Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-535/2025 08.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X4 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2-1(120)-1951/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı əmrin ləğv edilməsi, xidmətə bərpa, əmək haqqının ödənilməsi, xüsusi rütbə ilə təmin edilmə tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli 1000/380Ş nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, xidmətə bərpa edilməsi, xidmətə xitam verildiyi gündən bərpa olunduğu günə kimi olan əmək haqqının ödənilməsi, xüsusi rütbə ilə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə iş ərazi aidiyyəti üzrə baхılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 11 aprel 2025-ci il tarixli, 2- 1(120)-1951/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdən etibarən gömrük orqanlarında xitmətə başlamış, xidmətdə olduğu müddət ərzində cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, 1000/380Ş nömrəli əmrinədək barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Cavabdeh tərəfindən iddiaçı barəsində intizam tənbehi tətbiq edilməsinin əsasını Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu əsasında başlanıldığı, intizam icraatı çərçivəsində müvafq əmr qəbul edildiyi müəyyən olunmuşdur. İddiaçının gömrük orqanlarından xaric edilmənin əsası kimi onun digər gömrük əməkdaşından (Emin Dünyamalıyev) borc pul alması, həmin pulu qaytarmaması, bununla da gömrük orqanı əməkdaşına yaraşmayan davranışı halları ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazında göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Dövlət Gömrük Komitəsinin müraciəti əsasın ilik təhqiqat araşdırılması həyata keçirilmiş, iddiaçının əməlində hər hansı cinayət xarakterli əməl olmaması müəyyən edilmişdir. Cavabdeh inzibati orqan intizam icraatı çərçivəsində hər iki şəxsin barəsində intizam icraatı başlamış İddiaçı gömrük orqanı əməkdaşına yaraşmayan davranış nümayiş etdirdiyi üçün gömrük orqanlarından xaric edillməklə gömrük orqanlarında xidmətinə xitam verilməsi, X3 isə töhmət elan edilmişdir. Halbuki, iddiaçının borc alması nə cavabdeh inzibati orqanda inztizam icraatı aparılarkən, nə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində təhqiqat araşdırılması həyata keçirilən zaman, nə də Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(020)-706/2022 saylı qətnaməsi ilə məyyən edilməmişdir. İddiaçının gömrük orqanı əməkdaşına yaraşmayan davranış nümayiş etdirdiyi halı cavabdeh inzibati orqan digər gömrük orqanı əməkdaşı Emin Dünyamalılıdan borc pul alması kimi qiymətlədirmiş, lakin məhkəmə qətnaməsi ilə həmin halın baş verməsi müəyyən edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının 05 aprel 2019-cu il tarixdə nikahının pozulması, onun himayəsində bir azyaşlı övladının olması, uşağa təkbaşına baxması, intizam icraatı zamanı onun borc pul alamasında təqsirli olması sübuta yetirilmədiyi, həmçinin yetkinlik yaşına çatmayan evladına tək başına baxdığı yüngülləşdirici hallar nəzərə alınmadan digər əməkdaşa münasibətdə daha ağır intizam tənbehi tətbiq edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdən Tovuz Gömrük İdarəsi Sınıq Körpü gömrük postunun inspektoru vəzifəsində işləmişdir. İşlədiyi dövrdə onunla birlikdə gömrük postunun böyük inspektoru vəzifəsində işləyən X5 tərəfindən barəsində rəhbərliyə şikayət edilmişdir. Şikayətin səbəbi o olmuşdur ki, guya o X1 2019- 2020-ci illər ərzində borc qismində 79600 Azərbaycan manatı, 12100 ABŞ dolları və 8000 avro məbləğində pulu borc alaraq qaytarmamışdır. Şikayət Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsində araşdırıldıqdan sonra araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Həmin İdarənin 07 sentyabr 2021-ci il tarixli 02/2-180xx-xx/2706 saylı məktubu ilə şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Lakin şikayət Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsində obyektiv və düzgün araşdırılmamış, o, qanunsuz olaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəddinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin əsasnamənin 120-ci maddəsinin 8-ci bəddinə əsasən gömrük orqanlarında xidmətinə xx.xx.2021-ci il tarixdə 1000/380Ş nömrəli əmrlə xitam verilmişdir. Bundan sonra Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(020)-706/2022 saylı qətnaməsi ilə iddiaçı X2 ona qarşı borc pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-671/2023 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi ilə ona borc pul verilməsi faktı təsdiqini tapmadığından o, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin rəhbərliyinə müraciət edərək, Komitənin xx.xx.2021-ci il tarixli 1000/380Ş nömrəli əmrinin qanunsuz olduğu üçün ləğv edilməsi və onun xidmətə bərpa edilməyini xahiş etmişdir. Lakin Komitənin xx.xx.2023-cü il tarixli 3-33/2-003431/2023 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikasının 07 dekabr 1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında“ Əsasnamənin 128-ci maddəsinə əsasən gömrük orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, sabiq gömrük əməkdaşı İddiaçı xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Komitənin 1000/380ş nömrəli 11 iyun 2021-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. AR ƏM-nin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. AR ƏM-nin 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd edilənlər nəzərə alınaraq, iddia müddətinin ötürülməsi əsası ilə iddia mümkünsüz hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayıtində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsasən iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işin faktiki halına birtərəfli qaydada qiymət vermiş, yəni gəldiyi qənaəti yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübutlar üzərində formalaşdırmışdır. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan: -Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli, 1000/380Ş nömrəli əmrindən görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin idarəetmənin təşkili şöbəsinin inspektoru, gömrük xidməti leytenantı İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric olunmuş və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilmişdir. -4900296 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən gömrük orqanlarında xidmətə başlamış, xx.xx.2021-ci il tarixli, 1000/380Ş nömrəli əmr ilə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. -Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(020)-706/2022 saylı qətnaməsindən və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)- 671/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı borc pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilmiş, qətnamə apellyasiya icraatı nəticəsində dəyişdirilmədən saxlanılmışdır. -Apellyasiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-3728/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası mübahisələndirilən inzibati aktın qanuniliyinə qiymət verilməsi baxımından müvafiq aidiyyəti normaların şərh olunmasını zəruri hesab edir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin: -69-cu bəndinə əsasən Gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət; 3) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 4) aşağı vəzifəyə keçirilmə; 5) xüsusi rütbənin bir pillə aşağı salınması; 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7) gömrük orqanlarından xaric etmə; 8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. -69-1. Bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. -71. İntizam tənbehi verilərkən gömrük orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törədildiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, gömrük orqanının vəzifəli şəxsindən yazılı izahatın tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir. Gömrük orqanının vəzifəli şəxsinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. -72. İntizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan gömrük orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizamın pozulduğu məlum olduğu andan 20 gün keçənədək xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə - müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay keçənədək verilə bilər. -76. İntizam tənbehi tətbiq edilmiş gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına, habelə məhkəməyə şikayət etmək hüququna malikdirlər. -120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 2) bu Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə; 3) pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə; 4) təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə; 5) vəzifəli şəxsin gömrük orqanlarında xidmətə yararsız olması barədə müvafiq tibb komissiyasının rəyinə əsasən xəstəliyə görə; 6) müvafiq tibb komissiyasının qərarı əsasında səhhətinin vəziyyətinə görə gömrük orqanlarında xidmət etmək üçün məhdud yararlı olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında səhhətinin vəziyyətinə dair tələblərə uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina edərsə; 7) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında onun ixtisasına uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 8) gömrük orqanlarından xaric edildikdə; 9) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 10) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə. 11) digər hüquq mühafizə orqanlarına işə keçdikdə, qanunvericilik və ya yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə; 12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə; 13) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı olduğu halda. Bu maddənin birinci hissəsinin 2-ci, 4-13-cü bəndlərində göstərilən əsaslara görə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir. -123. Gömrük orqanlarında xidmətə gömrük orqanının vəzifəli şəxsinin təşəbbüsü ilə xitam verildikdə, o, bir ay qabaqcadan birbaşa tabe olduğu rəisi bu barədə yazılı sürətdə xəbərdar etməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının “3” noyabr 2023-cü il tarixli 3-33/3-2-000001/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X6: -21.1-ci bəndinə əsasən Gömrük orqanı əməkdaşı həmkarları ilə qarşılıqlı hörmət və işgüzar yardıma əsaslanan münasibət qurmalı, bir-birinə qarşı qərəzli münasibətin təzahürlərindən çəkinməli və bütün səylərini kollektiv birliyin qorunmasına yönəltməlidir. -21.2. Gömrük orqanı əməkdaşının həmkarlarının işindəki nöqsanlara münasibəti obyektiv yanaşmanı əks etdirməklə, özündə hörmət, dözümlülük, təmkinlilik və nəzakətliliyi ehtiva etməlidir. -21.3. Gömrük orqanı əməkdaşı həmkarlarının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsini dəstəkləməli və maneə yaratmamalıdır. -21.4. Gömrük orqanı əməkdaşı rəhbərliklə xidməti münasibətlərində subordinasiyaya, bilavasitə və ya yuxarı rəhbərinə qarşı münasibətdə tabelik qaydalarına riayət etməli və tabeliyində olan işçilərə qarşı nəzakətli, diqqətli və qayğıkeş olmalı, vəzifə səlahiyyətlərindən irəli gələn üstünlüyünü nümayiş etdirməməlidir. -26.1. Gömrük orqanı əməkdaşı şəxsi həyatında ümumi qəbul edilmiş milli əxlaq, ictimai davranış normalarına əməl etməli və onun xidmətdənkənar davranışı peşə nüfuzuna xələl gətirməməlidir. -34.1. Bu Kodekslə müəyyən edilmiş etik davranış qaydalarının pozulması gömrük orqanı əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Şərh olunan sübutlardan və normativ sənədlərdən göründüyü kimi, iddiaçının gömrük orqanlarından xaric edilmənin əsası kimi onun digər gömrük əməkdaşından borc pul alması və həmin pulu qaytarmaması, bununla da gömrük orqanı əməkdaşına yaraşmayan davranışı göstərilmiş, lakin bu hal nə istintaq orqanının araşdırması nəticəsində, nə də mülki məhkəmə icraatı müstəvisində öz təsdiqini tapmamışdır. İşin hallarından görünür ki, iddiaçı çalışdığı sahə üzrə davranış və əmək-hüquq münasibətlərini tənzimləyən qanunvericilik normalarının tələblərini pozmamış, bununla da Gömrük orqanları əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət etməmişdir. Onun həmin orqanın digər əməkdaşından borc pul alması təsdiqini tapmamış, hətta belə bir hal təsdiqini tapmış olsaydı belə, bu həmin qurumun fəaliyyətini tənzimləyən normativ sənədlərin tələblərinin pozulmasını deməyə əsas vermir. Başqa sözlə, əməkdaşın digər əməkdaşdan borc pul alaraq qaytarmaması, mülki məhkəmə müstəvisində həll edilməli olan məsələ olmaqla, yuxarıda qeyd olunan normativ sənədlərlə müəyyən edilmiş tələblərin pozulması kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2-1(120)-1951/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-535/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-535/2025
08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver