Məhkəmə qərarları › İş №2-1(106)-554/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-554/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-554/2024 16.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, iddiaçının vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(120)-710/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə qarşı şəhid adının və şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyiə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, oğlu X1 şəhid adının statusunun verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2802/2023 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsi ilə əvəz edilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 22 avqust 2024-cü il tarixli, 2- 1(120)-710/2024 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci insyansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının oğlu X5 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirərkən deyil, xx.xx.1995-ci il tarixdə ehtiyatsızlıq nəticəsində başının şlaqbauma dəyərək travma alması nəticəsində vəfat etmişdir. Bu hal X5 barəsində tərtib olunmuş xx.xx.1995-ci il tarixli, 26 nömrəli ölüm haqqında akt qeydində və həmin akt qeydinin tərtib olunması üçün əsas olmuş N saylı hərbi hissənin xx.xx.1995-ci il tarixli arayışında da öz əksini tapmışdır. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X5 30 oktyabr 1994-cü ildə Astara rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, N saylı hərbi hissədə hərbi xidmətdə olarkən vəfat etmişdir. Oğluna səhid adının və səhid ailəsi statusunun verilməsini üçün Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmiş, lakin imtina cavabı verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində o, birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını, oğluna bu statusun verilməməsinin qanunsuz olduğunu, iddiasının əsassız olaraq təmin edilmədiyini bildirmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı hazırki məsələ ilə bağlı təmsil etdiyi quruma müraciət etməmiş, həmçinin hazırki iddia ilə bağlı birinci instansiya məhkəməsinə etiraz dəlilləri təqdim edilməmişdir. İddiaçının vəkili Nümayəndə iddianın mümkünlük şərtləri ilə bağlı bildirmişdir ki, iddiaçı hazırki məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, yaxud onun yerli qurumuna ilkin müraciət etməmişdir, hesab edir ki, hazırki məsələ üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlik daşıyır. Bununla yanaşı hesab edir ki, iddianın mümkünlük şərtlərinə yenidən qiymət verilməsi üçün işin birinci instansiya məhkəməsinə qaytarılması daha məqsədəuyğundur. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı hazırki tələblə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, sonuncu tərəfindən imtina aktı verildiyindən həmin qurumu cavabdeh qismində cəlb etməklə, məhkəmədə iddia qaldırmışdır. İşin birinci instansiya icraatı dövründə cavabdeh haqlı olaraq əsl cavabdehlə əvəz edilsə də, əvəz edilmə halında iddianın xüsusi mümkünlük şərtlərinə cavab verməsi vəziyyəti nəzərə alınmamış, yəni iddiaçının həmin məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, yaxud onun yerli qurumuna ilkin müraciətinin olmamasına diqqət yetirilməmişdir. Həmçinin icraatın gedişində əvəz edilmiş yeni cavabdehə məlumat verilsə də, həmin qurumun iddiaya qarşı münasibəti öyrənilmədən işin icraatı tamamlanaraq yekun qərar çıxarılmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın xüsusi mümkünlük şərtlərinə qiymət verilməsi, mümkün hüquqi vasitələrlə şərtlər ödənildiyi halda tələbə mahiyyəti üzrə yenidən qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(120)-710/2024 nömrəli qərarı ləğv edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(120)-710/2024 nömrəli qərarı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar