Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-563/2025 04.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatı üçün əsasın olmaması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “xx.xx.2001-ci il tarixdə 3 nömrəli reyestr kitabında inventar işi 114 olmaqla qeydiyyat vəsiqəsi verilmiş qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair arayışın (hüququn ölmüş şəxs X9 məxsus olması haqqında) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli 2-1(120)-169/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 114 nömrəli qeydiyyat vəsiqəsində qeyd edilmişdir ki, Beyləqan rayonu SMD-14 qəsəbəsində yerləşən qeyriyaşayış binası (mağaza) üzərində X5 mülkiyyət hüququ xx.xx.2001-ci il tarixdə 3 nömrəli reyestr kitabında, 5 səhifədə, 114 reyestr nömrəsi ilə qeydə alınmışdır. Qeyri-yaşayış binasına dair dekabr 2001-ci il tarixli inv.114, qeyd 3-114 nömrəli texniki pasportda qeyri-yaşayış binasının 2001-ci ildə tikilməsi, ümumi sahəsinin 36 kv.m, tikinti altı sahənin 30 kv.m olması, texniki pasportun tərtib edilməsinə əsas kimi Beyləqan Rayon Mil qəsəbə Bələdiyyəsinin 10 yanvar (düzəliş edilərək dekabr) 2001-ci il tarixli qərarı qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********12 nömrəli imtinada qeyd edilmişdir ki, “...Qeyri-yaşayış binasına dair təqdim olunmuş 18 dekabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsi barədə idarənin arxiv əsaslarında hər hansısa məlumat aşkarlanmadığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən müraciətinizin icrasından imtina edilmişdir.” Beyləqan Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd qeyd edilmişdir ki, “...Beyləqan Rayon Mil Bələdiyyəsi 2001-ci ilə aid olan arxiv sənəd materiallarının Beyləqan Rayon Dövlət Arxivinə təhvil vermədiyi səbəbindən X1 məqsədi ilə 30 kv.m torpaq sahəsinin ayrılması barədə Beyləqan Rayon Mil Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 2 nömrəli qərarı və həmin qərarın verilməsinə əsas olan sənədlər, həmçinin həmin qərar əsasında verilmiş 2001-ci il dekabr tarixli, 3-114 qeydiyyat, 114 inventar nömrəli texniki pasport və həmin texniki pasportun verilməsinə əsas olan sənədlər barəsində Beyləqan Rayon Dövlət Arxivində heç bir məlumat və ya sənəd aşkar edilmədi. X6 adna verilmiş xx.xx.2001-ci il tarixli, 114 nömrəli qeydiyyat vəsiqəsi barədə Beyləqan Rayon Dövlət Arxivində heç bir məlumat və ya sənəd aşkar edilmədi.” Beyləqan Rayon Mil Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubunda (sədr R.F.Mehdiyev) qeyd edilmişdir ki, “...Beyləqan Rayon Mil Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 2 nömrəli qərarı və həmin qərarın verilməsinə əsas olan sənədlərin Sizə təqdim olunmasına dair zərurət olmasına baxmayaraq həmin dövrdə Bələdiyyəyə aid olan sənədlər sabiq Bələdiyyə sədri tərəfindən məhv edildiyindən tələb olunan sənədlərin təqdim olunması tərəfimizdən mümkün deyildir. Əsas: Beyləqan Rayon Prokurorluğunun 04 aprel 2014-cü il tarixli ittiham aktı.” Cavabdeh tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...Sözügedən müraciətdə qeyd edilən Beyləqan X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 114 inventar nömrəli qeydiyyat vəsiqəsinin və həmin vəsiqənin verilməsinə əsas olan sənədlərin, Beyləqan Rayon Mil Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 2 nömrəli qərarı əsasında verilmiş 2001-ci il dekabr tarixli 3-114 qeydiyyat, 114 inventar nömrəli texniki pasportun və həmin texniki pasportun verilməsinə əsas olan sənədlərin arxivi aşkarlanmadığından həmin sənədlərin təsdiq edilmiş surətlərin təqdim etmək mümkün olmadı.” Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...Beyləqan X3 və Mülkiyyat Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 18 dekabr 2001-ci il tarixli 114 inventar nömrəli qeydiyyat vəsiqəsinin və onun verilməsinə əsas olmuş sənədlərin, o cümlədən Beyləqan Rayon Mil Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 2 nömrəli qərarı əsasında verilmiş 2001-ci il dekabr tarixli, 3-114 qeydiyyat, 114 inventar nömrəli texniki pasportun və onun verilməsinə əsas olmuş sənədlərin surətinin təqdim edilməsi barədə məktubunuza aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin və "xxxx" MMC-nin arxivində sözügedən sənədlər aşkar edilməmişdir.” Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8325 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...İddiaçı iddia etdiyi və istifadəsində olan 45.12 kv.metr (4.80mx9.40m2) ölçüdə qeyri-yaşayış binası texniki pasportda göstərilən texniki göstəricilərə uyğun deyil. Belə ki, yuxarıda göstərilən sənədlərdə tikintialtı torpaq sahəsi 30 kv.metr (5mx6m2), qeyri-yaşayış sahəsi 25.76 kv.metr (4.60x5.60) ölçüdə bir otaqdan ibarət qeyri-yaşayış binası qeyd olunsada, iddia olunan ərazidə tikinti altı torpaq sahəsi 45.12 kv.metr (4.80mx9.40m2), qeyri-yaşayış sahəsi 34.78 kv.metr (24.28 kv.m2 (4.15x5.85) və 10.50 kv.metr (3.00x3.15)) ölçüdə 2 otaqdan ibarət qeyri-yaşayış binası mövcuddur.” Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli 3-21-3-45/2- 4248/2025 nömrəli məktubunda qeyd etmişdir ki, “...Beyləqan rayonu, SMD-14 qəsəbəsində yerləşən qeyri-yaşayış binası üzərində X5 mülkiyyət hüququna dair reyestr kitabında qeydiyyatı aparılması barədə məlumat aşkarlanmadı. Əlavə olaraq bildiririk ki, sorğuda qeyd edilən 3 nömrəli reyestr kitabının 114 nömrəsi qeydiyyat vəsiqəsi əsasında ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış binası (istehsal sexi) X10 adına qeydiyyat aparılmışdır.” Qoşma olaraq reyestr kitabında 114 nömrə ilə aparılmış qeydiyyat sənədinin təsdiqlənmiş surəti təqdim edilmişdir. Beyləqan Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...Beyləqan Rayon İcra Hakimiyyətinin arxiv sənəd materialları Beyləqan Rayon Dövlət Arxivində 131 №-li fondda mühafizə edilir. Sorğunuz əsasında Beyləqan Rayon İcra Hakimiyyətinin 2001-ci ilə aid arixv sənəd materiallarına baxış keçirildi və Beyləqan şəhəri SMD-14 qəsəbəsində yerləşən X5 adına olan mağaza binasının tikintisi üçün icazə verilməsinə dair Beyləqan Rayon İcra Hakimiyyəti başçısının sərəncamı aşkar edilmədi.” Beyləqan Rayon Mil Bələdiyyəsinin sədri T.İbrahimov tərəfindən imzalanmış 30 (tarixdə düzəliş var) sentyabr 2003-cü il tarixli 13 saylı iclas protokolundan çıxarışda qeyd edilmişdir ki, “...Beyləqan rayon Mil qəsəbə sakini X9 Mil qəsəbə Bələdiyyəsi mülkiyyətində olan Ələt-Culfa yolundan SMD-14 qəsəbəsinə ayrılan yolun sağ tərəfində əsas yoldan 30- 35 metr aralı ticarətlə məşğul olmaq üçün 30 kv.m torpaq sahəsi ayrılsın.” Beyləqan Rayon Mil Bələdiyyəsinin sədri T.İbarhimov tərəfindən imzalanmış 30 (tarixdə düzəliş var) dekabr 2003-cü il tarixli 13 saylı iclas protokolda qeyd edilmişdir ki, “...Beyləqan rayon Mil qəsəbə sakini X5 Ələt-Culfa yolundan SMD-14 qəsəbəsinə ayrılan yolun 30-35 metrliyində yolun sağ tərəfində fərdi sahibkarlıqla məşğul olmaq üçün 30 kv.m torpaq sahəsi ayrılması varədə müraciəti nəzərə alınsın. X9 30 kv.m torpaq sahəsi ayrılsın.” xx.xx.2020-ci il tarixli, AZ-İİ 132199 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2020-ci ildə ölmüşdür. Beyləqan rayon 1 saylı Notariat ofisinin 04 avqust 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi kimi tanınmışdır. Miras əmlaka dair sənəd təqdim olunduqdan sonra vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xx.xx.2001-ci il tarixdə 3 nömrəli reyestr kitabında inventar işi 114 olmaqla qeydiyyat vəsiqəsi verilmiş qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair arayışın (hüququn ölmüş şəxs X9 məxsus olması haqqında) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2-1(120)-407/2024 nömrəli qərardadı ilə Beyləqan Rayon Mil Bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Mil Bələdiyyəsinin 2 saylı 10 yanvar 2001-ci il tarixli qərarına əsasən X9 Beyləqan rayonu SMD-14 qəsəbəsində qeyri-yaşayış (mağaza) binasının tikilməsi üçün 30 kv.m torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsində həcmi 158.4 olan mağaza binasını tikmişdir. Həmin mağaza binasına X5 adına qeydiyyat vəsiqəsi verilmiş, 18 dekabr 2001-ci il tarixdə 3 nömrəli reyestr kitabında inventar işi 114 olmaqla qeydiyyat vəsiqəsi yazılmış və qeyri-yaşayış binasının texniki pasportu tərtib olunmuşdur. Mağaza binası ilə bağlı heç bir mübahisə olmamamış və hazırda da heç bir mübahisə yoxdur. Beyləqan rayonu SMD-14 qəsəbəsində yerləşən qeyri-yaşayış (mağaza) binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 19 sentyabr 2022-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Cavabdehin etirazları: İddiaya qarşı etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Şirvan İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli 2-1(120)-169/2025 nömrəli qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, ekspert rəyindən göründüyü kimi ölçmə işləri zamanı təqdim olunmuş texniki pasportda istinad nöqtələri mövcud olmadığı üçün qeyd olunan 30 kv.m (5mx6m2) ölçüdə qeyri-yaşayış binasının (mağaza) yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamış, eyni zamanda İddiaçı iddia etdiyi və istifadəsində olan 45.12 kv.m (4.80mx9.40m2) ölçüdə qeyri-yaşayış binası texniki pasportda göstərilən texniki göstəricilərə uyğun olmaması və sənədlərdə tikinti altı torpaq sahəsi 30 kv.m (5mx6m2), qeyri-yaşayış sahəsi 25.76 kv.m (4.60x5.60) ölçüdə bir otaqdan ibarət qeyri-yaşayış binası qeyd olunsa da, iddia olunan ərazidə tikinti altı torpaq sahəsi 45.12 kv.m (4.80mx9.40m2), qeyri-yaşayış sahəsi 34.78 kv.m (24.28 kv.m (4.15x5.85) və 10.50 kv.m (3.00x3.15 )) ölçüdə 2 otaqdan ibarət qeyri yaşayış binasının mövcud olması qeyd edilmişdir. Apellyasiya şikayətinə dair etiraz: Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli 2-1(120)-169/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, mübahisəli qeyri-yaşayış sahəsi 2001-ci ildə tikilmişdir. Həmin vaxt atası X2 Rayon Mil Bələdiyyəsinin sədri vəzifəsində işləmiş və qeyri-yaşayış sahəsinin sənədləşməsi ilə o, məşğul olmuşdur. X11 anasıdır. İddia ərizəsində qeyd edilən Beyləqan Rayon Mil Bələdiyyəsinin 2 saylı 10 yanvar 2001-ci il tarixli qərarı onda yoxdur. Sonda İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. 3.2. Ələt azad iqtisadi zonasında daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “İnzibati icraat haqaqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 65. İnzibati aktın etibarsız sayılması … 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv ediməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatı üçün əsas hesab olunur. xx.xx.2001-ci il tarixdə 3 nömrəli reyestr kitabında, 5 səhifədə, 114 reyestr nömrəsi ilə qeydə alınmış qeydiyyat vəsiqəsi qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Qeyd edilən səbəblərdən hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlıdır. Qeydiyyat vəsiqəsinə münasibətdə hüququ qeydiyyata alınmış şəxsin etimad hüququ qorunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Kollegiya qeyd edir ki, işin hallarının araşdırılması prinsipinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddiaçı onda olan 114 nömrəli qeydiyyat vəsiqəsinə əsaslanaraq hazırki iddianı irəli sürmüşdür. Onun hüquqi marağı mübahisəli qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair arayışın (hüququn ölmüş şəxs X9 məxsus olması haqqında) verilməsinə nail olmaqdan ibarətdir. Kollegiya qeyd edir ki, qeydiyyat vəsiqəsi özü-özlüyündə hüquq yaradan sənəd deyil, o yalnız mövcud olan hüququn səlahiyyətli orqan tərəfindən qeydiyyata alındığını təsdiq edən sənəddir. Mübahisəli qeyri-yaşayış sahəsinə hüququn yaranması ilə bağlı hər hansı bir hüquqmüəyyənedici sənəd (torpaq sahəsi ilə bağlı sənəd, tikintiyə dair sərəncam, istismara qəbul aktı və s.) olmamışdır. Nəzərə almaq lazımdır ki, 114 nömrəli qeydiyyat vəsiqəsinin verilməsinə əsas ola biləcək hər hansı bir hüquqmüəyyənedici sənəd ümumiyyətlə olmamışdır. Bu isə o deməkdir ki, hüququn yaranması sübut olunmur. 114 nömrəli qeydiyyat vəsiqəsi qanunla hüququn yaranması üçün hər hansı bir hüquqmüəyyənedici sənəd olmadan verilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamışdır. Qeydiyyat vəsiqəsində qeyd edilmişdir ki, Beyləqan rayonu SMD-14 qəsəbəsində yerləşən qeyri-yaşayış binası (mağaza) üzərində X5 mülkiyyət hüququ xx.xx.2001-ci il tarixdə 3 nömrəli reyestr kitabında, 5 səhifədə, 114 reyestr nömrəsi ilə qeydə alınmışdır. Halbuki, cavabdeh orqan məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli 3-21-3-45/2- 4248/2025 nömrəli məktubunda qeyd etmişdir ki, “...Beyləqan rayonu, SMD-14 qəsəbəsində yerləşən qeyri-yaşayış binası üzərində X5 mülkiyyət hüququna dair reyestr kitabında qeydiyyatı aparılması barədə məlumat aşkarlanmadı. Əlavə olaraq bildiririk ki, sorğuda qeyd edilən 3 nömrəli reyestr kitabının 114 nömrəsi qeydiyyat vəsiqəsi əsasında ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış binası (istehsal sexi) X10 adına qeydiyyat aparılmışdır.” Qoşma olaraq reyestr kitabında 114 nömrə ilə aparılmış qeydiyyat sənədinin təsdiqlənmiş surəti təqdim edilmişdir. Bundan başqa, məhkəmə tərəfindən reyestr kitabının məhkəmə iclasına gətirilməsi təmin edilmiş, kitaba iclasda nəinki 2001-ci il və reyestr nömrəsi (114 nömrə) ilə, hətta ayrıayrı illər üzrə ad, soyad və ata adına görə baxış keçirilmiş, lakin X5 qeyri-yaşayış binası üzərində mülkiyyət hüququna dair reyestr kitabında qeydiyyat aşkar edilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edə bilməz. Belə ki, olmayan reyestr qeydinə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından söhbət gedə bilməz. Qeyri-yaşayış binasına dair dekabr 2001-ci il tarixli inv.114, qeyd 3-114 nömrəli texniki pasportda qeyri-yaşayış binasının 2001-ci ildə tikilməsi, ümumi sahəsinin 36 kv.m, tikinti altı sahənin 30 kv.m olması, texniki pasportun tərtib edilməsinə əsas kimi Beyləqan Rayon Mil qəsəbə Bələdiyyəsinin 10 yanvar (düzəliş edilərək dekabr) 2001-ci il tarixli qərarı qeyd edilmişdir. İşin araşdırılması ilə bağlı belə bir qərar aşkarlanmamış, iddiaçı da onda elə bir qərarın olmadığını bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə Beyləqan Rayon Mil Bələdiyyəsinin sədri T.İbarhimov tərəfindən imzalanmış 30 (tarixdə düzəliş var) sentyabr 2003-cü il tarixli 13 saylı iclas protokolundan çıxarış və Beyləqan Rayon Mil Bələdiyyəsinin sədri T.İbarhimov tərəfindən imzalanmış 30 (tarixdə düzəliş var) dekabr 2003-cü il tarixli 13 saylı iclas protokolundan çıxarış təqdim edilmişdir. İddiaçı bildirilmişdir ki, qeyd edilən qərarlar qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı qəbul edilmiş qərarlardır. İddiaçının qeyd etdiyi həmin məsələ bir daha təsdiq edir ki, 2001-ci il tarixli inv.114, qeyd 3-114 nömrəli texniki pasportda əsas kimi qeyd edilən Beyləqan Rayon Mil qəsəbə Bələdiyyəsinin 10 yanvar (düzəliş edilərək dekabr) 2001-ci il tarixli qərarı olmamışdır. Əgər həqiqətən belə bir qərar (2001-ci ildə) var idisə, onda sual oluna bilər. Eyni torpaq sahəsi ilə bağlı 2003-cü il tarixli qərarların qəbul edilməsi nəyə lazım idi? İddiaçının anası (X11) Bələdiyyəyə eyni torpaq sahəsinin ona satılması ilə bağlı dəfələrlə müraciət edir, qarşı tərəf də eyni torpaq sahəsinin ona satılması ilə bağlı dəfələrlə qərar qəbul edir? Həmçinin, nəzərə almaq lazımdır ki, həmin dövrdə Beyləqan Rayon Mil qəsəbə Bələdiyyəsinin sədri hazırkı iddiaçının atası X7, adına 114 nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmiş X11 isə onun həyat yoldaşı olmuşdur. Belə çıxır ki, Bələdiyyə tərəfindən eyni torpaq sahəsinin bələdiyyə sədrinin həyat yoldaşına satılması ilə bağlı dəfələrlə ayrı-ayrı qərarlar qəbul edilmişdir. Hətta, qəbul edilsə ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı Beyləqan Rayon Mil qəsəbə Bələdiyyəsinin 10 yanvar (düzəliş edilərək dekabr) 2001-ci il tarixli qərarı olmuşdur, yalnız bu hal yenə də mübahisəli qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına və 114 nömrəli qeydiyyat vəsiqəsinin verilməsi üçün əsas ola bilməzdi. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. İddia təmin edilmədiyi üçün kollegiya hesab edir ki, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul iddiaçıya aid edilməli, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli 2-1(120)-169/2025 nömrəli qərarı ləğv edilsin İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “xx.xx.2001-ci il tarixdə 3 nömrəli reyestr kitabında inventar işi 114 olmaqla qeydiyyat vəsiqəsi verilmiş qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair arayışın (hüququn ölmüş şəxs X9 məxsus olması haqqında) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməsin. Mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-563/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-563/2025
04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver