Məhkəmə qərarları › İş №2-1(106)-545/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-545/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-545/2024 15.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2-1(120)-4166/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən ona dəymiş 10 000 ( on min) manat maddi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahişetmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu il tarixində Laçın rayon, Pircahan kəndində doğulmuşdur.1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı Xüsusi Təyinatlı, Qoşun Kəşfiyyatı və Motoatıcı hərbi hissələrdə, mayor rütbəsində, zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Hal hazırda ehtiyyatda olan zabitdir, rütbəsi mayordur. Prezident təqaüdçüsü, 2-ci dərəcə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlildir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur.Xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli. Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X2,Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərin yanında olmuşdur.Ona imtiyazlı şəxs kimi Bakı şəhər İcra Hakimiyyəti, Suraxanı rayon İcra Hakimiyyəti və Suraxanı rayon Hövsan Bələdiyyəsi tərəfindən 4 sot torpaq sahəsi ayrılmışdır, lakin həmin ərazidə ona məxsus yaşayış evinin qaz şəbəkəsinə birləşdirib qazla təhciz edilməmişdir, bir cox vaxtlarda cavabdehə, 3-cü şəxslərə yazılı və şifahi müraciət etsə də, ona biganə cavab verilmişdir ki, müraciəti bu səbəblərdən müsbət həllini tapmamışdır. Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhər, Suraxanı rayon, Hovsan qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinin qaz şəbəkəsinə birləşdirib qazla təhciz edilmədiyi üçün Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir, məhkəmə xx.xx.2023-cü il tarixədək ətraflı araşdırma apararaq ədalətli qətnamə qəbul etməklə iddia tələbi Suraxanı RayonMəhkəməsinin 2(010)-688/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin etmişdir.Suraxanı Rayon Məhkəməsinin 2(010)-688/2023 nömrəli xx.xx.2023-cü ıl tarixli qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3691/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qəradadı ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-688/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ləğvedilərək qeyd edilmişdir ki, bu kimi iddia tələbi üzrə işlərə İnzibati Məhkəmələrdə baxılmalıdır. Məcbur qalıb ‘‘Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhər, Suraxanırayon, Hövsan qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinin qaz şəbəkəsinə birləşdirib qazla təhciz edilmədiyi üçün məhkəməyə müraciət etmişdir, məhkəmə hərtərəfli və obyektiv araşdırma apararaq Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-1490/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbini təmin etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1490/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilmədən qüvvədə saxlanılmışdır. Beləliklə cavabdeh tərəfindən ona qarşı etdiyi qanuna zidd hərəkətləri nəzərə alaraq ona külli miqdarda maddi zərər vurmuşdur, yəni onun haqsız olaraq müraciətinə müsbət cavab verməməklə, sənətində şəxsi qərəzçilik etməklə məhkəmə çəkişmələrinə cəlb edilməyi, məhkəməyə sənətləri hazırlamağı, yol gedib gələrkən onun yol xərci, sənətləri toplayarkən bir çox hüquq müdafiəçilərindən ödənişli məsləhət almağı, sonda hər üç instansiya məhkəməsi xeyrinə qərar qəbul etməyi və sair digər bu kimi hallara yol verməkləri nəticəsində ona 10 000 (on min) manat maddi zərər vurmuşdurlar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4166/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qərardadı (Rəşidə Quliyeva) inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək iş üzrə qəbul edilmiş 2-1(120)-4720/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, iddiaya yenidən baxılması üçün inzibati işi inzibati məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmiş və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırma aparmamış və nəticədə düzgün olmayan yekun məhkəmə aktı qəbul etmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4166/2024 saylı, 05 sentyabr 2024cü il tarixli qərardadının ləğv edilməsi və iddia tələbi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının: 15.1-ci və 15.2-ci bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət mühakimə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun: 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə- Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrinin ərazi yurisdiksiyası"nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. 8.3-cü maddəsinə əsasən mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.5-ci maddəsinə əsasən məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, İddiaçı cavabdeh tərəfindən ona dəymiş 10 000 ( on min) manat maddi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi inzibati iş materiallarını baxılması üçün aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə göndərmiş və qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Belə olan halda inzibati iş materialları baxılması üçün aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı Laçın rayonu, Qayğı qəsəbəsində qeydiyyatda olsa da, o, ünvan 1 ünvanında yaşayır(iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə əsasən). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. Qeyd edilən hüquq normalarından göründüyü kimi mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialarda inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara və həmin inzibati orqanların faktiki xarakterli hərəkətlərinə qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin məhkəməsi tərəfindən, əks halda, iddiaya cavabdehin yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən, o, Laçın rayonunda qeydiyyatda olsa da, məcburi köçkün kimi faktiki olaraq iddiaçının daimi yaşayış yeri ünvan 1 ünvanıdır və həmin ünvanda yaşayır. Bakı şəhəri isə inzibati ərazi vahidi kimi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid ərazidir. Eyni zamanda hazırki iddia tələbi üzrə Cavabdeh birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən orqandır. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı yaşayış yeri ünvan 1 ünvanı olduğundan, Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid ərazi olduğundan və Cavabdeh birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən orqan olduğundan hazırki işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İPM-in 8.1.2-ci maddəsinə əsasən, sübutların toplanması, məhkəməyə çatımlılığıntəmin edilməsi, habelə məhkəmə araşdırmasının daha tez və səmərəli aparılması üçünhazırki mübahisəyə iddiaçının faktiki yaşayış ünvanı üzrə baxılması məqsədə müvafiqdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci və 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin olunmasın. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4166/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar