Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-551/2025 25.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ərazi aidiyyəti ilə bağlı) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, ötən müddət üçün əmək haqqının və başqa ödənişlərin verilməsi, onunla xx.xx.2024-cü il tarixdən yeni əmək müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli 2-1(120)-3211/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, ötən müddət üçün əmək haqqının və başqa ödənişlərin verilməsi, onunla xx.xx.2024-cü il tarixdən yeni əmək müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-7377/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və sair” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı yaşayış yeri üzrə İmişli rayonu, Mirili kəndi ünvanında qeydiyyatda olmuşdur. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İşə baxılarkən cavabdehin nümayəndəsi şifahi vəsatət verərək, iddiaçının hal-hazırda yaşayış yeri üzrə qeydiyyatının ünvan 1 ünvanında olduğu üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli 2-1(120)-3211/2025 saylı qərardadı (Pərvanə Qurbanova) ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli 2-1(120)-3211/2025 saylı qərardadının ləğv edilməsini və işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı o, 15 fevral 2025ci il tarixdə ünvan 1 ünvanına qeydiyyata alınmışdır, yəni Bakı İnzibati Məhkəməsinin ərazi aidiyyəti ilə bağlı çıxardığı xx.xx.2025-ci il tarixli qərardaddan 6 gün əvvəl Bakı şəhərində qeydiyyata alınmışdır. Beləliklə, İddiaçı Baki İnzibati Məhkəməsinə xx.xx.2025-ci il tarixdə iddia ərizəsini təqdim etdikdə İmişli rayonu, Mirili kəndində qeydiyyatda olsa da, xx.xx.2025-ci il tarixdən qeydiyyatı Bakı şəhərinə dəyişdirilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdehin nümayəndəsi (Məhəmməd Süleymanov) məhkəməyə ərizə ilə müraciət edərək, apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, iddiaçı isə məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: ... 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; Maddə 45. İddianın qaldırılması 45.4. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatətini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərəkən yaşayış yeri İmişli rayonu, Mirili kəndi ünvanı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlili üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Dövlət qulluqçusu olmuş iddiaçının inzibati orqana qarşı xidməti münasibətlərdən yaranmış hazırkı iddia tələbi üzrə mübahisəyə İPM-in 8.1.3, 45.4-cü maddələrinin və MPM-in 31.2-ci maddəsinin tələbi nəzərə alınmaqla Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, İPM-in 8.1.3-cü maddəsinin tələbinə görə inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı ardıcıllıqla həll edilməlidir - 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə, 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə, 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir. İşdən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli əmri ilə “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə (staj müddəti bitdikdən sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədə uyğun olmadığı barədə tövsiyə təqdim edildiyi üçün) əsasən Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin Hərbi qulluqçuların daimi mənzillə təminatı bölməsinin məsləhətçi- hüquqşünası dövlət qulluğunda staj müddətində olan İddiaçı dövlət qulluğuna xitam verilməklə 20 sentyabr 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda bu əmrin ləğv edilməsini xahiş edir. Hazırkı iddia iddiaçı ilə onun xidmət keçdiyi inzibati orqan arasında mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı yaranmışdır və işə iddiaçının yaşayış yerinin məhkəməsi tərəfindən baxılmalıdır (iddiaçının xidməti yaşayış sahəsi yoxdur). İddiaçının xx.xx.2025-ci il tarixdə yaşayış yerini Bakı şəhərinə dəyişməsi və bu səbəbdən işə Bakı İnzibati Məhkəməsində baxılmalı olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddia ərizəsi ilə (xx.xx.2025)-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edilərkən iddiaçının yaşayış yeri İmişli rayonu, Mirili kəndi olmuşdur. İPM-in 45.4-cü və MPM-in 31.2-ci maddəsinin tələbi nəzərə alınmaqla demək olar ki, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından (xx.xx.2025), sonradan (xx.xx.2025) iddiaçının yaşayış yerinin dəyişməsi aidiyyət qaydalarının dəyişməsinə səbəb olmur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli 2-1(120)-3211/2025 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-551/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-551/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver