Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-567/2024 27.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2-1(120)-152/2024 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və hüququn yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 07 avqust 2024-cü il tarixli, 2- 1(120)-152/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı ilə bağlı əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona hüququnun yarandığı tarixdən, yəni xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək fəaliyyəti göstərdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətdə olmuş təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması iddiaçının təqsiri səbəbilə olmamışdır. Belə ki, səlahiyyətli orqanın məlumatından görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2458 nömrəli “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi ilə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Sərəncamına əsasən Ədliyyə Nazirliyindən təhvil alınmış "xxxx" ASCnin qeydiyyat qovluğunda keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 229 nömrəli sərəncamına əsasən X2 bazasında "xxxx" ATSC-nin yaradıldığı, xx.xx.1998-ci il tarixdə D234 nömrə ilə Ədliyyə Nazirliyində qeydiyyata alındığı və "xxxx" ASC kimi Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində qeydiyyatdan keçdiyi barədə məlumat mövcuddur. Hazırda "xxxx" ASC fəaliyyəti dayandırılmış vəziyyətdədir. İnzibati orqan tərəfindən tam araşdırılma aparılmadan hər dəfə iddiaçının ayrı-ayrı dövrləri mübahisələndirilmişdir ki, həmin imtinalar formal xarakter daşımış, hər hansı əsaslı sübutlara istinad edilməmiş və yekun olaraq qeyd edilən hallar məhkəmə mübahisəsinin uzadılmasına, narazıçılıqlara səbəb olmuşdur. Son imtina üçün dövrlər dəyişdirildiyi zamanda inzibati orqan əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərar verən zaman həmin dövrlərlə bağlı "xxxx" ASC-nin arayışını, arayışın verilməyinə əsas olan sənədlərin təqdim edildiyini və sorğu cavablarına əsasən müəssisənin qeyd edilən dövrdə fəaliyyətdə olmuş təşkilat olduğunu nəzərə almadığı müəyyən edilir. xx.xx.2024-cü il tarixli imtina qərarında müəssisə tərəfindən təqdim edilən arayışın yoxlanılması zamanı müəyyən uyğunsuzluqların olduğu qeyd edilsə də, həmin uyğunsuzluqların nədən ibarət olması qeyd edilməmiş, eləcə də məhkəmə iclasında həmin hissə nümayəndələr tərəfindən əsaslandırıla bilməmişdir. İş materiallarında olan arayışların isə saxta olması barədə hər hansı bir şübhə olmamış və şübhə doğuracaq bir əsas təqdim edilməmişdir. Yalnız sənədlərin arxivə təhvil verilməməsi əsası ilə imtinanı məhkəmə formal imtina kimi və iddiaçının hüquqlarını pozan hal kimi qəbul edir. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının xx.xx.2006-cı ilə kimi əmək fəaliyyəti dövrü onun sığorta stajına daxil edir. Həmçinin iddiaçının yaşa görə əmək pensiyası ilə bağlı inzibati orqana ilkin müraciəti 2019-cu il tarixdə olduğundan ona hüququ yarandığı tarxidən, yəni xx.xx.2018-ci il tarixindən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə kimi ordu sıralarında olmuş, xx.xx.1976-cı il tarixli 101/13 nömrəli əmrlə sabiq “sovxozlararası Tikinti Sahəsi”nə sürücü kimi işə qəbul edilmiş, xx.xx.1977-ci il tarixli 119/2 saylı əmrlə işdən azad edilmiş, xx.xx.1978-ci il tarixli 87/L nömrəli əmrlə “X7 Texniki dəstəsi”nə sürücü işinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixli 16/ş saylı əmrlə işdən azad edilmiş, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “X11 Birliyi”ndə sürücü işləmişdir. Pensiya təyin olunmasından ötrü DSMF Masallı rayon şöbəsinə müraciət etmiş, lakin DSMF əsassız olaraq bundan imtina etmişdir. Bundan əvvəl də məhkəməyə müraciət etmiş, Şirvan İnzibati Məhkəməsinin qərarı ilə iddia təmin edilmiş, lakin cavabdeh təşkilat apellyasıya şikayəti vermiş, apellyasiya məhkəməsi işdə olan “Sovxozlararası Tikinti Sahəsi”nin xx.xx.1977-ci il tarixli 119/2 saylı əmrində ata adının “Ağabala” kimi yazılmasını həmin sənədin ona məxsus olmasını təsdiq edən sənəd olmadığından iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Daha sonra həmin arxiv arayışının ona məxsus olması barədə iddia qaldırmış, Masallı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tələbi təmin edilmişdir. Həmin qətnamədən də cavabdeh təşkilat apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdehin imtina və iddiaya qarşı ilkin etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı 15 avqust 2019-cu il tarixdə Fondun Masallı rayon şöbəsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, şöbənin 26 avqust 2019-cu il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsasını iddiaçının sosial sığorta stajının 21 il 07 ay 20 gün olması təşkil edir. Daha sonra iddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək iddia ərizəsində ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının mərkəzi filiala təqdim etdiyi arxiv arayışlarının və hərbi biletin surətinə əsasən onun ümumi sosial sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978- ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrlər nəzərə alınmaqla) 21 il 06 ay 20 gün təşkil edir. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq iddiaçının əmək kitabçasında qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1997-ci il tarixdən 2001-ci ilin dekabr ayının sonuna qədər işlədiyi “Masallı Kəndkimya” ATSC-nin araşdırılması zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən daxil olmuş 02 mart 2021-ci il tarixli **********00200 nömrəli məktuba əsasən idarədə olan reyestrdə “Masallı Kəndkimya” ATSC adlı kommersiya qurumu aşkar edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Masallı Rayon Dövlət Arxivinin 04 mart 2021-ci il tarixli 90 nömrəli məktubunda “Masallı Kəndkimya” ATSC-nin sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Həmçinin İddiaçı xx.xx.1997-ci il tarixdən 2001-ci ilin dekabr ayının sonuna qədər işlədiyi “Masallı Kəndkimya” ATSC-nin Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sığorta haqlarının ödənilməsinə dair hesabatları aşkar edilməmişdir. İddiaçının mərkəzi filiala təqdim etdiyi 14 dekabr 2001-ci il tarixli “Masallı Kəndkimya” ATSC-nin əmrlər kitabından çıxarışda 05 iyul 1998-ci il tarixdə RK 304 nömrəli şəhadətnamə ilə QAZ-52 60-46 nömrəli nəqliyyat vasitəsinin X1 adına özəlləşdirilməsi barədə məlumat mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyəti olan fakt qaydasında müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin etiraz dəlilləri sonradan dəqiqləşdirilərək, qeyd edilmişdir ki, iddiaçının pensiya hüququna yenidən baxılmışdır. Onun xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixidək hərbi xidmət dövrü, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixədək ümümilikdə 7 il 7 ay 9 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Eyni zamanda xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi Masallı Avtonəqliyyat ASC-nin əmr kitabları, əmək haqqı cədvəlləri Masallı rayon Dövlət arxivinə təhvil verilmədiyindən həmin dövrü araşdırmaq mümkün olmamışdır. Qeyd olunan səbəbdən həmin dövr onun sığorta stajına daxil edilməmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2006cı il tarixindən sonra fərdi şəxsi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Nəticədə İddiaçı qanunla tələb olunan sığorta stajı və pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün hesab edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazla eynilik təşkil edir. Yekun olaraq cavabdehin əsas və yeganə dəlili iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də əmək fəaliyyəti ilə bağlı rəsmi sənəddə olan qeydlərin həmin müəssisənin sənədlərinin arxivə təhvil verilməməsinə rəğmən mötəbər hesab edilməməsi ilə əlaqədardır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətin dəlilinə uyğun izahat verdi, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. Onun "xxxx" Açıq Səhmdar Cəmiyyətində əmək fəaliyyəti ilə bağlı həmin qurumun xx.xx.2018-ci il tarixli, 02/18 nömrəli arayışında bildirilir ki, iddiaçı həqiqətən xx.xx.1978-ci il tarixdə 87/L nömrəli əmrlə X7 Texniki dəstəsində (hazırki "xxxx" ASC) sürücü işinə qəbul edilmişdir. İdarə etməsi üçün ona “Qaz 52” markalı, 10-90 dövlət qeydiyyat nişanlı avtomobil təhkim edilmişdir. İddiaçı xx.xx.1997-ci il tarixdə 16/ş h nömrəli əmrlə tutduğu işdən azad edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətin xx.xx.2022-ci il tarixli, 03/22 saylı məktub ilə əmr kitablarından həmin əmrlərin surətləri birinci instansiya məhkəməsinə təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq edilmişdir. Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2458 nömrəli “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi ilə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Sərəncamına əsasən Ədliyyə Nazirliyindən təhvil alınmış "xxxx" ASC-nin qeydiyyat qovluğunda keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 229 nömrəli sərəncamına əsasən X2 bazasında "xxxx" ATSC-nin yaradıldığı, xx.xx.1998-ci il tarixdə D234 nömrə ilə Ədliyyə Nazirliyində qeydiyyata alındığı və "xxxx" ASC kimi Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində qeydiyyatdan keçdiyi, hazırda fəaliyyətinin dayandırılmış vəziyyətdə olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Formalaşmış mövcud məhkəmə təcrübəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının 1978-1997-ci illərdə "xxxx" ASC-də əmək fəaliyyəti rəsmi sənədlərdə (əmr kitabları və əmək kitabçası) öz əksini tapdığından həmin müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi halı iddiaçının həmin müəssisədə işləməməsi və əmək haqqı almaması qənaətinə gəlmək üçün kifayət etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2-1(120)-152/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-567/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-567/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver