Məhkəmə qərarları › İş №2-1(106)-57/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-57/2023

13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-57/2023 13.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Xanhüseyn qızının cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı Xanhüseyn qızının və cavabdehin nümayəndəsi X3 iştirakları ilə. İddiaçı Xanhüseyn qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(120)1308/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Xanhüseyn qızı xx.xx.1960-cı ildə anadan olmuş, xx.xx.1990-xx.xx.2014-cü il tarixədək müxtəlif vəzifələrdə işləmiş, xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək X5 Avadanlıqları zavodunda materialların ştamplanması ilə məşğul olan ştamplayıcı vəzifəsində işləmişdir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Lakin inzibati orqan tərəfindən 06 dekabr 2021-ci il tarixli, **********2 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, Mərkəzi filiala təqdim etdiyi sənədlərdə xx.xx.1979xx.xx.1981-cil il tarixləri arasındakı dövrdə “X5 Avadanlıqları zavodunda işlədiyi məftilçəkən, xx.xx.1981-ci ildən xx.xx.1994-cü il tarixləri arasındakı dövrdə işlədiyi ştamplayıcı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) nəzərdə tutulmamışdır. Bu səbəbdən güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Xanhüseyn qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək X5 Avadanlıqları zavodunda materialların ştamplanması ilə məşğul olan ştamplayıcı vəzifəsində işlədiyi təsdiq edilməklə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Salyan rayonu olduğunu, Salyan rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırkı mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2022-ci il tarixli, 2-1(112)-5256/2022 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, xx.xx.1976-cı ildən xx.xx.2014-cü il tarixədək müxtəlif vəzifələrdə, o cümlədən xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək X5 Avadanlıqları zavodunda materialların ştamplanması ilə məşğul olan ştamplayıcı vəzifəsində işləmişdir. Əmək kitabçasında bu əmək stajı qeyd olunmuşdur. Ağır işdə işlədiyini müəssisə də arayışla və güzəştli aktla təsdiq etmişdir. Həmin müddətdə işlədiyi əmək stajı əmək kitabçasına işlənilmişdir. Beləliklə, güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Bununla əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin ona pensiya təyin edilməsindən imtina edilmişdir. Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1979-cu il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, güzəştli iş stajı xx.xx.1981-ci ildən xx.xx.1994-ci ilədək X5 Avadanlıqları zavodunda materialların ştamplanması ilə məşğul olan ştamplayıcı vəzifəsi üzrə 13 il təşkil edir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli, **********2 saylı məktubunda xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək X5 Avadanlıqları zavodunda materialların ştamplanması ilə məşğul olan ştamplayıcı vəzifəsində işlədiyi halda, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda həmin vəzifənin ümumi peşələr bölməsində nəzərdə tutulmadığını göstərməklə imtina etmişdir. İşlədiyi vəzifə araşdırılmadan imtina edilmişdir. Onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 12-ci “Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri” bölməsində qeyd olunan “izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcı” vəzifəsidir. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabırı sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşlədiyi vəzifə birbaşa olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 12-ci “Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri” bölməsində izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcı, yəni güzəşt kateqoriyalı işçilər kateqoriyasına aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. 25 avqust 2022-ci il tarixli məhkəmə iclasında İddiaçı Xanhüseyn qızı ərizə təqdim edərək, iddia tələbinin dəyişdirilərək “işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, qadınlar 55 vasına çatdıqda, azı 20 il sıqorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin islərdə çalısmışlarsa və fərdi hesabın sıqorta hissəsində qeydə alınmıs pensiya kapitalı əmək pensiyasının minimum məbləqindən az olmavan pensiva təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli, **********2 nömrəli cavab məktubunda göstərilmişdir ki, İddiaçı Xanhüseyn qızının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1979- xx.xx.1981-ci il tarixləri arasındakı dövrdə “X5 Avadanlıqları” zavodunda işlədiyi məftilçəkən, xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövrdə işlədiyi ştamplayıcı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə X2 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçı isə müvafiq güzəştli iş stajına malik deyil. Onun işləmiş olduğu ştamplayıcı vəzifəsi izolyasiya istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsində izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcı vəzifəsi ilə uyğunluq təşkil etmir. Bundan əlavə, iddiaçı güzəştli iş stajını təsdiq edən mötəbər arayış da təqdim etməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Həmin Qaydaların 3.2-ci bəndində görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. Bundan əlavə, məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfındən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilmiş, tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2-1(120)-1308/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin olunmuş, İddiaçı Xanhüseyn qızının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia tələbinə olan yazılı münasibəti (etirazı) ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1979-xx.xx.1981-ci il tarixləri arasındakı dövrdə “X5 Avadanlıqları zavodunda işlədiyi məftilçəkən və xx.xx.1981xx.xx.1994-cü il tarixləri arasındakı dövrdə işlədiyi ştamplayıcı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixləri 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqədar şəkildə qiymətləndirmədən qəbul edilmiş məhkəmə qərarı əsaslandırmış, məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımı qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi və Şirvan İnzibati Məhkəməsinin 29 sentyabr 2022cı il tarixli, 2-1(120)-1308/2022 nömrəli qərarının ləğv edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1308/2022 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (iddiaçının 52 yaşının tamam olduğu vaxt qüvvədə olan redaksiya). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu Maddə 13. Redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İnzibati Prosessual Məcəllə Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı güzəştli şərtlərə yaşa görə əmək pensiyası almaq üçün qanunvercilikdə müəyyən edilmiş yaş həddinə çatmışdır (iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 52 yaşında yaranmışdır). Eyni zamanda, işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Hazırda iddiaçı əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 20 ildən artıq ümumi stajının olması cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 07 mart 2023-cü il tarixli 3-17-1/2-48568/2023 nömrəli məktubundan görünür ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla 29 il 04 ay 04 gün sığorta stajı və fərdi hesabın sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək qeydə alınmış 4865,89 manat pensiya sığorta kapitalı nəzərə alınmaqla ona xx.xx.2014-cü il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyin müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənişi xx.xx.2021ci il tarixindən dayandırılmışdır. Hazırkı iş üzrə tərəflər arasındakı mübahisə güzəştli iş stajı ilə bağlıdır. Cavabdehin imtinasından, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçının X5 Avadanlıqları zavodunda işlədiyi xx.xx.1981xx.xx.1994-cü illərdə ştamplayıcı vəzifəsi mübahisələndirilir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus 20 aprel 1979-cu il tarixli, İT-İ № ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Xanhüseyn qızı xx.xx.1981-ci il tarixli 99/ok nömrəli əmrlə xx.xx.1981-ci il tarixdən 1-ci dərəcəli ştamplayıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli 150/pr nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən həmin sahədə ona 2-ci dərəcə verilmiş, xx.xx.1990-cı il tarixli 101/pr nömrəli əmrlə xx.xx.1990-cı il tarixdən həmin sahədə ona 3-cü dərəcə verilmiş, xx.xx.1994-cü il tarxili, 51/k saylı əmrlə öz xahişi ilə işdən azad edilmişdir. İşdə olan “X5 Avadanlıqları” Açıq Səhmdar Cəmiyyətinin 29 oktyabr 2021-ci il tarixli, 01 saylı arayışında görünür ki, İddiaçı Xanhüseyn qızının əmək kitabçasının 5-ci qeydində ştamplayıcı peşəsi haqqında qeyd “fəhlələrin iş və peşələrinə dair Vahid Tarif ixtisas məlumat Kitabçası”nda göstərilmiş peşə adlarına uyğun olaraq “izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcı” kimi qeyd olunmalıdır. Bundan başqa, işdə olan “X5 Avadanlıqları” Açıq Səhmdar Cəmiyyətinin 29 oktyabr 2021-ci il tarixli 02 saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı Xanhüseyn qızı xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 12-ci bəndində nəzərdə tutulan və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən “izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcı” vəzifəsində işləmişdir. Məhkəmə tərkibi qeyd edir ki, oxşar işlər Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı mübahisləndirilən iş illərində X5 Avadanlıqları zavodunda izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcı vəzifəsində işləmişdir. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının xx.xx.1981-xx.xx.1994-cü illərdəki işlədiyi ştamplayıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XV (Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri) bölməsində “izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcılar (2160000a— 19700)” peşəsinə uyğundur. Həmçinin, iddiaçının işlədiyi “ştamplayıcı” vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 12-ci (Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri) bölməsində öz əksini tapan “izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcılar” peşəsinə uyğundur. Yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının xx.xx.1981xx.xx.1994-cü illərdə işlədiyi ştamplayıcı vəzifəsi güzəştli iş stajı kimi nəzərə alındıqda, onun tələb olunan 10 ildən artıq güzəştli iş stajı yaranır. Odur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(120)- 1308/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar