Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-559/2025 16.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş pul vəsaitinin tutulmasından imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X8 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş 776.38 manat dövlət vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli 2-1(120)-1465/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.2020-ci il tarixli AZ-İİ 054550 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür və bu barədə ölüm akt qeydləri kitabında 13 fevral 2020-ci il tarixdə 48 № ilə qeydiyyat aparılmışdır. Elektron sistemdən çıxarışdan görünür ki, xx.xx.02020-ci il tarixdən 30 aprel 2020-ci il tarixədək X4 aid pensiya kartına mart-aprel ayları üzrə 688.24 manat olmaqla 1376.48 manat ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 2025/204/17221 nömrəli məktubuna əlavə edilmiş ödəniş kartı üzrə xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X4 aid pensiya kartına 2020-ci il mart-aprel ayları üzrə hər dəfə 688.24 manat olmaqla 1376.48 manat ödənilmiş, ödənilmiş pensiya məbləğindən 273.38 manat kredit borcu üzrə silinmələr (xx.xx.2020-ci il tarixdə 0.24 manat, xx.xx.2020-ci il tarixdə 136.75 manat və xx.xx.2020-ci ildə 136.39 manat = 273.38 manat) həyata keçirilmiş, 0.10 manat iddiaçının hesabına qaytarılmış və qalan məbləğ nağdlaşdırılmışdır. Cavabdeh tərəfindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, həyat yoldaşı X1 xx.xx.2020-ci il tarixdə vəfat etdiyini bildirirək, onun dəfn xərcinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubda göstərilmişdir ki, “..“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinə əsasən əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçının vəfat etdiyi gündən sonrakı ayın 1-dən dayanır. X5 8 fevral 2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 1 mart 2020-ci il tarixindən 30 aprel 2020-ci il tarixinədək əmək pensiyası köçürülmüşdür. Bu səbəbdən də mərhum Mirzə Nuriyevə məxsus kart hesabına 1376.38 manat artıq pul vəsaiti köçürülmüşdür. Mirzə Nuriyevin vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq Sizə 2021-ci il ölkə üzrə minimum əmək pensiyasının (200.00 manat) üç misli məbləğində 600.00 manat dəfn müavinəti hesablanmışdır. X11 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1376.38 manat vəsaitdən 600.00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 776.38 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra- Mərkəzi Filial) xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək mərhum həyat yoldaşı X3 xx.xx.2020-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Mirzə Nuriyev xx.xx.2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına xx.xx.2020-ci il tarixdən 30 aprel 2020-ci il tarixədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Bu səbəbdən də mərhum Mirzə Nuriyevə məxsus kart hesabına 1376.38 manat artıq pul vəsaiti köçürülmüşdür. Mirzə Nuriyevin vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona 2021-ci il ölkə üzrə minimum əmək pensiyasının (200.00 manat) üç misli məbləğində 600.00 manat dəfn müavinəti hesablanmışdır. X11 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1376.38 manat vəsaitdən 600.00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 776.38 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması bildirilmişdir. Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. X11 həyat yoldaşı Cavabdeh yaranmış 776.38 manat borcun Mərkəzi Filialın hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2022-ci il tarixində **********6 nömrəli məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin qeyd edilən məbləğ könüllü şəkildə ödənilməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisə cavabdehin kobud səhvi nəticəsində baş vermişdir. Belə ki, ölüm haqqında şəhadətnamə vaxtında alınmışdır. Cavabdeh imkanlarından istifadə edərək elektron sistemdə şəhadətnaməni görə bilərdi. Bundan başqa, iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Şirvan İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli 2-1(120)-1465/2025 nömrəli qərarı (hakim Hilal Nəcəfov) ilə iddia qismən təmin edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-1465/2025 nömrəli qərarının iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı tərəfindən "xxxx" ASC-yə əmək pensiyası ödənilmiş X2 banka olan pul öhdəliklərinin icrasını təmin etmək üçün vəfat tarixindən sonra bankın xeyrinə silinmiş vəsaitlərin "xxxx" ASC və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun arasında bağlanmış 07/23 nömrəli müqavilənin 5.2.9-cu bəndinə əsasən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xəzinə hesabına köçürülməsi və bu barədə məlumat verilməsi barədə sorğu ilə müraciət edilməsinə baxmayaraq, hələ də sorğuya cavab verilməmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsi). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli 2-1(120)-1465/2025 nömrəli qərarının iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdi. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, izahatında göstərmişdir ki, “...atasının pensiya kartı 2022-ci ilin iyun ayına kimi onda olmuşdur.” Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 38. Əmək pensiyası və əmək pensiyasına əlavənin verilməsi şərtlərinə uyğun olmayan halların yaranması barədə əmək pensiyaçısının və işəgötürənin məlumat vermək vəzifəsi 38.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Maddə 42. Əmək pensiyaçısı vəfat etdikdə, alınmamış əmək pensiyasının ödənilməsi və dəfn üçün müavinətin verilməsi 42.1. Əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. 42.2. Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. 42.3. Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyərək, apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı qismən təmin etmiş və təmin edilən hissə üzrə - X2 ölmündən sonra ona aid pensiya kartına vurulmuş 1376.48 manat pul vəsaitindən 224.99 manat hissəsinin cavabdeh tərəfindən çıxarılmasına; təmin edilməyən hissəyə münasibətdə isə qalan 551.49 manat məbləğin cavbadeh tərəfindən əldə edilməməsinə, kartda qalmasına və bununla bağlı iddiaçının "xxxx" ASC-yə müraciət etmək hüququnun olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Mübahisələndirilən qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin əri X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür və bu barədə ölüm akt qeydləri kitabında 13 fevral 2020ci il tarixdə 48 № ilə qeydiyyat aparılmışdır. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən 30 aprel 2020-ci il tarixədək X4 aid pensiya kartına mart-aprel ayları üzrə hər dəfə 688.24 manat olmaqla 1376.48 manat ödənilmişdir. Ödənilmiş pensiya məbləğindən 273.38 manat kredit borcu üzrə "xxxx" ASC-nin hesabına silinmələr həyata keçirilmiş, 0.10 manat iddiaçının hesabına qaytarılmış və qalan məbləğ nağdlaşdırılmışdır. xx.xx.2020-ci il tarixdə balans 0.00 manat olmuşdur. Cavabdeh iddiaçıya müraciət edərək həyat yoldaşı X1 xx.xx.2020-ci il tarixdə vəfat etdiyini bildirirək, onun dəfn xərcinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı tərəfindən 600.00 manat dəfn müavinəti hesablanmış və həmin məbləğ artıq ödənilmiş vəsait ilə əvəzləşdirilmişdir. Kollegiya qeyd edir ki, istər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda, istərsədə digər normativ-hüquqi aktlarda vəfat etmiş şəxsin vərəsələrinin bununla bağlı müvafiq dövlət orqanına (indiki halda iddiaçıya) məlumat verilməsi ilə bağlı vəzifəsi nəzərdə tutulmamışdır. İddiaçı qeyd edilən məsələyə münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə və 38-ci maddələrinə əsaslanmışdır. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxslər ilə bağlı məsələni tənzimləyir. Ola bilər ki, şəxs bu hüquqdan heç istifadə etməsin, amma onun vəfat etmiş ailə üzvünə görə pensiya ödənişləri kart hesabına ödənilsin. Yalnız buna əsaslanıb şəxsin üzərinə ödənilmiş vəsaitin qaytarılması qoyula bilməz. Qanunun 38-ci maddəsi isə adından da göründüyü kimi əmək pensiyası və əmək pensiyasına əlavənin verilməsi şərtlərinə uyğun olmayan halların yaranması barədə əmək pensiyaçısının və işəgötürənin məlumat vermək vəzifəsini nəzrdə tutur. Bundan başqa, Qanunun 42-ci maddəsindən görünür ki, dəfn üçün müavinət ölən əmək pensiyaçısının yalnız onun ailəsinə deyil, ailə üzvü olmayan şəxlərə də ödənilməsini qanunvericilik nəzərdə tutur. Deməli, qanunvericilik onu deməyə əsas verir ki, vəfat etmiş şəxsə ödənilmiş artıq pensiya məbləğinin qaytarılması üçün onun dəfn xərci ilə bağlı müraciət etmiş şəxsdən həmin artıq ödənilmiş məbləğin tələb edilməsi hələ yetərli deyil. Hətta, vəfat etmiş şəxsin vərəsələrinin bununla bağlı müvafiq dövlət orqanına məlumat verilməsi ilə bağlı vəzifəsi olmuş olsa idi belə, iddiaçı cavabdehə qarşı tələbində yenə də haqlı olmazdı. Belə ki, mübahisə üzrə cavabdeh tərəfindən pul vəsaitinin geri qaytarılması ilə bağlı iddiaçının tələbi o halda əsaslı hesab oluna bilər ki, cavabdeh tərəfindən mərhumun kart hesabından pul vəsaiti götürülsün və buna hüquqi əsası olmasın. İşin hallarından görünür ki, cavabdeh tərəfindən mərhumun kart hesabından pul vəsaiti götürülməmiş, ümumiyyətlə mərhumun ölmündən sonra kartı heç cavabdehdə olmamışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, “...atasının pensiya kartı 2022-ci ilin iyun ayına kimi onda olmuşdur.” Həmin məsələ üzrə əlavə araşdırma aparılaraq, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə ölmüş mərhum X4 məxsus olmuş pensiya kartından xx.xx.2020-ci il tarixdən sonra hansı ünvanlarda yerləşən bankomatlarda və kim tərəfindən həmin kartdan pulun nağdlaşdırılmasına dair video görüntülərin və məlumatların təqdim edilməsi” qərardad qəbul edilmiş və icra edilməsi üçün Banka göndərilmiş, lakin "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli məktubla uzun müddət keçdiyi üçün görüntülərin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi, mərhum Nümayəndə2 pensiya kartından pul vəsaitinin cavabdeh tərəfindən götürülməsi sübuta yetirilmir və bunun əksini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli 2-1(120)-1465/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-559/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-559/2025
16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver