yoxlama zamanı aparılmış hesablamalarla 2020-ci ildə vergi ödəyicisinin gəlirlərinin 3984325.45 manat, xərclərin 3320271.21 manat, vergiyə cəlb edilən gəlirin 664054.24 manat, gəlir vergisinin 132810.84 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi vergi ödəyicisi tərəfindən 2020-ci ildə gəlir vergisi məbləği 126145.06 manat (132810.85 - 6665.79) azaldılmışdır. Vergi ödəyicisinin gəlirlərinin NK 55 saylı qərar tətbiq edilməklə müəyyən edildiyi üçün Gəlir vergisi bəyənnaməsi üzrə olan dövriyyə ilə (3984325.45 manat) ƏDV bəyənnamələri üzrə dövriyyə (3332893.76 manat) arasında 651431.69 manat fərq yaranmışdır. Yoxlamanın əhatə etdiyi dövr ərzində gəlir vergisinin ümumilikdə 181599.14 manat azaldıldığı müəyyən edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyannaməsinin düzgünlüyünün yoxlanılması zamanı, məcburi dövlət sosial sığorta haqqlarına cəlb olunan gəlirlərin düzgün göstərilməməsi səbəbindən məcburi dövlət sosial sığorta, işsizlik və icbari tibbi sığorta haqqları üzrə 1757.35 manat azalma, 0.16 manat artıq hesablama müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən məcburi dövlət sosial sığorta, işsizlik və icbari tibbi sığorta haqqlarına cəlb olunan gəlirlər 2020-ci ilin 1-ci rübü üzrə 1500.00 manat göstərilmiş, yoxlama ilə 2000.0 manat olduğu, 2-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqlarına cəlb olunan gəlirlər göstərilməmiş, yoxlama ilə 3750.00 manat olduğu, 3-cü rüb üzrə 3375.00 manat göstərilmiş, yoxlama ilə 3750 manat olduğu, 2021 -ci ilin 3cü rübü üzrə 3750 manat göstərilmiş, yoxlama ilə 4500.00 manat olduğu müəyyən edilmişdir. Müvafiq olaraq 2020-ci ilin 1-ci rübü üzrə 130.0 manat, 2-ci rüb üzrə 1125.0 manat, 3-cü rüb üzrə 292.41 manat azalma, 4-cü rüb üzrə 0.06 manat artıq hesablama, 2021-ci ilin 1-ci rübü üzrə 0.06 manat artıq hesablama, 2-ci rübü üzrə 0.04 manat artıq hesablama, 3-cü rübü üzrə 209.94 manat azalma olmaqla ümumilikdə Məcburi dövlət sosial sığorta, işsizlik və icbari tibbi sığorta haqqlarının 1757.19 manat azaldılması aşkar edilmişdir. Ödəmə mənbəyində tutulan verginin bəyənnaməsinin düzgünlüyünün yoxlanılması zamanı aşağadakılar aşkar edilmişdir. X3 ilə bağlanmış xx.xx.2018-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə əsasən aylıq icarə haqqı məbləği 294.0 manat müəyyən edilməsinə baxmayaraq, təqdim edilmiş bəyənnamədə icarə haqı məbləği düzgün göstərilməmiş və nəticədə ödəmə mənbəyində verginin ümumilikdə 294.0 manat, o cümlədən 2019-cu ilin 1-4-cü rüblərində hər rübdə 42.0 manat olmaqla 168.0 manat, 2020-ci ilin 1-3-cü rüblərində hər rübdə 42.0 manat olmaqla 126.0 manat əskik hesablanması müəyyən edilmişdir. Vergi yoxlaması nəticəsində vergilərin ümümilikdə 453219.57 manat azaldılması müəyyən edilmişdir. O cümlədən 276569.08 manat əlavə dəyər vergisinin azaldılması; 181599.14 manat gəlir vergisinin azaldılması; 1757.35 manat MÖMV-nin azaldılması; 294.0 manat ÖMV-nin azaldılması.Vergi yoxlaması nəticəsində vergilərin ümumilikdə 223658.05 manat artıq hesablanması müəyyən edilmişdir: o cümlədən 223657.89 manat əlavə dəyər vergisinin artıq hesablanması; 0.16 manat MÖMV-nin artıq hesablanması;Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin azaldılmasına görə 134784.54 manat, gəlir vergisinin azaldılmasına görə 90799.57 manat, Ödəmə mənbəyində verginin azaldılmasına görə 147.0 manat, MÖMV-nin azaldılmasına görə 878.68 manat, işçilərə hesablanaraq nağd qaydada 26315.9 manat əmək haqqı məbləği ödənilməklə Nağdsız hesablaşmalar haqqında AR Qanunu”nun tələbləri pozulduğu üçün Vergi Məcəlləsinin 58.7-1 maddəsinə əsasən 2631.59 manat, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50%-i miqdarında yəni 215297.61 manat, Vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi ödəyicisinə 120.0 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Yoxlama ilə ümumilikdə vergilərin 229561.52 manat azaldılması müəyyən edilmiş, 444658.99 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsasən iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Şikayətdə həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara tam həcmdə hüquqi qiymət verilməmiş, məhkəmə yalnız ekspert rəyinə istinadən qərar qəbul etmişdir. Prosessual məsələlər İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli, **********60403 nömrəli qərarın 10456,90 manat vergi məbləği və həmin məbləğin 50%-ni təşkil edən 5228,45 manat maliyyə sanksiyası, habelə Vergi Məcəlləsini 57.1-ci maddəsinə əsasən hesablanmış 120 manat maliyyə sanksiyası istisna olmaqla qalan hissədə ləğv olunmasını xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********60403 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehin mübahisələndirilən qərarının qanuniliyinə qiymət verilməsi üçün vergi sahəsindəki və digər müvafiq aidiyyəti qanunvericilik normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -23.1.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -23.1.2. maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüququdur. -38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. vergi ödəyicisində aparılan sonuncu vergi yoxlaması vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması və ya qəbul edilmiş qaydalara uyğun olaraq aparılmaması, qanuni ödənilməli olan vergilərin 25 və daha çox faizinin vergidən yayındırılması hallarını aşkar etdikdə; 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, bu Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicilərinin vergi hüquqpozmalarına yol verməsi barədə mənbəyi məlum olan məlumatlar olduqda; 38.3.6. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi)istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: -vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (maddə 67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: (maddə 67.2.1) eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (maddə 67.2.2) eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (maddə 67.2.3) fəaliyyət göstərilən ərazi. Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İş materiallarında olan: -xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli “Səyyar vergi yoxlaması Aktı”ndan görünür ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********151659 nömrəli qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı səyyar vergi yoxlamasının aparılması qərara alınmış, yoxlama xx.xx.2021-ci il tarixdə başlanmış, müvəqqəti dayandırılmalarla xx.xx.2022-ci il tarixədək davam etmişdir. Səyyar vergi yoxlaması sahibkarın İV rüb 2017-ci ildən İİİ rüb 2021-ci ilədək olan dövr üzrə fəaliyyət dövrünü əhatə etmiş, yoxlama zamanı iddiaçı tərəfındən ümumilikdə vergilərin 229561,52 manat azaldılması müəyyən olunmuş, 444658,99 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 2**********60403 nömrəli qərardan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli “Səyyar vergi yoxlaması Aktı”na əsasən təklif olunmuş məbləğlərdə iddiaçının vergi məsuliyyətinə cəlb olunması haqqında qərar qəbul edilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli, 9/8496 nömrəli rəyində bildirilmişdir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktından göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə hesablanmış vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ümumilikdə məbləği 229561,52 manat olmuşdur. Həmçinin xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktında vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarına əsasən həmin səyyar vergi yoxlamasının tərtib olunma tarixinə, yəni xx.xx.2022-ci il tarixə vergi ödəyicinin 150023,73 manat artıq ödəməsinin olduğu müəyyən edildi. Lakin, həmin aktda öz əksini tapmış 150023,73 manat artıq ödəniş məbləği son nəticədə əlavə olaraq büdcəyə hesablanmış 229561,52 manat məbləğində vergilər hesablanarkən nəzərə alınmamışdır. Yəni, xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktında əlavə olaraq hesablanmış 229561,52 manat məbəğində vergilər və məcburi dövlət sosial sığorta haqqı məbləğinə 150023,73 manat artıq ödəniş məbləği yönəldilməmişdir. Həmin məbləğ yönəldildiyi təqdirdə vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə az hesablanmış, yəni əlavə olaraq hesablanmış vergilərin və məcburi dövlət sosial sığorta haqqı məbləğlərinin 79537,79 manat (229561,52 -150023,73) məbləğində olması müəyyən olunmalı idi. Həmçinin, qeyd edilir ki, vergi orqanı tərəfindən artıq ödəniş məbləğləri xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktında nəzərə alınmadan son nəticədə az hesablanmış vergi məbləği müəyyən edilsə də, təqdim edilmiş iş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarında vergi ödəyicisinin həmin artıq ödəniş məbləği nəzərə alınmışdır. Tədqiqata əlavə olaraq təqdim edilmiş və çap olunma xx.xx.2022-ci il tarixi olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatları nəzərə alınmaqla xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktı ilə əlavə hesablanılmış vergi və məcburi dövlət sosial sığorta haqları üzrə yekunda vergi ödəyicisi tərəfindən ödənilməli olan qalıq borcun 10456,90 manat məbləğində olması müəyyən edildi. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, yoxlamanın əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktı ilə əlavə hesablanılmış vergi və məcburi dövlət sosial sığorta haqları üzrə yekunda vergi ödəyicisi tərəfindən ödənilməli olan qalıq borcun 10456,90 manat məbləğində olması müəyyən edildi. -Məhkəmə kolegiyası tərərindən əldə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2025-ci il tarixli, 9/1046 nömrəli rəyində göstərilir: -Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən və tədqiqata təqdim edilmiş, çap olunma tarixi xx.xx.2022-ci il olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatları nəzərə alınmaqla xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktı ilə əlavə hesablanılmış vergi və məcburi dövlət sosial sığorta haqları üzrə yekunda vergi ödəyicisi tərəfindən ödənilməli olan qalıq borcun 10456,90 manat məbləğində olması müəyyən edildi. Göstərilənlərlə yanaşı qeyd edilir ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə başlanmış, xx.xx.2022-ci il tarixdə başa çatdırılaraq, nəticəsi xx.xx.2022-ci il tarixli **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktında hesablamalar aparılarkən dövlət büdcəsinə əlavə hesablanmalı vergilər müəyyən edilsə də, həmin aktın 2.3 bəndində (bax aktın 19-cu səhifəsinə) öz əksini tapmış artıq ödəniş məbləği nəzərə alınmamışdır. -Bundan başqa ekspertiza təyini haqqında məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadında və vergi orqanının xx.xx.2023-cü il tarixli etirazında azaldılmış 10456,90 manat məbləğin müəyyənləşdirilməsi qaydasının rəydə öz əksini tapmadığı qeyd olunmuşdur. Bununla bağlı qeyd edilir ki, aparılmış tədqiqatla gəlinmiş nəticə zamanı hər hansı xüsusi bir qaydaya istinad olunmamış, vergi orqanı tərəfindən hesablanmış vergilərin və məcburi dövlət sosial sığorta haqqlarının düzgünlüyü müəyyən edilmişdir. Lakin bildirilir ki, 10456,90 manat məbləğində azaldılmış vergi məbləğinin müəyyən olunması zamanı şəxsi hesab vərəqəsi məlumatları və səyyar vergi yoxlaması aktının 2.3 bəndi (bax aktın 19-cu səhifəsinə) nəzərə alınmaqla müəyyən olunmuşdur. -Eyni zamanda bildirilir ki, vergi orqanının xx.xx.2023-cü il tarixli etirazında Vergi Məcəlləsinin maddələrinə əsasən tətbiq edilmiş maliyyə sanksiyaları barədə məlumat verilmədiyi qeyd edilmişdir. Bununla bağlı isə qeyd edilir ki, maliyyə sanksiyasının hesablanması hüquq pozuntusuna görə məsuliyyətə cəlb edilmə ilə bağlıdır. Yəni, maliyyə sanksiyasının hansı məbləğə tətbiq olunmasına hüquqi qiymət verilməlidir Göründüyü kimi hər iki ekspert rəyində mübahisələndirilən qərarla vergi borcunun düzgün hesablanmadığı müəyyən olunmuş, daha dəqiq desək, vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergi məbləğləri nəzərə alınmamışdır. Bundan əlavə qeyd olunur ki, Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına təqvim ili ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunvericiliyə əsasən konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********151659 nömrəli qərarının məzmunundan görünür ki, yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər-hansı birinə istinad etməmiş, ümumiyyətlə yoxlamanın hansı səbəbdən keçirilməsini əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənardır və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən mübahisələndirilən qərarla Vergi Məcəlləsini 57.1-ci maddəsinə əsasən tətbiq edilmiş 320 manat maliyyə sanksiyasının əsaslı olub-olmaması araşdırılmamış, müvafiq ekspertiza tədqiqatı zamanı da həmin məsələyə qiymət verilməmiş, buna baxmayaraq məhkəmə qərar qəbul edərkən mübahisələndirilən qərarın bütövlükdə ləğv edilməsi qənaətinə gəlsə də, bunun hüquqi əsasını öz qərarında göstərməmişdir. Buna baxmayaraq, iddiaçının apellyasiya baxışı zamanı mübahisələndirilən qərarın 120 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi ilə bağlı tələbin dəqiqləşdirilməsi barədə müvafiq ərizə təqdim etməsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsini zəruri edir. İşin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, eyni zamanda birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, işin apellyasiya baxışı zamanı yaranmış 200 manat məhkəmə xərci (ekspertiza) cavabdehdən alınaraq, müvafiq hesaba köçürülməlidir. -İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2-1(120)-765/2023 nömrəli qərarı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********60403 nömrəli qərarı üzrə tətbiq edilmiş 120 manat maliyyə sanksiyasının ləğv edilməsi hissəsində dəyişdirilsin. İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********60403 nömrəli qərarı 10456,90 manat vergi məbləği və həmin məbləğin 50%-ni təşkil edən 5228,45 manat maliyyə sanksiyası, habelə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən tətbiq edilmiş 120 manat maliyyə sanksiyası istisna olmaqla, qalan hissədə ləğv edilsin. İş üzrə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar