Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-59/2023 08.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi Vəkil2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1217/2022 nömrəli qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlilliyinin xx.xx.2014-cü il tarixdən elektron sistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlilliyinin xx.xx.2014-cü il tarixdən elektron sistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 03 oktyabr 2022-ci il tarixli, 2- 1(120)-1217/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlilliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində xx.xx.2014-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1972-ci il tarixdə doğulmuş, 1993-1996-cı illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. 2011-ci ildə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup müddətli əlillik, xx.xx.2014-cü il tarixdə isə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlillik təyin edilmişdir. 2021-ci ilin fevral ayının 27-də Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, onun müddətsiz əlilliyi elektron sistemdə əsasız olaraq bir illik kimi göstərilib. Cavabdeh inzibati orqan onun xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlil olmasını elektron sistemdə bərpa etməlidir. Onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki 2014-cü ildə qiymətləndirilmiş və 2-ci qrup müddətsiz əlil olduğu müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində İddiaçı sonuncu müraciəti xx.xx.2014-cü il tarixdə olmuş və ona 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin tarixdən sonra isə iddiaçının heç bir müraciəti daxil olmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul etmək əvəzinə, heç bir əsas olmadan iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Prosessual məsələlər İddiaçı nümayəndəsi Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və üçüncü şəxs 4 saylı şəhər Poliklinikasının nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və üçüncü şəxs 4 saylı şəhər Poliklinikasının nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə Cəbrayıl rayonu, Qumlaq kəndində doğulmuş, Cəbrayıl rayonu, Qumlaq kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 1098 nömrəli qərarının təsdiq edilmiş surətində qeyd edilmişdir ki, Cəbrayıl rayon hərbi komissarlığı tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.2010-cu ildə Silahlı Qüvvələrin məhkəmə tibbi ekspertizası mərkəzində məhkəmətibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri – diaqnoz: “Mərmi partlaması nəticəsində əmələ gəlmiş qəlpələrin təsirindən sağ bazunun yuxarı 1/3-də, alın nahiyyəsində və sol budun bayır səthində çapıq toxumaları” (Cəbrayıl rayon hərbi komissarlığının xx.xx.2010-cu il tarixli, 213 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli, 714 nömrəli arayışı, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3387 nömrəli qətnaməsi, Silahlı Qüvvələrin Məhkəmə Tibbi Ekspertiza Mərkəzindən verilmiş xx.xx.2010-cu il tarixli, 762 nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İşdə olan 21 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 122697 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2011-ci il tarixdə ilkin müayinədən keçmiş, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2012-ci il tarixədək 3-cü qrup əlillik təyin edilmişdir. İşdə olan 8 nömrəli Nərimanov Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 252393 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2012-ci il tarixdə təkrar müayinədən keçmiş, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2013-cü il tarixədək 2-ci qrup əlillik təyin edilmişdir. İşdə olan 8 nömrəli Nərimanov Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 175264 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Tibbi- Sosial Ekspert Komissiyasında xx.xx.2013-cü il tarixdə təkrar müayinədən keçmiş, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2014-cü il tarixədək 2-ci qrup əlillik təyin edilmişdir. İşdə olan 9 nömrəli Xəzər Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 355712 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2014-cü il tarixdə təkrar müayinədən keçmiş, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. İşdə olan 9 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən Nərimanov rayon Sosial Müdafiə Mərkəzinə verilmiş xx.xx.2014-cü il tarixli, 900 nömrəli arayışın surətində qeyd edilmişdir ki, İddiaçı Tibbi-Sosial Ekspert Komissiyasında müayinədən keçərilək ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli ərizədən və poçt qəbzindən görünür ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə ərizə ilə müraciət edərək xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsini xahiş etmişdir. İşdə olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2014-cü ildə bir il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlillik təyin edilmişdir. Şəxsin əlillik müddətinin bitdiyi xx.xx.2015-ci ildən sonra dövlət tibb müəssisəsi tərəfindən yeni göndəriş (forma 088) tərtib olunmamışdır. İşdə olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubun surətində qeyd edilmişdir ki, İddiaçı ikinci dərəcə əlilliyi sonuncu dəfə xx.xx.2014-cü ildə “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Növbəti müayinə tarixi xx.xx.2015-ci il. Sonrakı dövrdə ərazi tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə göndəriş (forma-088) daxil olmamışdır. Bununla əlaqədar, 2 saylı Dəmir yol Xəstəxanası tərəfindən müayinə-müalicə olunacağı və yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə İddiaçı əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq adsızlaşdırılmış sənədlər üzərindən iştirakı olmadan qiymətləndiriləcəkdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********5 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan İİ qrup müharibə əlilliyi olan şəxslərə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aylıq 350 manat məbləğində Prezident təqaüdü almışdır. Təyinatın başlama tarixi xx.xx.2008-ci il, təyinatın bitmə tarixi isə xx.xx.2020-ci ildir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər (maddə 60). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Avropa İnsan Haqları Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İşin faktiki hallarından görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə aldığı və məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 1098 nömrəli qərarı ilə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma hesab edilmişdir. İddiaçı xx.xx.2011-ci il tarixdə 21 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyasında ilkin müayinədən keçmiş, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar bir il müddətinə 3cü qrup əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixlərdə 8 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında təkrar müayinələrdən keçmiş və ona hər dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar bir il müddətinə 2ci qrup əlillik təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2014-cü il tarixdə 9 nömrəli Xəzər Tibbi- Sosial Ekspert Komissiyasında təkrar müayinədən keçmiş iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. Bunlar, müvafiq Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən iddiaçıya verilmiş arayışlarla, həmçinin 9 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən Nərimanov rayon Sosial Müdafiə Mərkəzinə verilmiş xx.xx.2014-cü il tarixli, 900 nömrəli arayışla öz təsdiqini tapır. Belə ki, iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİ qrup müharibə əlilliyi olan şəxslərə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aylıq 350 manat məbləğində Prezident təqaüdü almışdır. İşin faktiki hallarından həmçinin görünür ki, cavabdeh inzibati orqan Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində iddiaçının sonuncu müraciətinin xx.xx.2014-cü il tarixdə olduğunu və ona 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edildiyini, xx.xx.2015-ci il tarixdən sonra isə iddiaçının müraciəti əsasında dövlət tibb müəssisəsi tərəfindən tərtib edilmiş heç bir yeni göndəriş daxil olmadığını əsas gətirərək onun əlillik müddətinin bitdiyini bildirmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsini xahiş etmiş, lakin iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı da bu səbəbdən hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya ilkin əlillik xx.xx.2011-ci il tarixdə təyin olunmuş, illər üzrə (hər il olmaqla) təkrar müayinədən keçmiş, sonuncu dəfə Tibbi Sosial Ekspert Komissiyasında xx.xx.2014-cü il tarixdə təkrar müayinədən keçmiş, əlilliyi müddətsiz müəyyən edilmiş, bu, həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olmuş, iddiaçı xx.xx.2020-ci il tarixədək əlilliyə görə pensiya almış, qeyd edilən müddətdə təkrar müayinəyə dəvət olunmamış, buna baxmayaraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində əlilliyin müddəti xx.xx.2015-ci il tarixədək müəyyən edilmişdir. Odur ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmçinin qeyd edir ki, iddiaçıya əlillik təyin edilərkən qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnaməyə əsasən zona tibbisosial ekspert komissiyaları həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir. İddiaçıya 9 nömrəli Xəzər Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixdə təyin edilmiş əlillik müddətsiz olduğu halda, həmçinin təyin edilmiş əlillik daha sonra inzibati orqan tərəfindən dəyişdirilmədiyi və ləğv edilmədiyi halda, “Əlillik” altsistemində iddiaçıya təyin edilmiş əlillik müddətli göstərilmişdir. Qeyd edilməlidir ki, sözügedən Əsasnamənin müddəalarına əsasən zona tibbi-sosial ekspert komissiyalarının əlilliyin təyini ilə bağlı verdiyi sənədlər əlilliyi (o cümlədən əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını) müəyyən edən əsas sənəddir, yəni inzibati aktdır. “Əlillik” altsisteminə isə məlumatlar məhz həmin sənəd əsasında daxil edilməlidir. Başqa sözlə, “Əlillik” altsistemindəki məlumatlar zona tibbi-sosial ekspert komissiyalarının əlillik ilə bağlı verdiyi sənədin (inzibati aktın) məzmununa uyğun olmalıdır. Hazırkı iş üzrə iddiaçıya 9 nömrəli Xəzər Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci qrup əlillik təyin edildiyi halda, “Əlillik” altsistemindəki məlumatlarda əlilliyin müddəti 1 il, yəni xx.xx.2015-ci il tarixədək göstərilmiş, bununla da, elektron sistemdəki məlumatın səhv daxil edildiyi müəyyən edilmişdir. Cavabdeh inzibati orqan da həmin məlumatın əsaslılığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçıya 2020-ci ilin ortasınadək əlilliyə görə sosial ödənişlər ödənilmişdir. Başqa sözlə, xx.xx.2015-ci il tarixdən sonra da cavabdeh onun əlilliyini dayandırmamış, iddiaçıya münasibətdə müddətsiz əlil kimi davranmış və ondan irəli gələn müvafiq hərəkətlər etmişdir. Beləliklə, iddiaçının onun barəsində qəbul edilmiş inzibati akta, həm də cavabdehin hərəkətlərinə etimad hüququ yaranmışdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının faktiki olaraq əlilliyinin dayandırıldığı anda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı inzibati orqan tərəfindən əməl edilməli olan məcburi prosedur qayda müəyyən etmiş, lakin cavabdeh buna riayət etmədən faktiki olaraq əlilliyi dayandırmış, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası iddianın mümkünsüzlüyü ilə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan İddiaçı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən və poçt qəbzindən (iş vərəqi 15-16) görünür ki, o, hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir (iş vərəqi 161). Nəzərə almaq lazımdır ki, iddiaçının hazırkı iş üzrə tələbi qanuni qüvvədə olan inzibati aktdan irəli gələn cavabdehin öhdəliklərinin icra edilməsi ilə bağlı olub (əlilliklə bağlı məlumatların elektron sistemə düzgün daxil edilməsi) mübahisələndirmə haqqında iddialara aid deyildir. Bu halda, iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir, həmin iddialar üzrə isə mümkünlük şərti kimi iddia qaldırılarkən hansısa müddətə riayət edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1217/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-59/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-59/2023
08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver