Məhkəmə qərarları › İş №2-1(106)-56/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-56/2024

19.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-56/2024 19.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2-1(120)-263/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7636 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 04 may 2023-cü il tarixli, 2- 1(120)-263/2023 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 20 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsi cəlb etmişdir. Lakin vergi nəzarətinin həyata keçirildiyini görən iddiaçı vergi məsuliyyətindən yayınmaq məqsədi ilə həmin işçilərin yoxlama keçirilən zaman, yəni artıq vergi məsuliyyətinə cəlb edilməsi üçün əsas olan faktlar aşkar olunduqdan sonra 11 nəfərin elektron informasiya sistemində qeydiyyata alınmasını təmin etmişdir. Cəlb olunmuş 11 nəfər fiziki şəxsin əmək müqaviləsinə dair bildiriş elektron informasiya sistemində yoxlamanın keçirildiyi günü saat 16.00-dan sonra, yəni işçinin işə başlama saatından (09:00-dan) sonra qeydiyyata alınmışdır. Saat 16.00-a kimi əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş sözügedən 20 nəfər işçi iş yerində olmuşdur. Digər şəxslərin əmək müqaviləsinə dair bildirişi qeydiyyata alınmamışdır. 2 nəfər musiqiçi (çalğıçı) qismində restoranında xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi üçün onların fərdi sahibkar ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim edə bilməmişlər. Məhkəmə həmçinin qeyd etmişdir ki, operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı təqdim olunmuş icraat materiallarına iddiaçı tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 15 nəfər fiziki şəxsdən alınmış izahatlara və iddiaçının öz izahatına əsasən onların təsadüfən bir araya gəlmələri deyil, daha çox bir yerdə işlədikləri müəyyən olunur. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən “Mirror” restoranında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Bakı şəhəri X14 üzrə Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti qaydasında yoxlama keçirilmişdir. Nəticədə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2021-ci il tarixli **********7636 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən vergi məsuliyyətinə cəlb olunmuşdur. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razılaşmır və hesab edir ki, qərar ləğv olunmalıdır. Bundan əlavə vergi orqanının qəbul etdiyi xx.xx.2021-ci il tarixli **********7636 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar dəfələrlə müraciət etdikdən sonra rəsmi qaydada ona xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. Qanunvericiliydə müyyən edilmiş prosessual müddət iddiaçı tərəfindən ötürülməmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********7636 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qanunsuz çıxarıldığından və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən həmin qərar ləğv olunmalıdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin xx.xx.2021ci il tarixli **********3702 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən MİRROR restoranında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 (iyirmi) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Yoxlama zamanı işçilər verdikləri yazılı izahatlarda fərdi sahibkar İddiaçı ilə aralarında əmək müqaviləsinin olmadığını təsdiq etmişlər. Tərtib edilmiş akt əsasında 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********7636 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 40000 (qırx min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti zamanı əmək müqaviləsi olmayan işçilərin hər birindən yazılı izahat alınmış və onlar öz izahatlarında orada işlədiklərini təsdiq etmişlər. Bununla yanaşı İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli izahatda bildirmişdir ki, vergi yoxlaması başlanana qədər ümumilikdə 18 işçinin əmək və ya xidmət müqaviləsi olmadan obyektdə müxtəlif işlərin görülməsinə cəlb etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, mübahisələndirilən qərarın ləğv edilməsi və həmin qərarlar əsasında hesablanmış borcun silinməsi barədə iddia əsassızdır. Apellyasiya şikayətinin dəlilləri İddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması xahiş edilmişdir. Prosessual məsələlər İddiaçının vəkili Nümayəndə əvvəlki məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı dindirilmiş şahid X13 bildirmişdir ki, iddiaçı onun dostudur. Ona restoranı işlətməyə kömək etmişdir. Yoxlama aparılan gün də, əvvəlki günlərdə də ona kömək etmək məqsədi ilə obyektə getmişdir. Namidardan əmək haqqı almamışdır, lakin vergi əməkdaşlarının dediyi məzmunda izahat yazmışdır. İddiaçıya kömək edən zaman işçiləri olduğunu bilmişdir, lakin işçilərin sayını bilməmişdir. Şahid X5 bildirmişdir ki, iddiaçı onun qardaşıdır, onun obyektində işləməmişdir, hərdən gedib kömək etmişdir. Sadəcə qardaşı yoxlamadan sonra təklif etdi ki, onu sınaq müddətinə işə götürsün. Peşəsi fitnes-treinerdir, özünün ayrıca işi var. Şahid9 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə elana əsasən işə düzəlmək üçün iddiaçının restoranına getmişdir. Həmin gün iddiaçı onu işə götürmüşdü, elə həmin gün də vergi orqanının əməkdaşları yoxlamaya gəlmiş və ondan izahat almışlar. Həmin vaxt vergi orqanının əməkdaşları ona və restoranda olan digər şəxslərə təzyiq göstərərək izahat yazmağa məcbur etmişlər. Şahid3 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə elan əsasında işə düzəlmək üçün iddiaçının restoranına getmişdir. Obyektdə oturub iddiaçını gözlədiyi vaxt vergi orqanının əməkdaşları ondan izahat almışlar. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********7636 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -23.1.1-ci maddəsinə əsasən maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. -50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. -58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. -16.1.7-1. bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək; -16.1.7-2. vergi orqanında uçotda olan sifarişçi tərəfindən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fərdi qaydada fəaliyyət göstərən şəxslərin həmin dövr üzrə vergi öhdəliyinin yerinə yetirilməsini təsdiq edən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim etməklə işlərə cəlb edilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. -41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. İş materiallarında olan: -“Operativ Vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3702 nömrəli qərardan görünür ki, İddiaçı fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, Səxavət Quliyev küçəsi 4A ünvanda yerləşən Mirror restoranında Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -xx.xx.2021-ci il tarixli **********7636 saylı “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardan görünür ki İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 40000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. -KY211662792 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi barədə məlumat xx.xx.2022-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. -“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial siğorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işçilərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında 12 oktyabr 2021-ci il tarixli, seriya DVX № 005271 nömrəli aktla Bakı şəhəri, Nərimanov rayonu, Səxavət Quliyev küçəsi 4A ünvanında yerləşən Mirror restoranında ictimai-iaşə xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş 21 nəfər fiziki şəxsdən 20 nəfərinə münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi rəsmiləşdirilmişdir. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)- 50/2024 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təsirləndirilməsinə dair cinayət işi üzrə dəymiş ziyanı ödədiyinə görə həmin Məcəllənin 73.3-cü maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası operativ vergi nəzarətinin nəticələrinə, o cümlədən mübahisənədirilən qərarın qanuniliyinə obyektiv qiymət verilməsi üçün hesab edir ki, həmin qərarla əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iddia olunan şəxslərin, eyni zamanda vergi ödəyicisinin operativ vergi nəzarəti tədbiri zamanı, ibtidai istintaqda, məhkəmə istintaqı zamanı, habelə hazırki məhkəmə araşdırmasında verdikləri izahatlar səciyyələndirilməli, işin faktiki halına münasibətdə hər birinə ayrıca qiymət verilməlidir. -Vergi ödəyicisi İddiaçı operativ vergi nəzarəti tədbiri zamanı izahatında bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Səxavət Quliyev küçəsi 4A ünvanda yerləşən “Mirror” restoranında təqribən 10 gündür sahibkarlıq fəaliyyətinə başlamışdır. Obyektə tabeliyində çalışan işçılərdən 2 nəfəri ilə xx.xx.2021-ci il tarixədək, 5 işçi ilə isə yoxlamanın keçirildiyi gün saat 16:50-dən sonra əmək müqaviləsi bağlamışdır. Vergi yoxlaması başlanana qədər ümumilikdə 18 işçinin əmək və ya xidmət müqaviləsi olmadan obyektə müxtəlif işlərin görülməsinə cəlb etmiş, əmək haqqı onun tərəfindən nağd şəkildə ödənilir. Əmək müqaviləsi bağlanmadan cəlb edilən işçilər cəmi 1-2-3 gündür ki, işə cəlb olunublar və hamısı sınaq müddətindədirlər. Qanunvericiliyi yaxşı bilmədiyimdən yeni gələn və sınaq müddətində olan işçiləri qeydiyyata aldırmamışdır. Lakin ən qısa müddətdə işdə qalıb işləyəcək bütün işçilərlə əmək müqaviləsi bağlayacaqdır. N.Niftəliyev məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində izahat verərkən bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə aparılmış operativ vergi yoxlaması zamanı əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi qeyd edilmiş şəxslərdən Röyal və Akif Niftəliyevlər onun qardaşlarıdır və həmin gün sadəcə onun yanına gəlmişlər, Şahid19 və Şahid20 musiqiçi kimi obyektdə fəaliyyət göstərmək üçün danışıqlar aparmağa gəlmişlər, Şahid14 taksi sürücüsüdür. Digər şəxslər isə iş görüşməsi üçün obyektə gəlmişlər. Vergi orqanına yazılmış izahat onun tərəfindən imzalansa da, vergi əməkdaşlarının diktəsi ilə obyektdə kassir işləyən Şahid6 tərəfindən yazılmışdır. Qeyd olunan sayda işçiləri olmamışdır. Xüsusilə qeyd edilməlidir ki, N.Niftəliyev ibtidai istintaqda da tam eyni məzmunlu izahat vermişdir. -X2 heç bir orqanda ümumiyyətlə izahat verməmişdir. -X4 operativ vergi yoxlaması zamanı izahat verməmiş, məhkəmə istintaqında isə İddiaçı qardaşı olduğunu və vergi yoxlaması keçirilən gün onun işlərinə baxmaq üçün getdiyini bildirmişdir. -Şahid19 operativ vergi yoxlaması zamanı izahat verməmiş, ibtidai istintaqda isə bildirmişdir ki, Bakı şəhərində müxtəlif iaşə obyektlərində fərdi qaydada müğənniliklə məşğul olur. xx.xx.2021-ci il tarixdə adını xatırlamadığı müştərinin 200 manat müqabilində dəvəti ilə ilk dəfə “MİRROR” restoranına getmiş, həmin vaxt vergi yoxlaması gəlmişdir. İddiaçı tanımır, obyektə gələndən sonra adını öyrənmişdir. -Şahid20 operativ vergi yoxlaması zamanı izahat verməmiş, ibtidai istintaqda isə bildirmişdir ki, Bakı şəhərində müxtəlif iaşə obyektlərində fərdi qaydada klarnet ifa etməklə ailəsini saxlayır. xx.xx.2021-ci il tarixdə adını xatırlamadığı müştərinin dəvəti ilə ilk dəfə “MİRROR” restoranına getmiş, həmin vaxt vergi yoxlaması gəlmişdir. İddiaçı tanımır, obyektə gələndən sonra adını öyrənmişdir. Həmin gün Şahid19 ona 100 manat pul vermişdir. -Şahid3 operativ vergi yoxlaması zamanı, ibtidai istintaqda, eyni zamanda məhkəmə istintaqı zamanı “MİRROR” restoranında işləmədiyini, elan əsasında xx.xx.2021-ci il tarixdə işə düzəlmək üçün həmin obyektə getdiyini, həmin vaxt vergi əməkdaşlarının orada yoxlama tədbiri keçirdiklərini bildirmişdir. Şahid3 hazırki məhkəmə araşdırmasında da şahid qismində eyni məzmunlu izahat vermişdir. -X12 operativ vergi yoxlaması zamanı verdiyi izahatda “MİRROR” restoranında işləmədiyini bildirmiş, ibtidai istintaqda həmin obyektdə işlədiyini və digər işçiləri də tanıdığını bildirsə də məhkəmə istintaqı zamanı bildirmişdir ki, həmin restoranda işləməmişdir, restoranın fəaliyyət göstərdiyi ərazidə taksi fəaliyyəti ilə məşğul olmuşdur, Namidarı və onun qardaşlarını tanıyır, xx.xx.2021-ci il tarixdə Namidarın qardaşı Royalla həmin obyektə gəlmişdir. -Şahid5 operativ vergi yoxlaması zamanı verdiyi izahatda “MİRROR” restoranında işlədiyini bildirmişdir. İbtidai istintaqda ifadəsində isə bildirmişdir ki, vergi əməkdaşları ondan ümumiyyətlə nə işlə məğul olduğunu soruşduqda aşbaz olduğunu dediyinə görə ondan bu şəkildə izahat almışlar. A.Niftəliyev məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən göstərmişdir ki, iddiaçı onun qardaşıdır, onun obyektində işləməmişdir, hərdən gedib kömək etmişdir. Sadəcə qardaşı yoxlamadan sonra təklif etmişdir ki, onu sınaq müddətinə işə götürsün. Peşəsi fitnes-treinerdir, özünün ayrıca işi var. -Şahid9 operativ vergi yoxlaması, ibtidai və məhkəmə istintaqı zamanı izahatında göstərmişdir ki, elan əsasında xx.xx.2021-ci il tarixdə işə düzəlmək üçün həmin obyektə gəlmiş və elə həmin gün də işə cəlb edilmişdir. Şahid9 hazırki məhkəmə araşdırmasında da şahid qismində eyni məzmunlu ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, yoxlama zamanı vergi əməkdaşları ondan və digər şəxslərdən təzyiq göstərərək, məcburi izahat almışlar. Həmçinin xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin məzmunundan görünür ki, əmək müqaviləsi üzrə işçi (Şahid9) işə xx.xx.2021-ci il tarixdən başlayır, aylıq ödənişi 300 manat olmaqla, hər ay əmək haqqı ödənilir. Qeyd olunan hal onu deməyə əsas verir ki, Şahid9 xx.xx.2021-ci il tarixdə işə düzəlmək üçün sözügedən obyektə gəlmiş və elə həmin gün də onunla əmək müqaviləsi bağlanmışdır. -Şahid7 operativ vergi yoxlaması zamanı və ibtidai istintaqda verdiyi izahatda xx.xx.2021-ci il tarixdə “MİRROR” restoranında işə cəlb edildiyini bildirmiş, məhkəmə istintaqı zamanı isə fərqli ifadə verərək və bildirmişdir ki, elan əsasında xx.xx.2021-ci il tarixdə işə düzəlmək üçün həmin obyektə gəlmiş, ona 20 gün sonra işə başlaya biləcəyi bildirilmişdir. Həmin gün vergi əməkdaşları obyektə gələrək, onun və digər şəxslərin obyekdən çölə çıxmalarına imkan verməmişdir. -Şahid12 operativ vergi yoxlaması zamanı izahatında “MİRROR” restoranında işə cəlb edilmədiyini, iş şəraiti ilə tanış olmağa gəldiyini, lakin şərait onu qane etmədiyinə görə işləmədiyini və əmək müqaviəsi bağlanmadığını bildirmiş, ibtidai istintaqda verdiyi izahatda isə Namidarın qardaşı Royalın xahişi ilə həmin gün keçiriləcək tədbirə görə restoranda onlara aşbaz kimi kömək etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı verdiyi izahatda Şahid12 ilkin (ibtidai) izahatdan fərqli olaraq bildirmişdir ki, Namidar Niftəliyevi tanımır, onun qardaşı Royalı tanıyır, xx.xx.2021-ci il tarixdə işə düzəlmək üçün həmin obyektə gəlmişdir, orada vergi əməkdaşlarına həmin obyektdə işləmədiyini bildirmişdir. Vergi əməkdaşları onu məcbur edərək izahat yazdırmışlar. Göründüyü kimi yuxarıda adı çəkilən şəxslərin bir qismi “MİRROR” restoranında işə cəlb edilməsi ilə bağlı ümumiyyətlə heç bir orqanda izahat verməmiş, digər bir qismi həm operativ vergi nəzarəti tədbiri zamanı, həm də başqa orqanlarda həmin obyekdə işə cəlb edilmədiklərini, başqa bir qismi operativ vergi nəzarəti tədbiri zamanı həmin obyektdə işləmələri barədə izahat versələr də sonrakı izahatlarında bunun əksini bildirmişlər və izahatların təzyiq altında alındığını, bir qismi isə yoxlama keçirilən gün işə düzəlmək üçün həmin obyektə gəldiyini və elə həmin gün də müvafiq müqavilə bağlandığını bildirmişlər. Buna baxmayaraq birinci instansiya məhkəməsi işin qeyd olunan faktiki halını və həmin hallara tətbiq edilməli olan hüquqi yanaşmaları düzgün şərh etməmiş, adıçəkilən şəxslərin izahatları ziddiyətli olduğundan onlara müqayisəli şəkildə hüquqi qiymət verməmiş və hər bir halda 20 nəfər şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda izahatları qeyd olunan 10 nəfərə münasibətdə onların əmək müqaviləsi olmadan işə cəlb edilməsi ilə bağlı vergi orqanı ətraflı araşdırma aparmadan, cəza tədbirinə əsas verən hallarla bağlı foto və video çəkiliş imkanlarından istifadə etmədən qərar qəbul etmişdir ki, bu hal qeyd olunan qərarın tam əsaslı olmaması qənaətinə gəlməyə əsas verir. Vergi Məcəlləsi (3.11, 53.3) vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamlarının, həmçinin Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduğu halların vergi ödəyicisinin xeyrinə şərh edilməli olmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi Şahid19 və Şahid20 fərdi qaydada musiqiçi və müğənnilik fəaliyyəti göstərdiklərinə görə onların “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim etməmələri baxımından iddiaçıya münasibətdə tətbiq edilmiş maliyyə sanksiyasını əsaslı hesab etməkdə haqlı olmamışdır. Belə ki, Vergi Məcəlləsi (16.1.7-1, 16.1.7-2, 58.10) sözügedən “Qəbz”i əldə etməyən şəxslərin özünə münasibətdə, həmçinin həmin şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının tətbiqini müəyyən etmişdir ki, hazırki işdə adıçəkilən şəxslərin iddiaçı tərəfindən fəaliyyət göstərdiyi obyektə işə cəlb edilməsini təsdiq edən sübut mövcud deyil. Əksinə həmin şəxslər izahatlarında iddiaçını tanımadıqlarını, həmin obyektdə məclis təşkil edən müştərinin pul müqabilində dəvəti ilə obyektə gəldiklərini bildirmişlər. Məhkəmə kollegiyası mübahisələndirilən qərarın digər 10 nəfərin (Şahid2, Şahid6, Şahid8, Şahid4, Şahid1, Şahid10, Şahid11, Şahid13, X6, Şahid17) əmək müqaviləsi olmadan işə cəlb edilməsi əsası ilə iddiaçının maliyyə sanksiyasına məruz qalması hissəsi ilə razılaşır və hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, adıçəkilən şəxslərdən 9 nəfər (Şahid4 istisna olmaqla) həm operativ vergi yoxlaması zamanı, həm də ibtidai istintaqda izahat verərək, əmək müqaviləsi bağlanmadan iddiaçı tərəfindən işə cəlb edildiklərini bildirmişlər və iddiaçı tərəfindən bu halı təkzib edən hər-hansı sübut təqdim edilməmişdir. Şahid4 isə operativ vergi yoxlaması zamanı 1 ay ərzində “MİRROR” restoranında işlədiyini bildirmiş, ibtidai istintaq zamanı izahatında xx.xx.2021-ci il tarixdən inzibatçı (adminstrator) kimi işə cəlb edildiyini bildirmiş, lakin məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilərkən izahatın ona məcburi qaydada yazdırıldığını bildirmişdir. Buunla yanaşı Şahid4 hazırki məhkəmə araşdırması zamanı şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, N.Niftəliyev onun dostudur, yoxlama keçirilən gündən əvvəlki günlərdə də ona kömək etmək üçün obyektə gedib-gəlmişdir, lakin əmək haqqı almamışdır. Şahid4 həmin obyektdə əmək müqaviləsi bağlamadan operativ vergi yoxlamasının keçirildiyi tarixdən əvvəlki günlərdə də inzibatçı kimi işə cəlb edilməsi faktı özünün ifadəsindən əlavə, həmçinin ibtidai istintaq zamanı zərərçəkmiş qismində dindirilmiş Şahid12, Şahid3, Şahid14 və digərlrinin ifadələri ilə öz təsdiqini tapır. Beləliklə, işin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2-1(120)-263/2023 nömrəli qərarı ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2-1(120)-263/2023 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsiin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7636 nömrəli qərarı İddiaçı 20000 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar