Məhkəmə qərarları › İş №2-1(106)-550/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-550/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-550/2025 31.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Qarayev Qiyas oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi nümayəndəsi Nümayəndə1, üçüncü şəxs Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsinin nümayəndəsi X4, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi (eyni zamanda üçüncü şəxs X7 vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə ayrılmış 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli 2-1(120)-353/2024 saylı qərardadından "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə ayrılmış 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1683 nömrəli ekspert rəyindən görünür ki, 1-ci sual üzrə: Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün verilmiş 0.03 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən verilmiş **********0057 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının faktiki vəziyyətə uyğun olması müəyyən olunmuşdur; 2-ci sual üzrə: Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün verilmiş 0.03 ha torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı hüquqi statusunun-bələdiyyə mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, uqodiyasının tikinti altında olan torpaqlar olması müəyyən edilmişdir. 3-cü sual üzrə: Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün verilmiş 0.03 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması müəyyən edilmişdir. 4-cü sual üzrə: Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün verilmiş 0.03 ha torpaq sahəsinin 0.019 ha hissəsinin faktiki olaraq digər şəxsin X8 faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi, qalan hissəsinin isə iddiaçının öz istifadəsində olması müəyyən edilmişdir. 5-cü sual üzrə: Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün verilmiş 0.03 ha torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2-1(120)-353/2024 saylı qərarı ilə Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən sahibkarlıq üçün ayrılmış (300 kv.m) 0.03 ha (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) torpaq sahəsi üzrə mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyərinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli məktubu ilə Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2-1(120)-353/2024 nömrəli qərarı icra edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə elektron qaydada ünvanlanan məlumatdan görünür ki, Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2-1(120)-353/2024 nömrəli qərarı icra olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0.03 ha torpaq sahəsi üzərində İddiaçı xüsusu mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2-1(120)-353/2024 saylı qərarından xx.xx.2025-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2025-ci il tarixli 2- 1(106)-334/2025 saylı qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Bu zaman məhkəmə tələblərinin təmin olunmadığı hallarda məhkəmənin yekun qərarından yalnız inzibati məhkəmə icraatının iştirakçıları, o cümlədən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərin şikayət vermək hüququnun olmasına, lakin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti birinci instansiya məhkəməsində inzibati məhkəmə icraatında üçüncü şəxs qismində cəlb olunmamasına əsaslanmışdır. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2-1(120)-353/2024 nömrəli qərarının ləğv edilməsini və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilərək işə yenidən iştirakları ilə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli işin Şirvan İnzibati Məhkəməsinin icraatında olmasından, iş üzrə tərəf olaraq X16 və X7 üçüncü şəxs qismində cəlb edilmədən və keçirilən məhkəmə iclaslarının heç birindən məlumatı olmamış, heç bir məhkəmə iclasında iştirak etməmiş və ünvanına da heç bir məhkəmə bildirişi gəlməmiş, xəbərdarlıq edilməmişdirlər. Yalnız təsadüfən Daşınmaz Əmlakm Dövlət reyestri Xidmətinin əməkdaşları tərəfindən belə bir qərar çıxarılması bildirilmişdir. Həmin iş üzrə İddiaçı qaynatası X3 İnzibati Məhkəməsində eyni məzmunlu 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırmış, həmin iddia da icraatda olmuşdur. Həmin işin mövcudluğu barədə Şirvan Apellyasiya Məhkəməsinin icraatında əlaqəli mülki iş olarkən məlumat əldə etdiyindən məhkəməyə ərizə təqdim edilərək, Şirvan İnzibati Məhkəməsinin icraatında olan sözügedən işə yekun verilənədək həmin apellyasiya icraatında olan işin icraatı dayandırılmışdır. Həmin inzibati məhkəmənin icraatında olan Sadıx Bağırovun yuxarıda qeyd edilən tələbinə dair işə münasibətdə rəsmi olaraq 08 iyul 2024-cü il tarixdə etiraz təqdim edilmiş və məhkəməyə məlum olmayan hallar barədə məlumat verərək mənafelərinə toxunulduğundan "xxxx" MMC-nin həmin iş üzrə maraqlı şəxs qismində cəlb edilməsi xahiş edilmişdir. Məhkəmə də ərizəni təmin edərək "xxxx" MMC Sadıx Bağırovun iddia tələbinə dair inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Sözügedən iş üzrə bir neçə məhkəmə iclasında iştirak etmiş və növbəti məhkəmə iclası 14 aprel 2025-ci il tarixə saat 10:30-a təyin edilmişdir. Bütün bunlardan başqa hazırda həmin əmlakların mülkiyyətçisi olaraq o, yəni X7 rəhbərlik etdiyi "xxxx" MMC Şirvan İnzibati Məhkəməsində 24 sentyabr 2025-ci il tarixdə başqa bir iddia qaldıraraq cavabdeh Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsinin 0.03 ha torpaq sahəsinin İddiaçı ayrılması, eləcə də 0.05 ha toıpaq sahəsinin X17 ayrılmasına dair xx.xx.2007-ci il tarixli 12 saylı qərarlarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, həmin iş üzrə də hakim Fehruz Abbasovun sədrliyi ilə bir neçə məhkəmə iclası keçirilmiş, iş üzrə İddiaçı və X24 üçüncü şəxs qismində cəlb edilməklə növbəti məhkəmə iclası 09 aprel 2025-ci il tarixə, saat 15:00-a təyin edilmişdir. Digər bir xüsusat isə odur ki, İddiaçı Lənkəran Rayon Məhkəməsində cavabdehlər X11, X12, X18 və Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və əmlakın özgənin qanunsuz sahibliyindən tələb edilməsi” tələbinə dair iddia qaldırmış və Lənkəran Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli 2(049)-1143/2024 saylı qətnaməsinə əsasən iddia təmin edilməmiş, onun tərəfindən verilmiş apellyasiya şikayəti isə Şirvan Apellyasiya Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli 2(106)-1617/2024 nömrəli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Bank "xxxx" ASC-yə məxsus olmuş Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yerləşən ümumi sahəsi 0.1709 hektar torpaq sahəsi və onun üzərində olan 195.8 kv.m qeyri-yaşayış binasını hərrac vasitəsilə Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə sakini X19 tərəfindən alğı-satqı yolu ilə alınmış, torpaq sahələri və qeyri-yaşayış binası X9 adına sənədləşdirilmişdir. Eləcə də həmin torpaq sahəsinə bitişik olmaqla eyni ərazidə 1.26532 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 2871,6 kv.metr olan qeyri-yaşayış sahəsi də Namiq Nəcəfovun adına çıxarış alınıb sənədləşdirilmiş, sonra həmin torpaq sahəsini və qeyri-yaşayış binasını Namiq Nəcəfov həyat yoldaşı, X12 bağışladığından X19 ilə Səlimə Əliyeva arasında 13 dekabr 2018-ci il tarixdə daşınmaz əmlakın bağışlanması haqqında müqavilələr bağlanmış, müqavilələr əsasında torpaq sahəsi və qeyri-yaşayış binası Səlimə Əliyevanın mülkiyyətinə keçmişdir. Bu barədə Səlimə Əliyevaya daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli kitabın 108-ci vərəqində qeydiyyata alınmaqla **********04-06301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra həmin sahə hasara alınarkən müəyyən edilmişdir ki, torpaq sahəsinin reyestrin koordinatları əsasında zəbt edilmiş müəyyən hissəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan X24 tərəfindən işlətdiyi yanacaqdoldurma məntəqəsi üçün qanunsuz olaraq ofis binası tikdirilmiş, su anbarı, 2 ədəd yeraltı yanacaq çənləri, propan qazı üçün nəzərdə tutulmuş qaz paylayıcının 40 faizi yerləşir. Sadıx Bağırovdan zəbt etdiyi torpaq sahəsini buraxması tələb edilsə də ilk vaxtlar o, torpaq sahəsini zəbt etmədiyini, həmin çənlərin özünə məxsus olan torpaq sahəsində yerləşdiyini iddia etmiş, ancaq Daşınmaz Əmlakın Dövlət Reyestrinin 10 saylı Ərazi İdarəsinə edilmiş müraciətə əsasən həmin torpaq sahəsi yerində ölçülərək koordinatları müəyyən edilərkən Sadıx Bağırovun həmin çənlərinin və digər adları qeyd edilən tikililərin Səlimə Əliyevaya məxsus olan torpaq sahəsində yerləşdirdiyini və həmin torpaq sahəsini zəbt etdiyini başa düşərək etiraf etmişdir. Bununla belə sonradan dəfələrlə Sadıx Bağırova iddiaçıya məxsus olan torpaq sahəsini zəbtdən azad etməsini və orada aparmış olduğu qanunsuz tikililərin sökülməsini tələb edilsə də Sadıx Bağırov hər dəfə müxtəlif bəhanələr gətirməklə mülkiyyətdə olan torpaq sahəsini zəbtdən azad etməmişdir. Hansı ki, sözügedən torpaq sahəsi ilə bağlı Lənkəran Rayon PŞ-də araşdırma aparılarkən Sadıx Bağırov rəsmi olaraq izahat verərək qeyd edilən torpağın müəyyən hissəsini zəbt etdiyini bildirmişdir. Sadıx Bağırov sonradan Səlimə Əliyevanın mülkiyyətində olmaqla hasara alınmış torpaq sahəsinə bitişik olan 0.05 ha torpaq sahəsini sənədləşdirib həmin vaxt oranın mülkiyyətçisi olmuş Səlimə Əliyevaya verəcəyini təklif etsə də, sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsinin ilkin sənədlərdən başqa heç bir hüquq müəyyənedici sənədi yoxdur, həmin sənədlər də şübhə doğurur və bu səbəbdən də müvafiq çıxarış verilmədiyindən Sadıx Bağırovun mülkiyyətində deyildir. Eləcə də İddiaçı münasibətdə bələdiyyə tərəfindən verilmiş 0.03 ha torpaq sahəsi tamamilə qanunsuz olaraq sənədləşdirilmiş və həmin sənədlərin də həqiqiliyi şübhə doğurur. Belə ki, həmin torpaqların alğı-satqısı ilə bağlı Bələdiyyənin hesabına heç bir məbləğdə, rüsum, pul ödənilməmişdir. Yalnız sonradan hansısa şübhə doğuran qəbzlərin surətləri iş materiallarına əlavə edilmişdir. Əgər belə bir qəbzlər olmuş olsaydı iddia qaldırılarkən əlavə edilə bilərdi. Sadıx Bağırov əvvəllər Səlimə Əliyevanın, sonradan isə Səlimə Əliyeva həmin torpaq sahələrini qardaşı olaraq ona bağışladıqdan və onun adına müvafiq çıxarışlar alındıqdan sonra mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsini zəbt etməklə öz xüsusi mülkiyyətində olan torpaq sahəsindən iradə ifadəsinə uyğun olaraq sərbəst istifadə etməsinə qanunsuz olaraq mane olaraq zəbt etdiyi torpaq sahəsini könüllü olaraq zəbtdən azad etməyərək zəbt etdiyi hissədə qanunsuz tikdiyi tikililəri və qaz çənlərini oradan götürmədiyindən Səlimə Əliyeva mülkiyyətçi olaraq pozulmaqda olan hüquqlarının bərpa olunmasından ötrü iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gələrək mübahisənin hərtərəfli araşdırılması və iddia tələbində göstərilən halların aydınlaşdırılması məqsədilə iş üzrə xüsusi bilik tələb olunan ekspert rəyinə ehtiyac olduğundan müstəqil ekspertlərə müraciət etmiş və qeyd edilən torpaq sahələrinə baxış keçirilərək müvafiq rəy verilmişdir. Eyni zamanda məhkəmə iclasında X1rşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək sahibliyi və istifadəsinə verilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq və Kadastr kitabında 11 may 2010-cu il tarixli A № 489394 saylı 182 nömrə ilə qeydə alnımış Lənkəran rayonu Sütəmurdov kəndində mübahisəli ərazidə yol kənarında yerləşən 0.05 ha torpaq sahəsində yerləşən hasarın Səlimə Əliyevanın hesabına sökülməsi, həmin torpaq sahəsinin iddiaçının istifadə və sahibliyindən azad edilərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilərək müvafiq rəy alnımış və Lənkəran Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(049)-129/2023 saylı qərardadı ilə qarşılıqlı iddia ayrıca icraata ayrılmış və məhkəmənin eyni tarixli və nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən X8 mülkiyyətində olan Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0.1059 ha hissəsindən X15 çıxarılması və həmin torpaq sahəsinin X12 təhvil verilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən X8 mülkiyyətində olan Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0.1059 ha hissəsində cavabdeh X24 tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısının onun öz hesabına sökülməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 50 manatın cavabdeh X17 aid edilməklə ondan tulularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnaməsindən cavabdeh Sadıx Bağırov apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(106)-1402/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək Lənkəran Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(049)-129/2023 saylı qətnaməsi ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün olmayaraq iddia tələbindən kənara çıxaraq prosessual pozuntuya yol vermiş, mübahisə predmeti olmayan hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən X8 mülkiyyətində olan Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0.1059 ha hissəsində cavabdeh X24 tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısının onun hesabına sökülməsi hissəsinə dair qətnamə qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, Lənkəran rayonu Sütəmurdov kəndində 0.1709 ha torpaq sahəsi X8 mülkiyyətində olmaqla həmin torpaq sahəsinin 0.1059 ha hissəsi X15 qanunsuz istifadəsindədir. Birinci instansiya məhkəməsi yuxarıdakı nəticəyə gələrkən məhkəmə ekspertiza mərkəzinin rəyinə, yəni iddiaçıya məxsus 0.1709 ha torpaq sahəsinin 0.1059 ha hissəsinin cavabdeh X24 tərəfindən faktiki olaraq isdifadə edilməklə onun sahibliyində olmamasına fikir verməmiş, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Səlimə Əliyevaya məxsus olmaqla 1.26532 ha torpaq sahəsinin X15 faktiki olaraq istifadə etdiyi 0.1059 ha torpaq sahəsinin zəbt edildiyinə əhəmiyyət verməmişdir. Bu səbəbdən də sözügedən torpaq sahəsi və daşınmaz əmlakların əvvəlki mülkiyyətçisi olan Səlimə Əliyeva həmin nöqsanları aradan qaldıraraq cavabdeh Sadıx Bağırova qarşı yenidən məhkəməyə müraciət edərək 13 dekabr 2018-ci il tarixli daşmmaz əmlakın bağışlanılması müqaviləsi əsasında əvvəl ona, sonradan isə X13 məxsus olan 1.26532 ha torpaq sahəsinin cavabdeh X24 tərəfindən zəbt edilmiş hissəsindən çıxarılmasını və həmin zəbt edilmiş torpaq sahəsində cavabdeh X24 tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısının onun öz hesabına sökülməsini xahiş etmişdir. Cavabdeh Sadıx Bağırov da qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək X20, X16 və üçüncü şəxslər Lənkəran Şəhər 1 saylı Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və X28 Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə və Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsinə qarşı “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi”ni xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli 2(049)-134/2024 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia rədd edilmiş, ilkin iddia təmin edilmişdir. Həmin torpaq sahələri və qeyri-yaşayış binalan əvvəllər Səlimə Əliyevanın, daha sonra Əlövsət Əliyevin, hazırda isə Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri Publik Hüquqi Şəxsin 29 fevral 2024-cü il tarixli çıxanşları ilə direktoru olduğu "xxxx" MMC-nin mülkiyyətindədir. Həmin çıxarışda nəzərdə tutulan torpaqlar bitişikdir və Sadıx Bağırovun zəbt etdiyi 0.1059 ha torpaq sahəsi Lənkəran Rayon Məhkəməsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 fevral 2020-ci il tarixli ********** qeydiyyat, **********04-06301 reyestri nömrəli çıxarışla mülkiyyətdə olan 0.1709 ha torpaq sahəsində deyil, digər 13 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanılması müqaviləsi əsasında verilmiş 10 dekabr 2018-ci il tarixli ********** qeydiyyat, **********06-12301 reyestr nömrəli çıxarışa əsasən əvvəllər Əlövsət Əliyevin mülkiyyətində olan 1.26532 ha torpaq sahəsində yerləşir. X33 İnzibati Məhkəməsində iddia qaldıraraq 0.05 ha torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsinə dair çıxarış verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı da 0.03 ha torpaq sahəsinə münasibətdə eyni iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Sadıx Bağırovla əlaqədar Şirvan İnzibati Məhkəməsinin icraatında olan həmin iş üzrə ekspertiza təyin edilmiş, mütəxəsis və ekspert rəyi ilə müəyyən edilmişdir ki, mövcud baza məlumatlarına əsasən araşdırma zamanı X17 ayrılmış 0.05 ha torpaq sahəsinin 1.9 kv.metr hissəsi çıxarışla Səlimə Əliyevanın, sonradan onun, hazırda isə mülkiyyətçi dəyişdiyindən direktoru olduğu "xxxx" MMC-nin mülkiyyətində olan 0,1709 ha torpaq sahəsi ilə üst-üstə düşür. Eləcə də hazırkı iş üzrə məhkəmə qərarının 9-cu səhifəsinin 3cü abzasında göstərilmişdir ki, İddiaçı sahibkarlıq fəaliyyyəti üçün 0.03 ha torpaq sahəsinin 0.019 ha hissəsinin faktiki olaraq digər şəxsin X8 faktiki istifadəsində (hansı ki, hazırda həmin orpaq sahəsi və tikililər Səlimə Əliyevanın deyil, "xxxx"MMC-nin mülkiyyətindədir) olan torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi, qalan hissəsinin isə iddiaçının öz istifadəsində olması müəyyən edilmişdir. Həmin hal bir daha təsdiq edir ki, həmin 0.03 və 0.05 ha torpaq sahələri barədə sonradan formal olaraq sənədlər tərtib edilmişdir. Belə ki, əgər həqiqətən də 0.03 ha torpaq sahəsi İddiaçı və Sadıx Bağırova 0.05 ha torpaq sahəsi ölçülüb verilsəydi, həmin mütəxəssis mütləq olaraq görməli idi ki, həmin ərazidə başqasının torpaq sahəsi, başlıcası isə qeyri-yaşayış sahəsi vardır. Yəni, lori dildə deyilsə, ölçən şəxs metrənin bir ucunu tutsaydı həmin ucun başqasına məxsus qeyri-yaşayış sahəsinin üzərinə düşdüyünü görər və həmin torpaq sahəsinin verilməsinin mümkün olmadığını deyərdi. Bu o deməkdir ki, faktiki olaraq nə bələdiyyə, nədəki, başqa heç kim əraziyə gəlib tələb edilən 0.05 ha torpaq sahəsini ölçüb Sadıx Bağırova, 0.03 ha torpaq sahəsini isə İddiaçı verməmişdir. Vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət X6 20 iyun 2024-cü il tarixli 3/48-DA-7F/1-137/2024 nömrəli məktubundın görünür ki, Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsinin sənədləri X22 filialına təhvil verilmədiyindən Bələdiyyənin 17 oktyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə X17 torpaq sahəsinin ayrılması barədə məlumat verilməsi mümkün olmamışdır. Eyni ilə 29 iyul 2024-cü il tarixli məktub İddiaçı münasibətdə də verilmişdir. Həmin hallar bir daha təsdiq edir ki, Sütəmurdov Bələdiyyəsi tərəfindən əgər həqiqətən də sözügedən torpaq sahələri Sadıx Bağırov və İddiaçı satılmış olsaydı həmin sənədlərin kötüyü X22 Filialına göndərilməli idi. Eyni hal İddiaçı dair alğısatqıya da aiddir. İddiaçı cavabdehlər X20, X16, X18 və Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və əmlakın özgənin qanunsuz sahibliyindən tələb edilməsi” tələbinə dair iddia ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və Lənkəran Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli 2(049)-1143/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin iddiasında məlum olmayan əsaslarla guya böyük bir hissəsi hazırda "xxxx" MMC-in mülkiyyətində olan torpaq sahəsinə bitişik və bir hissəsi isə mülkiyyətdə olan torpaq sahəsinin daxilindən 0.03 ha torpaq sahəsinin Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə satın aldığını qeyd etmişdir. Hansı ki, cavabdeh İddiaçı həmin torpaq sahəsinin alınması ilə əlaqədar Bələdiyyənin hesabına pul köçürməmişdir. Bu barədə həmin iş üzrə iddia ərizəsinə hər hansı bir mədaxil qəbzinin əslini əvvəlcədən əlavə etməmişdir. Əgər hər hansı bir məbləğdə pul köçürülmüş olsaydı, iddia materiallarına əlavə edilə bilərdi. Sonradan belə bir qəbz əlavə edilmişdirsə, həmin qəbzin həqiqi yaxud saxta olubolmaması araşdırılmalıdır. Hansı ki, İddiaçı Lənkəran Rayon Məhkəməsində iddia qaldırarkən həmin iş materiallarına əlavə edilmiş aktdan açıq-aşkar görünür ki, aktda torpaqla bağlı 63 manat pulun 17 oktyabr 2007-ci il tarixdə 018223 nömrəli qəbzlə ödənilməsi sözləri sonradan yazılmaqla ayrı xətlə yazılması açıq-aşkar görünür. Həmin aktdakı digər 7 rəqəmlərin fərqli olmasına baxılması kifayətdir. Əgər həmin 63 manat pul həqiqətən də qəbz ilə köçürülmüşdürsə, belə olan halda aktda hansı səbəbdən yazılmalı idi. Hazırkı iş üzrə qərardan görünür ki, İddiaçı 63 manat pul köçürülməsi ilə bağlı məhkəməyə qəbzin surətini təqdim etmişdir. Həmin qəbzin həqiqiliyi şübhəlidir və apellyasiya instansiyasında həmin qəbzlə bağlı tərəflərindən ekspertiza təyin edilməsi barədə vəsatət təqdim ediləcəkdir. Eyni hal Sadıx Bağırova münasibətdə olan inzibati işdə də eyni ilə olmuşdur. Yəni, məhkəmədə qəbz var idisə, hansı səbəbdən pulun köçürülməsi aktda qeyd edilib soruşduqda Sadıx Bağırov qəbz təqdim edə bilməsə də, bir neçə aydan sonra hansısa bir qəbzin surətini məhkəməyə təqdim etmişdir. Hesab edir ki, İddiaçı guya alğı-satqı müqaviləsi əsasında Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsindən aldığı 0.03 ha torpaq sahəsinin bir hissəsi mülkiyyətində olan torpaq sahəsinə bitişik, bir hissəsi isə mülkiyyətdə olan torpaq sahəsinin daxilində olmuşdur. Həmin torpaq sahəsi ilk vaxtlardan əvvəlki mülkiyyətçinin mülkiyyətində olan torpaq sahəsinin daxilində zəbtdə olmuş və istifadəsində olmuşdur. Həmin mülkiyyət də bütövlükdə Bank tərəfindən satılmışdır. Bələdiyyə tərəfindən faktiki istifadəsində və mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququnun əldə edilməsi üçün tərəfin üstünlük hüququ tanınmamış və həmin torpaq sahəsi satılmış olmuş olsaydı belə ilk olaraq mülkiyyətçi olaraq əvvəlki mülkiyyətçiyə təklif olunmalı idi. İddiaçı tərəfin mülki qanunvericiliyə əsasən hüquqları imkan verir ki, həmin torpaq sahəsinə olan üstünlük hüququndan istifadə edərək mülkiyyət hüququ əldə etsin. Lakin Bələdiyyə hərrac keçirmədən, nə iddiaçıya, nədəki ondan əvvəlki Bank rəhbərliyinə hər hansı formada məlumat vermişdir. Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli qərarında da qeyd edilmişdir ki, məhkəmənin A408462 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və digər arxiv nüsxələrinin təsdiq edilmiş ksero surətlərinin təqdim edilməsi tələb edilmiş, 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanılmış 15 fevral 2023-cü il tarixli 3- 21-3-43/2-361/2023 saylı məktubda göstərilmişdir ki, Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsinin 17 oktyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə ayrılmış 300 kv.metr torpaq sahəsinə aid A408462 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və həmin sənədin tərtib edilməsinə əsas olmuş hər hansı bir sənəd Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir. Eləcə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən məhkəməyə ünvanlanılmış 02 mart 2023-cü il tarixli 3-21-3-02/2- 2841/2023 nömrəli məktubunda göstərilmişdir ki, 02 aprel 2010-cu il tarixli A408462 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin və həmin sənədin tərtib edilməsinə əsas olmuş sənədlər 10 saylı Lənkəran Ərazi İdarəsinin və "xxxx" MMC-nin arxivində aşkar edilməmişdir. Şirvan İnzibati Məhkəməsi qərarını eləcə də onunla əsaslandırmışdır ki, guya iddiaçının adına tərtib edilmiş Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsinin 17 oktyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı torpaqların alğı-satqısı barədə akt mübahisələndirilməmişdir. Hansı ki, qeyd edildiyi kimi "xxxx" MMC tərəfindən həmin torpaq sahələri ilə bağlı Bələdiyyə qərarının ləğv edilməsinə dair uzun müddətdir ki, Şirvan İnzibati Məhkəməsinə iddia ilə müraciət edilmiş və hətta həmin iş üzrə İddiaçı və qayınatası Sadıx Bağırov üçüncü şəxs kimi cəlb edilmişlər. Hesab edirik ki, həmin işlər birbiri ilə əlaqəli olduğundan və hər iki işin kökündə bələdiyyə qərarı durduğundan məhkəmə ilk növbədə bələdiyyə qərarının ləğvinə dair işə baxıb yekun qərar qəbul etdikdən sonra sözügedən işə nəticə verilə bilərdi. Sonda bir daha qeyd edir ki, əvvəllər həmin torpaq sahəsi Kombinatın balansında olmuş və X2 Əmlak Komitəsindən həmin torpaq sahəsini satın almışdır. Bundan sonra X20 torpaq sahəsini xx.xx.2018-ci il tarixdə bağışlanma müqaviləsi əsasında arvadı, Əlövsət Əliyevin isə bacısı Səlimə Əliyevaya bağışlamış və Səlimə Əliyeva da həmin torpaq sahəsini xx.xx.2023-cü il tarixdə bağışlanma müqaviləsi əsasında X13 bağışlamışdır. Hazırda qeyd edilən torpaq sahələri və üzərindəki qeyri-yaşayış binaları direktoru olduğu "xxxx" MMC-yə məxsusdur. Şirvan İnzibati Məhkəməsinin qərarı ilə mülkiyyətçi kimi, habelə vicdanlı əldə edən kimi "xxxx" MMC-nin mülkiyyət hüququ pozulmuşdur. Şirvan İnzibati Məhkəməsinin mübahisələndirilən 02 dekabr 2024-cü il tarixli qərarı rəhbəri olduğu "xxxx" MMC-nin mənafeyinə toxunur. Hər iki torpaq sahəsi, yəni, İddiaçı və X23 tərəfindən sonradan əvvəlki tarixə sənədləşdirilmiş torpaq sahələrinin müəyyən hissələri qeyd etdiyi kimi mülkiyyətdə olan torpaq sahəsi və qeyri-yaşayış binası ilə üstüstə düşür. Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli 2-1(120)-353/2025 nömrəli qərardadı (hakim Amilya Hüseynova) ilə ərizə (vəsatət) təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan "xxxx" MMC apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilərək, Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2-1(120)-353/2024 saylı qərarının ləğv edilməsini və "xxxx" MMCnin üçüncü şəxs qismində cəlb edilərək işə yenidən iştirakları ilə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri vəsatətin dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etiraz: Etiraz onunla əsaslandırılmışdır ki, Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2-1(120)-353/2024 saylı qərarı qanuni qüvvəyə minəndən və icra ediləndən sonra "xxxx" MMC məhkəməyə ərizə vermişdir ki, üçüncü şəxs qismində işə cəlb edilsin. Belə bir prosessual qayda nə İPM də nədə ki, MPM də var. Şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi başqa bir prosessual hərəkətdir. Bu İPM-in 28-ci maddəsində nəzərdə tutulmuşdur. Qərar qüvvəyə mindikdən sonra üçüncü şəxs qismində işə cəlb olunma mumkun deyil. Bu İPM-in 28-ci maddəsinə ziddir. Məhkəmə İPM-in 13-cü maddəsini əsas tutaraq ərizəçiyə hüquqi yardım etməli və onu başa salmalı idi ki, hər bir halda qərar qüvvəyə mindiyi üçün onun üçüncü şəxs kimi cəlb edilməsinə dair ərizəsi təmin edilə bilməsə də “MRİYA MMC”-nin digər prosessual hüququ var. O da iş üzrə “yeni açılmış hallar” Şiravan İnzibati Məhkəməsinin xx.xx.2024 cü il tarixli e-2(120)-353/2024 saylı qərarı qüvvəyə minməsəydi. Amma "xxxx" MMC 2(120)-353/2024 saylı qərar barəsində Şirvan İnzibati Məhkəməyə ərizə verəndə həmin qərar artıq qüvvəyə minmiş və icra edilmişdi. "xxxx" MMC-nin sahib olduğu əmlakın məhkəmə gedişi zamanı sahibi olmuş X16 və onun qardaşı X14 zəruri cəlb etmə qaydasında iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bu da ona görə edilmişdi ki, həmin üçüncü şəxslər sadəcə olaraq onunla qonşudurlar. Amma onunla Daşınmaz Əmlak Reyestri arasında gedən mübahisədə onların mənafeyinə toxunan heç bir hal yoxdur. Məhkəmə prosesi gedən zamanlarda Əliyeva Səlimə və Əliyev Əlövsət (hansı ki, sonradan "xxxx" MMC-nin təsisçisi olacaqdı) vəkilləri və nümayəndələri vasitəsi ilə məhkəmədə iştirak etmişdilər. "xxxx" MMC faktiki olaraq iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Əliyeva Səlimə və Əliyev Əlövsətə məxsusdur. Yekun qərar çıxdıqdan çox-çox sonra "xxxx" MMC də iş üzrə üçüncü qismində işə cəlb edilmək istəyir. Bu isə mumkun deyil. Çünki eyni iş üzrə Əliyeva Səlimə və Əliyev Əlövsət üçüncü şəxs qismində prosesdə iştirak etmişlər, sonradan "xxxx" MMC yaranmış, həmçinin məsələ ilə bağlı prosessual müddət də ötürülmüşdür. İnzibati iş gedə-gedə mubahisəli torpaq üzrə bir sahibin digər sahibi əvəz etməsi o demək deyil ki, onların hər biri ayrı-ayrılıqda üçüncü şəxs kimi işə cəlb olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs X16 məhkəmə iclasında iştirak etməmişdilər və məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin vəkili və nümayəndəsi (eyni zamanda üçüncü şəxs X7 vəkili) apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli 2-1(120)-353/2025 nömrəli qərardadının ləğv edilməsini, ərizənin təmin edilərək, Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2-1(120)-353/2024 saylı qərarının ləğv edilməsini və "xxxx" MMCnin üçüncü şəxs qismində cəlb edilərək işə yenidən iştirakları ilə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, "xxxx" MMC-nin vəsatəti süni şəkildə məhkəmə prosesinin uzadılmasına xidmət edir. Sonda Nümayəndə1 şikayətin təmin edilməməsini və Şirvan İnzibati Məhkəməsinin 29 may 2025ci il tarixli 2-1(120)-353/2025 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, "xxxx" MMC-nin üçüncü şəxs qismində işə cəlb edilməsi qanuna zidd olardı. Belə ki, Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2-1(120)-353/2024 saylı qərarı qanuni qüvvəyə minmiş və icra edilmişdir. Bundan başqa, mübahisə üzrə "xxxx" MMC-nin mənafeyinə toxunan heç bir hal yoxdur. Həmçinin, məsələ ilə bağlı prosessual müddət də ötürülmüşdür. Sonda C.R.Bağırzadə şikayətin təmin edilməməsini və Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli 2-1(120)-353/2025 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). ... 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadı:

48. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər.

49. Məhkəmə icraatına cəlbetmə barədə vəsatət ayrıca yazılı sənəd formasında təqdim edilə biləcəyi kimi, iddia ərizəsində, yaxud məhkəmə aktlarından icraatın iştirakçıları tərəfindən verilən şikayətlərdə də göstərilə bilər. Vacib olan belə vəsatətin İPMin 48.2 və 48.3-cü maddələrinə əsasən mütləq yazılı formada təqdim edilməli olduğudur. Bundan başqa, vəsatət şəxsin iradəsini və onun səbəblərini müəyyənləşdirməyə imkan verəcək qaydada tərtib olunmalı, ona istinad olunan sənədlər və sübutlar əlavə edilməlidir.

“Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli Plenumunun Qərarı:

1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi vəsatəti təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə qərarının mübahisələndirilməsi ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin subyektiv hüququnun olması və maraqlarının pozulması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli Plenumunun Qərarındakı hüquqi mövqeyə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz. Şəxs cəlbetmə barədə verdiyi vəsatətdə hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər. Mübahisələndirilən qərardad üzrə apellyasiya şikayəti vermiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nə üçüncü şəxs qismində icraata cəlb edilmə ilə bağlı vəsatətə, nədəki, apellyasiya şikayətinə mübahisələndirilən qərarın onun qanunla qorunan maraqlarına toxunması ilə bağlı sübut təqdim edilməmişdir. Halbuki, əgər həqiqətən də qərar onun qanunla qorunan maraqlarına toxunurdusa bunu təsdiq edən sübutun təqdim edilməsi Cəmiyyətin vəzifəsi idi. Cəmiyyət isə vəsatətində və apellyasiya şikayətində əsasən iddiaçının sənədlərinin qanuniliyini önə çəkmişdir. Qanunvericiliyə görə şəxsin üçüncü şəxs qismində icraata cəlb edilməsinin əsası kimi digər şəxsin (hazırkı iş üzrə iddiaçının) sənədlərinin qanuni olub-olmamasını deyil, qəbul edilmiş və ya ediləcək məhkəmə qərarının digər şəxsə münasibətdə qanunla qorunan maraqlarına toxunubtoxunmaması çıxış edir. Cəmiyyətin vəsatətdə, apellyasiya şikayətində və Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2-1(120)-353/2024 saylı qərarına istinad edərək göstərdiyi - Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün verilmiş 0.03 ha torpaq sahəsinin 0.019 ha hissəsinin X8 istifadəsində olan torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi, qalan hissəsinin isə iddiaçının öz istifadəsində olması barədə mövqeyə münasibətdə kollegiya bildirir ki, qeyd edilən məsələ apellyasiya şikayəti verən şəxsin ziyanına olan məsələdir və bir daha təsdiq edir ki, Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün verilmiş 0.03 ha torpaq sahəsi ilə bağlı qəbul edilmiş məhkəmə qərarı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunla qorunan maraqlarına toxunurmur. Belə ki, subyektiv hüquq baxımından mübahisəli torpaq sahəsinə hüququnun olmasını iddia edən şəxs həmin torpaq sahəsinə dair hər hansı bir hüququn olması ilə bağlı sübut təqdim edilməlidir. Şəxsin mübahisəli torpaq sahəsinin hamısını və ya hər hansı hissəsinin faktiki istifadə etməsi isə hüquqi əsas sayılmır və bu mülkiyyət və ya istifadəyə dair hüququn yaranması üçün yetərli deyil. İşdə olan sübutlarla (mütəxəssis və ekspert rəyləri) təsdiq olunur ki, Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün verilmiş 0.03 ha torpaq sahəsinin koordinatları faktiki vəziyyətə uyğundur, torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq yoxdur, torpaq sahəsinin 0.019 ha hissəsi faktiki olaraq digər şəxsin X8 faktiki istifadəsində (hüquqi baxımından yox) olan torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşir, qalan hissəsi isə iddiaçının isifadəsindədir, 0.03 ha torpaq sahəsinin koordinatları mövcud baza məlumatlarına əsasən digər şəxsin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Bundan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsuis torpaq sahələri üzərində onun mülkiyyət hüququ qeydiyyata alınmışdır. Həmçinin, məhkəmə qərarı əsasında Lənkəran Rayon Sütəmurdov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün verilmiş 0.03 ha torpaq sahəsi üzərində də iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Əgər həqiqətən də həmin torpaq sahələrinin bir-birinə aidiyyəti olsa idi, yəni sənədlərdə hər hansı üst-üstə düşmə halı olsa idi hazırkı vəziyyətdə heç hüquq qeydiyyata alınmazdı. Bu isə bir daha təsdiq edir ki, Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2-1(120)-353/2024 saylı qərarı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunla qorunan maraqlarına toxunmur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli 2-1(120)-353/2024 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar