Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-544/2025 03.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaş görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli 2-1(120)-1682/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur. H3 № ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək X6 xidmət etmişdir (1 il, 10 ay 21 gün), xx.xx.1974-cü il tarixli Щ № 004687 nömrəli diplomdan görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Bakı Politexnikumunda gündüz şöbəsində təhsil almışdır (2 il, 6 ay, 24 gün), 10 sentyabr 1973-cü il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək “Odessa” sovxozunda fəhlə vəzifəsində (1 ay 14 gün), Ştamp: 8 Nömrəli Dəmir-Beton zavodu İstehsal müəssisəsinin idarəsi “Qlavbakstroy”: - xx.xx.1974-cü il tarixdə 18/Vİ-74-cü il tarixli 81/k nömrəli əmrə əsasən 2-ci dərəcəli qəlibçi vəzifəsinə təyin edilmiş, xx.xx.1974-cü il tarixdə Sovet ordusuna çağırıldığına görə işdən azad edilmiş (5 ay 14 gün), - xx.xx.1977-ci il tarixdə dördüncü dərəcəli bənna vəzifəsinə qəbul olunmuş, xx.xx.1977-ci il tarixdə başqa işə keçirilməsi ilə əlaqədar işdən azad edilmiş (1 ay 7 gün), “Sovxozstroy” trestinin Masallı tikinti idarəsi: - xx.xx.1977-ci il tarixdə ştat cədvəlinə uyğun olaraq texnik vəzifəsinə qəbul olunmuş, xx.xx.1978-ci il tarixdə təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci il tarixdə istehsalat hazırlığı üzrə baş mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə 7 nömrəli “Təmirtikintidizayn” trestinə işə keçdiyinə görə işdən azad edilmiş (14 il 4 ay 18 gün), 4 nömrəli ZİTTQİ: - xx.xx.1991-ci il tarixdə 206 nömrəli məktuba əsasən iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci il tarixdə Masallı İİM-nin xx.xx.1992-ci il tarixli 11 nömrəli məktubuna əsasən həmin müəssisənin sərəncamına göndərilmiş (8 ay 25 gün), X5 Müəssisəsi: - xx.xx.1992-ci il tarixdə 15 nömrəli məktuba əsasən baş mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə ərizəsinə əsasən işdən azad edilmiş (7 ay 18 gün), - xx.xx.1993-cü ildə Masallı rayon İnşaat İstehsalat sahəsinə bənna vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildən işdə azad edilmiş (1 il 1 ay 28 gün), - xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “X11” MMC Masallı rayon ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləmişdir (4 il 3 ay 3 gün). Masallı Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, “...“X5 Müəssisəsi”nin sənədləri, o cümlədən müəsisənin əmr kitabları, əmək haqqı cədvəlləri, Masallı Rayon dövlət Arxivinə təhvil verilməyib. Bu səbəbdən də, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi “X5 Müəssisəsi”ndə işləməsi və ya əmək haqqı alması barədə arxiv arayışının verilməsi imkan xaricindədir.” Masallı Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, “...7 saylı Təmir Tikinti Dizayn Tresti”nin xx.xx.1994-cü ilə qədərki əmr kitabları və ümumi əmək haqqı sənədləri Masallı Rayon Dövlət Arxivinə təhvil verilməyib. Bu səbəbdən də, İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə kimi “7 saylı Təmir Tikinti Dizayn Tresti”ndə işləməsi və ya əmək haqqı alması barədə arxiv arayışının verilməsi imkan xaricindədir.” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “...Təqdim etdiyiniz sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən ümumi sığorta stajınız xx.xx.1971-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək əyani təhsil aldığınız illər və xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla 23 il 8 ay 7 gün təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 19 il 6 ay sığorta stajınıza uyğun olaraq 19668,72 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) və xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınan 4024,67 manat (2024cü il tarixinə indeksləşdirilmiş) olmaqla ümumilikdə 23693,39 manat (2024-cü il tarixinə indeksləşirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək və xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək (işdənçıxma SSRİ möhürü ilə təsdiqlənib), həmçinin xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək (işdənçıxma qeydi möhürlə təsdiqlənməyib) olan dövrlərin doldurulma qaydası pozulub. Təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Masallı rayon 4 saylı istehsal təmir tikinti idarəsində, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Masallı İnşaat-İstehsalat Müəssisəsində, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək isə Masallı rayon İnşaat-İstehsalat sahəsində əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) 2 saylı Lənkəran-Astara filialının Masallı Rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən 4 saylı istehsal təmir tikinti idarəsinin, Masallı İnşaat-İstehsalat Müəssisəsinin və Masallı rayon İnşaat-İstehsalat sahəsinin əmr kitabları və əməkhaqqı cədvəlləri Masallı Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən əmək haqqı alıb-almadığınızı müəyyənləşdirmək və sözügedən dövrləri sosial sığorta stajınıza daxil etmək mümkün olmamışdır. ... Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərini nəzərə alaraq Sizə xx.xx.2020-ci il yaşa görə sosial müavinət təyin edilmiş və hazırda ödənişi 220 manat olmaqla davam etdirilir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonunda fəaliyyət göstərmiş bir çox müəssisə və təşkilatlarda işləmiş, həmçinin 2 il hərbi xidmətdə olmuş və 1971-1974-cü illərdə əyani təhsil almışdır. O, müvafiq sənədlərini hazırlayıb pensiya təyin olunması üçün cavabdeh təşkilata müraciət etmişdir. Lakin cavabdeh təşkilat onun sənədlərini yoxlayarkən xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Masallı rayon 4 saylı istehsal Təmir-Tikinti idarəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Masallı İnşaat-İstehsalat Müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək isə Masallı rayon İnşaat-İstehsalat sahəsində işlədiyi müddəti ona iş stajı olaraq hesablanmamış, nəticədə əmək pensiyası təyin edilməsindən imtina edilimiş və ona sosial müavinət təyin edilmişdir. Lakin əmək kitabçasından görünür ki, həmin illərdə işləmişdir. İşlədiyi təşkilatlara aid əmr kitabları və əmək haqqı cədvəllərinin Masallı Rayon Dövlət Arxivinə təhvil verilməməsi onun təqsiri deyil. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazının dəlilləri imtinanın dəlilləri ilə eynilk təşkil edir. Şirvan İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli 2-1(120)-1682/2025 nömrəli qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli 2-1(120)- 1682/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əmək pensiyası təminatı hüququ Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatının iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə 25 il sığorta stajına və 65 yaşa malik olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Kollegiya qeyd edir ki, iş üzrə cavabdeh tərəfindən iddiaçının mübahisələndirilmədiyi dövr onun xx.xx.1971-ci il tarixidən xx.xx.1974-cü il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 23 il 8 ay 7 gün təşkil edir. Tərəflər arasında mübahisəli məsəl iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrlərin nəzərə alınmamasıdır. Həmin dövrlərin nəzərə alınmamasına səbəb isə xx.xx.1991-ci il tarixdən xx.xx.1992ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrlərə münasibətdə həmin dövrlərin SSRİ möhürü ilə təsdiqlənməsi və həmin illərə aid sənədlərin arxivə təhvil verilməməsi səbəbindən yoxlanılmasının mümkün olmaması; xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrün isə möhür ilə təsdiqlənməməsi olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili olan - xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrlərə münasibətdə həmin dövrlərin SSRİ möhürü ilə təsdiqlənməsinə və həmin illərə aid sənədlərin arxivə təhvil verilməməsi səbəbindən yoxlanılmasının mümkün olmamasına münasibətdə qeyd edir ki, iddiaçının əmək kitabçasının mübahisələndirilən illəri ehtiva edən hər bir qeydi müəssisənin dairəvi möhürü və məsul şəxsin (direktorun) imzası ilə təsdiq olunmuşdur. Möhürün kiril qrafikası ilə yazılmasına gəldikdə 1990-cı illərdə belə yazılara təsadüf olunurdu. Çünki, hələ respublika səviyyəsində məcburi latın qrafikasına keçilməmişdi. Latın əlifbası 1991-ci il dekabrın 25-də Azərbaycan parlamenti tərəfindən təsdiq olunsa da, müxtəlif obyektiv və subyektiv səbəblər üzündən yalnız Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli Fərmanından sonra, bütün Azərbaycan ərazisində latın əlifbasına keçilmişdir. İddiaçının əmək fəaliyyəti ilə bağlı məlumatlar əmək kitabçasında qeyd edilmiş, onların mötəbərliyini şübhə altına alan hər hansı bir hal müəyyən edilmir, qeyd edilən hal cavabdeh tərəfindən də sübuta yetirilməmiş, o cümlədən onun tərəfindən bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Sənədlərin arxivə təhvil verilməməsi və bu səbəbdən qarşılıqlı yoxlamanın aparılmasının mümkün olmaması iddiaçının məsuliyyət sferasına aid edilə bilməz, o cümlədən sosial təminat hüququnun pozulmasının əsası ola bilməz. Cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı əmək fəaliyyəti barədə qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Bundan başqa, kollegiya qeyd edir ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən X3 və X1 əmək pensiyası təyin edilərkən onların müvafiq olaraq 1992-1996 və 1992-1993-cü illərdə Masallı İnşaat-İstehsalat Müəssisəsində işlədikləri müddətlər nəzərə alınmışdır. Yuxarıda qeyd edildiyi kimi Masallı İnşaat- İstehsalat Müəssisəsinin sənədləri, o cümlədən müəssisənin əmr kitabları, əmək haqqı cədvəlləri arxivinə təhvil verilməmişdir. Göründüyü kimi inzibati orqan eyni mühüm faktiki hallara malik olan işlər üzrə fərqli mövqe nümayiş etdirmişdir. Halbuki, “İnzibati icrat hqaqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Kollegiya apellyasiya şikayətinin dəlili olan - xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrin isə möhür ilə təsdiqlənməməsinə münasibətdə isə qeyd edir ki, işin araşdırılması zamanı tərəflərin iştirakları ilə əmək kitabçasına baxış keçirilmiş və bu zaman əmək kitabçasında möhürün mövcud olması, lakin onun solğun olması müəyyən edilmişdir. Əmək kitabçasındakı möhürün solğun olması səbəbindən həmin dövrün sığorta stajı kimi nəzərə alınmaması ilə bağlı bir norma yoxdur. Məsələyə bu cür davranış tərzi qanuni deyil. Ümumiyyətlə qeyd edilən əsaslar üzrə cavabdehin orqanın kassasiya şikayətlərinə münasibətdə əmək kitabçasının mötəbərliyinin tanınması ilə bağlı vahid məhkəmə təcrübəsi mövcuddur, həmin şikayətlər mümkün sayılmır və şikayətin qəbulundan imtina edilir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən dövrlər nəzərə alındıqda birinci instansiya məhkəməsinin müəyyən etdiyi müddətdə iddiaçı 25 il sosial sığorta stajını topladığından ona yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtinası əsassız olmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli 2-1(120)-1682/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.