Məhkəmə qərarları › İş №2-1(106)-555/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-555/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-555/2025 17.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilməli olan vəsaitin ödənilməsi tələbi, inzibati aktın etibarsızlığı) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli 2-1(120)-1534/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2018-ci il tarixdən müddətsiz olaraq ümumi xəstəlik-gözdən əlil səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin əlillik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2018-ci il tarixdə “Əlillik altsistemi”ndə etibarsız hesab edilmişdir. İddiaçı inzibati orqanın bu hərəkətini qanunsuz hesab edərək məhkəmə qaydasında mübahisələndirmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)- 1664/2024 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçıya xx.xx.2018-ci il tarixdən ümumi xəstəlik səbəbilə müddətsiz olaraq təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilməsi vəzifəsi Agentliyin üzərinə qoyulmuşdur. Cavabdeh Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-1664/2024 nömrəli qərarı əsasında iddiaçının əlilliyə görə əmək pensiyasının ödənişini xx.xx.2021-ci il tarixdən (məhkəmə qərarından 3 il əvvəl) bərpa etmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsini xahiş etmiş, cavabdeh iddiaçıya bildirmişdir ki, ötən dövr üzrə (xx.xx.2021-ci il tarixdən) hesablanmış pensiya məbləği və 2022-ci il üzrə nəzərdə tutulmuş maddi yardım (200 manat) 2024-cü ilin iyun ayından pensiyasının üzərinə əlavə edilməklə ödənilir. X4 Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında bərpa edildiyi üçün pensiyanın ötən dövrünün xx.xx.2018-ci il tarixindən hesablanaraq ödənilməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə ona müddətsiz olaraq əlillik təyin edilmişdir. Təyin edilmiş əlillik əsasında xx.xx.2018-ci il tarixdən etibarən əlilliyə görə əmək pensiyası təyin edilmiş və onun ödənişinə başlanılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən iddiaçıya təyin edilmiş əlillik xx.xx.2018-ci il tarixdə əlillik altsistemində etibarsız hesab edilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya ödənilən əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən dayandırılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı ona təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa olunmasına dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-1664/2024 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçıya xx.xx.2018-ci il tarixdən ümumi xəstəlik səbəbilə müddətsiz olaraq təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilməsi vəzifəsi Agentliyin üzərinə qoyulmuşdur. Qərar icra edilmiş və təyin edilmiş əlillik altsistemdə dayandırıldığı tarixdən bərpa edilmişdir. Bundan sonra cavabdeh orqana müraciət edərək əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi, cari pensiya ilə yanaşı ödənilməmiş qalan məbləğlərin ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciəti qismən təmin edilmişdir. Belə ki, iddiaçıya əlilliyə görə təyin olunmuş cari pensiya, o cümlədən xx.xx.2021-ci il tarixdən etibarən ödənilməli olan pensiya məbləğinin ödənişinin həyata keçirilməsinə başlanmışdır. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin qismən təmin edilməsi əsassızdır. Belə ki, iddiaçının pensiyasının 5 il ərzində dayandırılmasında onun hər hansı bir təqsiri olmamışdır. Cavabdehin etirazları: Cavabdehin iddiaya qarşı etirazının dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-584/2024 nömrəli qərarının 47 və 51-ci bəndlərində göstərilmişdir ki, “...İşin müəyyən edilmiş hallarına əsasən iddiaçıya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdehə sonuncu dəfə 25 avqust 2022-ci il tarixdə müraciət edərək imtina cavabı almışdır. Lakin həmin imtinaya qədər iddiaçı bir neçə dəfə (2017, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, iyul 2022) cavabdehə müraciət etmiş, hər dəfə müraciətə mənfi cavab verilmiş, lakin iddiaçı inzibati orqanın həmin hərəkətini növbəti müraciətədək mübahisələndirməmiş, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır. Mübahisələndirilən sonuncu imtina məktubuna uyğun olaraq və qanunvericiliyin tələblərinə əsasən cavabdeh inzibati orqan tərəfindən 2022-ci ilin avqust ayından əvvəlki 3 il üzrə əmək pensiyası hesablanaraq ödənilməlidir.” Göründüyü kimi, Ali Məhkəmənin müvafiq qərarında hüququn yaranması deyil, iddiaçı tərəfindən həmin hüququn məhkəmə qaydasında tələb edildiyi tarix əsas götürülmüşdür. Hazırkı iş üzrə isə iddiaçının əlilliyinin xx.xx.2018-ci il tarixdə etibarsız hesab edilərək pensiya ödənişinin dayandırılmasına baxmayaraq, onun tərəfindən müraciət daxil olmamış, inzibati orqanın hərəkəti mübahisələndirilməmiş və mövcud vəziyyət onun hüquqi marağına səbəb olmamışdır. Lakin iddiaçı məhkəməyə müraciət etdikdən və iddia təmin olunduqdan sonra inzibati orqana müraciətindən əvvəlki üç il üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq ödəniş aparılmışdır. Şirvan İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli 2-1(120)-1534/2025 nömrəli qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli 2-1(120)- 1534/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əlillərin hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Agentliyinin qanunsuz hərəkətləri nəticəsində iddiaçının əlilliyi etibarsız hesab edilmiş, daha sonra məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə əlilliyi bərpa edilmişdir. İddiaçının əlilliyinin etibarsız hesab edilməsi, onun pensiya ödənişlərinin dayandırılması iddiaçının məsuliyyət dairəsi ilə əhatə olunmur. Bu səbəddən də cavabdeh iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi tətbiq etməklə iddiaçının müraciəti qismən təmin edərək onun qanunla qorunan hüquqlarını pozmuşdur. Tərəflər arasında mübahisə yaranmış hüquqla deyil, pozulmuş hüququn tam şəkildə bərpası ilə bağlıdır. Bu halda isə idddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin təbiq edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2018-ci il tarixdən müddətsiz olaraq ümumi xəstəlik-gözdən əlil səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin əlillik Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2018-ci il tarixdə “Əlillik altsistemi”ndə etibarsız hesab edilmişdir. İddiaçı inzibati orqanın bu hərəkətini qanunsuz hesab edərək məhkəmə qaydasında mübahisələndirmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)- 1664/2024 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçıya xx.xx.2018-ci il tarixdən ümumi xəstəlik səbəbilə müddətsiz olaraq təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilməsi vəzifəsi Agentliyin üzərinə qoyulmuşdur. Cavabdeh Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-1664/2024 nömrəli qərarı əsasında iddiaçının əlilliyə görə əmək pensiyasının ödənişini xx.xx.2021-ci il tarixdən (məhkəmə qərarından 3 il əvvəl) bərpa etmişdir. Əmək pensiyasının əvvəlki 3 il üçün ödənilməli olmasını inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi 2017-ci il 01 iyul tarixədək pensiya hüququ yaranan, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq edilir (Əsas: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli kollegiyal qərardadı) Halbuki, hazırkı mübahisənin mahiyyətindən görünür ki, iddiaçı pensiya hüququnun yarandığı tarixdən müraciət etmiş və onun müraciəti təmin edilmişdir. Daha sonra isə ona əlillik statusu vermiş inzibati orqan tərəfindən əsassız olaraq onun qiymətləndirməsi ləğv edilmiş, iddiaçı öz pozulmuş hüquqlarını məhkəmə icraatı qaydasında bərpa etmiş və yenidən sosial təminat hüququnun bərpasına nail olmuşdur. Beləliklə, yuxarıda sadalanan işin faktiki hallarından birmənalı şəkildə anlaşılır ki, pensiyanın dayandırılmasında iddiaçının hər hansı bir təqsiri olmamış, onun hüquqları məhkəmə qaydasında bərpa edildikdən sonra hazırkı cavabdeh tərəfindən də ona pensiya ödənişləri həyata keçirilməyə başlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə üzrə cavabdeh tərəfindən istinad edilən norma hüquqların yaranmasını özündə ehtiva edir, hazırkı mübahisə hüquqların yaranmasından deyil, pozulmuş hüquqların bərpasından ibarətdir. Bu halda isə iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Şirvan İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli 2-1(120)-1664/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2018-ci il tarixli qərarı etibarsız hesab edilmişdir. Hüquq nəzəriyyəsinə əsasən etibarsızlıq elə bir anlayışdır ki, etibarsızlıq halı təsdiq edildiyi andan tərəflər əvvəlki vəziyyətlərinə qayıtmış olurlar. Hazırkı işə münasibətdə inzibati orqanın xx.xx.2018-ci il tarixli qərarı məhkəmə qaydasında etibarsız hesab edildiyindən tərəflər əvvəlki hüquqi vəziyyətlərinə, yəni xx.xx.2018-ci il tarixədək olan vəziyyətə qayıtmışlar. Odur ki, cavabdehin hazırkı mübahisə ilə bağlı hüquqi yanaşması qanuni və əsaslı deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğunu bildirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli 2-1(120)-1534/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar