Məhkəmə qərarları › İş №2-1(106)-530/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-530/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-530/2024 29.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2-1(120)-1301/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinincavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, veteranı adı və vəsiqəsi almaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Sənədləri ərizəsi ilə birlikdə cavabdeh təşkilata göndərmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 31,03.2023-cü il tarixli məktubunda cavab verilmişdir ki, bu adı vermək müvafiq sənədlər olduqda mümkündür, hüquqmüəyyənedici sənədlər olmadığından müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün deyildir. Cavabdehin imtinası ilə razı deyildir. Həmin imtina qanunvericiliyə uyğun deyildir. Belə ki, onun müharibə zamanı 1990-1993-cü illərdə müharibə zonasında Xudafərin kənd Tibb məntəqəsində feldşer vəzifəsində hərbçilərə və yaralılara tibbi xidmət göstərməsi, işğalçılara qarşı döyüşməsi qeyd etdiyi sənədlərdə öz əksini tapır. Buna görə onun döyüş bölgəsində xidmətinin üzərindən xətt çəkib ona veteran adı verilməsindən imtina olunması humanist qanunlara ziddir. Hesab edir ki, cavabdeh orqan ərizəsini təmin etməməklə bağlı həmin hərəkəti düzgün olmamaqla qanuna ziddir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2-1(120)-1301/2024 saylı qərarı (hakim Şahəli Musayev) ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.1952-ci ildə Cəbrayıl rayounun Xudayarlı kəndində anadan olmuşdur. TƏBİB-nin Cəbrayıl rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2023-cü il tarixli arayışı ilə təsdiq olunur ki. o, həqiqətən xx.xx.1990-cı il tarixdə 168 nömrəli əmrə əsasən Xudafərin kənd Tibb məntəqəsində feldşer vəzifəsində işləmişəm. xx.xx.1993-cü il tarixdə Cəbrayıl rayonu işğal olunana qədər həmin vəzifədə çalışmışam. xx.xx.1993-cü il tarixdə Cəbrayıl rayonu işğal olunandan sonra xx.xx.1993-cü il tarixə kimi rayonun Arazboyu kəndlərində olan insanlar və hərbçilər, rayonun idarə və müəssisələrinin bu- hissəsinin işçiləri Xudafərin stansiyası qəsəbəsinə yığılmışdılar. Həmin vaxt ora yığılanlar, həm də Qubadlı, Zəngilan və digər rayonlardan olan bir qisim insanlar və hərbçilər Xudafərində olan feldşer tibb məntəqəsində tibbi yardım almışlar. İşlədiyim dövrdə Xudafərin. Mahmudlu və Mincivan stansiyalarında blokada şəraitində yaralılara və hərbçilərə tibbi xidmət göstərmişəm, ermənilərə qarşı gedən döyüşlərdə iştirak etmişəm.Bunu şahidlər müharibc veteranları X6. X3 və X4 təsdiq edə bilərlər. Biz rayon hərbi komissarlığının göstərişi ilə həyatımızı təhlükəyə ataraq ordumuza kömək edirdik. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsədə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştiraketmiş şəxslər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsiqaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 2016 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilfevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma,kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının tələbi “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinincavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı barədə məlumat aşkar edilməmişdir. məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq bildirir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Hazırki mübahisəyə münasibətdə iddiaçıya müharibə veteranı adının verilməsi üçün zəruri olan və istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, mübahisəyə dair işin müəyyən olunmuş hallarına əsasən iddiaçı xx.xx.1990-cı il tarixdən 168 nömrəli əmr ilə Xudafərin kənd Tibb Məntəqəsinə feldşer vəzifəsinə təyin olunması qeyd olunsa da, məhz feldşer kimi döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar vəzifəsinin icra etdiyi müəyyən olunmur. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, düşmənə müqavimət göstərmək üçün bir qrup kənd camaatı ilə dağlıq ərazidə, yüksəklikdə gözləyirdilər və onlara silah təhkim edilməmişdir, yalnız “lapatka” və taxtalar ilə silahlanmışlar. Verilən suallara cavabında bildirmişdir ki, əlllərində silah olmadığına görə düşmənə qarşı açıq formada döyüşdə iştirak etməmişlər və düşmənin silahlı hücumu zamanı İran Respublikası istiqamətində qaçmışlar. Yəni, iddiaçının izahatından və işdə olan sübutlardan onun həm feldşer kimi döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirməsini və yaxud döyüşçü kimi döyüşlərdə iştirak etməsini təsdiq edən Qanuna müəyyən edilmiş subutlar müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində və həmin qərarda dəyişikliklər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2016-cı il tarixli, 438 nömrəli qərarının 2-ci bəndinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Həmçinin, iddiaya qarşı cavabdeh tərəfindən verilmiş etirazdan da görünür ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş Cəbrayıl Rayon İcra Hakimiyyətlərinin “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahıları”nda İddiaçı adı mövcud deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı barədə məlumat aşkar edilməmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçıya müharibə veteranı adının verilməsi üçünonun feldşer kimi işləməsi döyüş tapşırığının və döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmamışdır və bilavasitə döyüşlərdə iştirakını təsdiq edən qanunla müəyyən edilmiş sübutlar mövcud deyildir. Halbuki, “Veteranlar haqqında” Azərbaycan RespublikasıQanununun 3-cü maddəsinin müddəaları baxımından müharibə veteranı adının verilməsi üçün iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı tələb ödənilmiş olmalıdır. Beləliklə, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcud olmadığı üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı mövqe sərgiləmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2-1(120)-1301/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar