Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-581/2025 18.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkünlüyü; mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasının yolverilməzliyi; mülki mübahisə) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “kompensasiya haqqında müqavilənin ləğv edilməsi, ona ödənilmiş pulun geri qaytarılması, icarə müqaviləsinin bağlanması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli 2-1(120)-3502/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli 336 saylı müqavilədən görünür ki, 106.0 ha torpaq sahəsi sonuncuya 15 il müddətinə icarəyə verilmişdir. İddiaçı tərəfindən notarial qaydada verilmiş xx.xx.2025 və xx.xx.2025-ci il tarixli ərizələrdə müvafiq olaraq göstərilir ki, “...Ağcabədi rayonu ərazisində yerləşən Cavabdeh1 mülkiyyətində olan 3000 ha torpaq sahəsində Cavabdeh1 başçısının xx.xx.2003-cü il tarixli 335 №-li sərəncamı ilə icarəmə verilən 106 ha torpaq sahəsindən imtina edirəm və icarə hüquqlarının xitamına etiraz etmirəm; Ağcabədi rayonu ərazisində yerləşən Cavabdeh1 mülkiyyətində olan 3000 ha torpaq sahəsində istifadəmdə olan 46 ha torpaq sahəsindən imtina edirəm.” 31 yanvar 2025-ci il tarixli kompensasiya haqqında müqavilədən görünür ki, İddiaçı (birinci tərəf) ilə Cavabdeh2 MMC (ikinci tərəf) və Cavabdeh1 (üçüncü tərəf) arasında predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********70, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********71, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********2, qeydiyyat nömrəsi ********** olan çıxarışlar üzrə Cavabdeh1 mülkiyyətində olan ümumilikdə 3000 hektar torpaq sahəsində Cavabdeh1 başçısının xx.xx.2023-cü il tarixli 336 nömrəli sərəncamına əsasən birinci tərəfin (bundan sonra kompensasiya alan) istifadəsində olan Ağcabədi rayonu ərazisində 98 saylı “Xudatbəy yataq”, 99 saylı “Rüstəmbəy yataq” adlı sahədə yerləşən, istifadədə olan 106 hektar torpaq sahəsinin və bu torpağın üzərində yerləşən tikili və qurğuların, avadanlıqların, inventarların və çox illik əkmələrin (mövcud olan artezian quyularının və ona aid avadanlıqların toxunulmaz olaraq saxlanılması şərti ilə) icarə hüququna xitam verilməklə üçüncü tərəfə təhvil verilməsi, boşaldılması və s. müqabilində ödənilməli olan kompensasiya barədə müqavilə bağlanmışdır. Tərəflərin razılığına əsasən kompensasiya alana ödənilən kompensasiyanın məbləği cəmi 202.524 (iki yüz iki min beş yüz iyirmi dörd) manat müəyyən edilmişdir. 07 fevral 2025-ci il tarixli kompensasiya haqqında müqavilədən görünür ki, İddiaçı (birinci tərəf) ilə Cavabdeh2 MMC (ikinci tərəf) və Cavabdeh1 (üçüncü tərəf) arasında predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********70, qeydiyyat nömrəsi ********** olan reyestr nömrəsi **********71, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********2, qeydiyyat nömrəsi ********** olan çıxarışlar üzrə Cavabdeh1 mülkiyyətində olan ümumilikdə 3000 ha torpaq sahəsində Cavabdeh1 başçısının Cavabdeh2 MMC-yə ünvanladığı 31 oktyabr 2024-cü il tarixli 5- 30/2-605/2024 nömrəli məktubuna əsasən birinci tərəfin istifadəsində olan (kompensasiya alan) Ağcabədi rayon ərazisində “Rüstəmbəy-yataq 99” adlı sahədə yerləşən, istifadədə olan 46 ha torpaq sahəsinin istifadə hüququna xitam verilməklə üçüncü tərəfə təhvil verilməsi, boşaldılması və s. müqabilində ödənilməli olan kompensasiya barədə müqavilə bağlanmışdır. Tərəflərin razılığına əsasən kompensasiya alana ödənilən kompensasiyanın məbləğin cəmi 4.600 (dörd min altı yüz) manat təşkil etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1994-cü ildən Ağcabədi rayonu, Taynaq kənd ərazi dairəsi üzrə “Haramı” düzənliyi adlanan örüş torpaq sahəsinin 175 hektarı Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 336 saylı sərəncamı və icarə müqaviləsi ilə 106 hektarı onun, 69 hektarı isə həmkəndlisinin adına rəsmiləşdirilmişdir. Beləliklə, 50 nəfərə yaxın ailə üzvlərinin və digər yaxın qohumlarının birgə ailə təsərrüfatı yaradılaraq maldarlığın inkişafı və torpağın aqrotexniki vəziyyətə gətirilməsi məqsədilə çətinliklə də olsa şəxsi vəsaitləri hesabına sərbəst kənd təsərrüfatı yaradaraq ailələrini dolandırmaqla yanaşı, az da olsa ölkədə kənd təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərə biləcək şəkildə fəaliyyət göstərirlər. İcarə müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, İcra Hakimiyyəti tərəfindən müqavilənin müddəti uzadılmır. Torpaq sahəsinin əlindən alınması üçün manelər yaradılır. Müqavilənin müddətinin qurtarmasına yaxın müqavilənin uzadılıb-uzadılmaması barədə əvvəlcədən nə şifahi, nədə rəsmi bildiriş verilmiş, sonralar müvafiq qurumlara icarə müqaviləsinin bağlanılması barədə etdiyi müraciət isə müsbət həllini tapmamışdır. Əmlakları 202.000 manat məbləğində qiymətləndirilmiş, onun aldatmışlar. Kompensasiya məbləği əmlaklarının dəyərindən aşağıdır. Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli 2-1(120)-3502/2025 nömrəli qərardadı (hakim Amilya Hüseynova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə Şirvan İnzibati Məhkəməsində baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın mahiyyəti inzibati orqana münasibətdə məhkəmə aktı ilə müqavilə bağlanılmasına nail olmaqdan ibarətdir. İşə inzibati məhkəmədə baxılmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdilər. İddiaçı məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasında iştirakının mümkün olmadığını, şikayətini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, tərəflər arasındakı razılığa əsasən müqaviləyə xitam verilmiş, bunun müqabilində qarşı tərəfə kompensasiya ödənilmiş və o, da bunu qəbul etmişdir. Tərəflər arasında qüvvədə olan müqavilələr var. Mübahisənin kökündə mülki hüquq münasibətlərindən yaranan mübahisə durur. Sonda Ş.H.Əskərov şikayətin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları
1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə;
Maddə 75. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları ...
2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində yaranmışdır ki, bu səbəbdən də həmin şəxslər arasında qeyd edilən mülki mübahisələrə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. Həmçinin, iddiaçının cavabdehlərdən biri qismində qeyd etdiyi Cavabdeh2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “İnzibati orqanların təsnifatında” inzibati orqan kimi göstərilməmiş, hüquqi şəxs statusu vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya qeyd edir ki, icarə hüquq münasibətinə tərəflərin razılığı əsasında (iddiaçı tərəfindən notarial qaydada verilmiş xx.xx.2025 və xx.xx.2025-ci il tarixli ərizələrə əsasən) Torpaq Məcəlləsinin 75-ci maddəsinə əsasən xitam verilmiş, bunun müqabilində qarşı tərəfə kompensasiya ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasında qüvvədə olan kompensasiya ilə bağlı müqavilələr var. İddiaçı kompensasiya məbləğinin az olmasını mübahisələndirir və bu səbəbdən kompensasiya ilə bağlı müqavilələrin ləğvini, o cümlədən mövcud olmayan (xitam verilmiş) icarə müqaviləsinin müddətinin uzadılmasını tələb edir. Qeyd olunanlar onun deməyə əsas verir ki, mübahisənin kökündə mülki hüquq münasibəti durur və bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün saymamışdır. Həmçinin, nəzərə alınmalıdır ki, iş üzrə cavabdehlərdən olan Cavabdeh2 inzibati orqan deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli 2-1(120)-3502/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.