Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-566/2025 17.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X13 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid statusu ilə bağlı arayışın verilməsindən imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X14 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, iddiaçı X19, onun vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı X13 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı “şəhid statusu ilə bağlı arayışın verilməsi” barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 23 may 2025-ci il tarixli 2- 1(120)-1237/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları “Qazax” X9 Komandirinin 09 dekabr 2021-ci il tarixli 0294 saylı əmrindən çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət qullçusu əsgər X10 09 dekabr 2021-ci il tarixdən N nömrəli hərbi hissə üzrə şəxsi heyətin siyahısına və bütün növ təminat normalarına daxil edilməklə “kiçik mütəxəssis hazırlığı kursu”na cəlb edilmiş hesab edilmişdir. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(095)-3/2024 nömrəli hökmündən görünür ki, “...X1 ümumi təhlükəli üsulla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. ...Ümumi təhlükəli üsulla sağ əlinin şəhadət barmağı ilə silahın tətiyini qəsdən sıxaraq bir atəş açmış, nəticədə güllə əsgər M.İddiaçı dəyərək o, yetirilən anda sağlamlığa ağır zərər vurmaya aid “giriş dəliyi alın nahiyəsində nisbətən sağda, çıxış dəliyi sol təpə nahiyəsində yerləşməklə, kəllə tağı və əsası sümüklərinin defektli, çox qəlpəli, açıq sınıqları, baş beyin toxumasının diffuz əzilibdağılması ilə müşayiət olunan başın bir ədəd dəlib keçən yarası” xəsarətlərini alaraq başın dəlib keçən odlu silah güllə yaralanması nəticəsində baş beyin toxumasının diffuz əzilibdağılması nəticəsində hadisə yerində ölmüş, bununla da M.M.Məmmədov ümumi təhlükəli üsulla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. ... X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.” Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1- 1(104)-50/2024 nömrəli qərarından görünür ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(095)-3/2024 nömrəli hökmü təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Hərbi Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, “...X5 ölümü ilə əlaqədar olaraq istintaq orqanı tərəfindən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə ittiham verilmişdir. X2 Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(095)-3/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1- 1(104)-50/2024 nömrəli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1- 1(095)-3/2024 nömrəli hökmü təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(095)-3/2024 nömrəli hökmü qanuni qüvvəsini aldığından icraya yönəldilmişdir.” Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları “Qazax” X9 komandirinin 21 dekabr 2022-ci il tarixli 0304 nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü sərhəd komendantlığı 25-ci sərhəd zastavası 1-ci sərhəd döyüş məntəqəsi 1-ci qrupunun pulemyotçusu əsgər X5 dövlət sərhədinin müdafiəsi və mühafizəsi zamanı xidməti vəzifələri icra edərkən aldığı güllə yarasından həlak olması ilə əlaqədar olaraq 10 dekabr 2022-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmış hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Qazax” X9 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli k/8/5514 nömrəli məktubunda göstərilir ki, 28 oktyabr 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər X10 10 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin müdafiəsi və mühafizəsi zamanı xidməti vəzifələrini icra edərkən güllə yarasından həlak olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-43- 11/2-641/24 nömrəli məktubunda göstərilmişdir ki, “...Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Qazax” X9 xx.xx.2022-ci il tarixli məktubunda “əsgər X10 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhədinin müdafiəsi və mühafizəsi zamanı xidməti vəzifələrini icra edərkən güllə yarasından həlak olmuşdur.” bildirişi verilmişdir. Gəncə Hərbi Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 1-1(095)-03/2024-cü il tarixli hökmünə istinad edilmiş, ...ərizədə qeyd edilən arayışın verilməsinin SHXÇDX-nin Beyləqan rayon şöbəsinin səlahiyyəti xaricində olması bildirilmişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X10 28 oktyabr 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, hərbi xidmətini Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” X9 Qazax rayonunun Xanlıqlar kəndinin ərazisində yerləşən 3-cü sərhəd komendantlığının 25-ci sərhəd zastavasının şərti olaraq “Şahin” adlandırılan 1-ci sərhəd döyüş məntəqəsində keçirmişdir. 10 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası dövlət sərhədinin müdafiəsi və mühafizəsi zamanı xidməti vəzifələrini icra edərkən almış olduğu güllə yarasından həlak olmuşdur. Bu hal Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” X9 SHXÇDX-nin Beyləqan rayon şöbəsinə ünvanladığı 14 dekabr 2022-ci il tarixli məktubu ilə təsdiq olunur. 29 mart 2024cü il tarixli ərizə ilə SHXÇDX-nin Beyləqan rayon şöbəsinə müraciət edərək oğlu X8 şəhid statusunun verilməsini xahiş etmiş, cavabdeh bundan imtina etmişdir. Cavabdeh imtinasını heç bir qanun norması ilə əsaslandırmamışdır. Şirvan İnzibati Məhkəməsinin 23 may 2025-ci il tarixli 2-1(120)-1237/2025 nömrəli qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydalarının 1.2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilir. Oğlu materiallarında olan sübutlar təsdiq edir ki, oğlu Azərbaycan Respublikasının dövlət sərhədinin müdafiəsi və mühafizəsi zamanı xidməti vəzifələrini icra edərkən güllə yarasından həlak olmuşdur. Məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Qazax” X9 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının vəkili və nümayəndəsi, iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, imtinada göstərilənləri müdafiə edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydaları: Bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.
1. Şəhid anlayışı 1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: ... 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarı: “...«Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.”
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatının iştirakçılarını dinləyərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının oğlu döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirərkən deyil, digər hərbi qulluqçu tərəfindən silahdan açılan atəş nəticəsində vəfat etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, əsgər X10 09 dekabr 2021-ci il tarixdən N nömrəli hərbi hissə üzrə şəxsi heyətin siyahısına və bütün növ təminat normalarına daxil edilməklə “kiçik mütəxəssis hazırlığı kursu”na cəlb edilmiş, o, həqiqi hərbi xidmətdə olarkən digər şəxs X7 tərəfindən öldürülmüş, sonuncuya Gəncə Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(095)-3/2024 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları “Qazax” X9 komandirinin 21 dekabr 2022-ci il tarixli 0304 nömrəli əmri ilə əsgər X5 dövlət sərhədinin müdafiəsi və mühafizəsi zamanı xidməti vəzifələri icra edərkən aldığı güllə yarasından həlak olması ilə əlaqədar olaraq 10 dekabr 2022-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmış, cavabdeh orqan qeyd edilən səbəbdən (iddiaçının oğlunun digər şəxs tərəfindən öldürülməsi) iddiaçının tələbini təmin etməmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda şəhidə anlayış verilmişdir. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydalarında şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları dəqiq müəyyən edilmişdir. Qaydaların 1.2-ci bəndində şəhid hesab edilən şəxslər göstərilmişir. Şəxsin şəhid hesab edilməsi üçün vəfat etmiş şəxs həmin kateqoriya şəxslərin dairəsinə uyğun olmalıdır. Qeyd edilən qaydalarda nəzərdə tutulmamış hallarda şəxsə şəhid stasutunun verilməsi qanuni sayıla bilməz. Apellyasiya şikayətinin dəlili olan - Qaydaların 1.2.7-ci maddəsinə əsasən iddiaçının oğlunun şəhid hesab edilməsinə münasibətdə kollegiya qeyd edir ki, Qaydaların 1.2-ci bəndində göstərilmiş şəxslərin şəhid hesab edilməsi üçün şəxsin ölüm səbəbinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olması, hərbi əməliyyatla əlaqədar itkin düşməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilməsi zəruridir. İddiaçının övladının vəfat etməsinə səbəb olan hal xidməti vəzifəsinin icrası zamanı olsa da, bu hal onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə, həmçinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Qazax” X9 məktubunda mərhumun ölüm səbəbi kimi “Azərbaycan Respublikasının dövlət sərhədinin müdafiəsi və mühafizəsi zamanı xidməti vəzifələrinin icrası” göstərilməsinin səbəbi onun hərbi xidmətdə olmaqla hərbi qulluqçu hesab edilməsindən irəli gəlmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq şəxsin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə mövcud olmalıdır. Qeyd edilən səbəbli əlaqə şəxsə münasibətdə müəyyən edilmədiyi təqdirdə, inzibati orqanın həmin şəxsə şəhid statusu verilməsindən imtinası qanuni və əsaslı hesab edilməlidir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 may 2025-ci il tarixli 2-1(120)-1237/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.