Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-545/2025 29.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2-1(120)-873/2025 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli qərarın və xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 05 may 2025-ci il tarixli, 2- 1(120)-873/2025 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/1-R-295567/2023 saylı qərarının və xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, 30 (otuz) manat ekspertiza tədqiqatının dəyərinin İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22.Hesab №AZ34CTRE********************) köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. İnzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. Məhkəmə İddiaçı mübahisələndirdiyi cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarlar üzrə iddiaçıya münasibətdə müəyyən edilmiş xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1151,61 manat artıq ödənilmiş pensiya məbləğini əsassız hesab edir. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. İddiaçı həmçinin ona təyin edilmiş əmək pensiyasının məbləği ilə razı olmadığını və buna görə pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının ötən dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbindən qanuni əsaslarla imtina olunduğundan, işin bu cür halında isə cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməsi hər hansı dəlil ilə sübuta yetirilmədiyindən, iddia təmin edilməməlidir. İddiaçının pensiya işinə, qanunvericiliyin müvafiq tələblərinə və ekspert rəyinə əsasən hesab edilir ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği düzgün hesablanaraq ödənilmişdir. Qərardan həm iddiaçı, həm də cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1954-cu ildə Azərbaycan Dövlət Tibb İnistitutunda müəllim kimi işə başlamışdır. xx.xx.1956-cı ildə təhsil almağı ilə əlaqədar olaraq öz ərizəsi ilə işdən azad olunmuşdur. 1953-cü il tarixdə Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olmaqla 1959-cu ilədək həmin İnstitutda ali təhsil almışdır. X2 02 iyul 1959-cu il tarixli qərarı ilə həmin İnstitutun müalicə və proflaktika fakültəsini həkim ixtisası üzrə bitirmişdir. 1959-cu ilin iyul ayından oktyabr ayına qədər Uzaq Şərq Hərbi dairəsində dinləyici kimi hərbi xidmətə başlamışdır. 1959-cu ilin oktyabr ayından 1966-cı ilin aprelin 13-ə qədər isə həmin dairədə alayın tibb məntəqəsində kiçik həkim kimi hərbi xidmət etmişdir. 1966-cı ilin 18 aprelində Lənkəran Mərkəzi Rayon Xəstəxanasında uroloq-cərrah kimi işə başlamışdır. 28 fevral 1972-ci ildə vəzifəsi dəyişdirilərək ümumi cərrah işinə keçirilmişdir. 01 avqust 2011-ci ildə təqaüdə çəxdığı üçün işdən azad olunmuşdur. Bütün bu sadaladığı əmək fəaliyyəti işə girmə və işdən azad olma əmrləri ona məxsus olan diplom, hərbi bilet və əmək kitabçalarıda qeyd olunmuşdur. Yaşa görə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün müvafiq sənədlərini toplayıb Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi filialı vasitəsi ilə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəz filialı isə ona 15 dekabr 2023cü il tarixli, 3-17-1 /2-R-296437/2023 saylı məktubla imtina vermişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək pensiyanın yenidən hesablanmasını xahiş etmiş, həmin müraciətin araşdırılması zamanı artıq ödəmə müəyyən olunmuş, Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/1-R- 295567/2023 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilmiş və xx.xx.2023-cü il tarixli 3-17-1/2-R-296437/2023 nömrəli məktubla iddiaçıya yaşa görə əmək pensiyasının yenidən hesablandığı və pensiyanın məbləğində dəyişiklik olduğu bildirilmişdir. İddiaçı xx.xx.1935-ci il tarixdə doğulmuş, xx.xx.1995-ci il tarixdə 60 yaşı tamam olmuşdur. Elə həmin tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya təyinatının hüquqi əsasını xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 12-ci maddəsi təşkil etmişdir. Həmin maddənin pensiyanın təyin edildiyi tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər — 60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda.” Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması zamanı xx.xx.2006-cı il tarixədək və xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə sığorta stajının müəyyən edilməsi zamanı fərqli tənzimləmə müəyyən edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında" Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) xx.xx.2006-cı il tarixədək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən sığortaolunanlara pensiya təyin edilərkən və ya yenidən hesablanarkən xx.xx.2006-cı il tarixdən sonrakı sığorta stajı yalnız sığortaolunanların fərdi hesabında qeydə alınmış pensiya kapitalı əsasında hesablana bilər. Fərdi hesabda pensiya kapitalının olmaması isə sığortaolunana münasibətdə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyini və bu səbəbdən sosial sığorta stajının olmadığını göstərir. N.X4 təqdim etdiyi əmək kitabçalarına, hərbi biletinə və diplomuna əsasən onun xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı 52 il 3 ay 25 gün müəyyən edilmişdir. Qeyd olunan staja iddiaçının xx.xx.1953-cü il tarixdən xx.xx.1959-cu il tarixədək təhsil aldığı dövr, xx.xx.1959-cu il tarixdən xx.xx.1966-cı il tarixədək hərbi xidmət dövrü və xx.xx.1966cı il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü daxildir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçının fərdi şəxsi hesabına xx.xx.2011-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əsasında xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə sığorta stajı müəyyən edilmişdir. Lakin iddiaçının müraciətinin araşdırılması zamanı aşağıda qeyd olunan səbəblərdən artıqödəmə halı aşkar edilmişdir. Belə ki, xx.xx.2011-ci il tarixdə İddiaçı yaşa görə əmək pensiyası yenidən hesablanarkən xx.xx.2006-cı il tarixədək sığorta stajı 52 il 3 ay 25 gün olduğu halda, 53 il 1 ay nəzərə alınaraq hesablanmışdır. Həmçinin, iddiaçının xx.xx.2011-ci il tarixdə Qanunun 37.3.1 -ci maddəsinə əsasən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün əmək pensiyasının yenidən hesablanması zamanı hesablanmış məcburi dövlət sosial sığorta haqları ilə fərdi hesabının sığorta hissəsində qeydə alınmış (ödənilmiş) məcburi dövlət sosial sığorta haqları arasında uyğunsuzluğun yarandığı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsinin tələblərinə görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. İddiaçı xx.xx.2011-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 1452,34 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixdən (İddiaçı xx.xx.2023-cü il tarixli müraciətindən 3 il əvvələ) 343,75 manat müəyyən edilmişdir. Bu zaman hüquqi əsas qismində Qanunun 39.1-ci maddəsi çıxış etmişdir. Həmin maddəyə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 382,94 manata, xx.xx.2022-ci il tarixdən 395,96 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 412,62 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 473,27 manata çatdırılmışdır. İddiaçıya münasibətdə artıq ödənilmiş pensiya məbləği xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1151,61 manat təşkil edir. Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-R- 304449/2023 nömrəli məktub ünvanlanmış və qeyd olunan vəsaitin İddiaçı öz razılığı ilə pensiyasından tutulması ilə bağlı ərizə təqdim etməsi xahiş olunmuşdur. İddiaçı iddia ərizəsində Mərkəzi Filial tərəfindən pensiya hesablanarkən ümumi stajının 52 il 3 ay 25 gün olmaqla nəzərə alındığını qeyd etmişdir. Qeyd olunan müddət iddiaçının ümumi sığorta stajının yalnız xx.xx.2006-cı il tarixədək olan dövrünü əhatə edir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində 1 il 7 ay 10 gün iş stajının nəzərə alınmamasından narazı olduğunu bildirməklə, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilməmiş həmin hissəsində ləğv edilməsini, həmin dövr nəzərə alınmaqla yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Şikayətdə həmçinin birinci instansiya məhkəməsinin maddi hüquq normasını düzgün tətbiq etməməsi göstərilmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, iddiaçının pensiya məbləğinin az olması ilə bağlı müraciəti əsasında aparılan araşdırma nəticəsində onun sosial sığorta stajının az olması müəyyən edilmiş və xx.xx.2023-cü il tarixli qərarla pensiya məbləği azaldılmışdır. Sonradan yenidən iddiaçının müraciəti üzrə xx.xx.2024-cü il tarixli qərar qəbul edilsə də, həmin qərarla pensiya məbləği azaldılmamış, əvvəlki qərarla müəyyən edilmiş həcmdə saxlanılmışdır. Həmçinin iddiaçının sosial sığorta stajı kimi nəzərə alınmasını tələb etdiyi 1953-1956-cı illər üzrə iş stajı təhsil dövrü ilə üst-üstə düşdüyündən vahid staj kimi onun sığorta stajına daxil edilmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, həmçinin bildirmişdir ki, 1954-1956-cı illərdə təhsil aldığı zaman həm də işləsə də, bu müddət ona ayrıca sosial sığorta stajı kimi hesablanmamışdır. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. -64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 nömrəli, xx.xx.2024-cü il tarixli üç ulduzla nişanlanmış qərarında təsbit edilmiş hüquqi mövqeyə görə: -İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. -İnzibati orqan əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. -Qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. -İnzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. -Beləliklə, qeyd olunan hüquqi yanaşma inzibati orqanlardan onu tələb edir ki, inzibati orqan özünün əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlı olsa da, malik olduğu bu səlahiyyətin həyata keçirilməsi zamanı məhdudiyyətlərə və qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətə və prosedurlara riayət etməlidir. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli mübahisələndirilən qərarının məzmunundan görünür ki, iddiaçıya 2011-ci il üzrə hesablanmış əmək pensiyasının pensiya kapitalının düzgün hesablanmaması nəticəsində artıq olması müəyyən edilmiş və ödənilən cari pensiya məbləğinin (508,67 manat) azaldılması (473,27 manat) qərara alınmışdır. Həmçinin “pensiyanın yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin qərarla pensiya məbləği azaldılmasa da, bu qərar xx.xx.2023cü il tarixli qərarla müəyyən edilmiş pensiya məbləğini dəyişməmişdir (indeksləşdirmə nəzərə alınmaqla). Odur ki, həmin qərar ondan əvvəl qəbul edilmiş qərarın doğurduğu hüquqi nəticə kimi çıxış etdiyindən mübahisə predmetini təşkil edir. Qanunvericilik qanunsuz inzibati aktın ləğv edilməsini həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il müddətində məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyinatı ilə bağlı sənədlər toplusu iddiaçının özündə (müvafiq filialda) saxlanıldığından onun istənilən vaxt həmin sənədləri təftiş etmək, özünün əvvəlki təyinatla bağlı qərarını ləğv etmək və yaxud dəyişdirmək imkanı olmuşdur ki, bu iddiaçının bilməli olduğu hallara aiddir. Buna baxmayaraq cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələblərinə zidd olaraq, 2011-ci ildə aparılmış pensiya təyinatı barədə qərarını uzun müddət (12 ildən artıq) keçdikdən sonra yenidən təftiş edərək, pensiya məbləğinin azaldııması qərarına gəlmişdir. Məhkəmə kollegiyası həmçinin iddianın birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı 1954-1956-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda işlədiyi dövrlərin ona sosial sığorta stajı kimi nəzərə alınmasını tələb etsə də, işdə olan diplomun surətindən görünür ki, 0, 1953-1959-cu illərdə həmin təhsil müəssisəsində təhsil almış, həmçinin cavabdehin nümayəndəsi həmin dövrün təhsil müddəti kimi sığorta stajına hesablandığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təhsil və iş stağının üst-üstə düşməsi halında həmin dövr vahid dövr kimi nəzərə alınmalıdır. Başqa sözlə, iddiaçının 1953-1959-cu illər üzrə təhsil müddəti sığorta stajı kimi nəzərə alındıqda 1954-1956-cı iş illərini də əhatə edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2-1(120)-873/2025 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-545/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-545/2025
29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver