Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-54/2025 19.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-672/2023 saylı, 15 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, kollegiya qərar verdi. İ. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********8 saylı qərarın ləğv olunması və onun dövlət qulluqçusu kimi 15 ildən artıq olması barədə qərar qəbul edilməsi öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(120)-2031/2022 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********8 saylı qərarın ləğv olunması və onun dövlət qulluqçusu kimi 15 ildən artıq olması barədə qərar qəbul edilməsi barədə olan tələbində dəqiqləşdirilmə aparılaraq iddia tələbi “xx.xx.2004-cü il tarixdən xx.xx.2022-ci ilədək Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi dairəsi üzrə nümayəndəliyində işlədiyi illəri (sosial sığorta stajı) nəzərə alınmaqla ona hüququnun yarandığı, yəni xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” kimi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2004-cü ilin may ayından 2010-cu ilin may ayına kimi, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kəndi üzrə icra nümayəndəsi işləmiş, 2010-cu ilin may ayından icra nümayəndəsinin müavini vəzifəsində çalışmışdır. Kürdəmir rayon İH Başçısının 2010-cu il 28 dekabr tarixli 173 saylı sərəncamı ilə onu qanunsuz olaraq işdən azad etmişlər. Məhkəməyə müraciət edilmiş və məhkəmənin qətnaməsinə əsasən o, Kürdəmir rayon İHB-nın 68 saylı, 14 mart 2014-cü il tarixli sərəncamı ilə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 301.1-ci maddəsinə əsasən, yenidən vəzifəyə təyin olunmuşdur. Yəni məhkəmə qətnaməsinə əsasən, onun işdən azad olunmağı barədə sərəncam ləğv olunmuşdur. Sonradan 20 aprel 2022-ci il tarixdə təqaüd yaşı çatdığı üçün işdən azad olunmuşdur. Dövlət qulluqçusu kimi ona təqaüd kəsilməsi ilə əlaqədar cavabdehə müraciət etdikdə, onun qanunsuz olaraq işdən azad olduğu müddət hesablanmamış və ona imtina etmişlər. Bu qərar əsassızdır və ləğv olunmalıdır. Belə ki, 2010-cu il tarixli sərəncam ləğv olunduqdan sonra o əvvəlki iş yerinə bərpa olunmuşdur. Yəni həmin dövrdən də onun əmək stajı hesablanmalıdır. Lakin, cavabdeh təşkilat ona həmin dövr üçün sosial ayırmalar olmadığı səbəbindən, imtina edir. Kürdəmir rayon İcra Hakimiyyətinin mühasibatlığının səhvi nəticəsində o əziyyət çəkməli olmuşdur. Onun hüquqi savadsızlığından işdən qanunsuz çıxdığı dövr üçün əmək haqqını da almamışdır. Bu barədə məhkəməyə də müraciət edəcəkdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və ona qarşı qərəzli edilmişdir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş cavab məktubunda dövlət qulluqçusu kimi stajının 15 ildən az (14 il 8 ay 7 gün (xx.xx.2004xx.xx.2010-cu il, xx.xx.2014-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) olduğundan ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək Kürdəmir rayon Hakimiyyəti Başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək həmin iş yerində müavin vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçının dövlət qulluqçusu kimi işlədiyi dövrlərə uyğun sosial sığorta stajı qanunvericiliklə tələb olunan müddətdən yəni 15 ildən az olmaqla cəmi 14 il 8 ay 7 gün təşkil edir. Belə olan halda, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-672/2023 saylı, 15 may 2023-cü il tarixli qərarı ilə (hakim Amilya Hüseynova) iddia ərizəsi təmin edilmiş, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2022-ci ilədək Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi dairəsi üzrə nümayəndəliyində işlədiyi illəri (sosial sığorta stajı) nəzərə alınmaqla ona hüququnun yarandığı, yəni xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin (xx.xx.2019-cu il tarixdən yaşa görə aldığı əmək pensiyası məbləği nəzərə alınaraq hesablanıb çıxılmaqla) ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qeyd edilən qərardan cavabdehin hüquqlarını təmsil edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-319/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: M.K.Həsənov (sədrlik edən və məruzəçi), S.F.Həsənov və T.S.Kərimov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2-1(120)-672/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2-1(102)- 425/2024 saylı qərarı ilə (sərlik edən Aidə Hüseyn hakimlər Rahib Nəbizadə və Kəmaləddin Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-319/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qərarı ləğv olunaraq, iş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Şirvan İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmişdir və iş illərinin sığorta stajına daxil edilməsi və yaşa görə pensiyanın təyin edilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, təqdim etdiyi sənədlər əsasında dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş cavab məktubunda dövlət qulluqçusu kimi iş stajının 15 ildən az (14 il 8 ay 7 gün (xx.xx.2004-xx.xx.2010-cu il, xx.xx.2014-xx.xx.2022- ci il tarixləri arasındakı dövrlər) olduğundan ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək həmin iş yerində müavin vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1979-cu il tarixli l/İT-l N° ******* nömrəli əmək kitabçasının 9 nömrəli qeydində xx.xx.2010-cu il tarixdən işə bərpa olunduğu deyil, 14 mart 2014-cü il tarixdə yenidən Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edildiyini göstərilmişdir. Həmçinin xx.xx.2010-xx.xx.2014-cü il tarixləri arasındakı dövr üçün ona sonradan əmək haqqının ödənilməsinə və həmin vəsaitdən məcburi dövlət sosial sığorta haqlarının tutulmasına dair Mərkəzi Filialda hər hansı məlumat təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının dövlət qulluqçusu kimi işlədiyi dövrlərə uyğun sosial sığorta stajı qanunvericiliklə tələb olunan müddətdən, yəni 15 ildən az olmaqla cəmi 14 il 8 ay 7 gün təşkil edir. Belə olan halda, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2ci maddələrinə və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyanın təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Lakin, birinci instansiya məhkəməsi əsassız olaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Şirvan İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli 2-1(120)-672/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, Şirvan İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2-1(120)-672/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabeh tərəfin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: - Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) -Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. -Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: -Maddə 23. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1- ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarı ... -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmə aktının qanuniliyini və əsaslılığını yoxlayaraq qeyd edir ki, apellyasiya şikayəti üzrə mübahisələndirilən hallar əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətinə əsas olan sübutlar və hüquqi nəticə ilə əlaqədar qeyd edir: - ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətinin Neftçala rayon Şöbəsinin məktubundan görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.2022-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1- ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir.Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin dövlət qulluğu stajınız 15 ildən az (14 il 8 ay 7 gün (xx.xx.2004-xx.xx.2010-cu il, xx.xx.2014- xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də sizə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-445/2013 nömrəli, 18 iyun 2013-cü il tarixli qətnaməsində göstərilmişdir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Kürdəmir rayon məhkəməsinin 05 mart 2013-cü il tarixli, 2(041)221/2013 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 2010-cu il tarixli, 173 saylı sərəncamı ləğv edilsin. İddiaçı öz əvvəlki Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı ərazi vahidliyi üzrə icra nümayəndəsinin müavini vəzifəsinə bərpa olunmuş, qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış, qətnamə qanuni qüvəsini almışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir.Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin dövlət qulluğu stajınız 15 ildən az (14 il 8 ay 7 gün (xx.xx.2004-xx.xx.2010-cu il, xx.xx.2014- xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də sizə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X7 üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və "Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir.İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (14 il 8 ay 7 gün (xx.xx.2004- xx.xx.2010-cu il, xx.xx.2014-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. -İşdə olan Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 78 nömrəli 27 may 2004-cü il tarixli sərəncamın surətindən görünür ki, Lətifov X2 rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi vahidliyi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 62a nömrəli 21 may 2010-cu il tarixli sərəncamın surətindən görünür ki, İddiaçı 2010-cu il 21 may tarixdən rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi vahidliyi üzrə icra nümayəndəsinin müavini vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu il tarixli, 173 saylı sərəncamına əsasən, İddiaçı 2010-cu il 24 dekabr, 27 dekabr və 28 dekabr tarixlərdə heç bir üzürlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməməklə ona həvalə olunmuş vəzifələrin icrası zamanı kobud qanun pozuntusuna yol verdiyi üçün Azərbaycan Respublikası “Dövlət qulluğu” Qanunun 25.2.6-cı maddəsinə əsasən 2010-cu il 28 dekabr tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. -İşdə olan Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 68 nömrəli 14 mart 2014-cü il tarixli sərəncamın surətindən görünür ki, Lətifov X2 rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 70 nömrəli 20 aprel 2022-ci il tarixli sərəncamın surətindən görünür ki, İddiaçı 2022-ci il 20 aprel tarixdən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. - İşdə olan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi vahidliyi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı 30 noyabr 2022-ci il tarixli 108 nömrəli məktubundan görünür ki, Kürəmir rayonu Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin keçmiş müavini İddiaçı Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində fəaliyyəti barədə: 27 may 2004-ci il Lətifov X2 RİHB-nin Çöhranlı kənd ərazi vahidliyi üzrə nümayəndəsi vəzifəsinə təyin olunması barədə. 21 may 2010-cu il Kürdəmir rayon İHB-nın Çöhranlı Ərazi Vahidliyi üzrə nümayədəsinin müavini vəzifəsinə keçrilməsi barədə; xx.xx.2010-cu il İddiaçı Çöhranlı Ərazi Vahidliyi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilməsi barədə; xx.xx.2014-ci il İddiaçı Çöhranlı kənd İƏD-si üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilməsi barədə; xx.xx.2022-ci il İddiaçı Çöhranlı kənd İƏD-si üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilməsi barədə sərəncamları və əmək haqqı cədvəlləri göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məhkəməyə ünvanladığı 08 fevral 2023-cü il tarixli 9-3/2-230/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasının 7-ci hissəsinə əsasən məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Yuxarıda qeyd edilən Qaydaya əsasən İddiaçı Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə işdən azad edildiyi 28 dekabr 2010-cu il tarixdən məhkəmə qətnaməsinə əsasən işə bərpa edildiyi 14 mart 2014-cü il tarixədək olan dövr - məcburi işburaxma dövrü dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Şirvan İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2376/2024 saylı qərarına əsasən, İddiaçı cavabdeh Kürdəmir rayon İcra Hakimiyyətinə qarşı “ “xx.xx.2011xx.xx.2014-cü il tarixləri arasındaki ödənilməmiş əmək haqqı məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı xx.xx.2011-xx.xx.2014cü il tarixləri arasındaki məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Kürdəmir rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəsini almışdır. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 16 aprel 2025-ci il tarixli, 96 saylı arayışından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2376/2024 saylı qərarına əsasən ödənilməmiş əmək 12196 manat əmək haqqı İddiaçı ödənilmişdir. Kürdəmir rayon İcra Hakimiyyətinin 15 may 2025-ci il tarixli, 5-56/2-484/2025-ci il tarixli Şirvan İnzibati Məhkəməsinı ünvanlanmış məktubundan aydın olur ki, Şirvan İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2376/2024 saylı qərarına əsasən İddiaçı 10012 manat ödənilməmiş əmək haqqı, 2184 manat mükafatlarla bağlı pul ödənilmiş, o cümlədən 2684 manat məcburi dövlət sosial sığorta haqlarına görə pul tutulmuşdur. Yuxarıda qeyd olunan qanunvericiliyinə əsasən, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Əvvəlki məhkəmə icraatı dövründə İddiaçı qeyd olunan illər üzrə əmək haqqının ödənilməməsi və məcburi dövlət sosial sığorta haqqının tutulmaması müəyyən olunsa da, hal-hazırda ona 10012 manat ödənilməmiş əmək haqqı, 2184 manat mükafatlarla bağlı pul ödənilmiş, o cümlədən 2684 manat məcburi dövlət sosial sığorta haqlarına görə pul tutulmuşdur. Belə olan halda onun iddiası əsaslı hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-672/2023 saylı, 15 may 2023-cü il il tarixli qərarı dəyişdirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 01 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-54/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-54/2025
19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver