Məhkəmə qərarları › İş №2-1(106)-557/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-557/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-557/2025 30.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi və əvvəlki pensiyanın bərpa olunması; qərarın ləğv olunması üçün əsas olan halın inzibati orqana məlum olma vaxtı; etimad hüququ; hüquqi müəyyənlik) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının bərpa edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli 2- 1(120)-930/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1958-ci il təvəllüdlüdür. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.1979-xx.xx.1980 və xx.xx.1980-xx.xx.1981-ci illərdə "xxxx" QSC İnfrastruktur Departamentinin İmişli İşarəvermə və Rabitə sahəsində elektrik montyoru, xx.xx.1984-cü il tarixdən hal-hazıradək "xxxx" QSC İnfrastruktur Departamentinin İmişli X1 sexində elektrik mexaniki vəzifəsində işləyir. "xxxx" QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə sahəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 26 nömrəli güzəştli arayışda qeyd edilmişdir ki, “...Verilir həmin arayış "xxxx" QSC İnfrastruktur Departamentinin 7 nömrəli İmişli İşarəvermə və Rabitə sahəsinin İMB-4 İmişli sexinin elektrik mexaniki İddiaçı ondan ötəri ki, O, həqiqətən də xx.xx.1979-cu il tarixdən hal-hazıra kimi İMB-4 İmişli sexində işləyir. Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarına əsasən həmin işçilərə güzəştli pensiyaya çıxmaq hüququ şamil edilir. İmza və möhür var.” Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-6669/2023 saylı qərarından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmiş, pensiya məbləği yenidən hesablanaraq (37.3.1 6 illik) 378.78 manatdan 504.87 manata artırılmışdır. "xxxx" QSC tərəfindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “..."xxxx" QSC-yə (ADY) ünvanlanmış müraciətinizə cavab olaraq bildiririk ki, İddiaçı ADY-nin İmişli işarəvermə və rabitə distansiyasında, İmişli işarəvermə və rabitə sahəsində xx.xx.1979-cu tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək elektrik montyoru peşəsində və xx.xx.1984-cü il tarixindən hal-hazıradək elektrik mexaniki vəzifəsində çalışmışdır. Qeyd edilmiş dövr ərzində müvafiq vəzifə və peşələr üzrə İddiaçı ümumi əmək stajı 44 il 4 ay 10 gün təşkil edir. ‎İddiaçı müvafiq strukturda çalışdığı elektrik mexaniki və elektrik montyoru vəzifə və peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Sözügedən Siyahının 21.4-cü bəndinin ‎22-ci abzasında qeyd edilmiş magistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyorları və elektrik mexanikləri vəzifə və peşələri ilə uyğunluq (eynilik) təşkil etmir. Məlumat üçün bildiririk ki, İddiaçı ödənişsiz məzuniyyətdə olması barədə əmrlərin sürəti məktuba qoşma olaraq əlavə olunmuşdur. Bununla yanaşı olaraq bildiririk ki, xx.xx.1991-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində məcburi dövlet sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə Cəmiyyətin arxivində hər hansı bir hüquqi sənəd aşkar edilməmişdir.” Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-65034/2023 saylı qərarından görünür ki, İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında qərarın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2, 67.1 və 67.8-ci maddələrinin tələblərinə əsasən ləğv edilməsi, şəxsə əmək pensiyasının ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi, şəxsə məlumat verilməsi və artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülməsi qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 09 fevral 2024-cü il tarixli 3-17-1/2-H- 29390/2024 nömrəli məktubda qeyd edilmişdir ki, “...Mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, Sizə vaxtilə əmək pensiyası təyinatı apanlarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Belə ki, Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtiərlə yaşa görə əmək pensiyası hüququ vardır. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasə yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsin dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasə müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Araşdırma zamanı vaxtilə Sizə pensiya təyin edilərkən təqdim etdiyiniz xx.xx.1074-cü tarixli əmək kitabçanızda qeyd olunan məlumatlara əsasən 28.05.19/9-xx.xx.1980-ci il və xx.xx.1980-xx.xx.1981-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC İnfrastruktur Departamentinin 7 saylı İmişli İşarəvermə və Rabitə sahəsində elektrik montyoru, xx.xx.1984-cü il tarixindən bugünədək isə həmin müəssisədə elektrik mexaniki vəzifələrində işlədiyiniz müəyyən edilib. Bununla əlaqədar, tərəfimizdən "xxxx" QSC-yə göndərilən sorğuya cavab olaraq işlədiyiniz vəzifələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulmadığı bildirilib. Bu səbəbdən də Sizin güzəştli iş stajınız yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, Sizə xx.xx.2016-cı il tarixindən Fondun İmişli rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilib. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2maddəsinin tələblərinə uyğun olaraq, Sizin güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnuza yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün Sizə qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə 20 dekabr 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Qeyd olunanlara əsasən, pensiya hüququnuza yenidən baxılması ilə əlaqədar aparılan inzibati icraatın gedişində iştirakınız ilə 20 dekabr 2023-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə Sizə ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunub. Sonra isə Sizə vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişininin 2023cü ilin dekabr ayından dayandırılması haqqqında inzibati akt qəbul edilib. Əlavə olaraq bildiririk ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən Sizə Qanunun 7-ci maddəsinə əsasən 65 yaşınızın tamamlandığı xx.xx.2023cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmə məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, Sizə son üç il üzrə 13849.86 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 13849.86 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətə təqdim etməyiniz xahiş olunur.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-65034/2023 saylı qərarın ləğv edilməsini və əmək pensiyasının xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “magistral dəmir yollarının əlaqə şəbəkəsinin elekrit mantyorları, elektrik mexanikləri, yol mantyorları” güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə kimi nəzərdə tutulmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazının dəlilləri 09 fevral 2024-cü il tarixli 3-17-1/2-H- 29390/2024 nömrəli məktubda göstərilən dəlillər ilə eynilk təşkil edir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri cavabdehin 09 fevral 2024-cü il tarixli 3-17-1/2-H- 29390/2024 nömrəli məktubunda göstərilən dəlillər ilə eynilk təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə icraatı zamanı "xxxx" QSC tərəfindən daxil olmuş məktubda da qeyd olunmuşdur ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda qeyd edilmiş vəzifə və peşələr üzrə yerinə yetirilən əmək funksiyaları ilə eynilik təşkil etmir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-930/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.‎Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər‎şəxslər (xx.xx.2017-ci il tarixədək qüvvvədə olan redaksiya) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan‎sığortaolunanların: kişilər -‎57‎yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - ‎52‎yaşına çatdıqda, azı 20 il‎sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 64.‎İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı‎ 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.‎Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)‎tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli iş stajının olması ilə bağlı vaxtı ilə "xxxx" QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə sahəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 26 nömrəli güzəştli arayış verilmiş, onun işlədiyi elektrik mexaniki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndinin 22-ci abzasına uyğundur. Hətta, bununla bağlı hər hansı bir problem olmuş olsa belə, bu iddiaçının problemi deyil, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır. Həmçinin, məhkəmə etimad hüququna əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. O, xx.xx.1974-cü il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.1979-xx.xx.1980 və xx.xx.1980-xx.xx.1981-ci illərdə "xxxx" QSC İnfrastruktur Departamentinin İmişli İşarəvermə və Rabitə sahəsində elektrik montyoru, xx.xx.1984-cü il tarixdən hal-hazıradək "xxxx" QSC İnfrastruktur Departamentinin İmişli X1 sexində elektrik mexaniki vəzifəsində işləyir. İddiaçının əmək fəaliyyəti ilə bağlı "xxxx" QSC İnfrastruktur Departamenti 7 saylı İmişli İşarəvermə və Rabitə sahəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 26 nömrəli güzəştli arayışda qeyd edilmişdir ki, “...Verilir həmin arayış "xxxx" QSC İnfrastruktur Departamentinin 7 nömrəli İmişli İşarəvermə və Rabitə sahəsinin İMB-4 İmişli sexinin elektrik mexaniki İddiaçı ondan ötəri ki, O, həqiqətən də xx.xx.1979-cu il tarixdən halhazıra kimi İMB-4 İmişli sexində işləyir. Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarına əsasən həmin işçilərə güzəştli pensiyaya çıxmaq hüququ şamil edilir. İmza və möhür var.” İddiaçıya cavadeh orqan tərəfindən xx.xx.2016-cı il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmiş, 2023-cü ildə inzibati orqan öz təşəbbüsü ilə apardığı araşdırma ilə bağlı "xxxx" QSC-yə sorğu ünvanlamış, "xxxx" QSC tərəfindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “..."xxxx" QSC-yə (ADY) ünvanlanmış müraciətinizə cavab olaraq bildiririk ki, İddiaçı ADY-nin İmişli işarəvermə və rabitə distansiyasında, İmişli işarəvermə və rabitə sahəsində xx.xx.1979-cu tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək elektrik montyoru peşəsində və xx.xx.1984-cü il tarixindən halhazıradək elektrik mexaniki vəzifəsində çalışmışdır. Qeyd edilmiş dövr ərzində müvafiq vəzifə və peşələr üzrə İddiaçı ümumi əmək stajı 44 il 4 ay 10 gün təşkil edir. ‎İddiaçı müvafiq strukturda çalışdığı elektrik mexaniki və elektrik montyoru vəzifə və peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Sözügedən Siyahının 21.4-cü bəndinin ‎22-ci abzasında qeyd edilmiş magistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyorları və elektrik mexanikləri vəzifə və peşələri ilə uyğunluq (eynilik) təşkil etmir.” Bundan sonra inzibati orqan məsələ ilə bağlı iddiaçının mövqeyini dinləmiş, sonda xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-65034/2023 saylı qərar qəbul etmiş və həmin qərar ilə İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında qərarın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2, 67.1 və 67.8-ci maddələrinin tələblərinə əsasən ləğv edilməsi, şəxsə əmək pensiyasının ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi, şəxsə məlumat verilməsi və artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülməsi qərara alınmışdır. İşin halları ilə bağlı yekun olaraq kollegiya qeyd edir ki, cavabdeh orqanın mübahisələndirilən xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-65034/2023 saylı qərarın qəbul edilməsinə səbəb onun tərəfindən iddiaçının işlədiyi “elektrik montyoru və elektrik mexaniki” vəzifələrinin sonradan güzəştli iş stajı kimi nəzərə alınmaması olmuşdur. Tərəflər arasında yaş və ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Kollegiya qeyd edir ki, iddiaçının işlədiyi “elektrik montyoru və elektrik mexaniki” vəzifələrinin güzəştli iş stajı olan vəzifə olub-olmamasının qiymətləndirilməsindən öncə qiymət verilməli olan məsələ inzibati orqanın qərarının qanuniliyi məsələsədir. Şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Kollegiya qeyd edir ki, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla inzibati orqan özü tərəfindən təyin edilmiş əmək pensiyasının təyin edilməsi ilə bağlı qərarı 1 il ərzində ləğv edə, yaxud dəyişdirilə bilər. Əks yanaşma, o anlama gələr ki, inzibati orqan təyin etdiyi pensiya ilə bağlı qərarı vaxt məhdudiyyəti olmadan, müəyyən şərtə əməl etməklə istənilən vaxt ləğv edə bilər. Məsələn, şəxs işləməyən əmək pensiyaçıdır, yenidən hesablanma ilə bağlı qərar qəbul edilmir (37.3.1), müəyyən (1 ildən artıq) bir müddət keçdikdən sonra araşdırma aparılır, hazırkı işdə olduğu kimi araşdırma nəticəsində cavabdehin mövqeyinə görə müəyyən edilir ki, şəxsin güzəştli iş stajı yoxdur və inzibati orqan həmin halı müəyyən etdikdən sonra 1 il keçməmiş illər öncə qəbul etdiyi əmək pensiyasının təyin edilməsi ilə bağlı qərarını ləğv edir və iddia edir ki, həmin hal ona indi məlum olub, bu səbəbdən də, qanunla müəyyən edilmiş 1 illik müddəti ötürməmişdir. Belə yanaşma qanuni deyil və məsələyə bu cür yanaşılma yuxarıda qeyd edildiyi kimi inzibati orqanın müəyyən şərtə əməl edilməsi şərti ilə müddət məhdudiyyəti olmadan qəbul etdiyi qərarın ləğvinin və ya dəyişdirilməsinin qanuniliyinin tanınmasına səbəb olar. İnzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının təyin edilməsi barədə qərarın qanuniliyinə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). Beləliklə, əmək pensiyasının təyin edildiyi vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və cavabdeh orqana hazırda qərarın ləğvi üçün gətirdiyi arqument ona elə həmin vaxt məlum olduğundan və ya məlum olmalı olduğundan, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı ləğv etməsi qanuni sayıla bilməz. Odur ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli 2-1(120)-930/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar