Məhkəmə qərarları › İş №2-1(106)-537/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-537/2025

15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-537/2025 15.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət məhkəmə tərkibində, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Hacıqabul rayon Polis şöbəsinə qarşı “X6 və uşaqları X9, X7 iddiaçıya məxsus Hacıqabul şəhəri, M.Müşviq küçəsi ev 113 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 23 may 2025-ci il tarixli, 2- 1(120)-2676/2025 saylı qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Hacıqabul rayon Polis şöbəsinə qarşı “X6 və uşaqları X9, X7 iddiaçıya məxsus Hacıqabul şəhəri, M.Müşviq küçəsi ev 113 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Hacıqabul şəhəri, M.Müşviq küçəsində yerləşən 113 saylı fərdi yaşayış evi onların paylı mülkiyyətində olmaqla mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və adlarına xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. X11 onun oğlu X3 həyat yoldaşıdır. Belə ki, onlar 10 ildir boşanmışlar. İlahə heç vaxt bu məzildə yaşamamış və uşaqları X21 və X17 ilə bu mənzildə formal qeydiyyatdadırlar. Lakin onlar heç vaxt bu evdə yaşamamış və onların bu evin hər hansı bir hüquqları yoxdur. Lakin bu şəxslərin mülkiyyətlərində olan evdə qeydiyyatda qalmaları onların mülkiyyət hüquqlarını pozur, bu şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh orqana müraciət etsələr də müraciətləri müsbət həll olunmamışdır və bu səbəbdən də məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənləri nəzərə alaraq X6 və uşaqları X9, X7 iddiaçıya məxsus Hacıqabul şəhəri, M.Müşviq küçəsi ev 113 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) xx.xx.2025-ci il tarixli, 2-1(120)- 2676/2025 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmənin əsas sübut kimi istinad etdiyi Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2015-ci il tarixli, 2(106)-1076/15 saylı qətnaməsi ilə X8 iki azyaşlı uşaqları ilə birlikdə cavabdeh X13 mülkiyyətində olan və ünvan 1 evə köçürülməsi qət olunmuş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)- 627/16 nömrəli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 22 sentyabr 2015-ci il tarixli, 2(106)-1076/15 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi məhkəmə onların bu evin tərkib hissəsinə istifadə hüquqlarını tanımamış, sadəcə qeydiyyatda olduqları üçün köçürülmələrinə qərar vermişdir,qeydiyyat isə istifadə hüququ yaratmır. Məhkəmə 3-cü şəxsin uşaqları ilə birlikdə ünvan 1 ünvanda yaşamaması hissəsinə qiymət verərkən isə üçüncü şəxs İlahə Məmmədovanın məhkəmədəki izahatı əsas kimi qəbul etmiş və göstərmişdir ki,o məhkəmə iclasında uşaqların azyaşlı olduğundan çətinlikləri olduğunu, maneələr yaradıldığını, istifadə hüququnun olduğunu, bugünə kimi istifadə hüququna xitam verilmədiyini bildirərək və həmin ünvanda yaşamaq istədiyini qeyd edərək iradə ifadəsini bildirmişdir. Halbuki 3-cü şəxs sonradan ailə həyatı qurmuş, özünün daimi yaşayış yeri vardır və onun mülkiyyətimizdə olan qeydiyyatı da formal xarakter daşıyır. Qeyd olunanlara əsasən Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2676/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(106)-537/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçıların tələbi “X6 və uşaqları X9, X7 onlara məxsus Hacıqabul şəhəri, M.Müşviq küçəsi ev 113 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2015-ci il tarixli, 2(106)-1076/15 saylı qətnaməsi ilə X8 iki azyaşlı uşaqları ilə birlikdə cavabdeh X13 mülkiyyətində olan və ünvan 1 evə köçürülməsi qət olunduğu və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)- 627/16 nömrəli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 22 sentyabr 2015-ci il tarixli, 2(106)- 1076/15 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanıldığı müəyyən edilir. Məmmədova (İmranova) İlahə Qulam qızının iki azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanda yaşamaması hissəsinə isə üçüncü şəxs İlahə Məmmədova (İmranova) məhkəmə iclasında münasibət bildirərək uşaqların azyaşlı olduğundan çətinliklər olduğunu, maneələr yaradıldığını, istifadə hüququnun olduğunu, bugünə kimi istifadə hüququna xitam verilmədiyini bildirərək və həmin ünvanda yaşamaq istədiyini qeyd edərək iradə ifadəsini bildirmişdir. Həmçinin, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5-125/2-121/2025 nömrəli məktubundan görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-644/2014 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X12 hər ay 103 (yüz üç) manat sabit pul məbləğində aliment alınaraq İmranova (Heydərova) İlahə Qulam qızına verilməsi qət edilmişdir. Əlavə olaraq qeyd olunur ki, məhkəminin xx.xx.2016- cı il tarixli 2(071)-644/2014 nömrəli qətnaməsi 30 yanvar 2015-ci il tarixdə qanuni qüvvəsini almış və icra edilməsi üçün Hacıqabul rayon İcra qrupuna (hazırki Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə) göndərilmiş, icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar xx.xx.2015-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Eləcə də, hazırkı iş üzrə üçüncü şəxslər X6 və uşaqları X9, X7 Hacıqabul şəhəri, M.Müşviq küçəsi ev 113 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 9-cu maddəsində nəzərdə tutulan əsaslarlardan hər hansı biri, o cümlədən onların həmin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-627/16 nömrəli qərarına baxış keçirilən zaman Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2015-ci il tarix qətnaməsi ilə iş № 2(106)-1076/15 iddiaçı İ.İmranovanın apellyasiya şikayəti qismən təmin olunaraq Hacıqabul Rayon Məhkəməsinin 15 aprel 2015-ci il tarixli, 2(071)-35/15 saylı qətnamə ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin olunaraq İ.İmranovaya məxsus əmlakların, özləri olmadıqda isə onların dəyərinin cavabdehlər X24, İddiaçı1 və X14 alınıb ona verilməsi, X8 iki azyaşlı uşaqları ilə birlikdə cavabdeh X13 mülkiyyətində olan və ünvan 1 evə köçürülməsi qət olunmuş, əsas iddia tələbinin qalan hissəsi və qarşılıqlı iddia təmin edilməmişdir. Cavabdehlər X23, X26 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 22 sentyabr 2015-ci il tarixli, 2(106)-1076/15 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********28-10301 qeydiyyat nömrəli və çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,6 ha torpaq sahəsi İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-51- 2025 nömrəli məktubunda qeyd edilmişdir ki, X5 Nigar Novruz qızının oğludur. X4 İlahə Qulam qızı ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş və Hacıqabul rayon Məhkəməsinin 2(071)-644/2014-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. X2 Taleh Əli oğlu ilə X6 övladlarıdır. X19 0006 saylı övladlığa götürmə haqqında akt qeydində ana qrafasında İddiaçı1 yazılmışdır. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5- 125/2-121/2025 nömrəli məktubundan görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)- 644/2014 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X12 hər ay 103 (yüz üç) manat sabit pul məbləğində aliment alınaraq İmranova (Heydərova) İlahə Qulam qızına verilməsi qət edilmişdir. Əlavə olaraq qeyd olunur ki, məhkəminin xx.xx.2016- cı il tarixli 2(071)-644/2014 nömrəli qətnaməsi 30 yanvar 2015-ci il tarixdə qanuni qüvvəsini almış və icra edilməsi üçün Hacıqabul rayon İcra qrupuna (hazırki Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə) göndərilmiş, icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar xx.xx.2015-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Arxivdə olan iş materiallarında icra vərəqəsinin sonrakı vəziyyəti barədə hər hansı sənəd aşkar edilməmişdir. Bununla bağlı Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə sorğu verilmiş, lakin sorğuya cavab olaraq bildirilmişdir ki, hazırda məhkəmənin 2(071)- 644/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi icra şöbəsinin icraatında mövcud deyildir. Beləliklə də iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, X26 ilə X11 xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş və Hacıqabul rayon Məhkəməsinin 2(071)-644/2014-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən cavabdeh inzibati orqan - Hacıqabul Rayon Polis İdarəsinə ərizə ilə müraciət edilərək bildirilmişdir ki, Məmmədova İlahə ilə İmranov Taleh 10 ildir ki boşanmışlar, İlahə heç vaxt bu evdə yaşamamış, uşaqları İmranlı Həsən və İmranlı Zinyət ilə bu mənzildə formal qeydiyyatdadır və onların evdə qeydiyyatda qalmaları onların mülkiyyət hüquqlarını pozur. Göstərilənləri əsas gətirərək iddiaçılar cavabdeh orqandan həmin şəxslərin qeydiyyatdan çıxarılmalarını xahiş etmişlər. Lakin onların müraciəti cavabdeh inzibati orqan tərəfindən təmin edilməmişdir. Hazırda iddiaçılar X6 və uşaqları X9, X7 onlara məxsus Hacıqabul şəhəri, M.Müşviq küçəsi ev 113 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki halları üzrə aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Bununla bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir”. Yuxarıda qeyd edilən hüquqi dəyərləndirmədən göründüyü kimi şəxsin qeydiyyatdan çıxarılması üçün ya yaşayış sahəsindən çıxarılma, ya da istifadə hüququna xitam verilməsi haqqında qətnamə mövcud olmalıdır. İş materiallarında olan qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı İ.İmranovanın apellyasiya şikayəti qismən təmin olunaraq Hacıqabul Rayon Məhkəməsinin 15 aprel 2015-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, X8 iki azyaşlı uşaqları ilə birlikdə cavabdeh X13 mülkiyyətində olan və Hacıqabul şəhəri, M.Müşfiq küçəsində yerləşən 113 saylı evə köçürülməsi qət olunmuşdur. Həmin qətnamənin əsaslandırma hissəsindən görünür ki, X8 iki azyaşlı uşaqları ilə birlikdə cavabdeh X13 mülkiyyətində olan və Hacıqabul şəhəri, M.Müşfiq küçəsində yerləşən 113 saylı evdə istifadə hüquqları vardır. Yuxarıda göstərilənləri nəzərə alaraq və hazırkı işin hallarına uyğun olaraq qeyd edilməlidir ki, üçüncü şəxs X6 və uşaqlarının yaşayış yerindən qeydiyyatdan çıxarılmaları üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 9-cu maddəsində nəzərdə tutulan əsaslarlardan hər hansı biri, o cümlədən onların həmin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud deyildir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, sözügedən mənzilin mülkiyyətçisi kimi iddiaçılar üçüncü şəxsin sözügedən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmamışdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 may 2025-ci il tarixli, 2-1(120)-2676/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar