Məhkəmə qərarları › İş №2-1(106)-578/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-578/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-578/2025 24.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi; Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması tələbinin şamil edilməməsi; məzmunun formadan üstün olması; mütənasiblik və ədalətlilik prinsipləri) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli 2-1(120)-2028/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: AO ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.N92-ci il tarixdən xx.xx.N93cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.N93-cü il tarixdə Ağdamın Qaraqaşlı kəndində yaralanması barədə məlumat vardır. Əsas: AR MN xx.xx.2021-ci il tarixli 4/2-1047 nömrəli arxiv arayışı. Müdafiə Nazirliyinin Katibliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...Hərbi Komissarlıq tərəfindən göndərilmiş İddiaçı Huseyn oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 168 №-li əmri ilə (əsas: səh 83, sıra 5, əmrdə atasının adı Hüseyin yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 187 №-li əmri ilə (əsas: sıra 23, əmrdə atasının adı Hüseyin yazılmışdır) İddiaçı Hüseyin oğlu snayper vəzifəsinə təyin edilmişdir. Taburu özbaşına tərk etdiyi üçün İddiaçı Hüseyin oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 3N №-li əmri ilə (əsas: səh 121, § 5, sıra 71, əmrdə atasının adı Hüseyin yazılmışdır) taburun tərkibində qalmaqla ştatdan kənar saxlanılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü ıl tarixli 266 №-li əmri ilə (əsas: səh 14, § 5 sıra 10) İddiaçı 6-cı taburun tərkibindən çıxarılaraq təlim bölüyünün şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissənin xx.xx.N93-xx.xx.N94-cu il tarixli yaralananlarının qeydiyyatı kitabında (əsas: sıra 17) İmişli RHK-dan çağırılmış, N74-cü il təvəllüdlü İddiaçı xx.xx.N93cü il tarixdə Qaraqaşlı kəndində yaralanması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirinin Katibliyi İşlər İdarəsinin Mərkəzi Arxivinə daxil olmamışdır.” N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 3N nömrəli əmrində qeyd edilmişdir ki, “...N №-li hərbi hissə komandirinin N avqust N93-cü il tarixli 208 №-li əmrinə əsasən aşağıda adları göstərilən tabur əsgərləri taburu özbaşına tərk etdikləri üçün taburun tərkibində qalmaqla ştatdan kənar saxlanılsınlar. 71. İddiaçı Hüseyin oğ. (əmrdə atasının adı “Hüseyin” yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir). N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 363 nömrəli əmrində qeyd edilmişdir ki, “...Az.Resp.MN-nin 278 №-li fərmanına əsasən N №-li h/h-dən uzun müddət müalicədə olduqlarına görə aşağıda adları göstərilən əsgərlər h/h-nin ş/h siyahısından çıxarılsın, bütün növ təminatları dayandırılsın, hərbi biletləri şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilsin. 63. sıravi İddiaçı Hüseyin (əmrdə atasının adı “Hüseyin” yazılmışdır, vəzifəsi göstərilməmişdir). Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli 850 nömrəli məktubunda qeyd edilmişdir ki, “...vətəndaş İddiaçı 30 dekabr N93-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Sarıcalı hospitalında), 16 fevral N93-cü il tarixdən 02 mart N93-cü il tarixədək 112 №-li, 01 yanvar N94-cü il tarixdən 08 fevral N94-cü il tarixədək 4 №-li və 608 №-li, 06 aprel N94-cü il tarixdən 28 aprel N94-cü il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Ələt hospitalında) stasionar müayinə və müalicədə olmasına dair adına tərtib olunmuş xəstəlik tarixlərindən çıxarılmış “çıxarış epikrizlərinin” təsdiq olunmuş kserosurətləri və arxiv arayışı mövcuddur.” Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 352 nömrəli qərarında qeyd edilmişdir “...İmişli RHK tərəfindən N92ci ildə hərbi xidmətə çağırılmış, Ağdam Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli 18/6721 nömrəli məktubuna əsasən barəsində təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N93-cü ildə aldığı və xx.xx.N93-cü ildən xx.xx.N93-cü ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu xəstəlik - diaqnoz: “Sağtərəfli funikulit”, xx.xx.N93-cü ildə aldığı və xx.xx.N94-cü ildən xx.xx.N94-cü ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu yaralanma-diaqnoz: “Sol saidin orta 1/3-nin dəlib keçən güllə yaralanması, mil sümüyünün diafizinin sınığı” və xx.xx.N94-cü ildən xx.xx.N94-cü ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu yaralanma-diaqnoz: “Sol saidin dəlib keçən güllə yaralanması mil sümüyünün sınığı ilə. Sol əlin ll-lll-İV barmaqların bükücü kontrakturası” (Azərbaycan Respublikası SHXÇDX-nin İmişli rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 16N nömrəli göndərişi, xx.xx.2021-ci il tarixli 1434 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.N93-cü il tarixli, N94-cü il tarixli xəstəlik tarixlərinin surəti, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ətraflı qiymətləndirilmə məlumatlarından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən 1 il müddətinə, sonuncu dəfə isə xx.xx.2016-cı il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mil-Muğan regional filialının xx.xx.2023cü il tarixli arayışında qeyd edilmişdir ki, “...İddiaçı Nazirlik tabeliyində DSMF publik hüquqi şəxsin Mil-Muğan regional filialından X4 məlumatlara əsasən xx.xx.2003-cü il tarixdən xx.xx.2021-ci il tarixədək 3-cü dərəcəli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyə görə son ödəniş məbləği 259.78 (iki yüz əlli doqquz manat yetmiş səkkiz qəpik) olmaqla əmək pensiyası və Sosial X3 məlumatlara əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 3-cü dərəcəli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyə görə son ödəniş məbləği 300,00 (üç yüz manat sıfır qəpik) manat olmaqla Prezident təqaüdü ödənilmişdir. Əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixdən pensiya və təqaüd ödənişi müvafiq sistemlərdə dayandırılmışdır.” Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Təqdim olunan sənədlərə əsasən N və N nömrəli hərbi hissələrdə xx.xx.N94-cü il tarixdən sonra hərbi xidmətiniz əmrlərlə təsdiqlənmədiyinə görə Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.N92-ci ildən xx.xx.N93-cü ilədək 843 nömrəli, xx.xx.N93-cü ildən xx.xx.N93-cü ilədək N saylı hərbi hissələrdə müddətli hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etmiş, xx.xx.N93-cü ildə Ağdamın Qaraqaşlı kəndində döyüşdə yaralanmışdır. Həmin yaralanmadan indi də əziyyət çəkir. Müdafiə Nazirliyi Baş Klinik Hospitalın xx.xx.2022-ci il tarixli arayışı ilə də təsdiq olunur ki, N nömrəli hərbi hissənin çavuşu İddiaçı xx.xx.N94-cü ildə N nömrəli hərbi hospitalda sol bazunun güllə yarası ilə stasionar müayinə və müalicədə olmuşdur. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 352 nömrəli qərarı ilə təsdiq olunur ki, aldığı yaralar hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Ona xx.xx.2003-cü il tarixdə əlillik vəsiqəsi verilmişdir. Fərari olmamış, vətəndaşlıq borcunu vicdanla yerinə yetirmişdir. Müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq komissiyasına müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçı tərəfindən Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya təqdim edilən sənədlərlə və Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin onun N və N nömrəli hərbi hissələrdə xx.xx.N94-cü il tarixdən sonra hərbi xidməti müəyyən olunmur. Belə ki, qeyd edilən tarixdən sonra iddiaçının həmin hərbi hissələrdə hərbi xidmətini təsdiq edən sənədlər (nizami hissə üzrə əmrlər və əlaqədar sənədlər) mövcud deyildir. Bu halları nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə dair müsbət qərar qəbul edilməmişdir. Bütün döyüş əməliyyatlarında iştirak edənlər deyil, məhz döyüş əməliyyatlarında iştirak edib müvafiq meyarlara cavab verən şəxslərə “müharibə veteran” adı verilir. Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli 4/2-1047 nömrəli məktubundan görünür ki, İddiaçı taburu özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 3N nömrəli əmri ilə taburun tərkibində qalmaqla ştatdan kənar saxlanılmışdır. Həmin məktubda iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 168 nömrəli əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edildiyi göstərilmiş, lakin onun qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması faktı müəyyən olunmamışdır (buna dair nizami hissə üzrə əmrlər və ya əlaqədar təsdiqedici sənədər mövcud deyildir). Oxşar islə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(102)-716/2022 nömrəli qərarında apellyasiya instansiyası məhkəməsinin yanaşması qanuni və əsaslı hesab edilərək göstərilmişdir ki, “Müharibə veteranı” adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçməsi faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması faktı da sübuta yetirilməlidir. Artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, qanunvericiliyin tələblərinə görə “Müharibə veteranı” adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Lakin iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Göründüyü kimi Ali Məhkəmənin formalaşdırdığı mövqeyə əsasən şəxsin ehtiyata buraxılması qanuni əsaslara söykənməli və sübuta yetirilməlidir. Hazırkı halda İddiaçı münasibətdə bu fakt müəyyən olunmamaqdadır. Qanuni əsaslarla ehtiyata buraxılma faktı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbinə əsasən hərbi biletlə yanaşı, hərbi hissənin nizami hissə üzrə əmrləri və arxiv arayışı ilə də təsdiq olunmalıdır. Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli 2-1(120)-2028/2025 nömrəli qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olması ilə bağlı qərar ləğv olunmuşdur. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmənin iclasında iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (2024cü il 28 fevral tarixli, 110 №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə) müddəalarına əsasən: Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 79-1. Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi və bu zaman yaralanması işdə olan sübutlarla təsdiqini tapır. Onun barəsində hərbi hissəni özbaşına tərketmə, digər təqsirləndirici material və ya cinayət işi aşkar edilməmişdir. İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, İddiaçı Huseyn oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 168 №-li əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, taburu özbaşına tərk etdiyi üçün N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 3N №-li əmri ilə taburun tərkibində qalmaqla ştatdan kənar saxlanılmış, N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü ıl tarixli 266 №-li əmri ilə 6-cı taburun tərkibindən çıxarılaraq təlim bölüyünün şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, barəsində N №-li hərbi hissənin xx.xx.N93-xx.xx.N94cu il tarixli yaralananlarının qeydiyyatı kitabında xx.xx.N93-cü il tarixdə Qaraqaşlı kəndində yaralanması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 363 nömrəli əmri ilə Az.Resp.MN-nin 278 №-li fərmanına əsasən N №-li h/h-dən uzun müddət müalicədə olduğuna görə h/h-nin ş/h siyahısından çıxarılmışdır. Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli 850 nömrəli məktubunda göstərilənlərə əsasən iddiaçı 30 dekabr N93-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Sarıcalı hospitalında), 16 fevral N93-cü il tarixdən 02 mart N93-cü il tarixədək 112 №-li, 01 yanvar N94-cü il tarixdən 08 fevral N94-cü il tarixədək 4 №-li və 608 №-li, 06 aprel N94-cü il tarixdən 28 aprel N94-cü il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Ələt hospitalında) stasionar müayinə və müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 352 nömrəli qərarına əsasən iddiaçının aldığı travmanın “Hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması müəyyən edilmişdir. İddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olmuşdur. Kollegiya qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan hətta xidmət yerini özbaşına tərk etmiş olsa idi belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin İ hissəsinin “Qeyd 1.” bəndinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin İ hissəsinin “Qeyd 1.” bəndindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Cavabdehin apellyasiya şikayətində göstərdiyi - iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyinin hazırda olmamasına (2021-ci ildən sonra təyin edilməmişdir) münasibətdə kollegiya bildirir ki, hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi, hazırda əlilliyin olub-olmaması deyil, onun səbəbli əlaqəsidir. Kollegiya qeyd edir ki, əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. Kollegiya hesab edir ki, iddiaçının barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli 352 nömrəli qərar ilə aldığı travmanın “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” və əlilliyinin qiymətləndirilməsinə dair sənədlərdə onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüş əməliyyatları zamanı N93-cü ildə aldığı travma nəticəsində əlil olmasına baxmayaraq, ilk dəfə əlilliyin 2003-cü ilə təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından kollegiya hesab edir ki, Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli qərarının müddəaları həmin tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə tətbiq edildiyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırki mübahisənin həllində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2580/2024 nömrəli qərarında əks oluna hüquqi mövqeyi nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (★★★) qeyd edilən qərarında oxşar iş üzrə mövqe eyni olmuşdur. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli 2-1(120)-2028/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1N3-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar