Məhkəmə qərarları › İş №2-1(106)-583/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-583/2025

02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-583/2025 02.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X2 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2019-cu il tarixli, xxxxxxx0021 nömrəli qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2-1(120)-1374/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2019-cu il tarixdə təyin edilmiş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2019-cu il tarixli, xxxxxxx0021 nömrəli qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, iddiaçı məhkəməyə onun barəsində təyin edilmiş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsini xahiş etmişdir, bundan sonra məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq təqdim edilmiş qərarla tanış olmuşdur, iddiaçı barəsində qəbul edilmiş qərarı məhkəmə qaydasında ləğv edilməsini xahiş etmişdir və buna görə buraxılmış müddətin iddiaçı tərəfindən ötürülmədiyini hesab edir, iddiaçı barəsində 2020-ci il tarixdə tərtib edilmiş (forma 88) göndərişlər başqa məsələ ilə bağlı verilmişdir, hazırki məsələ ilə bağlı deyil, həmin göndrişlər üzrə diaqnozlar fərqlidir, iddiaçı ona təynin edilmiş əlilliyin ləğv edildiyini şifahi olaraq bilmişdir, həmin vaxtdan ona əlillik üçün nəzərdə tutulan pensiya dayandırılmışdır. Lakin cavabdeh orqan tərəfindən iddiaçıya mübahisələndirilən qərar rəsmi qaydada çatdırılmamışdır, buna görə hesab edir ki, müddət ötürülməmişdir, bununla bağlı məhkəmə qərarları mövcuddur, bu halda mövqe ondan ibarətdir ki, iddiaçının əyani müayinəyə dəvət edilməsi üçün əsaslı şübhə mövcud olmalıdır, əsaslı şübhə olmasa şəxsin barəsində əyani müayinəyə cəlb edilməsi əsassızdır, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X5 məhkəmə zalında iddia tələbinə etiraz edərək, iddiaçının tərəfindən müddətin ötürüldüyünü, 2019-cu il tarixdə əyani müayinə zamanı da iştirak etdiyini nəzərə alaraq iddianın mümkün sayılmamısını xahiş etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X5 məhkəmə zalında iddia tələbinə etiraz edərək, iddiaçının tərəfindən müddətin ötürüldüyünü, 2019-cu il tarixdə əyani müayinə zamanı da iştirak etdiyini nəzərə alaraq iddianın mümkün sayılmamısını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2-1(120)-1374/2025 saylı qərardadı ilə (hakim Amilya Hüseynova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2-1(120)-1374/2025 saylı qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılaraq təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək hesab etmişdir ki, məhkəmənin gəldiyi nəticə ədalətli olmamışdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə inzibati icraat başlanılmış, inzibati icraat natamam aparılmış və yekunda onun əlilliyi ləğv edilmişdir. İstər cavabdeh orqan tərəfindən təqdim olunan sənədlərdən istərsə də iş materiallarından görünür ki, hazırda mübahisə predmeti olan qərarlar iddiaçıya rəsmi şəkildə təqdim olunmamışdır. İddiaçı əlilliyinin dayandırılmasına yönəlmiş hərəkətlər İPM-dəki iddia növləri üzrə iki növə aid edilə bilər. 1. Öhdəliyin icrası haqqında iddia növü; 2. Mübahisələndirmə haqqında iddia növü; İddiaçının əlilliyinin dayandırılması ilə nəticələnən məlumatda qəbul edilmiş inzibati akt (qərarlar) qoşma olaraq əlavə edilmədiyindən iddiaçı hazırkı iddia növünün öhdəliyin icrası haqqında iddia növü kimi qəbul etməklə məhkəməyə müraciət etmişdir. Əgər bu barədə məlumat rəsmi olaraq verilsə idi, o zaman iddiaçı iddia müddətini ötürmüş olardı. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş altsistemdəki sənədlərdən yalnız əlilliyin ləğv edilməsi barədə qərar təqdim edilmişdir. Adıçəkilən qərarın iddiaçıya rəsmi şəkildə təqdim edilməsinə dair hər hansı bir sübut məhkəməyə göndərilməmişdir. Eləcə də qəbul edilmiş qərar İPM ilə nəzərdə tutulmuş rekvizitləri özündə əks etdirməmişdir. Belə ki, qəbul edilmiş qərarın tarixi ilə onun sistemə daxil edilməsi tarixi arasında kifayət qədər böyük zaman kəsiyi olmuş, həmçinin qəbul edilmiş qərara qarşı vətəndaşın mümkün hüquqi müdafiə vasitələrindən istifadə edilmə qaydası və müddəti göstərilməmişdir. Ona görə də iddiaçı belə bir qərarın mövcudluğundan yalnız məhkəmə aradırması zamanı məlumatlı olmuşdur. Məhkəmə araşdırmasının gedişatında da iddia tələbini dəqiqləşdirərək həmin qərarın ləğvini qoymuşdur. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı əlillik qiymətləndirilməsi ləğv edildikdən sonra 2 dəfə yeni göndərişlə ona əlillik təyinatı aparılmasının xahiş etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, həmin göndərişlərin mövcud olması iddiaçının mübahisə predmeti olan qərardan məlumatlə olmasını əsas verir. Bu mövqeyə qarşı iddiaçı öz şikayətində bildirmişdir ki, onun daha sonra müraciət etdiyi forma 88-də tamamilə fərqli bir diaqnoz ilə olmuş və hazırkı mübahisəyə heç bir aidiyyəti olmamışdır. Bizim hazırda mübahisəmizin mahiyyəti vaxtı ilə iddiaçı barəsində onun əlilliyinin qanunauyğun olmayan şəkildə ləğv edilməsinə dair qərarın mübahisələndirilməsindən ibarətdir. Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubu inzibati aktın elan edilməsi kimi qəbul edilə bilməz. Birincisi məktub özü inzibati aktın forma və məzmununa uyğun deyil, ikincisi həmin məktuba mübahisə predmeti olan inzibati aktlar qoşma şəklində əlavə edilməmiş, üçüncüsü həmin məktubun iddiaçıya çatıdırlması sübuta yetirilməmiş, şəxs inzibati icraatda şəxsən iştirak etmədiyinə görə bu hal elan edilmə növünə şamil edilə bilməz. Bütün bunları nəzərə alaraq iddiaçı Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 1374/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməsini və iş növbəti prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər və onların nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. 33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 23.2-ci maddəyə görə hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən inzibati məhkəmə icraatının iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şirvan İnzibati Məhkəməsinin 18 iyun 2025-ci il tarixli 2-1(120)-1374/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2019-cu il tarixli, xxxxxxx0021 nömrəli qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi 18 iyun 2025-ci il tarixli qərardadında qeyd etmişdir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Birinci instansiya məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh orqan tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı əyani müayinəyə dəvət edilmişdir, İddiaçı əyani müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkarlanmamışdır, ona təyin edilmiş 3-cü dərəcə əlillik xx.xx.2019-cu il tarixdən etibarsız hesab edilmiş, müayinənin nəticəsinin sistemə daxil edilməsi qərara alınmışdır. İşin hallarından müəyyən olunur ki, hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2019-cu il tarixli qərarını xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirdiyi qərar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2019-cu ilə aiddir, xx.xx.2019-cu il tarixdə cavabdeh orqan tərəfindən elektron sistemə daxil edilmişdir. Hazırda iddiaçı mübahisələndirilən qərarı qəbul edildikdən sonra 4 ildən çox müddət ərzində mübahisələndirməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin qərar barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz. Həmçinin iddiaçı barəsində xx.xx.2019-cu il tarixdən hazırki günədək əlilliyə görə təyin edilmiş pensiya dayandırılmışdır və iddiaçı uzun illər ərzində bu halı mübahisələndirməmişdir. Cavabdeh orqan tərəfindən göndərilmiş icraat materialları arasında İddiaçı barəsində Sumqayıt 3 saylı şəhər Xəstəxanası tərəfindən xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə göndəriş (forma 88) tərtib edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciətlər edilmiş, lakin sonuncu tərəfindən imtina edilmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçının ona əlilliyin təyin edilməsi ilə bağlı sonuncu müraciəti xx.xx.2020-ci il tarixdə olmuşdur və xx.xx.2020-ci il tarixli qərarla ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisələndirdiyi qərardan, yəni Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli qərarından məlumatlı olduğundan və prosessual müddətin axımı həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hal-hazırda iddiaçı qeydiyyatda olduğu xəstəxanaya barəsində (forma 88 arayışının) göndərişin tərtib edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni göndərişlə əlillik təyin edilməsi üçün müraciət etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə qarşı “xx.xx.2019-cu il tarixli, xxxxxxx0021 nömrəli qərarın ləğv edilməsi və İİ (ikinci) dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli, xxxxxxx0001 nömrəli Qərarı ilə iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli, xxxxxxx0002 nömrəli Qərarı ilə iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli, xxxxxxx0005 nömrəli Qərarı ilə iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli, xxxxxxx0007 nömrəli Qərarı ilə iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli, xxxxxxx0008 nömrəli Qərarı ilə iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli, xxxxxxx0009 nömrəli Qərarı ilə iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli, xxxxxxx0011 nömrəli Qərarı ilə iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli, xxxxxxx0014 nömrəli Qərarı ilə iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli, xxxxxxx0017 nömrəli Qərarı ilə iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli, xxxxxxx0020 nömrəli Qərarı ilə iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və ona “OU- Tapetorential abiotroiya. VİS OD = 0,02 K etmir (yüzdə iki), VƏS OS = 0,7 k etmir (onda yeddi). Binokulyar, orta ağır görmə pozğunluğu. QDÇ İİ dər” diaqnozu əsasında müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli, xxxxxxx0021 nömrəli Qərarı ilə iddiaçıya tam reabilitasiya olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mövcud qanunvericilik normalarını və işin faktiki hallarını düzgün tətbiq edərək əsaslı nəticəyə gəlmişdir. Belə ki, iddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli qərarından məlumatlı olduğundan, iddiaçının məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə müraciət etməsi, yəni qərardan xəbərdar olduğu vaxtdan etibarən 4 ildən artıq müddətin keçməsi onun qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürməsi deməkdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən hazırki tələb üzrə iddianın verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə də verilməmişdir. Hansı ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-ci madəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən müddətin bərpasına dair ərizə verilmədiyinə və inzibati aktdan məlumatlı olduğu vaxtdan 1 ildən artıq müddət keçdikdən sonra iddia verildiyinə görə məhkəmə tərəfindən ötürülmüş müddətin bərpa edilməsi məsələsinə də baxıla bilməz. Məhkəmə kollegiyası xüsusi olaraq onu da qeyd edir ki, hüquqmüdafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən qərarın istər rəsmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin qərarın ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin qərarın iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin qərarın məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin qərardan (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (əlilliyə görə əmək pensiyasının və ya müavinətin ödənilməməsi, xx.xx.2019-cu ildə əlilliyin təyin edilməsindən imtina verildikdən sonra əlilliyin müəyyən edilməsindən ötrü təkrar, yəni xx.xx.2020-ci il tarixdə müraciət etməsi və xx.xx.2020-ci il tarixli qərarla ona əlilliyin təyin edilməsindən imtina edilməsindən) iddiaçı bilavasitə məlumatlı olmuşdur. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2-1(120)-1374/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar