Məhkəmə qərarları › İş №2-1(106)-577/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-577/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-577/2025 24.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “hərbi rütbəsinin və 1-ci məharət dərəcəsinin bərpa edilməsi” (üçüncü şəxs: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusu) barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli 2-1(120)-978/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli 0172rt nömrəli şəxsi heyət üzrə əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə müvafiq olaraq N nömrəli hərbi hissənin Kəşfiyyat rəisi- Kəşfiyyat bölməsinin rəisi polkovnik-leytenant İddiaçı rütbəsi “mayor” hərbi rütbəsinədək bir pillə aşağı salınmışdır. N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.2024-cü il tarixli əmrində göstərilir ki, “...Xidməti vəzifə borclarının yerinə yetirilməsində yol verdiyi nöqsanlara görə N nömrəli hərbi hissənin kəşfiyyat rəisi-kəşfiyyat bölməsinin (Q2) rəisi mayor İddiaçı Müdafiə nazirinin 23 dekabr 2023-cü il tarixli 0172 nömrəli əmri ilə polkovnik-leytenant hərbi rütbəsi bir pillə aşağı mayor hərbi rütbəsinə endirilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin 21 may 2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamənin 37.2.3-cü yarımbəndini rəhbər tutaraq əmr edirəm: 1. N nömrəli hərbi hissənin kəşfiyyat rəisi-kəşfiyyat bölməsinin (Q2) rəisi mayor İddiaçı kəşfiyyat ixtisası üzrə malik olduğu 1-ci məharət dərəcəsi iki pillə aşağı, 3-cü məharət dərəcəsinə endirilsin. 2. N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsinin və Maliyyə şöbəsinin rəisləri bu əmrdən irəli gələn tələblərin yerinə yetirilməsi təmin edilsin.” Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-5438/2024 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı polkovnik-leytenant hərbi rütbəsinin əsassız olaraq bir pillə aşağı endirilərək mayor rütbəsinə endirilməsi haqqında əmrin ləğv edilməsi və polkovnik-leytenant hərbi rütbəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-3377/2024 nömrəli qərarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 5438/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “öz arzusu ilə ehtiyata buraxılma və.s” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-1507/2024 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15121/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kadr zabit heyətinə aid olmaqla 10 ildən artıq müddətdir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edir. Hüququndan istifadə edərək hərbi xidmətdən ehtiyata buraxılmaq niyyətindədir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində Kəşfiyyat bölmə rəisi vəzifəsində xidmət keçir. Raportla hərbi hissə komandirinə xx.xx.2023-cü il tarixdə 10002 nömrəli qeydiyyatla müraciət etməsinə, Müdafiə nazirinə, Müdafiə Nazirliyinin Hüquq idarəsinə, Kadrlar idarəsinə, 218, N və N saylı hərbi hissələrin komandirinə müraciət etməyinə baxmayaraq, sənədləri müəyyən edilmiş qaydada Müdafiə Nazirliyinə təqdim edilmir, ona qarşı 218, N və N saylı hərbi hissələrin komandalığı tərəfindən qərəzçiliyə yol verilir. 20 ildir ki, döyüş şəraitində olan hərbi hissələrdə xidmət keçir. N günlük Vətən Müharibəsində iştirak etmiş, Ali Baş Komandan tərəfindən “Kəlbəcərin azad olunmasına” görə və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Bir müddət əvvəl münasibətdə olduğu X4 münasibətlərinin pozulduğu halda bir çox orqanlara onun barəsində əsassız şikayət etmişdir. Bu barədə Zaqatala Hərbi prokurorluğunda araşdırma aparılaraq əsassız şikayət olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. N nömrəli hərbi hissəsinin komandiri ona qarşı qərəzli mövqe nümayiş etdirməklə xx.xx.2023-cü il tarixdə onun barəsində şərəf məhkəməsi keçrilməsinə göstəriş vermiş, şərəf məhkəməsi keçirilən zaman onun rütbəsinin bir pillə aşağı salınması barədə qərar qəbul edilmiş və təqdimatı yuxarı komandanlığa göndərilmişdir. Raportla hərbi hissə komandirinə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, həmin tarixli müraciəti nəzərə alınmadan təqdimatı göndərilməyərək hüquqları pozulmuş, sonradan qərəzli şəkildə xx.xx.2023-cü il tarixdə onun barəsində şərəf məhkəməsi keçrilməklə təqdimatı tez bir zamanda yuxarı komandanlığa göndərilmişdir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə qərəzli şəkildə onun barəsində şərəf məhkəməsi keçirilməklə təqdimatının yuxarı komandanlığa göndərilməsini əsassız hesab edərək, xx.xx.2023-cü il tarixdə ehtiyata buraxılmağı barədə birinci müraciətinin nəzərə alınmasını qanunamüvafiq hesab edir. İddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən hərbi rütbəsi və məharət dərəcəsi mövcud olmuşdur. Məhkəmə gedişatı zamanı cavabdeh tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmış, lakin hüquqları kobud şəkildə pozularaq hərbi rütbəsi bir pillə aşağı endirilmiş və məharət dərəcəsindən məhrum edilmişdir. Cavabdehin etirazı: Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırmışdır ki, etik davranış qaydalarını pozaraq nəlayiq hərəkətlərə yol verdiyi və tutduğu xidməti vəzifəsinə görə ona məlum olan hərbi xarakterli, qoşunların yerləşmə rayonu və s. məxfi hesab edilən məlumatları “Whatsapp” mobil tətbiqi vasitəsilə yaydığı tam sübuta yetirildiyi üçün polkonvik-leytenant İddiaçı şərəf məhkəməsində dinlənilmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin 30 may 2015-ci il tarixli 24 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şərəf məhkəmələri haqqında Əsasnamə”nin 5.2.5-ci yarımbəndinə müvafiq olaraq onun “hərbi rütbəsinin bir pillə aşağı salınması barədə vəsatət qaldırılması” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 aprel 2020-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 10.1-ci bəndinin tələbinə əsasən davranış qaydalarında təsbit olunmuş müddəaların hərbi qulluqçular tərəfindən pozulması hərbi qulluqçuların intizam məsuliyyətinə cəlb edilməsi və ya şərəf məhkəməsində dinlənilməsi üçün əsas ola bilər. Həmçinin, polkovnik-leytenant İddiaçı müraciətində rütbəsinin bir pillə aşağı salınması barədə yuxarı komandanlığa təqdimat göndərildiyi üçün 23 avqust 2023-cü il tarixlərdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılması üçün raportla müraciət etməsinə baxmayaraq, qərəzli olaraq ehtiyata buraxılması barədə icraatın dayandırıldığını bildirir. Lakin onun bu şikayəti də əsassızdır. Belə ki, iddiaçı məsuliyyətdən yayınmaq üçün 23 avqust 2023-cü il tarixdə onun barəsində Zaqatala hərbi prokurorluğunda araşdırma davam etdiyi, yekun qərar çıxarılmadığı üçün hərbi hissədə həmin raportun icrası ilə bağlı tədbir görülməmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinə əsasən barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli 2-1(120)-978/2025 nömrəli qərardadı (hakim Pərvanə Qurbanova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddianın əsasları ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli 0172rt nömrəli şəxsi heyət üzrə əmrini məhkəmə qaydasında mübahisələndirmiş, lakin qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddia təmin edilməmişdir. N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.2024-cü il tarixli əmri Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli 0172rt nömrəli şəxsi heyət üzrə əmrinin icrasının davamı olaraq verilmişdir. Sonda M.V.Süleymanov şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası müdafiə nazirinin 21 may 2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamə:

37. Müvafiq məharət dərəcəsi vermə hüququ olan vəzifəli şəxs tərəfindən hərbi qulluqçunun məharət dərəcəsi aşağıdakı hallarda endirilir və ya onlar məharət dərəcəsindən (sınaqların nəticələri nəzərə alınmadan və ya sınaqlar keçirilmədən) məhrum edilirlər. ... 37.2. İki pillə aşağı endirilir: 37.2.3. Hərbi qulluqçunun rütbəsi aşağı salındıqda

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatının iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsasında Bakı İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 2-1(112)-5438/2024 nömrəli qanuni qüvvəyə minmiş qərarı çıxış edir. İkinci tələb düzgün cavabdehə qarşı irəli sürülməmiş, iddia müddəti ilə bağlı tələbə riayət olunmamış, iddiaçı 2024-cü ildə ehtiyata buraxıldığından hazırda hərbi qulluqçu statusuna malik olmadığından məharət dərəcəsinin bərpa edilməsi mümkün deyil, 2-ci tələb 1-ci tələbdən törəmə və asılıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının tələbi iki hissədən ibarətdir: 1) polkovnik-leytenant hərbi rütbəsinin və 2) 1ci məharət dərəcəsinin bərpa edilməsi. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 1-ci tələb üzrə “polkovnik-leytenant” hərbi rütbəsinin bərpa edilməsini tələb etməklə əslində o, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli 0172rt nömrəli şəxsi heyət üzrə əmrini mübahisələndirir. Hansı ki, qeyd edilən əmr ilə onun “polkovnik-leytenant” rütbəsi “mayor” hərbi rütbəsinədək bir pillə aşağı salınmışdır. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli 0172rt nömrəli şəxsi heyət üzrə əmrini məhkəmə qaydasında mübahisələndirmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-5438/2024 nömrəli qərarı ilə onun iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli 2-1(103)-3377/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 5438/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 15.5 və 15.6-cı bəndlərinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. 1-ci məharət dərəcəsinin bərpa edilməsi barədə 2-ci tələbə münasibətdə isə bildirilir ki, 2-ci tələb üzrə mübahisənin həlli 1-ci tələbin nəticəsindən aslıdır. Daha dəqiq desək N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.2024-cü il tarixli əmri müstəqil qaydada deyil, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli 0172rt nömrəli şəxsi heyət üzrə əmrinin icrasının davamı olaraq verilmişdir. Belə ki, Azərbaycan Respublikası müdafiə nazirinin 21 may 2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamənin 37, 37.2 və 37.2.3-cü bəndlərinin imperativ tələbinə əsasən müvafiq məharət dərəcəsi vermə hüququ olan vəzifəli şəxs tərəfindən hərbi qulluqçunun məharət dərəcəsi hərbi qulluqçunun rütbəsi aşağı salındıqda iki pillə aşağı endirilir və ya onlar məharət dərəcəsindən (sınaqların nəticələri nəzərə alınmadan və ya sınaqlar keçirilmədən) məhrum edilirlər. Həmçinin, 2-ci tələbin düzgün cavabdehə qarşı irəli sürülməməsi də nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli 2-1(120)-978/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərardadından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərardadı onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar