Məhkəmə qərarları › İş №2-1(106)-57/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-57/2024

23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-57/2024 23.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2-1(120)-553/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 6 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1972-1977-ci və 1978-1996-cı illərdə Neftçala rayon “Nizami” adına kolxozda işlədiyi və X6 Texnikumunda “Zoomexanik” ixtisası üzrə təhsil aldığı 1975-1978-ci illəri sığorta stajı kimi müəyyən edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-553/2023 saylı, 13 aprel 2023-cü il tarixli qərardadı ilə iddiaçı iddia ərizəsi üzrə dəqiqləşmə barədə ərizəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilərək, “hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 2 saylı Şirvan-Salyan regional filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyası təyin olunması üçün DSMF 6 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Ona DSMf 6 saylı Regional Ərazi Filialı tərəfindən "Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyaların təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına əsaslanaraq məktubla imtina edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. O, 1972-1977-ci və l978-1996-cı illərdə Neftçala rayon "Nizami” adına kolxozda işləmiş və əmək haqqı almışdır. Həmin illərdə yuxarıda qeyd etdiyi kolxozda işləməyi Neftçala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Bundan başqa X6 Texnikumunda "Zoomexanik” ixtisası üzrə 1975-1978-ci illərdə oxumuş və diplom almışdır. İddiaçı göstərilənlərə əsaslanaraq, 1972-1977-ci və 1978-1996-cı illərdə Neftçala rayon "Nizami” adına kolxozda işlədiyi və X6 Texnikumunda "Zoomexanik” ixtisası üzrə təhsil aldığı 1975- 1978-ci illəri sığorta stajı kimi müəyyən edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq, arxiv arayışı ilə təsdiq edilən iş illəri əmək kitabçasında öz əksini tapmadığından və Salyan rayon X3 tərəfindən verilmiş 015315 nömrəli diplom ilə X7 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 368 nömrəli arxiv arayışı arasında uyğunsuzluq olduğu üçün həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyə əsasən mümkün olmadığı bildirilmişdir. İddiaçı 1972, 1977, 1978-1996-cı illərdə "Nizami” adına kolxozda çalışdığını iddia edir. Qeyd olunan illər üzrə iddiaçının əldə etdiyi əmək haqqları X4 filialının xx.xx.2020-ci il tarixli, 11 nömrəli arayışında qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyini iddia etdiyi dövrlər əmək kitabçasında öz əksini tapmadığı üçün qanunvericilik normalarının tələblərinə əsasən həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1 -ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Maddələrin məzmunundan görünür ki, sosial sığorta stajını təsdqi edən sənəd əmək kitabçasıdır. Digər zəruri məsələ isə Salyan rayon X3 tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli, 015315 nömrəli diplom ilə X7 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 368 nömrəli arxiv arayışı arasında uyğunsuzluğun olmasıdır. Belə ki, xx.xx.1978-ci il tarixdə Salyan rayon X3 tərəfindən verilmiş 015315 nömrəli diplomda İddiaçı 1975-ci il tarixdən 1978-ci il tarixədək təhsil aldığı qeyd olunmuşdur. X7 filialı tərəfindən verilmiş xx.xx.2021ci il tarixli 368 nömrəli arxiv arayışında isə İddiaçı xx.xx.1973-cü il tarixdə Salyan rayon X5 qəbul edildiyi, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi hissədə xidmət etdiyi, xx.xx.1976-cı il tarixdən Texnikuma bərpa edildiyi və xx.xx.1978-ci il tarixdə Texnikumu bitirdiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı təhsil aldığı dövrlər üzrə zəruri sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə olan halda İddiaçı tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2-1(120)-553/2023 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmiş və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qanunsuz və əsassız qərar qəbul etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Cavabdehin nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında izahat verərək, mübahisənin cavabdeh orqan tərəfindən məhkəmədən kənar qaydada həll edildiyini əsas gətirərək, iş üzrə icraata xitam verilməsinə dair ərizəni məhkəməyə təqdim edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cavabdeh orqan tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə olmadığı üçün məhkəmə kollegiyasından inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehin nümayəndəsinin söylədiyi dəlilləri təsdiq edərək ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 67.1. mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-225538/2024 nömrəli iş üzrə icraata xitam verilməsi barədə ərizədən (vəsatət) görünür ki, iddiaçının tələbi təmin olunduğundan məhkəmə kollegiyasından inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında ”xx.xx.2024cü il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı hüququnun yarandığı, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunmuş və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmayaraq həllini tapmışdır. Məhkəmə kollegiyası iddiaçının tələbinin təmin olunması barədə cavabdehin məlumatını iş materialları ilə birgə tədqiq edərək yuxarıda sadalanan prosessual hüquq normalarını əsas tutaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar