Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-55/2024 25.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2-1(120)-225/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2011-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafıəsi ilə əlaqədar səbəbindən təyin edilmiş ikinci dərəcəli əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-11045/2021 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 17 may 2023-cü il tarixli, 2- 1(120)-225/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2011-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafıəsi ilə əlaqədar səbəbindən təyin edilmiş ikinci dərəcəli əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı X3 ona ilkin olaraq ikinci dərəcə əlilliyin təyin olunduğu xx.xx.2011-ci il tarixdən etibarən hər il “Yumşaq toxumaların zədələnməsi ilə sağ çiyin və sağ körpücükaltı nahiyyələrin dəlib keçən odlu silahla güllə yaralanması, sağ bazu oynağının kontrakturası, kəskin gedişli, asteno-nevrotik sindrom, xr.pielonefrit tez-tez kəskinləşmələrlə, xr.hepatoxolesistit, ağ ciyərlərin xr.abstrruktiv bronxit xəstəliyi” diaqnozu ilə əlaqədar 2011-ci ildən 2021-ci ilədək fasiləsiz olaraq ikinci dərəcə əlilliyi mövcud olmuş, müddətsiz ikinci dərəcə əlilliyin təyin olunması üçün qanunvericiliklə tələb olunan fasiləsiz 10 (on) il əlillik müddəti xx.xx.2021-ci ildə tamam olmuş və iddiaçının müddətsiz ikinci dərəcə əlillik əldə etməsi hüququ yaranmışdır. Beləliklə, iddiaçının xx.xx.2021-ci il tarixdə fasiləsiz ikinci dərəcə əlillik müddəti 10 il təşkil etmiş, növbəti müayinəyə zərurət olmadan müddətsiz ikinci dərəcə əlillik hüququ yaranmış, lakin nəinki iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin olunması təmin edilməmiş, əksinə heç bir əsas olmadan xx.xx.2021-ci il tarixdə ona əlilliyin təyin olunmasından imtina edilmiş, bununla da, onun qanuni hüquqlarına kobud şəkildə müdaxilə olunmuşdur. Qərardan cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə düşmən tərəfindən atılan odlu silahdan sağ çiynindən və sağ körpücük altı nahiyyələri dəlib keçən, yumuşaq toxmaların zədələnməsinə səbəb olan güllə yarası almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 740 saylı qərarına əsasən «Hərbi TRAVMA, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR» öz təsdiqini tapmışdır. Əsas diaqnoz: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması. Sağ bazu oynağının dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Digər daimi ağrı, sağ bazı əzələlərinin hiperttrofiyası. Daimi ağrı sindromu. Oynaqların kontrakturası. Metallik yad cisim, sağ bazu oynağının yaxınlaşdırıcı kontrakturası və ağırlaşma. (KOD Y36.4.R52.2. M24.5.) Əlavə və yanaşı xəstəlikləri: Hipertrofik çapıq sağ çiyin nayihəsinin geniş həcmli dartıcı, bərkimiş, ağırlı keloid çapığı (kod L 91.0). Essensial (biricili) X2 İİ mərhələ İİİ əlavə risk (L10). İİ qrup Qarabağ Müharibəsi əlilidir. Tibbi Sosial Ekspertiza Komissiyası tərəifndən ona xx.xx.2011ci il tarixdə İİ (ikinci) dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi 2 (ikinci) dərəcəli Qarabağ Müharibəsi əlili kimi DSMF-nun Saatlı rayon şöbəsindən əmək pensiyası almışdır. Təkrar əlillik dərəcəsinin təyin olunması ilə bağlı xx.xx.2021-ci il tarixli, ******* AAPFİZ saylı elektron göndərişlə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən edilən müraciətinə xx.xx.2021-ci il tarixli bilidrişi ilə imtina verilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan obarət olmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S10-S19 - Boynun travmaları => S11 - Boynun açıq yarası => S11.8- Boynun digər hissələrinin açıq yarası; Diaqnozun mətni: Yumşaq toxumaların zədələnməsi ilə sağ çiyin və sağ körpücükaltı nahiyyələrin dəlib keçən odlu silahla güllə yaralanması, sağ bazu oynağının kontrakturası, kəskin gedişli, asteno- nevrotik sindrom, xr.pielonefrit tez-tez kəskinləşmələrlə, xr.hepatoxolesistit, ağ ciyərlərin xr.abstrruktiv bronxit xəstəliyi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: sağ bazu oynağının kontrakturası” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S41 - Yuxarı ətraf qurşağı və bazunun açıq yarala...; Diaqnozun mətni: Yumşaq toxumaların zədələnməsi ilə sağ çiyin və sağ körpücükaltı nahiyyələrin dəlib keçən odlu silahia güllə yaralanması, sağ bazu oynağının kontrakturası, kəskin gedişli, asteno-nevrotik sindrom, xr.pielonefrit tez-tez kəskinləşmələrlə, xr.hepatoxolesistit, ağ ciyərlərin xr.abstrruktiv bronxit xəstəliyi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: sağ bazu oynağının kontrakturası” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S41 - Yuxarı ətraf qurşağı və bazunun açıq yarala...; Diaqnozun mətni: Yumşaq toxumaların zədələnməsi ilə sağ çiyin və sağ körpücükaltı nahiyyələrin dəlib keçən odlu silahla güllə yaralanması, sağ bazu oynağının kontrakturası, kəskin gedişli, asteno-nevrotik sindrom, xr.pielonefrit tez-tez kəskinləşmələrlə, xr.hepatoxolesistit, ağ ciyərlərin xr.abstrruktiv bronxit xəstəliyi; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S41 - Yuxarı ətraf qurşağı və bazunun açıq yarala...; Diaqnozun mətni: Yumşaq toxumaların zədələnməsi ilə sağ çiyin və sağ körpücükaltı nahiyyələrin dəlib keçən odlu silahla güllə yaralanması, sağ bazu oynağının kontrakturası, kəskin gedişli, asteno-nevrotik sindrom, xr.pielonefrit tez-tez kəskinləşmələrlə, xr.hepatoxolesistit, ağ ciyərlərin xr.abstrruktiv bronxit xəstəliyi; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Saatlı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və “X1: XX Sinif- Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməüvyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması. Sağ bazu oynağının dəlib keçən güllə yaralanmasından sonraki vəziyyət.Digər daimi ağrı, Sağ bazu əzələlərinin hipertrofiyası.Daimi ağrı sindromu. Oynaqlann kontrakturası, Metallik yad cism, sağ bazu oynağının yaxınlaşdırıcı kontrakturası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci ildə imtina verilsədə o, 2021-ci ilin dekabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, verilən əlillik təyinatından imtina qərarından iddiaçının İPM-nin 38-ci maddəsinin tələbinə əsasən, mübahisələndirmə haqqında iddiadan inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, həmçinin məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində və və İPM-in 39-cu maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçdikdən sonra məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2021-ci ilin dekabr ayında, yəni təxminən 6 ay sonra xx.xx.2021-ci il tarixli göndəriş əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin məzmunu iddiaya qarşı etirazın dəlilləri ilə eynulik təşkil edir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən hüquqi əsas olmadığı halda iddiaya “əlilliyin bərpa edilməsi” istiqamətində baxıldığından məhkəmə kollegiyası tərəfindən iddiaçının iddianın dəqiqləşdirilməsi (qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi) barədə ərizəsi icaata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, T 212/2022 nömrəli rəydə göstərilmişdir ki, İddiaçı adına tibb müəssisəsinin göndərişlərində qeyd edilən “hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Odlu silah yaralanması, sağ bazu oynağınm dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət, digər daimi ağrı, sağ bazu əzələlərinin hipertrofıyası, daimi ağrı sindromu, oynaqların kontrakturası, metallik yad cisim, sağ bazu oynağınm yaxınlaşdırıcı kontrakturası” diaqnozu kliniki, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmiş, aparılmış müalicə tədbirləri əsasında travmanm proqnozu qənaətbəxş olmuş, hazırda əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Qeyd edilən diaqnozla əlaqədar şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarınm məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Həmin diaqnozla əlaqədar onun hazırda əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) ehtiyacı yoxdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 30 dekabr 2022-ci il tarixli, 955 saylı rəydə göstərilmişdir ki, İddiaçı adına tibb müəssisəsinin göndərişlərində qeyd edilən “hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Odlu silah yaralanması, sağ bazu oynağınm dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət, digər daimi ağrı, sağ bazu əzələlərinin hipertrofıyası, daimi ağrı sindromu, oynaqların kontrakturası, metallik yad cisim, sağ bazu oynağınm yaxınlaşdırıcı kontrakturası” diaqnozu müxtəlif klinikalarda xəstənin müayinə və müalicəsi zamanı müəyyən edilmişdir. Həmin diaqnozla əlaqədar onun hazırda əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) ehtiyacı yoxdur. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 740 nömrəli qərarından görünür ki, iddiaçı Saatlı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994cü ildə yaralanmış, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi hərbi hissədə müayinə və müalicə olunmuş, ona “yumşaq toxumaların zədələnməsi ilə sağ çiyin və sağ körpücükaltı nahiyələri dəlib keçən odlu silahla güllə yaralanması” diaqnozu qoyulmuş (Saatlı RHK-nın xx.xx.2010-cu il tarixli, 68 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli, 68 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir) və qeyd olunmuşdur ki, “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. -Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 18 iyul 2024-cü il tarixli, T456/2024 saylı rəydə göstərilmişdir ki, İddiaçı müayinədən keçirilərkən X7 və Travmotologiya İnstituna göndərilmiş və mütəxəssis travmotoloq komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə ona “odlu silah yaralanmasından sonra, sağ döş qəfəsinin ön, yuxarı 1/3-nin boylama böyük həcmli kobud dartıcı çapıq toxuması və sol əlin İ barmağının üzərində ovuc səthində, sol Vİİ qabırğa səviyyəsində yumşaq toxumalarda iki ədəd metal qəlpə, sağ X, Xİ qabırğaların bitişmiş sınığı, hər iki bazunun böyük qabarı nahiyyəsində lokal osteoporozu, aktomioclavikulyar oynaqların artrozu, sağda İ-İİ dərəcəli, hər iki bazu oynağının yaxınlaşdırıcı kontrakturası (sağda- 25 dər, solda 30-dər uzaqlaşma), sol əlin bağmağının yarımbükülmüş vəziyyəti, açıcı-büküçü kontrakturası/, tutma funksiyasının pozulması, əzələ atrofiyası, daimi ağrı sindromu ilə (Y36.2, Y36.4, L90.5, M79.5, S22.4, M81.2, M19.2, M.24.5, Z73.6, M62, K32.1) diaqnozu müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:- -1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq səhiyyə müəssisəsi və ekspertlər tərəfindən iddiaçının orqanizmində müəyyən edilmiş patofunksional pozuntular (odlu silah yaralanmasından sonra, sağ döş qəfəsinin ön, yuxarı 1/3-nin boylama böyük həcmli kobud dartıcı çapıq toxuması və sol əlin İ barmağının üzərində ovuc səthində, sol Vİİ qabırğa səviyyəsində yumşaq toxumalarda iki ədəd metal qəlpə, sağ X, Xİ qabırğaların bitişmiş sınığı, hər iki bazunun böyük qabarı nahiyyəsində lokal osteoporozu, aktomioclavikulyar oynaqların artrozu, sağda İ-İİ dərəcəli, hər iki bazu oynağının yaxınlaşdırıcı kontrakturası (sağda- 25 dər, solda 30-dər uzaqlaşma), sol əlin bağmağının yarımbükülmüş vəziyyəti, açıcı-büküçü kontrakturası/, tutma funksiyasının pozulması, əzələ atrofiyası, daimi ağrı sindromu ilə) yuxarıda qeyd edilmiş həm 2022-ci il iyulun 1-dək qüvvədə olmuş, həm də həmin tarixdən sonra qəbul edilmiş meyarlarla müqayisəli təhlil edildikdə müəyyən olunur ki, həmin pozuntulara əsasən qoyulmuş diaqnozların heç biri əlillik təyinatına əsas vermir. Xüsusilə qeyd olunur ki, sözügedən diaqnoz (xəstəliklər) müvafiq hüquq yaratmamasına baxmayaraq, iddiaçıya ilkin və sonrakı əlillik təyinatları da həmin xəstəliklər əsasında aparılmışdır. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıya münasibətdə etimadın qorunması prinsiplərinə istinad etməsi qənaəti ilə ilə razılaşmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2. maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası qeyd edir ki, etimadın qorunması prinsipinin geniş şərhi “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında öz əksini tapmış və mövcud məhkəmə təcrübəsində əsasən həmin qərarda qeyd edilmiş mövqeyə istinad edilir. Hazırki iş üzrə də birinci instansiya məhkəməsi qeyd olunan qərarda şərh olunan hüquqi mövqeyə istinad etsə də nəzərə almamışdır ki, həmin qərarda həmçinin qeyd edilmişdir ki, “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin”. Göründüyü kimi həmin qərarda inzibati orqanların publik maraqlara zidd olmayan qərarlarına münasibətdə etimadın qorunması şərtləri müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, etimadın qorunması prinsipi dövlətin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində apardığı siyasətə və məqsədlərinə xələl gətirməməlidir. Başqa sözlə, bu prinsipin tətbiqi hər-hansı şəxsə müvafiq hüququ olmadığı halda əlillik təyin edilməsi və bununla da dövlət tərəfindən əhalinin sosial həssas qruplarına ayrılmış vəsaitin qanunsuz olaraq məsrəf edilməsinə xidmət etməməlidir. Məhkəmə kollegiyasının bu yanaşması həm də ondan qaynaqlanır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” gəldiyi qənaətə görə (bənd 48) məhkəmələrə tövsiyyə edilmişdir ki, “şəxsin əvvəlki əlilliyinin müəyyən edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi və həmin pozuntu, çatışmazlıq və xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması ilə bağlı şərtlərin vəhdətdə mövcud olmasıdır. Yəni, əvvəlki əlilliyə əsas olan pozuntu, çatışmazlıq və xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”na görə artıq əlilliyin müəyyən edilməsi üçün əsas sayılmırsa, şəxsin etimadın qorunması hüququna istinad edilə bilməz Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin cavabdeh inzibati orqanının iddiaçıya müddətsiz əlillik təyin etməli olması barədə qənaətinə münasibətdə qeyd edir ki, iddiaçı 10 il müddətində əlillik vəziyyətində olsa da belə, ona növbəti dəfə əlillik təyin edildiyi təqdirdə müddətsiz təyinat məsələsinə baxıla bilərdi. Hazırki halda isə növbəti təyinatdan imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilmiş məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə 74-cü bənddə qeyd edilmişdir ki, yalnız əvvəlki əlillik müddətləri və ardıcıllığı ilə bağlı şərtlər, növbəti qiymətləndirmə zamanı əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozun mövcud olması şərti ilə məcmu şəklində ödənildiyi halda, əlillik müddətsiz təyin edilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, iddia əsaslı deyil və birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2-1(120)-225/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-55/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-55/2024
25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver