Məhkəmə qərarları › İş №2-1(106)-57/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-57/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-57/2025 23.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ““qəbzin nəzərə alınmaqla hüququnun yarandığı tarixdən avtomatlaşdırılmış qaydada pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(120)- 529/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2013-cü ildə 41 saylı qəbzlə məcburi dövlət sığorta haqqı üzrə ödənilmiş pul vəsaitinin fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X12 Şəxsinin Mil-Muğan regional filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2013-cü ildə 41 saylı qəbzlə məcburi dövlət sığorta haqqı üzrə ödənilmiş pul vəsaitinin fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2059/2023 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə X12 Şəxsinin Mil-Muğan regional filialının cavabdeh sırasından çıxarılması, Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cavabdeh qismində tanınması qərara alınmışdır. X5 xx.xx.2024-cü il tarixli, 2-1(120)-529/2024 nömrəli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır Şirvan İnzibati Məhkəməsinin 2 xx.xx.2024-cü il tarixli, 2-1(120)-529/2024 tarixli qərardadı ilə, iddia tələbinə “qəbzin nəzərə alınmaqla hüququnun yarandığı tarixdən avtomatlaşdırılmış qaydada pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, fiziki şəxs kimi, çöl pay torpağa sahəsinə görə 25 fevral 2013-cü ildə 41 saylı qəbzlə Saatlı rayonu YXO-nun hesabına 5 [beş) manat məcburi dövlət sığorta haqqı ödəmişdir. Lakin həmin pul sığorta onun kartına düşməmişdir. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 10 saylı Regional Ərazi Filialına müraciət edərək, 25 fevral 2013-cü ildə 41 saylı qəbzlə Saatlı rayonu YXO-nun hesabına 5 (beş) manat məbləğində ödədiyi vəsaitin fərdi şəxsi hesabına işlənilməsini tələb etmişdir. Lakin sözügedən idarə tərəfindən göndərilən 29 dekabr 2022-ci il tarixli, **********2 saylı məktubla iddiaçıya imtina verilmişdir və məcburi sosial sığorta haaqları üzrə hesabatlar təqdim edilməmişdir. "Əmək Pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün, nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli, 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla, əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 21.1-ci maddəsinə əsasən, Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşki latlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Sözügedən qanuna əlavə edilən 22-1-ci (Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvann 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri) maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu maddəyə uyğun olaraq hesablanır. Qeyd edilənlərə əsasən 2006, 2008, 2009-cu illər üzrə ödəmiş olduğu məcburi dövlət sosial sığorta ödənişlərinin X1 sistemində fərdi şəxsi hesabına qeyd edilməsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(120)-529/2024 saylı qərarı ilə (hakim Şahəli Musayev) iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(120)-529/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, adıçəkilən Qanunun 22-1.1-ci maddəsinin tələbinə əsasən, avtomatlaşdırılmış qaydada pensiya təyin edilərkən, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. İddiaçı pay torpaq sahəsinə görə sığorta haqqı ödənilməsi ilə bağlı 41 nömrəli xx.xx.2013-cü il tarixli qəbz təqdim etmişdir. Lakin Nazirliyin “X1 Sitemində” İddiaçı aid ’’Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçot məlumatları.“Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar (Forma B2) və ona uyqun olaraq təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar”lar (Forma B3) aşkar edilməmişdir. Həmçinin iş materiallarında olan məhkəmə sorğusu əsasında İddiaçı tərəfindən 25 fevral 2013-cü il tarixli 41 saylı qəbzlə ödənilmiş 5,40 manat (beş manat qırx qəpik) məbləğin hansı xəzinə hesabına ödənilməsi barədə məlumatların araşdırılması zamanı müəyyən edilmişdir ki, “**********4” saylı uçot nömrəsi köhnə proqram təminatlarında iddiaçının oğlu X4 qeydiyyat nömrəsi kimi əks olunmuş və Nazirliyin X1 sisteminin (bundan sonra - MEİS) “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsinin “Torpaq mülkiyyətçiləri” bölümündə R.Həsənov **********4 saylı SUN-la 14 aprel 2014-cü il tarixdə sıqortaedən kimi uçota alınmışdır. Qeyd edilməlidir ki, MEİS-in “Sığorta” (Hesabat) altsistemində R.Həsənovun yalnız 2014-cü ilə dair fəaliyyət növünün 0900 kodu üzrə (torpaq mülkiyyətçiləri) hesabatı əks olunmuş və sözügedən hesabat üzrə ödənilmiş cəmi 5,00 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı R.Həsənovun **********639 saylı fərdi şəxsi hesabında qeydə alınmışdır. Əlavə olaraq bildiririk ki, MEİS-in “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində İddiaçı torpaq (sığortaedən) və yaxud pay torpaq (ailə üzvü) mülkiyyətçisi kimi uçot məlumatı aşkar edilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(120)-529/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək iddia tələbində dəyişiklik etdiyini, tələbinə “xx.xx.2013-cü il tarixli, 41 nömrəli qəbz əsasında X4 adına qeydə alınmış 5 (beş) manat məcburi dövlət sosial sığorta haqqının onun adından çıxardılaraq xx.xx.2013-cü il tarixinə mənim adıma işlənməsi öhdəliyinin cavabdeh DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbyacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin və sonrakı cavabdehin nümayəndəsi Nümayəndə Malik qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməməsi, ilkin və sonrakı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Sosial sığortanın iştirakçıları Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Maddə 13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu 13.1. Sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 10. Sığortaçının hüquq və vəzifələri 10.1. Sığortaçı aşağıdakı hüquqlara malikdir: 10.1.1. Sığortaedəndən və sığortaolunandan bu Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək; 10.1.2. Sığortaedənin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq; 10.1.3. Sığortaedənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri tətbiq etmək. 10.2. Sığortaçın vəzifələri aşağıdakılardır: 10.2.1. Sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək; 10.2.1-1. Sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq; 10.2.2. sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək; 10.2.4. bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar vermək və səlahiyyətləri daxilində müvafiq normativ aktlar qəbul etmək. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsbedən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar çıxarılmalı, iddia təmin edilməlidir. Belə ki, İddiaçı birinci instansiya məhkəməsindəki tələbi (dəqiqləşdirildikən sonra) “qəbzin nəzərə alınmaqla hüququnun yarandığı tarixdən avtomatlaşdırılmış qaydada pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıxarılması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici tərəfindən müəyyən edilmiş iki mühüm şərtə cavab verməlidir 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qədər qeydə alınmış və ya qeydə alınmalı olan pensiya kapitalının mövcud olması. 01 iyul 2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək kişilər üçün pensiya yaşı 63 yaş yarım müəyyən edilmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 63 yaş yarımının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaranmışdır. İkinci şərtə münasibətdə isə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixli, 41 saylı qəbzinə əsasən İddiaçı tərəfindən fiziki şəxs kimi torpağ sahəsinə görə Saatlı rayonu YXO-nun hesabına 5 (beş) manat məcburi dövlət sığorta haqqı ödənişi həyata keçirilmiş, ödəniş iş materialları ilə öz təsdiqini tapmışdır. İnzibati orqan tərəfindən isə həmin ödənişlərin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmaması, onun konstitusion səviyyədə tanınan sosial təminat hüququnun, yəni pensiya hüququnun məhdudlaşdırılması üçün əsas qismində çıxış edə bilməz. Bununla yanaşı cavabdehin iddiaya qarşı müvafiq B2 və B3 hesabatlarının iddiaçı tərəfindən təqdim edilməli olması, lakin təqdim edilməməsi kimi formal xarakterli tələblərdən irəli gələn arqumentləri əsassızdır. Vəsaitin iddiaçının fərdi hesabında düzgün əks olunması isə iddiaçının vəzifəsi olmadığından onun ziyanına şərh edilə bilməz. İşin faktiki hallarında yuxarıda qeyd olunan normaların tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, hər iki tələb iddiaçıya münasibətdə ödənilməkdədir. Beləliklə, məhkəmə araşdırması ilə sübut olunur ki, iddiaçının manat məcburi dövlət sığorta haqqı ödənişi qəbul etməkdən və hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə, mübahisənin predmeti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, iddiaçı məhkəmənin yardım etmək vəzifəsini nəzərə alaraq iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəmə kollegiyasına ərizə təqdim etmişdir. Belə ki, qanunvericiliyin tələblərinə istinadən qeyd olunmalıdır ki, iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixli, 41 nömrəli qəbz ilə ödənilmiş 5 (beş) manat pul məbləği oğlunun hesabında deyil, onun öz hesabında görünsə, ona avtomatlaşdırılmış qaydada pensiya təyin ediləcək və hazırki məqsədinə çatacaqdır. İddiaçının da hazırki iddianı qalıdırmaqda məqsədi avtomatlaşdırılmış qaydada ona pensiyanın təyin edilməsi ilə bağlı olmuşdur. Bu baxımdan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə “xx.xx.2013-cü il tarixli, 41 nömrəli qəbz əsasında X4 adına qeydə alınmış 5 (beş) manat məcburi dövlət sosial sığorta haqqının onun adından çıxardılaraq xx.xx.2013-cü il tarixinə onun (idiaçının) adına işlənməsi öhdəliyinin cavabdeh DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi baxılması və cavabdeh qismində DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının əvəz edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası tələbin və cavabdehin apellyasiya icraatı qaydasında dəyişdirilməsi ilə bağlı onu qeyd edir ki, sözügedən qurumlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərdiyindən, iddiaçı məhkəmə icraatından əvvəl hər iki quruma müraciət etdiyindən və etdiyi müraciətlər təmin olunmadığından, məhkəmə icraatı uzun müddətdir (2020-ci ildən) davam etdiyindən və məhkəmə iclasında iddiaçı əvvəlki cavabdehin əsl (hazırki) cavabdeh ilə əvəz edilməsini xahiş etdiyindən prosessual qənaət prinsipinə əsasən əvvəlki cavabdeh DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan xx.xx.1997-ci il tarixli JN: 0022 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 05 saylı cizgidə göstərilən 4.10 ha torpaq sahəsi kənd təsərrüdatı məhsullarının istehsalı üçün İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 41 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən X11 Filialına 5 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-50078/2025 nömrəli məktubuna əlavə edilmiş “Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin uçot sənədi”ndən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə məcburi dövlət sosial sığortası üzrə uçota alınmışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-H-143369/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixində 3-17-1/1-H-130777/2025 nömrə ilə qeydiyyata alınmış 2013-cü il üzrə ödəniş qəbzində qeyd olunan 5,00 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəniş qəbzinin “Ödənişin təyinatı” bölməsində qeyd olunan “63006574” saylı köhnə uçot nömrəsi hal-hazırda MEİS-də **********4 saylı SUN-la “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs kimi” uçota alınmış X4 fərdi şəxsi hesabında öz əksini tapır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən 2011-ci il üzrə təqdim edilmiş “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” şəxs kimi “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”a (Forma B2) uyğun “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ı (Forma B3) təqdim edilmədiyi üçün müraciətdə qeyd olunan ödənilmiş məcburi dövlət sosial sığorta haqqı İddiaçı və ailə üzvlərinin fərdi şəxsi hesablarında əks olunmamışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-45948/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, MEİS-də qeydə alınmış İddiaçı fərdi şəxsi hesabında hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. MEİS-də “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölümündə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınmış R.Həsənovun “Ailə üzvləri” bölməsində məlumat aşkar edilməmişdir. Əvvəlki, yəni xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 öz izahatında bildirmişdir ki, xx.xx.2013-cü il tarixdə İddiaçı tərəfindən ödənilmiş 5 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ona aid deyildir. Həmin vəsait atası İddiaçı aiddir və həmin vəsait atası tərəfindən ödənilmişdir. Üçüncü şəxs X2 vəsaitin atası İddiaçı adına işlənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, cavabdehin nümayəndəsinin, o cümlədən əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı və üçüncü şəxs X4 izahatından müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2013-cü il tarixdə 5 manat məcburi dövlət sosial sığorta haqqı ödəmiş, lakin ödənilmiş həmin vəsaitqanunvericiliyə uyğun qaydada onun fərdi hesabında deyil, oğlu – Ramil Həsənovun fərdi hesabında öz əksini tapmışdır. İddiaçı xx.xx.2013-cü il tarixli, 41 saylı qəbzlə məcburi dövlət sığorta haqqı üzrə ödədiyi pul vəsaitinin fərdi şəxsi hesabına işlənilərərək yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialına müraciət etmişdir. İddiaçının müraciətinin təmin edilməsindən imtina edilərək, onun xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabında minimum pensiya kapitalı olmadığı üçün ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunmamışdır. Məhkəmə kollegiyası işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, bu maddənin qeyd hissəsi nəzərə alınmaqla pensiya yaşına çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə 21.2.10-cu maddədə nəzərdə tutulmuş mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət də sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 22-1-ci maddə əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. 2019-cu ilin yanvarın birindən qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəyə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Normaların məzmunundan göründüyü kimi, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 22-1-ci maddəsinin müddəalarının (avtomatlaşdırılmış qaydada təyinatın) tətbiq edilməsi üçün fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Məhkəmə kollegiyası işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə dair iddiaçıya aid qəbz mövcuddur və həmin qəbzin düzgünlüyü cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmin ödənişin onun fərdi hesabının sığorta hissəsinə köçürülməsində hüquqi marağı da aydın görünür. Belə ki, həmin ödəniş onun gözlənilən əmək pensiyası hüququnun təmin olunmasına xidmət edir. Belə ki, sığortaolunanlar və sığortaedənlərin uçota alınması, həmçinin onlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının həmin subyektlərin fərdi uçot hesabına köçürülməsi sığortaolunan və sığortaedənlərin sosial müdafiə hüquqlarının təminatına xidmət edir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən fərdi uçotun məqsədi əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmi edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsidir. Bu baxımdan iddiaçı tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının onun deyil, oğlu – Ramil Həsənovun fərdi uçot hesabında qeydə alınması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı sosial müdafiə hüququnun məhdudlaşmasına səbəb olduğundan sosial təminat qanunvericiliyinin tələblərinə, habelə fərdi uçotun təşkilinin qanunvericiliklə nəzərdə tutulmuş məqsədlərinə ziddir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iddiaçı “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar barədə (B3) məlumatları” DSMF-nin müvafiq qurumuna təqdim etməsə də, yuxarıda qeyd olunan 5 manat vəsaiti təyinatı üzrəödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmişdirvə yaranmış etimad hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası “İnzibati icraat haqqında” qanunun “etimad hüququnun qorunmasına” həsr olunmuş 13-cü maddəsinə əsasən “inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur”. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən “inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur”. “Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır”. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən cavabdeh quruma xx.xx.2025-cil il tarixli, 2- 1(106)57/2025 nömrəli sorğu verilərək İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixli, 41 nömrəli qəbz ilə xx.xx.2013-cü il tarixində ödənilmiş 5.40 manat məbləğində pulun 1 ildən artıq müddətdən sonra, yəni xx.xx.2014.-cü il tarixdə Ramil Həsənovun adına açılmış **********4 saylı SUN hesabına ödənilməsinin əsasları barədə, o cümlədən İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2013-cü il tarixli, 41 nömrəli qəbzdə əks olunan **********4 uçot nömrəsinin “Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi xx.xx.2014-cü il tairxdə uçota alınmış Ramil Həsənova aid edilməsinin əsasları barədə məlumatları və həmin məlumatları özündə əks etdirən sənədlərin məhkəməyə təqdim edilməsi tələb olunmuçdur. Lakin cavabdeh orqan belə sənədləri təqdim edə bilməmiş, əksinə məhkəmənin sorğusuna verdiyi xx.xx.2025-ci il tarixli, 3-17-1/2-50078/2025 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərdə Həsənov Ramilin fərdi uçot hesabının xx.xx.2014-cü ildə açıldığı barədə məlumat verilmişdir. Məhkəmə araşdırmasından göründüyü kimi, “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi Ramil Həsənov xx.xx.2014-cü il tarixdə sığortaedən kimi uçota alınmış, lakin İddiaçı tərəfindən 5 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənişi xx.xx.2013-cü il tarixdə ödənilmişdir. Yəni, İddiaçı tərəfindən 5 manat məbləğ xx.xx.2013-cü il tarixli, 41 nömrəli qəbzlə ödənilən zaman Ramil Həsənovun adına **********4 saylı SUN hesab açılmamışdır. Belə olduğu halda 5 manat məbləğin ödənildiyi xx.xx.2013-cü il tarixdən 1 ildən artıq müddətdən sonra, yəni xx.xx.2014-cü il tarixdə Ramil Həsənovun adına açılmış **********4 saylı SUN hesabına pulun daxil edilməsi və xx.xx.2013-cü il tarixli, 41 nömrəli qəbzdə əks olunan **********4 uçot nömrəsinin “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi hələ uçota alınmamış Ramil Həsənova aid edilməsi anlaşılan deyildir və əsassızdır. Digər tərəfdən məhkəmə iclasında iştirak edən üçüncü şəxs – Ramil Həsənov izahat verərək xx.xx.2013-cü il tarixli, 41 nömrəli qəbzlə ödənilən 5 manat məcburi dövlət sosial sığorta haqqı məbləğinin atası İddiaçı tərəfindən ödənildiyini qeyd etmiş və həmin ödənişin atasının fərdi uçot hesabında qeydə alınmasını istəmişdir. Qeyd edilənlər əsasında məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xx.xx.2013-cü il tarixli, 41 nömrəli qəbzlə ödənilən 5 manat məcburi dövlət sosial sığorta haqqı iddiaçı tərəfindən ödənilmişdir, sadəcə olaraq cavadeh inzabati orqanın səhvi nəticəsində başqa şəxsin adına işlənmişdir. Bu baxımdan həmin səhv cavabdeh tərəfindən düzəldilməli və həmin ödəniş iddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi üçün onun fərdi uçot hesabına işlənilməlidir. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələbləri baxımından qeyd etmək lazımdır ki, sığortaedəndən və sığortaolunandan Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hüququ, həmin şəxslər tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək isə sığortaçının vəzifəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qanunda nəzərdə tutulmuş səlahiyyətləri publik-hüquqi xarakter daşıdığından o, həmin səlahiyyətlərin icrasından imtina edə bilməz və bunun üçün əsaslar olduğu halda, məcburi dövlət sosial sığortasının məqsədləri üçün sığortaedəndən və sığortaolunandan qanunla müəyyən edilmiş məlumatları tələb etməli, sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlısaxlanmasını və mühafizəsini təmin etməlidir. Hazırkı halda, cavabdeh inzibati orqan yuxarıda qeyd olunan və iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqqı kimi ödənilən 5 manat məbləğində ödənişi qəbul etməsinə baxmayaraq, səhv olaraq sözügedən vəsaiti iddiaçının deyil, onun oğlu Həsənov Ramilin adına işləmişdir. Beləliklə də məcburi dövlət sosial sığortasının məqsədləri üçün zəruri məlumatların fərdi şəxsi hesaba daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh orqan torpaq mülkiyyətçisi (iddiaçı) tərəfindən ödənilən sosial sığorta ödənişlərinin onun deyil, başqa şəxsin adına işləməkdə və iddiaçının tələb etməsinə baxmayaraq həmin vəsaitin onun fərdi hesabında qeyd edilməsindən imtina etməkdə haqlı olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının onun fərdi uçot hesabında qeydiyyata alınmamasından (düzəliş edilməsindən) imtina ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olmuş, məcburi sosial sığorta haqqının fərdi uçot hesabında qeydə alınması ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(120)-529/2024 saylı qərarı ləğv edilməli, yeni qərar çıxarılmalı, iddia təmin edilməli, xx.xx.2013-cü il tarixli, 41 nömrəli qəbz əsasında X4 adına qeydə alınmış 5 (beş) manat məcburi dövlət sosial sığorta haqqı onun adından çıxardılaraq xx.xx.2013-cü il tarixinə iddiaçının adına işlənməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(120)-529/2024 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. xx.xx.2013-cü il tarixli, 41 nömrəli qəbz əsasında X4 adına qeydə alınmış 5 (beş) manat məcburi dövlət sosial sığorta haqqının onun adından çıxardılaraq xx.xx.2013-cü il tarixinə İddiaçı adına işlənməsi öhdəliyi cavabdeh DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar