Məhkəmə qərarları › İş №2-1(106)-575/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-575/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-575/2024 25.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlunun və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(120)1898/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia mümkün sayılmış və Şirvan İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2- 1(120)1898/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən, yəni 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. İİ. Apellyasiya şikayətinin dəlilləri: Şirvan İnzibati Məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasının tələb olunması sübuta yetirilir və bu səbəbdən qərar ləğv edilməlidir və iddiaçının iddiasının təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Y.Nağıyev” adına Aqroservis müəssisəsində olan əmək fəaliyyəti dövrünün araşdırılmasına zərurət yaranmışdır. Azərbaycan Respublikası X9 filialının xx.xx.2022-ci il tarixli 645 nömrəli arxiv arayışına əsasən “Y.Nağıyev” adına Aqroservis müəssisəsində 1998-ci il tarixdə iddiaçının iş fəaliyyəti aşkar olunmadığından həmin il sığorta stajına daxil edilməmişdir. Beləliklə, iddiaçının təqdim etdiyi ******* nömrəli hərbi biletə, ******* nömrəli kolxozçunun əmək kitabçasına, 04660514 nömrəli əmək kitabçasına əlavə vərəqə və 542 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən əsasən sığorta staj aşağıdakı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə (2 il 25 gün); xx.xx.1978-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Salyan rayonu Kürqaraqaşlı kənd “Oktyabr” kolxozunda işlədiyi dövr (17 il 6 ay 23 gün); xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Y.Nağıyev” adına “Aqroservis” müəssisəsində işlədiyi dövr (3 il 6 ay 7 gün); xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək X2 işlədiyi dövr (3 il 09 gün). Mübahisələndirilməyən 21 il 7 ay 17 gün, mübahisələndirilən: 4 il, 6 ay, 16 gün təşkiıl edir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yasına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına görə Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; 3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; 4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən; 6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22- 1.1ci maddəsinə, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Əmək Pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 21 il 7 ay 17 gün təşkil edir. X9 filialının xx.xx.2022-ci il tarixli 645 nömrəli arayışında İddiaçı “Y.Nağıyev” adına “Aqroservis” müəssisəsində 1998-ci il tarixdə əmək fəaliyyəti aşkar olunmadığında sözügedən dövr onun sosial sığorta stajına əlavə edilməmişdir. Həmçinin iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək X2 işlədiyini iddia etdiyi dövrün də (3 il 09 gün) iddiaçının sosial sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Belə ki, xx.xx.1999-cu il tarixin bazar gününə təsadüf etməsi və həmin günün qeyri iş günü olması, bununlada həmin tarixdə işə girmə əmrinin verilməsi mümkünsüz olduğundan sözügedən dövrdə iddiaçının həqiqətən həmin müəssisədə işləməsi şübhə doğurmuş və qeyd edilən illər onun sosial sığorta stajına əlavə edilməmişdir. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(120)1898/2024 nömrəli qərarının ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı iddia tələbinin əsaslarını müdafiə edərək, Şirvan İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(120)1898/2024 nömrəli qərarının qüvvəsində saxlanılmasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X4 şikayətin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İV. Maddi və prosessual normalar: - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: -1.0.1.əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, -1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7.63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı aşağıda qeyd olunan və tədqiq olunmuş sübutlara əsaslanır: -Salyan rayon “Y.Nağıyev” adına “Aqroservis” müəssisəsinin və X3 fəaliyyətdə olmuş təşkilat olduğu müəyyən edilmişdir. Bu barədə iş materiallarına əlavə edilən sənədlərə əsasən “Salyan Rayonu İstehsalat Kombinatı” Rayonlararası Təmir-tikinti Baş idarəsinin xx.xx.1994-cü il tarixli 21/şl nömrəli əmri ilə təsis edilmiş və dövlət qeydiyyatına alınmışdır. Təsis sənədlərinə əsasən Rayonlararası Təmirtikinti Baş İdarəsi hüquqi şəxsin yeganə təsisçisidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2001-ci il tarixli MMC- 5/216 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********645400 nömrəli məktubunda qeyd edilmişdir ki, “Salyan Rayonu İstehsalat Kombinatı” Rayonlararası Təmir-tikinti Baş idarəsinin xx.xx.1994-cü il tarixli 21/şl nömrəli əmri ilə təsis edilmiş və dövlət qeydiyyatına alınmışdır.Təsis sənədlərinə əsasən Rayonlararası Təmir-tikinti Baş İdarəsi hüquqi şəxsin yeganə təsisçisidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2001-ci il tarixli MMC- 5/216 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC-nə məxsus təsis sənədlərində yeganə təsisçi olaraq X1 adı qeyd olunmuşdur. Hər iki hüquqi şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınması və VÖEN əldə etməsi üçün bu günədək vergi orqanına müraciət etməmişdir. (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin qeydiyyat qovluğunda müəssisələrlə bağlı olan sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir) -Azərbaycan Respublikası X9 filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 48 DA/9F-2-103/2024 saylı arxiv arayışına əsasən Salyan rayon Y.Nağıyev adına “Aqroservis” müəssisəsinin 1998-1999-cu illərə aid şəxsi heyət üzrə əmr və əmək haqqı cədvəllərinin filiala tam təhvil verilmədiyi üçün iddiaçının həmin dövrlər üzrə iş fəaliyyətinin aşkar olunmadığı müəyyən edilir. Eləcə də, X3 heç bir işinin filiala təhvil verilmədiyi müəyyən edilir. -Azərbaycan Respublikası X9 filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 48 DA/9F-2-251/2024 saylı arxiv arayışına əsasən yenidən araşdırılma aparılmış və Salyan rayon Y.Nağıyev adına “Aqroservis” müəssisəsi tərəfindən 1998-1999-cu illərə aid şəxsi heyət üzrə inzibati işçilərin əmr və əmək haqqı cədvəllərinin təhvil verildiyi, lakin çalışan fəhlə işçilərin əmr və əmək haqqı cədvəllərinin təhvil verilmədiyi müəyyən edilir. Bu səbəbdən iddiaçının iş fəaliyyətinin müəyyən edilməsi mümkün olmamışdır. X3 (X6) ilə bağlı yenidən araşdırma aparılsa da, heç bir işinin filiala təhvil verilmədiyi bir daha müəyyən edilmişdir. Hüquq münasibətinin yarandığı dövrə münasibətdə yaşa görə əmək pensiya yaşı 65 və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Qeyd olunan iş stajı və orduda xidmət illəri nəzərə alındıqda, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı xx xxxxxxx 1957-ci il tarixdə anadan olmuş və 06 oktyabr 2022-ci il tarixdə 65 yaşı tamam olmaqla pensiya yaşına çatmış və əmək pensiyasının təyin edilməsi ilə bağlı hüququ həmin tarixdə yaranmışdır. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2022-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyası təyin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgündür. İddiaçıya məxsus əmək kitabçasında əmək fəaliyyəti ilə müvafiq qeydlər vardır. Nəzərə alınmalıdır ki, əmək haqqı cədvəllərinin saxlanılması və ya arxivə təhvil verilməsi işçinin vəzifəsi deyil. Odur ki, məhz həmin əsasla əmək kitabçasında olan mübahisəli illərə aid qeydlərin mötəbərliyinə şübhə ilə yanaşma doğru deyil. Cavabdeh tərəf həmin qeydlərin mötəbər olmaması barədə heç bir sübut təqdim eməmişdir. Məhkəmə Kollegiyasının qənaətinə görə də təqsirinin olmadığı hala görə mübahisəli halı sübut etmək iddiaçının vəzifəsi sayıla bilməz. Cavabdeh tərəfin mövqeyi “İnzibati icraat haqqında” Qanunun ümumi prinsiplərinə ziddir. Eyni növ məhkəmə mübahisələri bağlı məhkəmə qərarlarının icrası artıq inzibati orqan olaraq cavabdeh tərəfdə inzibati praktika yaratmışdır və həmin Qanunun 13-cü maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə ki, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Bununla belə cavabdeh tərəfin eyni növ və eyni əsaslarla olan müaciətlərə imitna verməklə məhkəmə mübahisələri yaratması başadüşülən hal deyil və məhkəmə bu hala tənqidi yanaşır. Cavabdeh tərəf xidməti vəzifəsindən irəli gələn hallara görə öz təşəbbüsü ilə həmin praktikanı tətbiq etməyə borcludur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Nəzərə alınmalıdır ki, sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasında pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin gücləndirilməsində, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Göründüyü kimi, imtinanın əsası olan hallar barədə müstəqil şəkildə və öz hesabına dəlillərin mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməli olduğu halda, inzibati orqan olaraq cavabdeh tərəfindən heç bir araşdırma aparılmadan, formal mülahizələrə mübahisəli qərar qəbul edilmiş və bununla da qanunsuz hərəkətə yol verilməklə yanaşı, iddiaçının sosial təminat hüququ pozulmuşdur. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsində işin faktiki halları ilə əlaqədar təqdim olunan sənədlər və dəlillərin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(120)1898/2024 nömrəli qərarı dəyişirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar