Məhkəmə qərarları › İş №2-1(106)-546/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-546/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-546/2025 01.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X9 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının və onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2-1(120)-1025/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı əmrinin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 079gm saylı əmrin ona aid hissədə ləğv olunması, hərbi xidmətə bərpa olunması, tərxis edildiyi üçün itirilmiş xidməti müddətin hesablanması və ehtiyata buraxıldığı gündən vəzifəsinə bərpa olunana qədərki dövr üçün vəzifə maaşının və ona əlavələrin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.hüseynova) 30 aprel 2025-ci il tarixli, 2- 1(120)-1025/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, komandanlıq tərəfindən “Şərəf məhkəməsi”nin qərarı nəzərə alınaraq İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) ilə vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barəsində “Təqdimat”ın verilməsində ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, iddiaçı xidmət etdiyi hərbi hissədə tibbi ekspertizanın nəticələri ilə razı olmadığını və yenidən analizlər keçirilməsini tələb etdiyini bildirmiş, Bundan sonra məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertiza rəyi üzrə müəyyən edilmişdir ki, iddiaçıdan götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri, salisilatlaı və kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İddiaçı barəsində cavabdeh orqan tərəfindən hər hansı cinayət işi və digər təhqiqat materialı aparılmamışdır. Həmçinin iddiaçıdan götürülmüş sidik nümunəsi saxlanılmalı olduğu halda, məhkəmə gedişatı dövründə məhv edilməsi müəyyən edilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı ilə aparılmış xx.xx.2022-ci il tarixli söhbət vərəqində verilmiş suallara cavab olaraq heç bir narkotik vasitələrdən istifadə etməməsi, narkotik vasitələrindən heç birini tanımaması, ordu sıralarından tərxis edilməməsini xahiş etmişdir. Beləliklə, məhkəmə 145/k saylı,xx.xx.2022-ci maddi sübutların tədqiqatı barədə aktda qeyd edilən hallar sübuta yetirilə bilinmədiyi üçün İddiaçı narkotik maddələrdən istifadə etməsini istisna edən hal kimi qiymətləndirilməsini mümkün hesab edir. Qərardan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının müvafiq qərardadı ilə cavabdeh əsl cavabdeh N saylı hərbi hissə ilə əvəz edilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci ordu korpusunun, N saylı hərbi hissədə 2009-cu ildən xx.xx.2022-ci ilədək “kiçik gizir” kimi xidmət etmişdir. Xidmət etdiyi dövr ərzində özünü nizam-intizamlı apararaq hərbi hissə komandirlərinin verdikləri tapşırıqları yüksək səviyyədə yerinə yetirmişdir. Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və Prezident tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medal, “Cəbrayılın azad olunmasına görə” medalı və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Müdafiə Nazirinin X6 13 may 2022-ci il tarixli, 079gm saylı əmrinə əsasən onu xidmətdən əsassız və qanunsuz olaraq azad etmişlər. Yuxarıda göstərlənlərə əsasən, hesab edir ki, xidməti araşdırma aparılmadan, heç bir əsas olmadan onun xidmətdən azad olunması, ona qarşı yol verilmiş kobud qanun pozuntusudur və eyni zamanda Azərbaycan Respublikasının vətəndaşı kimi onun konstitusion hüquqlarının və qanunun aliliyinin kobud şəkildə pozulmasıdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, X10 hərbi hissədə yol verdiyi nalayiq hərəkətləri ilə əlaqədar xx.xx.2022-ci il tarixdə xidmət etdiyi N nömrəli hərbi hissədə şərəf məhkəməsi keçirilmiş və “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə məhkəmənin qərarı həmin vaxt iştirak edən X11 elan edilmişdir. Müdafiə nazirinin 05.2015ci il tarixli 24 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı qüvvələrində hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şərəf məhkəmələri haqqında Əsasnamə”nin 5.6-cı yarımbəndinə əsasən şərəf məhkəməsinə cəlb olunan şəxs Məhkəmənin qərarından 10 gün müddətində yazılı şəkildə bilavasitə hərbi hissə komandirinə şikayət verə bilər. Şikayət raportuna daxil olduğu gündən 10 gün ərzində baxılmalıdır. Şikayətdə göstərilən məsələlərin yoxlanılması üçün zərurət yarandıqda bu müddət qədər uzadıla bilər. İş materiallarından göründüyü kimi X10 bu barədə şikayəti daxil olmamışdır. Bundan əlavə X11 Müdafiə nazirinin müavini - X5 xx.xx.2022-ci il tarixli 079gm nömrəli əmri əsasında ehtiyata buraxılması barədə Hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 155 nömrəli əmri ilə inzibati icraat haqqında Qanunun 62-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə inzibati aktın qəbul edilməsi haqqında imza edilməklə məlumat verilmişdir. İş materiallarından göründüyü kimi iddiaçının xx.xx.2022-ci il tarixədək bu barədə şikayəti daxil olmamışdır. Odur ki, iddia müddəti ötürülmüşdür. X12 N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 2-ci taqımının 1-ci döyüş maşını komandiri - döyüş maşınları heyətinin rəisi vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmətdə olarkən Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə sonuncunun narkotik vasitədən istifadə etməsi barədə məlumat daxil olmuş həmin məlumata əsasən iddiaçının narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə edib-etməməsini müəyyən etmək məqsədilə təyin olunmuş nümayəndələrə təqdim edilmiş, nümayəndələr tərəfindən qan və sidik nümunələri götürülmüşdür. Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin xx.xx.2022-ci il tarixli 7/22N nömrəli və N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 83 nömrəli təliqələrinə əsasən Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 götürülmüş “qan və sidik” nümunələrinin iş təcrübəsi 2018-ci ildən olan Məhkəmə tibbi eksperti-kimyaçı Vəfa Qarayevə tərəfindən tədqiqatı aparılmış, tədqiqat nəticəsində gizir R.İ.Quliyevin sidik nümunəsinin tərkibində “9-∆-Tetra-hidro kannabinol” adlı maddə aşkar olunmuşdur. Aşkarlanan bu preparat Çətənə (Cannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. Gizir R.İ.Quliyevin müayinəsinin nəticələri barədə MN MTE və PAM-də tərtib edilmiş 145/K nömrəli Akt (Maddi sübutların tədqiqatı) N nömrəli hərbi hissəyə göndərilmişdir. Gizir R.İ.Quliyevin qeyd olunan davranışı nəzərə alınaraq bölük komandiri tərəfindən xx.xx.2022-ci ildə onun şərəf məhkəməsində dinlənilməsi barədə raportla vəsatət qaldırılmış, hərbi hissə komandiri tərəfindən vəsatət təmin edilmiş, xx.xx.2022-ci il tarixdə şərəf məhkəməsi keçirilmiş, Quliyev “gizirlərin şərəf məhkəməsi”ndə dinlənilmişdir. N nömrəli hərbi hissə komandirinin qərarı əsasında xx.xx.2022-ci il tarixdə keçirilən “gizirlərin şərəf məhkəməsi”ndə R.İ.Quliyev və məhkəməyə cəlb olunmuş şəxslərin məhkəmədə baxılan iş üzrə irad və fikirlərini bildirmək üçün çıxışları dinlənilmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli 24 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan publikası Silahlı Qüvvələrində hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi jqçularından başqa) şərəf məhkəmələri haqqında Əsasnamə”nin 4.16-cı yarımbəndinin tələblərinə uyğun olaraq bu barədə 14 nömrəli xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən şərəf məhkəməsi zamanı onunla birgə xidmət edən 5 nəfər hərbi qulluqçu çıxış etmiş, məhkəmə heyətinə çıxış edən şəxslərin 4 nəfəri kiçik iddiaçının hərbi qulluqçunun şərəf və ləyaqətinə ləkə gətirən hərəkətlərə yol verməsi, narkotik vasitədən istifadə etməsi və belə hərbi qulluqçunun müzəffər Azərbaycan Ordusunda narkotik vasitədən istifadə etməsinin məqsədəuyğun olmaması nəzərə alınaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair təkliflər etmişlər. Həmçinin məhkəmə prosesi zamanı iddiaçı çıxışlarda göstərilən iradlarla razılaşaraq qərardan etirazı olmadığını bildirmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri əsasən iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının üzərindən 2 il 10 ay keçdikdən sonra əldə edilmiş, yəni 4 dekabr 2024-cü il tarixli ekspert rəyinə əsaslansa da, həmin analizin nəticələri mötəbər hesab edilə bilməz. Həmçinin hazırki iddia təmin olunduğu təqdirdə artıq eyni məsələlər ilə bağlı məhkəmə təcrübəsi yaranacaq ki, bu da narkotik maddələrdən istifadə etmiş hərbi qulluqçuların ehtiyata buraxıldıqdan sonra məhkəməyə müraciət edərək, yenidən hərbi xidmətə bərpa olunmasına şərait yaradacaqdır. Prosessual məsələlər İddiaçı və vəkili ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini qəbul etməmişlər, həmçinin iddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan: -Müdafiə Nazirinin müavini-X6 xx.xx.2022-ci il tarixli, 079gm nömrəli əmrindən çıxarışdan görünür ki, N saylı Hərbi Hissənin 4-cü mexanikləşdirilmiş taborunun (BMP-2) 12-ci mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş taqımının döyüş maşın komandiri-döyüş maşınları heyətinin rəisi İddiaçı “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, X7 xx.xx.2022-ci il tarixdə götürülmüş nümunələrin qalan hissəsi Məhkəmə Tibbi Ekspertiza və X4 arxivində saxlanılmış, Azərbaycan Respublikası Müdafiə Nazirinin 20 mart 2020-ci il tarixli 05 №li qərarına və Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 fevral 2015-ci il tarixli 07 №li əmrinə əsasən, bioloji nümunələrin saxlanılma qaydasının tələblərinə uyğun olaraq 04.10.23-cü il tarixdə, 48 №li aktla həmin nümunələr məhv edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 “maddi sübutların tədqiqatı” barədə xx.xx.2022-ci il tarixli, 145/K saylı aktdan görünür ki, İddiaçı götürülmüş sidik nümunəsinin Nazik təbəqəli kull xromatoqrafiya və İmmunofermentativ xətli test metodu ilə məhkəmə-kimyəvi tədqiqatına əsaslanaraq aşağıdakı rəyə gəlmişdir: məhkəmə-kimyəvi tədqiqat nəticəsində sidik nümunəsinin tərkibində 9-∆-Tetra-hidro kannabinol adlı maddə aşkar olundu. Aşkarlanan bu preparat çətənə (Cannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. -xx.xx.2022-ci il tarixli söhbət vərəqindən görünür ki, İddiaçı verilmiş suallara cavab olaraq, narkotik vasitələrdən istifadə etmədiyini, adı göstərilən narkotik vasitələrindən heç birini tanımadığını bildirmiş və ordu sıralarından tərxis edilməməsini xahiş etmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8” X15 xx.xx.2024-cü il tarixli, 3749/k saylı ekspertiza rəyində bildirilir ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8“ X15 Məhkəmə-kimya şöbəsində İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri, salisilatlaı* və kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. xx.xx.2022-ci il tarixdə (145/K saylı akt əsasında) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” İddiaçı götürülmüş qan, sidik və tük nümunələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X15 Məhkəmə-kimya şöbəsinə təqdim edilmədiyindən məhkəmə-kimyəvi tədqiqat aparılmadı və bu səbəbindən də məhkəmə eksperti – kimyaçı qarşısına qoyulan digər sualları cavablandırmaq mümkün olmadı. Narkotik maddələrin qəbulu zamanı onların əksər hissəsi insan orqanizmdə parçalanır və 9-48 saat ərzində bədəndən ifraz olunur. Marixuana qəbulunda xroniki istifadəçilərdə son qəbuldan sonra 70-77 gün, epizodik istifadəçilərdə isə 20-29 gün ərzində onun narkotik metabolitlərini sidikdə immunoferment metodu ilə müəyyən etmək mümkündür. Bioloji obyektlərdə (qan, sidik və s.) kimyəvi-toksikoloji metodlarla tədqiqat zamanı (imunoferment-test üsulu istisna olmaqla) tərkibində kannabinoid (marixuananın əsas təsiredici maddəsi) olmayan hər hansı bir güclü təsiredici dərman və enerji içkilərindən istifadədə çətənə (Cannabis) bitkisindən alınan Marixuana və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin aşkarlanması mümkün deyil. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti Müdafiə Nazirinin müavini-X6 xx.xx.2022-ci il tarixli, 079gm nömrəli əmrinin qanuniliyinin yoxlanılmasıdır. Cavabdehin mübahisələndirilən əmrinin qanuni olub-olmadığını müəyyənləşdirmək üçün müvafiq sahə üzrə normalar təhlil edilməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. -168-ci bəndinə əsasən, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. -41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Qeyd edilməlidir ki, hərbi qulluqçulara intizam cəzalarının verilmə qaydası Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X2 ilə müəyyən edilmiş qaydalara əsasən həyata keçirilir. Həmin Nizamnamənin:- -43. bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. -85. bəndinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. -87. bəndinə əsasən komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir. “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın: -2.1-ci bəndinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları Azərbaycan Respublikasının Konstiitusiyasına və qanunlarına, əxlaq və davranış norma və qaydalarına əməl etməkdə digər şəxslərə nümunə olmalıdırlar. -3.1-ci bəndinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları Vətəninin müdafiəsi üçün şəxsi məsüliyyət daşımaqla onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, intizamlı, vicdanlı və cəsarətli olmağa, butun qüvvəsini səfərbər etməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə borcludurlar. -3.2-ci bəndinə əsasən hərbi qulluqçu Hərbi Andı pozmamalı, xidməti borcunu layiqincə yerinə yetirməli və nalayiq hərəkətlərə yol verməməli, öz davranışı ilə bir çox hərbi qulluqçunun fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə salmamalı, cəmiyyətdə hərbi qulluqçulara qarşı olan hörmət hissinin zəifləməsinə səbəbkar olmamalıdır. -8.1 -ci yarımbəndinə əsasən hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, hərbi xidmətdə olmadığı vaxtlarda belə, hərbi geyim formasında spirtli içkilər qəbul etməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, hərbi qulluqçunun şərəf və ləyaqətinə xələl gətirən, eləcə də xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni məhkəmə tərəfindən keçirilmiş ekspertizanın nəticələri və cavabdeh tərəfindən iddiaçıdan götürülmüş nümunələrin məhkəmə araşdırması dövründə məhv edilməsi, habelə iddiaçının nəticə ilə razı olmaması və yenidən analizlər keçirilməsini tələb etməsi ilə əsaslandırsa da, nəzərə almamışdır ki, əvvala iddiaçının orqanizmində narkotik vasitələr xx.xx.2022-ci il tarixdə aşkar edilmiş, həmin tarixdən təqribən 2 il 9 ay sonra, yəni xx.xx.2024-cü il tarixdə götürülmüş yeni nümunələrdə narkotik vasitələrin aşkar edilməsi ağlabatan deyil və ümumiyyətlə ilkin nümunələr mövcud olmadığı (məhv edilmişdir) halda yenidən ekspertizanın keçirilməsinə zərurət olmamışdır. Xüsusilə qeyd edilməlidir ki, iddiaçıdan götürülmüş nümunələrdə narkotik vasitələrin aşkar edilməsi ona həmin vaxt bəlli olsa da, onunla söhbət vərəqəsindən görünür ki, yalnız narkotik istifadəçisi olmadığını bildirmiş, yenidən ekspertiza təhqiqatının keçirilməsini tələb etməmiş, həmçinin özü də müstəqil qaydada alternativ tibb müəssisələrinə müraciət etməmişdir. Bundan əlavə, ehtiyata buraxılması barədə əmrin verilməsindən təqribən 4 aydan artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş, işin məhkəmə araşdırması zamanı qanunvericiliklə tələb olunan mümkünlük şərtlərinin yoxlanılması üçün müəyyən zaman keçmiş, nəticə etibarilə həm onun orqanizmində narkotik vasitələrin qalıqlarının yoxlanılması imkanı (həmin maddələrin orqanizmdə qalma müddəti baxımından) aradan qalxmış, həm də Azərbaycan Respublikası Müdafiə Nazirinin 20 mart 2020-ci il tarixli 05 nömrəli qərarına və 10 fevral 2015-ci il tarixli 07 nömrəli əmrinə əsasən götürülmüş ilkin nümunələr məhv edilmişdir. İddiaçı müstəqil qaydada alternativ tibb müəssisəsinə müraciət etməməsinin səbəbi kimi savadsız olmasını, həmçinin xidmət yerində olmasını göstərmişdir. Göründüyü kimi cavabdeh tərəfindən Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 prinsiplərinə və digər normativ sənədlərin tələblərinə uyğun qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası tələbin hərbi xidmətə bərpa olunma hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə sonuncu bağlaşma 2020-ci ilin avqust ayında 5 il müddətinə bağlanmışdır və bu səbəbdən hazırki vəziyyətdə müqavilə ilə müəyyən edilmiş müddət bitdiyindən onun həmin hərbi hissədə xidmətə bərpa edilməsi üçün hüquqi əsas aradan qalxmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2-1(120)-1025/2025 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2022-ci il tarixli, 079gm saylı əmrin ona aid hissədə ləğv olunması, hərbi xidmətə bərpa olunması, tərxis edildiyi üçün itirilmiş xidməti müddətin hesablanması və ehtiyata buraxıldığı gündən vəzifəsinə bərpa olunana qədərki dövr üçün vəzifə maaşının və ona əlavələrin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar