Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-562/2024 27.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2-1(120)-1400/2024 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi və dayandırıldığı vaxtdan ödənilməsi tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1976-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Moskva üzümçülük sovxozunda işlədiyi dövrün sığorta stajına daxil edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi və əlilliyinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 30 avqust 2024-cü il tarixli, 2- 1(120)-1400/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1976-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək əmək fəaliyyəti göstərdiyi Moskva üzümçülük sovxozu fəaliyyətdə olmuş təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması iddiaçının təqsiri səbəbilə olmamışdır. Belə ki, iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X9 Yanğın Nəzarət İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən 27 mart 2012-ci il tarixdə Cəlilabad rayonu, Günəşli kəndində yerləşən Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Günəşli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus Günəşli Bələdiyyəsi və Günəşli kənd mədəniyyət evi yerləşən inzibati binada yanğın hadisəsi baş verdiyi müəyyən edilir. Həmçinin arxiv məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması və ya hər hansı hal nəticəsində yararsız hala düşməsi iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının işlədiyi illəri onun sığorta stajına daxil edir. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, əmək fəaliyyətinə 31 dekabr 1974-cü ildən başlamış, onun əmək stajı düzgün hesablanmamışdır. Belə ki, hal-hazırda əmək stajı 1 il 9 ay 20 gün müəyyən edilsə də, lakin onun ümumi əmək stajı 25 ildən yuxarıdır. Həmçinin 08 aprel 1976-cı il tarixdən 02 may 1996-cı il tarixədək “Moskva” üzümçülük sovxozunda işləsə də, həmin illər onun əmək stajına daxil edilməmişdir. Həmin illər onun əmək kitabçasında öz təsdiqini tapmışdır. Həmin illərin onun əmək stajına daxil edilməsindən ötrü Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin cavab olaraq bildirilmişdir ki, sığorta stajının qanunla nəzərdə tutulandan 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. 27 mart 2012-ci il tarixdə Cəlilabad rayonu, Günəşli kənd icra nümayəndəliyinə məxsus olan Günəşli bələdiyyəsi və Günəşli mədəniyyət evinin yerləşdiyi inzibati binada yanğın hadisəsi baş verdiyindən “Moskva TTDKTİM“-yə məxsus olan sənədlər yanaraq məhv olmuşdur. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçıya xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək İİ dərəcə əlilliyə görə pensiya təyin edilərək ödənilmişdir. Təqdim edilmiş əmək kitabçasının surətinə əsasən sığorta stajı 1 il 9 ay 20 gün təşkil edir. İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1996-cı il tarixədək “Moskva” üzümçülük sovxozunda işlədiyini iddia etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1976-cı il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (eyni xətlə yazıldığından və latın qrafikalı möhürlə təsdiqləndiyindən) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Həmçinin Cəlilabad Rayon Dövlət arxivi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 3-48- 12RA/-2-167 nömrəli arayışa əsasən İddiaçı işləməsi ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı sığorta stajı qanunla nəzərdə tutulandan az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixdən isə 220 manata çatdırılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazla eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçı işə mühasib kimi qəbul olunsa da, işdən çıxma əmrində vəzifəsi briqadir yazılmışdır, lakin vəzifəsinin dəyişdirilməsi barədə qeydlər aparılmamışdır. Bu hal da əmək kitabçasının mötəbər olmadığını deməyə əsas verir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, 1974-1996-cı illərdə əmək fəaliyyəti barədə qeydlər aparılmılşdır. -birinci instansiya məhkəmısində şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Moskva” üzümçülük sovxozunda işləmişdir. İddiaçı onunla birlikdə işləmişdir. 25 il stajının tamam olmadığı üçün ona xx.xx.2023-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinin 01,07.2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən müvafiq yaşa çatmış şəxslərin azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək pensiya yaş həddi kişilər üçün 63 yaş müəyyən edilmişdir. Həmin qanuna əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün şərt fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 12 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçı xx.xx.1954-cü il doğumludur, xx.xx.2017-ci il tarixdə 63 yaşı tamam olmuşdur. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Formalaşmış mövcud məhkəmə təcrübəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması ona məxsus əmək kitabçası, həmçinin şahid ifadəsi ilə sübuta yetir. İddiaçı müvafiq sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi əmək kitabçasına istinad edərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeydlərin doldurulma qaydasının pozulmasını (eyni xəttlə yazılması), latın qrafikalı möhürlə təsdiq edilməsini əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, müəyyən dövrlərə aid əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi halı iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərin mötəbər olmadığını güman etmək üçün kifayət etmir. Məhkəmə kollegiyasının bu qənaəti həm də ondan qaynaqlanır ki, iddiaçı ilə eyni kolxozda əmək fəaliyyəti olmuş şəxs birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş və onun həmin kolxozda işləməsini təsdiq etmişdir. Digər tərəfdən, "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının xx.xx.1991-ci il tarixli Qərarına əsasən 1992-ci il tarixdən latın qrafikasına keçilmiş, möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının latın qrafikasına dəyişdirilməsinə başlanılmışdır. Göründüyü kimi latın qrafikasına keçid 1992-ci ildən başlanılmışdır. Odur ki, iddiaçının 1996-cı ildə işdən azad edilərkən həm işə qəbul, həm də işdən azad edilməsi barədə qeydlərin latın qrafikalı möhürlə təsdiq edilməsi həmin sənədin mötəbərliyini şübhə altına almağa əsas vermir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə 12 ildən artıq sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Odur ki, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2-1(120)-1400/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-562/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-562/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver