Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-585/2025 24.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və müvafiq əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2-1(120)-677/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən iddiaçıya əsas diaqnoz: S52.0 Dirsək sümüyünün yuxarı ucunun sınığı, sağ dirsək sümüyünün dirsək çıxıntısının bitişməyən sınığı, Ağırlaşmalar: M24.5 Oynaqların kontrakturası, sağ diz oynağının kontrakurası (bükmə-135 dər, açma 165 dər), R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozuntuları, dayaq hərəkət funksiyasının pozulması, M84.1 Sümük sınığının bitişməməsi (psevdoartoz), sol diz oynağının İİİ dərəcəli artrozu, M17.5 Digər ikincili qonartrozlar, sağ diz oynağının İİİ mərhəllə artrozu, M21.1 Digər rubrikalarda təsnif olunmayan varus deformasiya, sağ bud sümüyünün a/3-nin qeyri-düzgün bitişmiş varus, antekurvasiya deformasiyası, R52.2 Digər daimi ağrı, daimi ağrı sindromu, M21.0 Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, sol bud sümüyünün orta-aşağı 1/3-nin qeyri-düzgün bitişmiş valqus deformasiyası, Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, əmək qabiliyyətinin pozulması, S72.3 Bud sümüyü cisminin (diafizinin) sınığı, sol bud sümüyünün orta-aşağı 1/3-nin qeyridüzgün bitişmiş sınığı, M84.0 Sümük sınığının pis bitişməsi, sol bud sümüyü, sağ bud sümüyü aşağı 1/3-nin, sağ dirsək çıxıntısının qeyri-düzgün bitişməsi diaqnozu ilə bağlı xx.xx.2023-cü il tarixli X00085991BNY nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə “Diaqnoz əlilik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Agentliyin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-1- 13401/2024 saylı qərarında qeyd edilmişdir ki, “...vətəndaşın məhkəmə qərardadına müvafiq olaraq tibbi-sosial ekspertizanın keçirilməsi məqsədi ilə əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Masallı rayon sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) müraciəti əsasında 5 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı X1 əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı müraciəti əsasında Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən dəfələrlə göndəriş rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində göndərişin natamam doldurulması səbəbindən əlillik təyinatı aparılmamış, tibb müəssisəsinə geri göndərilmiş, sonuncu xx.xx.2023-cü il tarixli X00085991BNY nömrəli rəsmiləşdirilmiş göndəriş əsasında isə “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri hərəkət məhdudluğu, daimi ağrılardan, yerişin çətinləşməsindən olmuş, anamnestik olaraq 1999-cu il tarixində avtoqəza nəticəsində travma aldığını, 2017-ci il tarixində isə əməliyyat keçirdiyini bildirmiş, bəzi müayinə və müalicə sənədləri təqdim etmişdir. Təqdim edilmiş sənədlər arasında “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2017-xx.xx.2017-ci il tarixli epikrizində “Sol bud sümüyünün yuxarı 1/3 (üçdə bir) qapalı-qəlpəli yerdəyişən sınığı, metal ştiftin əyilməsi. Sağ bud sümüyünün as 1/3 (üçdə bir) qapalı-qəlpəli yerdəyişən sınığı. Sağ dirsək sümüyünün diaqnozu ilə xx.xx.2017-ci il tarixində “Sol bud sümüyündən ştiftin xaric edilməsi, bloklayıcı ştiflə xaric edilməsi, bloklayıcı ştifiə osteosintez, sağ budun mil-yivli İlizarov aparatı ilə osteosintez” əməliyyatı icra edildiyi göstərilmiş, xx.xx.2023-cü il tarixli ********** nömrəli arayışında diaqnoz “Dirsək sümüyünün yuxan ucunun sınığı, Sağ dirsək sümüyünün dirsək çıxıntısının bitişməyən sınığı, sağ dirsək oynağının açıcı- bükücü kontrakturası, açma 135%, bükmə 50% (əlli faiz), sol bud sümüyünün orta-aşağı 1/3 deformasiyalı, döyənəklə bitişmiş sınığı, valqus deformasiyaları, sol diz oynağının İİİ dərəcəli artrozu, sağ bud sümüyünün aşağı 1/3 qeyri-düzgün bitişmiş sınığı, varus və antekurvasiya deformasiyaları, sağ diz oynağının İİİ dərəcəli artrozu, açıcı-bükücü kontrakturası, bükmə 135 dərəcə, açma 165 dərəcə, daimi ağrı sindromu, dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd edilmiş, Ə.Cəbiyev adına Masallı Rayon Xəstəxanasının Funksional diaqnostika şöbəsində xx.xx.2018-ci il tarixində icra edilmiş rentgen müayinəsinin nəticəsi “Sol budun bloklayıcı ştiflə fiksə edilmiş bitişmiş sınığı aşkar edilir, sağ budun qəlpəli bitişmiş sınığı aşkar edilir, sağ dirsək sümüyü çıxıntısının bitişməmiş sınığı aşkar edilir, döş qəfəsində sol tərəfdə V-Vİ-Vİİ qabırğaların qeyri-düzgün bitişmiş sınıqları aşkar edilir” kimi qiymətləndirilmiş, Travmatologiya şöbəsinin xx.xx.2018xx.xx.2018-ci il tarixli 2069 nömrəli epikrizində diaqnoz “Sol bud sümüyünün sınığının bloklayıcı ştiflə fiksə edilmiş kobud döyənəkli sınığı, sağ bud sümüyünün 1/3 qeyri-düzgün bitişmiş sınığından sonrakı vəziyyət. Sağ diz oynağının postravmatik artrozu, kontrakturası. Sağ dirsək oynağı sümüklərinin sınığından sonrakı deformasiyası, yalançı oynağı. Sağ aşağı ətrafın və sağ yuxarı ətrafın funksiyasının kəskin dərəcədə pozulması” kimi müəyyən edilmişdir. Obyektiv müayinə zamanı düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, həkim-travmatoloq müayinəsinin nəticəsinə əsasən təqdim edilmiş Rentgen müayinə nəticələri əsasında sınıqlardan sonrakı vəziyyət müəyyən edilmiş, sağ dirsək oynağında köhnə bitişmiş sınıqdan sonrakı vəziyyət, bükmə tam açma 160 dərəcə, sol bud sümüyünün aşağı 1/3 köhnə bitişmiş sınığı, sağ diz oynağının köhnə bitişmiş sınığı izlənilmiş, əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə, obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının həm xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.” “Məhkəmə-X4 X2” publik hüquqi şəxs tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli T 180/2025 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...İddiaçı xx.xx.2025-ci il tarixdə “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə komissiya tərəfindən müayinə olunmuş və “Sağ dirsək sümüyünün dirsək çıxıntısının bitişməmiş sınığı, sağ dirsək oynağının 111 dərəcəli artrozu, açıcıbükücü kontraktura (açma-133dər, bükmə-50dər). Sol bud sümüyünün diafizinin və burmalararası deformasiya ikili bitişmə sınığı, proksimal ucunun varus deformasiyası, hər iki bud çanaq oynağının koksartrozu, solda İV, sağda İİ dərəcəli, sağ diz oynağının, açıcıbükücü kontrakturası (bükmə-133dər, açma-163dər) daima ağrı sindromu və hərəkət funksiyasının pozulması.” (S52.0; M84.; M24.5: S72.3; S72.1; M16.7; M17.5; M24.5; R52.1; R26.8.) diaqnozu qoyulmuşdur. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən onun adına qiymətləndirmə məlumatlarında XBT 10 kodu ilə qeyd edilmiş “Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması.” Əmək qabiliyyətinin pozulması. Ağırlaşma: S72.3 Bud sümüyü cisminin (diafizin) sınığı. Sol bud sümüyünün orta-aşağı 1/3-nin qeyri düzgün bitişmiş sınığı” diaqnoz ona stasionarda müayinə və müalicədə olarkən anamnestik, klinik və laborator müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından, onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuş, TSEK-də şəxsin müayinələri zamanı əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. Xəstəliklərin XBT 10 kodu ilə göstərilməsi müvafiq ixtisas sahəsi həkimlərinin səlahiyyətlərinə aiddir. ... Yuxarıda qeyd edilən xəstəliklər İddiaçı hazırda da müşahidə olunur.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, xxxxxxx0006 nömrəli qərarın ləğv edilməsi və həmin tarixdən ona müvafiq əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ildə ağır xəstəlik keçirmişdir. Bud sümüklərinin sınığı, dirsək sınığı ilə xəstəxanaya yerləşdirilmiş və ağır əməliyyat keçirmişdir. İki ilə yaxın müddət yataq xəstəsi olmuşdur. Digər şəxslərin müdaxiləsi olmadan çətinliklə hərəkət edir. “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxs tərəfindən bud sümüklərinin sınığı, oynaqların kontrakturası, said sümüklərin, qabırğaların, döş sümüklərinin, onurğanın, döş şöbəsinin sınığı diaqnozu qoyulmuşdur. Əlilliyin təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Əmək qabiliyyətinin pozulması. Ağırlaşma: S72.3 Bud sümüyü cisminin (diafizinin) sınığı, Sol bud sümüyünün orta-aşağı 1/3-nin qeyri düzgün bitişmiş sınığı Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2-1(120)-677/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətinin dəlilləri cavabdeh tərəfindən təqdim olunmuş etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə inzibati iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsində səhvə yol vermişdir. Belə ki, şəxsin onun barəsində qəbul edilmiş diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərardan xx.xx.2023-cü il tarixdə xəbər tutmasına baxmayaraq (sms xəbərdarlıq işə əlavə edilir), 7 ay sonra 2023-cü ilin noyabr ayında məhkəmədə iddia qaldırmışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”
13.3 Ətrafların digər qazanılma deformasiyaları M21
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklərin onda olması işdə olan sübutlarla təsdiqini tapır və bu səbəbdən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlillik təyin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən iddiaçıya əsas diaqnoz: S52.0 Dirsək sümüyünün yuxarı ucunun sınığı, sağ dirsək sümüyünün dirsək çıxıntısının bitişməyən sınığı, Ağırlaşmalar: M24.5 Oynaqların kontrakturası, sağ diz oynağının kontrakurası (bükmə-135 dər, açma 165 dər), R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozuntuları, dayaq hərəkət funksiyasının pozulması, M84.1 Sümük sınığının bitişməməsi (psevdoartoz), sol diz oynağının İİİ dərəcəli artrozu, M17.5 Digər ikincili qonartrozlar, sağ diz oynağının İİİ mərhəllə artrozu, M21.1 Digər rubrikalarda təsnif olunmayan varus deformasiya, sağ bud sümüyünün a/3-nin qeyri-düzgün bitişmiş varus, antekurvasiya deformasiyası, R52.2 Digər daimi ağrı, daimi ağrı sindromu, M21.0 Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, sol bud sümüyünün orta-aşağı 1/3-nin qeyri-düzgün bitişmiş valqus deformasiyası, Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, əmək qabiliyyətinin pozulması, S72.3 Bud sümüyü cisminin (diafizinin) sınığı, sol bud sümüyünün orta-aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, M84.0 Sümük sınığının pis bitişməsi, sol bud sümüyü, sağ bud sümüyü aşağı 1/3-nin, sağ dirsək çıxıntısının qeyri-düzgün bitişməsi diaqnozu ilə bağlı xx.xx.2023-cü il tarixli X00085991BNY nömrəli göndəriş rəsmiləşdirilmişdir. Status localis: Sağ budun a/3-də sağ diz oynağında deformasiya var. Sağ diz oynağında hərəkətlər məhdudlaşıb (bükmə-135 dər, açma-165 dər). Sağ dirsək qapağında deformasiya kontraktura (açma-135 dər, bükmə-50 dər) qapaqda valqus deformasiyası, ətrafda əzələ atrofiyası, sağ yuxarı ətrafın funksiyasının pozulması. Xəstəyə konservativ, operativ müalicələr aparılıb. Xəstə xx.xx.2023-cü il tarixdə ET-Travmatologiya və Ortopediya İnstitutunda müayinə olunub Arayış alıb №**********. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə “Diaqnoz əlilik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Məhkəmə-X4 X2” publik hüquqi şəxs tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli T 180/2025 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...İddiaçı xx.xx.2025-ci il tarixdə “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə komissiya tərəfindən müayinə olunmuş və “Sağ dirsək sümüyünün dirsək çıxıntısının bitişməmiş sınığı, sağ dirsək oynağının 111 dərəcəli artrozu, açıcıbükücü kontraktura (açma-133dər, bükmə-50dər). Sol bud sümüyünün diafizinin və burmalararası deformasiya ikili bitişmə sınığı, proksimal ucunun varus deformasiyası, hər iki bud çanaq oynağının koksartrozu, solda İV, sağda İİ dərəcəli, sağ diz oynağının, açıcıbükücü kontrakturası (bükmə-133dər, açma-163dər) daima ağrı sindromu və hərəkət funksiyasının pozulması.” (S52.0; M84.; M24.5: S72.3; S72.1; M16.7; M17.5; M24.5; R52.1; R26.8.) diaqnozu qoyulmuşdur. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən onun adına qiymətləndirmə məlumatlarında XBT 10 kodu ilə qeyd edilmiş “Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması.” Əmək qabiliyyətinin pozulması. Ağırlaşma: S72.3 Bud sümüyü cisminin (diafizin) sınığı. Sol bud sümüyünün orta-aşağı 1/3-nin qeyri düzgün bitişmiş sınığı” diaqnoz ona stasionarda müayinə və müalicədə olarkən anamnestik, klinik və laborator müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından, onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuş, TSEK-də şəxsin müayinələri zamanı əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. Xəstəliklərin XBT 10 kodu ilə göstərilməsi müvafiq ixtisas sahəsi həkimlərinin səlahiyyətlərinə aiddir. ... Yuxarıda qeyd edilən xəstəliklər İddiaçı hazırda da müşahidə olunur.” Kollegiya ilk növbədə müddətlə bağlı iddianın mümkünlüyü (eyni zamanda şikayətin dəlili) məsələsinə münasibətdə qeyd edir ki, mübahisələndirilən qərar (xx.xx.2023) barəsində iddiaçıya xx.xx.2023-cü il tarixdə sms vasitəsi ilə məlumat verilsədə, həmin məlumatda yazılı inzibati aktın məcburi rekvizitlərindən olan həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat verilmədiyindən, bununla da inzibati orqan tərəfindən qanunvericiliyin onun üzərinə qoyulmuş tələblərinə əməl etməməsi səbəbindən məhkəmə haqlı olaraq buraxılmış prosessual müddəti üzürülü hesab edərək, bərpa etmişdir. Mübahisəyə münasibətdə isə bildirilir ki, iş materiallarında olan göndəriş, o cümlədən “Məhkəmə-X4 X2” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli T 180/2025 nömrəli ekspert rəyi ilə sübut edilir ki, iddiaçıda olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlillik təyin edilməsinə əsas verir. Həmçinin, nəzərə alınmalıdır ki, iş üzrə ekspert rəyi verilərkən iddiaçının xəstəliyi ilə bağlı ixtisaslaşmış tibb müəssisəsi olan “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxs tərəfindən mütəxəssis rəyi də nəzərə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”na görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir. Qaydanın 1.6-cı bəndinə əsasən Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Təbii ki, iddiaçı barəsində “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli X00085991BNY nömrəli göndəriş verilərkən onun tibbi vəziyyəti yoxlanılmış və əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəlik müəyyən edildiyi üçün göndəriş rəsmiləşdirilmişdir. Əks halda, göndəriş verilməzdi. Təbii ki, kollegiya qəbul edir ki, şəxs barəsində göndərişin rəsmiləşdirilməsi hələ birmənalı şəkildə şəxsdə əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəliyin olması demək deyil. Lakin hazırki işə münasibətdə işdə olan sübutlar onu deməyə əsas verir ki, şəxsdə olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlillik təyin edilməsinə əsas verir. İddiaçı barəsində əlillik təyin edilməsindən imtina edilməsi ilə bağlı bir neçə qərar (xx.xx.2023, xx.xx.2024) qəbul edilsədə, iddiaçı xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirildiyi üçün əlillik təyinatı həmin qərarın tarixdən təyin edilməlidir. İddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2-1(120)-677/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.