Məhkəmə qərarları › İş №2-1(106)-54/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-54/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-54/2024 11.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Novruzova Aytən Nazim qızı və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, iddiaçının nümayəndəsi X4 və vəkili Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(120)-474/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun qismən ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı CəlilabadƏrazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın və həmin Çıxarışa dair “Texniki Pasportun qismən, yəni 05 yanvar 2000-ci il tarixli alqı-satqı müqaviləsi ilə almaqla adına tərtib edilmiş 333 inventar nömrəli Texniki pasportla üst-üstə düşən hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə Masallı-Bazar” Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 02 may 2023-cü il tarixli, 2-1(120)- 474/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" ATSC ilə İddiaçı arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2000-ci il tarixli, 1 nömrəli müqavilə notariat qaydada təsdiq olunmadığından və qeydə alınmadığından, həmin müqavilənin bağlandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən etibasızdır. "xxxx" ATSC 2746,7 kv.metr, o cümlədən əsas sahəsi 1886,8 kv.metr, köməkçi sahəsi 859,9 kv.metr olan tikililərə dair mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ı qanuni əsaslarla əldə etmişdir və həmin çıxarışın "xxxx" ATSC-dən 05 yanvar 2000-ci il tarixli, 1 nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi qeyri-yaşayış sahəsi hissəsində ləğv edilməsi barədə İddiaçı ərizəsinin təmin olunmasından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinası qanunamüvafiq olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşin halları İddiaçı tələbi nionunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin ümumi yığıncağının 04 yanvar 2000-ci il tarixli iclas protokolu ilə bazarın balansında olan gün çıxan tərəfındə yerləşən əsas sahəsi 15,4 kv.metr, köməkçi sahəsi 16 kv.metr olan otaqların ona ******* manata satılması qərara alınmışdır. Bununla bağlı "xxxx" ASC ilə 05 yanvar 2000-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamışlar. Həmin müqavilədə də "xxxx" ASC-nin balansında olan yığıncağın protokolunda göstərilən hissəni ona ******* manata satması əks olunmuşdur. Həmin gün müqavilədə nəzərdə tutulmuş ******* manat pulu Cəmiyyətin kassasına ödəmişdir. Cəmiyyətin sədri olan Sərhəng Nadirov 07 yanvar 2000-ci il tarixdə Masallı rayon DTİ və MHQİ-nə ərizə ilə müraciət edərək, Bazarın balansında olan ticarət sahəsindən ona satdığı mağazaya dair adına texniki pasportun tərtib edilməsini xahiş etmişdir. Həmin ay sözügedən tikiliyə dair adına texniki pasport tərtib edilmişdir. Qeyd olunan qeyri-yaşayış obyektindən bir neçə il istifadə etdikdən sonra işlə bağlı Rusiya Federasiyasına getməli olduğundan qeyd olunan obyektdən razılığı ilə tanışları tərəfındən istifadə edilmişdir. Ötən il həmin qeyri-yaşayış obyektinin qapısı və pəncərəsi çıxarılaraq yeri hörülmiiş və arxa divar sökülərək Bazara birləşdirilmişdir. Bununla bağlı Bazarla aralarında yaranmış məhkəmə mübahisəsi zamanı isə ötən ilin may aynda Bazarın adına Çıxarışla texniki pasport tərtib edilərkən onun adına olan texniki pasport tərtib edilmiş ərazinin də həmin çıxarışla Texniki Pasportun tərkibinə daxil edilməsi məlum olmuşdur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, "xxxx" ASC-nin balansında olan qeyri yaşayış binalarının səhmlərinin özəlləşməsi barədə Milli Depozit Mərkəzi QSC-nin Qiymətli Kazğız Mülkiyyətçilərinin 11 iyun 2020-ci il tarixli Reyestrdən çıxarışı, Milli Depozit Mərkəzinin Səhmlərinin Sertifikatı, Emissiya prospeki, Nizamnamə, Dövlət qeydiyyatı haqqında şəhadətnamə, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 30 dekabr 1998ci il tarixli, 1626 saylı sərəncamı və 14 mart 1998-ci il tarixli texniki pasportu əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 9 və 10-cu maddələrinin tələblərinə uyğun olaraq “ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 2746.7 kv.metrdən ibarət qeyri-yaşayış binasına 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 20 may 2021-ci il tarixdə **********82-06301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Halhazırda həmin qeyri-yaşayış binasına 22 iyun 2021-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-nin adına 14 oktyabr 2021-ci il tarixdə **********82-06301 reyestr nömrəli yüklülük çıxarışı verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi həmin Qanunun 8.0.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi qənaəti alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməməsi və hüquqların qeydə alınmaması ilə əsaslandırnış, lakin nəzərə almamışdır ki, iddiaçının adına texniki pasport verildiyi və həmin sənəd ləğv edilmədiyi halda cavabdehin həmin sahəyə üçüncü şəxsin adına yeni sənəd verməsi qanunsuz olmuşdur. Üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Prosessual məsələlər İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxsin vəkili məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası bu halı icraatın yubadılmasına yönələn hərəkət hesab edərək, məhkəmə iclasının təxirə salınmasını məqsədəuyğun hesab etmir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -"xxxx" ATSC-nin ümumi yığıncağının 04 yanvar 2000-ci il tarixli iclas protokolundan çıxarışdan, 05 yanvar 2000-ci il tarixli, 1 nömrəli alqı-satqı müqaviləsindən və xx.xx.2000-ci il tarixli, 4 nömrəli mədaxil kassa orderindən görünür ki, bazarın balansında olan gün çıxan tərəfındə yerləşən, əsas sahəsi 15,4 kv.metr, köməkçi shəsi 16 kv.metr olan otaqların ******* manata İddiaçı satılması qərara alınmış, bununla bağlı "xxxx" ATSC ilə İddiaçı arasında 05 yanvar 2000-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və alqı-satqı predmeti olan daşınmaz əmlakın 04 yanvar 2000-ci il tarixli iclas protokolunda və 05 yanvar 2000-ci il tarixli 1 nömrəli alqı-satqı müqaviləsində qeyd olunmuş ******* manat dəyəri İddiaçı tərəfindən "xxxx" ATSC-nin kassasına ödənilmişdir. -xx.xx.2000-ci il tarixli ərizədən və yanvar 2000-ci il tarixli texniki pasportdan görünür ki, "xxxx" ATSC-nin sədri X7 ərizə ilə Masallı rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət edərək, İddiaçı satılmış ticarət sahəsi 15,4 kv.metr, ümumi shəsi 16 kv.metr olan mağazaya dair onun adına texniki pasportun verilməsini xahiş etmiş və Masallı rayon DTİ və MHQİ tərəfindən həmin əmlaka dair İddiaçı adına yanvar 2000-ci il tarixli “Lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin” texniki pasportu verilmişdir. -xx.xx.1998-ci il tarixli texniki pasportdan, xx.xx.2021-ci il tarixli çıxarışdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən ümumi sahəsi 2746,7 kv.metr, o cümlədən əsas sahəsi 1886,8 kv.metr, köməkçi sahəsi 859,9 kv.metr olan tikililərə dair Masallı rayon Mərkəzi Bazarın adına texniki pasport tərtib olunmuş, Mərkəzi Bazarın səhmdarları "xxxx" ATSC-ni yaratmaqla X1 seçmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən isə "xxxx" ATSC-nə Mərkəzi Bazarın adına tərtib edilmiş texniki pasportda göstərilən tikililərə mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli, ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. -Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/5343 nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı adına tərtib edilmiş 5 yanvar 2000-ci il tarixli texniki pasportda göstərilən tikililərin ölçü və konfiqurasiyasına uyğun sahənin baxış zamanı təqdim olunan qeyri-yaşayış sahəsinə uyğun olmadığını, eyni zamanda həmin ölçü və konfiqurasiyasına uyğun sahənin "xxxx" ASC-nin mülkiyyətində olan qeyri-yaşayış binasının xx.xx.2021-ci il tarixli vəziyyətə əsasən tərtib olunmuş texniki pasportunda əks olunmadığını nəzərə alaraq, İddiaçı adına tərtib edilmiş 5 yanvar 2000-ci il tarixli texniki pasportda göstərilən tikililər hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan qeyri-yaşayış binası ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Hazırki mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları baxımından birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki: “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. "xxxx" ATSC ilə İddiaçı arasında mülki-hüquq (xx.xx.2000-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi) münasibətləri yaranan zaman qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 230-cu maddəsinin tələbinə görə tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alqısatqı müqaviləsi qedə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Etibarsız əqd üzrə tərəflərdən hər biri əqd üzrə alınmış bütün şeyləri digər tərəfə qaytarmağa borcludur, alınmış şeyləri eyni ilə qaytarmaq mümkün olmadıqda, qanunda əqdin etibarsızlığının sair nəticələri nəzərdə tutulmamışsa, onların dəyərini pulla ödəməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.” Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının adına tərtib edilmiş texniki pasportun adından da göründüyü kimi həmin sənəd yalnız “lisenziya haqqının hesablanmasına dair” olmaqla, istifadə hüququ ilə bağlı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda da sözügedən tərtibatda və məzmunda texniki pasportların hüquqların əldə edilməsi üçün əsas hesab edilməsi öz əksini tapmamışdır. Odur ki, mübahisəli qeyri-yaşayış binasına dair üçüncü şəxsin hüquqları qeydə alındığı zaman həmin texniki pasportun mövcudluğu qeydiyyat hərəkətlərinin aparılmasına maneə kimi qiymətləndirilə bilməzdi və cavabdeh tərəfindən qeydə alınma zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Həmçinin qeyd edilməlidir ki, ekspert tədqiqatı ilə də iddia olunan sahənin üçüncü şəxsin adına qeydə alınmış qeyri-yaşayış binası ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, iş üzrə 100 manat məhkəmə xərci (ekspertiza) yaranmışdır ki, məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ iddiaçıdan tutularaq, müvafiq hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(120)-474/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar