Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-549/2025 02.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası: Həsənov Samir Firdusi oğlunun sədrliyi, Hakimlər Hüseynov Fikrət Cilingir oğlu və X3 ibarət məhkəmə tərkibində, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 6GE77W0006 №-li qərarının ləğv edilməsi, ona xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizim funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar 2 il müddətinə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2-1(120)-1703/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasına qarşı “cavabdehin xx.xx.2024cü il tarixli qiymətləndirmə rəyinin ləğv edilməsi, xəstəlik haqqında şəhadətnamə № 7893 əsasında əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə yeni qiymətləndirmə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-4688/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göstərilməklə, iddia tələbinə “xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” kimi dəyişdirilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1703/2025 nömrəli, xx.xx.2025-ci il il tarixli qərardadı ilə iddia tələbinin “Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 6GE77W0006 №-li qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizim funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar 2 il müddətinə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, SHXÇDX-nin Beyləqan rayon şöbəsi tərəfindən səfərbərliklə hərbi xidmətə çağırılaraq xx.xx.2020-ci ildən etibarən N saylı hərbi hissəsinin tərkibində Vətən müharibəsində torpaqların azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. Vətən müharibəsi qurtardıqdan sonra da xx.xx.2021-ci ilə kimi hərbi xidmətini davam etdirmişdir. Müharibə zamanı xx.xx.2020-ci il tarixdə torpaqların azadlığı uğurunda gedən döyüşlərdə xəsarət almışdır. Qısa müddət müalicə olunduqdan sonra yenidən hərbi hissədə xidmətini davam etdirmişdir. Müharibədən sonra müharibə vaxtı aldığı xəsarətlər öz təsirini göstərməyə başlamış və sağlamlığında problemlər yaranmışdır. xx.xx.2021-xx.xx.2021-ci ildə General Hospitalda “Qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, Posttravmatik ensefalopatiya” diaqnozu ilə stasianor müayinə və müalicə olunmuşdur. xx.xx.2021-ci ildə Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş ona “Adaptasiya pozuntusu, qarışıq tip F43.2” diaqnozu qoyulmuşdur. xx.xx.2021-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin 17b maddəsinin İİ qrafasına əsasən “Sülh dövründə hərbi ixdmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixdə X15 Dispanserində “Qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya adaptasiya pozuntusu qarşıq tip” diaqnozu ilə stasionar müayinə və müalicə olunmuşdur.xx.xx.2022-xx.xx.2022-ci ildə Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında “Adaptasiya pozuntusu qarışıq tip.Retroqrad amneziya” diaqnozu ilə stasionar müayinə və müalicə olunmuşdur.xx.xx.2023-cü il tarixdə Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində prosfessor Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur. “Fəlakətdən sonra (müharibə) yaranan davamlı şəxsiyyət dəyişikliyi F62.0” diaqnozu təyin olunmuşdur. xx.xx.2023-xx.xx.2023-cü il tarixdə Səhiyyə Nazirliyinin Respublika Psixatriya Xəstəxanasında “Fəlakətdən sonra ( müharibə) yaranan davamlı şəxsiyyət pozuntusu” diaqnozu ilə stasionar müayinə və müalicə olunmuşdur. xx.xx.2024xx.xx.2024-cü ildə Səhiyyə Nazirliyinin Respublika Psixatriya Xəstəxanasında “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarətlərlə” diaqnozu ilə stasionar müayinə və müalicə olunmuşdur. xx.xx.2024-cü il tarixdə Səhiyyə Nazirliyi Respublika Psixatriya Xəstəxanasının nəzdində yaradılmış həkim psixiatr Komissiyasında Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş psixiatrı Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur. “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarətlə F07.0” diaqnozu təyin olunmuşdur. X6 Rayon Xəstəxanasının TTYŞ-də müayinə və müalicə olunmuşdur və səhhəti ilə əlaqədar müalicəni aparan həkimlərin təyin etdiyi göstərişlər üzrə daimi dərman qəbul edir. SHXÇDX-nin Beyləqan rayon Şöbəsinin göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Ağdam RƏD in xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarətlərlə Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2-1(120)-1703/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2-1(120)-1703/2025 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sırf həkim ekspert rəyinə əsaslanaraq iddiaçıda mövcud diaqnozun olmasına əsaslanaraq qanunsuz, əsassız qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozdakı ağırlaşmaların əlillik əlamətinə əsas verməməsi halı İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, yuxu pozuntusu, yaddaş pozuntusundan şikayətlənmişdir. Qəbul etdiyi dərmanların adlarını bilməmişdir. Zahirən səliqəli, baxımlı izlənilmişdir. Otağa özündən razı şəkildə daxil olmuşdur. Suallara hazırlıqlı cavablar vermişdir. Tam anlaqlı, emosional canlı müşahidə edilmişdir. Mühakimə və analiz qabiliyyəti situasiyaya uyğun olmuşdur. Patoloji affekt izlənilməmişdir. Zehni inkişaf səviyyəsi yaşına və keçirdiyi həyat tərzinə uyğun müşahidə edilmişdir. Ruhi xəstəlik əlamətləri, ağıl zəifliyi aşkar olunmamışdır. Biləyində dərin kəsik izi izlənilmiş, əlini şüşəyə vurduğunu və əli kəsildiyini söyləmişdir. MSS-nin travma mənşəli zədələnməsi ilkin sənədlərlə öz təsdiqini tapmamışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra yüngül ifadəli şəxsiyyət pozuntusu" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla Şirvan İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2- 1(120)-1703/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(106)-549/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və Şirvan İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2-1(120)-1703/2025 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi q+aydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 6GE77W0006 №-li qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizim funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar 2 il müddətinə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2024-cü il tarixli, K00236752ALV nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ mübaribəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarətlərlə. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14i tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 270 saylı ekspert rəyində yuxarıda qeyd edilən diaqnozu təkzib edən məlumat yer almamış,əksinə İddiaçı əvvəllər mövcud olmuş və müəyyən edilmiş “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” (F62.0) sonradan digər daha ağır hesab edilən pozuntuya F07.0 “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu”na keçdiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya əlilliyin təyin olunmasından imtinasının dəlili olan diaqnozun əlillik əlaməti təyin etməməsi barədə gəlinən nəticə iş üzrə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçıya qoyulmuş diaqnozlar iş materiallarında mövcud olan tibbi sənədlər əsasında öz təsdiqini tapmış, onun müxtəlif səhiyyə müəssisələrində müayinə və müalicələrdə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2024-cü il tarixli, K00236752ALV nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin yuxarıda qeyd eilən 7.6.2-cı bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0006 №-li qərarı ləğv olunmalı, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizim funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan SX № ******* nömrəli, xx.xx.2015-ci il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən gedən döyüşlərdə xəsarət almışdır. Diaqnoz: Qarının ön divarının İİİ dərəcəli termik yanığı. İşdə olan Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2022-ci il tarixli, 1762 nömrəli yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınması haqqında arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı “Partlayış travması. Qarının ön divarının 3-cü dərəcəli termik yanığı” xəsarətini almışdır. İşdə olan Müdafiə Nazirliyi N saylı hərbi hissənin N nömrəli arayışında qeyd edilmişdir ki, Qısa anamnezi: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət alımışdır (əsas: N nömrəli hərbi hissə tərəfindən xx.xx.2021-ci il tarixli 28/24 nömrəli təqdim edilmiş travma haqqında arayış). N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin sərəncamına əsasən HHK-ya təqdim olunur. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Qarının ön divarının İİİ (üçüncü) dərəcəli termiki yanığının sonrakı elastiki dəri çapığı. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hərbi xidmətə yararlıdır. İşdə olan xx.xx.2024-cü il tarixli, 7893 nömrəli xəstəlik haqqında şəhadətnamədə (ehtiyatda olan əsgər İddiaçı, xx.xx.1997-ci il təvəllüdlü, xx.xx.2020-ci il tarixdən SHXÇDXnin Beyləqan rayon şöbəsi tərəfindən). xx.xx.2024-xx.xx.2024-cü il tarixədək SN Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı-kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarətərlə” diaqnozu ilə stasionar müayinə və müalicədeə olmuşdur (əsas: 109343/24 nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2024-cü il tarixdə Səhiyyə idarəsinin Baş psixiatrı, X13, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş, “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı-kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarətərlə F07.0 ” diaqnozu təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə Beyləqan MRX-da “Keçirilmiş qapalı kəllə-beyin travması travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, qıcolma tutmaları ilə” diaqnozu ilə ambulator müayinədə olmuşdur. (əsas: ambulator tibbi kartasından çıxarış).. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi tərəfindən xəstəliyin səbəb əlaqəsinin təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir. MN BKH-nın baş nevroloqu, plastik cərrahı ilə konsultasiya olunmuşdur. İşdə olan Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı: X7: DİAQNOZ: ”F07.0 Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalıkəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarətərlə. T90.5, G93 Partlayış travması (06.11.202). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. T21 Qarının ön divarının sağ yarısının termiki yanığından sonrakı elastik dəri çapığı.” “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” DİAQNOZ: ” S 50 Sol saidin aşağı 1/3-nin içəri səthinin elastiki dəri çapıqları. M71.2 Sol böyrək kistası (7mm)”. İşdə olan Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2021-ci il tarixli, 10608 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı, xx.xx.2021-ci il tarixdə X13, professor Fuad İsmayılov tərəfindən müayinə olunub Diaqnoz: Adaptasiya pozuntusu, qarışıq tip F43.2 İşdə olan Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 176 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı, xx.xx.2023-cü il tarixdə t.e.d. professor Fuad İsmayılov tərəfindən müayinə olunub Diaqnoz: Fəlakətdən sonra (müharibə) davamlı şəxsiyyət dəyişikliyi F62.0 İşdə olan Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 4354 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı, Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı-kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarətərlə F07.0 İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli Qərarı ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının 0230003AARFE nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarında qeyd edilmişdir ki, Beyləqan rayon sakini xx.xx.1997-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli Qərarı ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının 0230003AATEM nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli Qərarı ilə Ağdam RƏD-in L00038741PCJ nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli Qərarı ilə Ağdam RƏD-in S00160818JCE nömrəli, xx.xx.2024-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşdə olan "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X14 "Beyləqan Rayon Mərkəzi Xəstəxanasi" X9 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Beyləqan rayonu, Aşağı Çəmənli kənd sakini xx.xx.1997-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarix saat 17:01 radələrində “Beyləqan RMX”-nın ACİL BÖLMƏSİNƏ “Sol saidin aşağı 1/3-nin kəsilmiş açıq yarası” diaqnozu ilə müraciət etmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli Qərarı ilə Ağdam RƏD-in Q00192974VNU nömrəli, xx.xx.2024-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı-kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarətərlə” diaqnozu əsasında qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli Qərarı ilə Ağdam RƏD-in K00236752ALV nömrəli, xx.xx.2024-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı-kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarətərlə” diaqnozu əsasında qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-4688/2024 nömrəli qərardadı ilə məhkəmə tibbi-ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 Ambulator Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 270 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu (F07.0) aşkar olunur. Təqdim olunmuş tibbi sənədlərə əsasən İddiaçı qeyd psixi pozuntuya səbəb olan travma İİ Qarabağ müharibəsində alınmışdır. İddiaçı aldığı travmanın fəsadı olan “tez-tez baş verən qıcolma tutmaları” nevroloji pozuntu olduğundan məhkəmə-psixiatrik ekspertizası tərəfindən müəyyən edilə bilməz. Qeyd olunmalıdır ki, İddiaçı əvvəllər mövcud olmuş və müəyyən edilmiş “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” (F62.0) sonradan digər daha ağır hesab edilən pozuntuya – “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu”na keçmişdir. Hal-hazırda İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu” qeyd olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı əlilliyi “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Mülayim dərəcədə ifadə olunmuş qarışıq tip adaptasiya pozğunluğu. Vegetativ damar davamsızlığı, nevrotik təzahürlərlə. QKBT-nin qalıq əlamətləri. Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Qabarıq asteononevrotik sindrom. Adaptasiya pozğunluğu, qarışıq tip. Qarının ön divarının 3-cü dərəcəli termiki yanığı. Qarının ön divarının termiki yanığından sonrakı bərkimiş dəri çapığı. Xroniki qastrit” diaqnozu qoyulmuş və diaqnoz əlillik əlaməti təyin etmədiyindən əlilliyin müəyyən olunmasından imtina edilmişdir. Sonradan yəni, Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya yenidən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Növbəti dəfə Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı əsasında iddiaçının əlilliyi “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Barotravma. QKBT-nin davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Mülayim dərəcədə ifadə olunmuş qarışıq tip adaptasiya pozğunluğu. Vegetativ damar davamsızlığı, nevrotik təzahürlərlə. Qarının ön divarının 3-cü dərəcəli termiki yanığı. Qarının ön divarının termiki yanığının sonraki elastiki dəri çapığı” diaqnozu əsasında qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçının əlilliyi daha sonra xx.xx.2022-ci il və xx.xx.2024-ci il tarixlərdə yenidən qiymətləndirilərək diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əlilliyin qiymətləndirilməsi üçün iddiaçının müraciətinə əsasən Ağdam RƏD tərəfindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı-kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarətərlə" diaqnozları ilə xx.xx.2024-cü il tarixində əlilliyin təyini ilə bağlı Q00192974VNU nömrəli göndəriş, eləcə də xx.xx.2024-cü il tarixində əlilliyin təyini ilə bağlı K00236752ALV nömrəli (forma 88) rəsmiləşdirilərək TSEK-in elektron altsisteminə ötürülmüşdür. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0005 nömrəli Qərarı ilə Ağdam RƏD-in Q00192974VNU nömrəli, xx.xx.2024-cü il tarixli göndərişi əsasında, həmçinin Komissiyanın xx.xx.2024-cü il tarixli xxxxxxx0006 nömrəli qərarı əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı sonuncu qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası:1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2. spesifik şəxsiyyət pozuntuları F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı). Məhkəmə kollegiyası məhkəmə araşdırmasını həmçinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən Ağdam RƏD tərəfindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı-kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarətərlə (XBT kodu: F07.0)” diaqnozu ilə sonuncu dəfə, xx.xx.2024-cü il tarixində əlilliyin təyini ilə bağlı K00236752ALV nömrəli göndəriş (forma 88) rəsmiləşdirilərək TSEK-in elektron altsisteminə ötürülmüşdür. İddiaçıda həmin xəstəliklərin və diaqnozun həqiqətən də mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə Şirvan İnzibati Məhkəməsi tərəfindən xx.xx.2024cü il tarixli, 2-1(120)-4688/2024 nömrəli qərardad ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə tapşırılmışdır. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 270 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu” (F 07.0) müəyyən edilir. Yəni, iddiaçıda həmin xəstəliyin Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə yaranması iş materiallarında olan sənədlər ilə öz təsdiqini tapır. Eyni zamanda Şirvan Apellyasiya Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X15 Dispanseri tərəfindən göndərilən xx.xx.2025-ci il tarixli, 824 nömrəli məktubda qeyd olunmuşdur ki, xəstəyə təyin olunan üzvi mənşəli şəxsiyyət pozuntusu əlilliyin müəyyən olunması müyarlarına uyğundur. Beləliklə də müəyyən edilmişdir ki, İddiaçı xəstəliyi və diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndinə uyğundur və həmin bəndə əsasən (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) onun əlilliyi orqanizmin funksiyalarının 35-60 faiz pozulması ilə 2 illik müddətə müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2-1(120)-1703/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-549/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-549/2025
02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver