Məhkəmə qərarları › İş №2-1(106)-563/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-563/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-563/2024 27.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, iddiaçının nümayəndəsi X2 iştirаkı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(120)-1623/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının (tələbin icraya yönəldilməsi barədə) ləğv edilməsi bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Sonradan birinci instansiya məhkəməsinin müvafiq yardımı əsasında iddiaçı tələbini dəqiqləşdirərək, xx.xx.2022-ci il tarixli qərarın (tələbin icraya yönəldilməsi barədə) və xx.xx.2021-ci il tarixli qərarın (vergi hesablanması barədə) ləğv edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 02 iyul 2024-cü il tarixli, 2-1(120)- 1623/2024 nömrəli qərardadı ilə iddianın mümkünsüz sayılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli qərar iddiaçının maraqlarına toxunmur, maraqlarına toxunması ehtimal olunan xx.xx.2021-ci il tarixli qərarı isə iddiaçı mübahisələndirməmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynidir. Prosessual məsələlər İddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, həmçinin kollegiyanın suallarına cavab olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinə iddianın dəqiqləşdirilməsi barədə ərizə və həmin tələblə bağlı müvafiq sübutlar təqdim edilmişdir. Həmçinin iddiaçıya münasibətdə yaranmış borc məbləği dələduzluq cinayəti ilə məşğul olan cinayətkar şəbəkənin üzvlərindən biri olan Hümbətov Miskin adlı şəxsin cinayətkar əməlləri nəticəsində yarandığından hazırki işin nəticəsi həmin şəxsin əməlinə qiymət verilməsindən asılıdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçının ilkin iddiası “tələbin icraya yönəldilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi ilə bağlı olsa da, sonradan iddiasını dəqiqləşdirərək, həm qeyd olunan qərarı, həm də vergi borcunun hesablanması barədə xx.xx.2021-ci il tarixli qərarı mübahisələndirmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaya yalnız “tələbin icraya yönəldilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi hissəsində baxaraq qiymət vermiş və öz qərardadında iddiaçının xx.xx.2021-ci il tarixli qərarı mübahisələndirmədiyini qeyd etmişdir. Xüsusilə qeyd edilməlidir ki, iddiaçının iddianın dəqiqləşdirilməsi barədə ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmaqla iş materiallarına əlavə edilsə də, hakim tərəfindən həmin ərizənin icraata qəbul edilib-edilməməsi məsələsinə qiymət verilməmiş, buna baxmayaraq dəqiqləşdirilmiş iddia ərizəsində mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərardan şikayət verilməsi ilə bağlı müddətin bərpası ilə bağlı iddiaçıya yardım edilməsi barədə bir neçə dəfə məktublar tərtib edilərək, iş materiallarına tikilmiş, həmin yardım məktublarının iddiaçıya göndərilməsi və ya təqdim edilməsi barədə sübut əldə edilərək işə əlavə edilməmişdir. Göründüyü kimi iddiaçının digər qərarla yanaşı xx.xx.2021-ci il tarixli qərarı da mübahisələndirməsi hakimə bəlli olmuş, lakin diqqətsizliyə yol verilərək, iddia həmin qərarın mübahisələndirilməsi hissəsində ümumiyyətlə araşdırılmamış, nəticə etibarilə tələbin bu hssəsinə hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(120)-1623/2024 nömrəli qərardadı ləğv edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(120)-1623/2024 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar