Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-590/2024 04.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(120)-2846/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı “dərs bölgüsünün qanunsuz hesab edilməsi və kompensasiyanın ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Ə.Rzayev adına Orand kənd tam orta məktəbinin direktoru X1 övladının keyfiyyətli təhsil almaq hüququnu pozduğu üçün 2021-2022-ci, 2022-2023-cü və 2023-2024 cü tədris illərində apardığı dərs bölgüsünün qanunsuz hesab edilməsi və qanun yol verdiyi halda kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 19 sentyabr 2024-cü il tarixli, 2- 1(120)-2846/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçıların mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Başqa sözlə desək, iddiaçı X4 Təhsil İdarəsinin tabeliyində olan Lerik rayon Orand kənd tam orta məktəbinin direktoru X1 2021-2022-ci, 2022-2023-cü və 2023-2024 cü tədris illərində Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək qeyri ixtisas müəllimləri olan yaxın qohumlarının xeyrinə qanunsuz dərs bölgüsü apardığı üçün, əvəzçiliklə dərsləri qeyri ixtisas müəllimləri olan yaxın qohumlarına verdiyinə görə və etdiyi çoxsaylı müraciətlərə baxmayaraq Regional Təhsil İdarəsi bu qanun pozuntularının qarşısını almaqdansa onları qəbul edib və təsdiq edərək övladının kefıyətli təhsil alma hüququnu pozduğu qeyd edir. Lakin Cavabdeh İddiaçı hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, hazırki tələblərə oxşar iddia növləri ilə iddiaçı bir neçə dəfə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2560/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2-1(120)-5080/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadları ilə iddia mümkün hesab edilməmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndinə əsasən kimiya-biologiyaya, biologiya-kimya, riyaziyyat-fizikaya, fizika-riyaziyyata və informatika-riyaziyata mahiyyət etibarı ilə yaxın fənnlərdir. Orand kənd orta məktəbinin direktoru Babək Rəhimov isə Nazirlər Kabinetinin qərarını öz yaxınlarının xeyrinə dəyişərək qanunsuz dərs bölgüsü aparmışdır. Məktəbin direktoru Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək öz qardaşlarına, qardaşı oğluna və digər qohumlarına qeyri ixtisas dərslərinin tədrisini tapşıraraq övladının keyfiyyətli təhsilalmaq hüququnu pozmuşdur. İxtisasca idman müəllimi olan Ramiz Rəhimov qeyri ixtisas olan Biologiya fənnindən necə diaqnostik imtahanda və kurikulum üzrə təlim kursunda iştirak edib və hansı kurikulum kursu idman müəlliminə biologiyadan serifıkat verib və nəyin müqabilində?! İdman müəllimi Ramizin oğlu olan kollec təhsilli ibtidai sinif müəllimi Rəhimov Mustafa necə diaqnostik imtahanda iştirak edib və hansı kurikulum kursu ona riyaziyyatdan sertifikat verib? Bu şəxs 5-11 ci sinfə kimi 2021-2022-ci tədris ilində riyaziyyatdan dərsləri əvəzçilik qaydasında tədris edib? Fizika müəllimi olan Rəhimov Müqabil kimyadan və yeznəsi Texnologiya müəllimi olan Asif Rəhimov informatikadan, məktəbin direktoru ixisasca texnologiya müəllimi olan Babək Rəhimov musiqidən hansı kurikulum kursunun sertifikatını alıblar və hansı yolla? Rəhimovlar ailəsi qeyri ixtisas fənlərindən hans təlim kurslarından keçərək qeyri ixtisas fənnlərinin peşəkarcasına bilmələri ilə bağlı verilmiş rəylərlə onunda bir valideyn kimi tanış olmaq hüququ vardır. Çünki bu müəllimlər onun azyaşlı övladına guya bilik öyrədirlər. Məktəb dövlət müəsissəsidir, dövlət vəsaiti hesabına maliyələşir, aşkarlıq, şəffaflıq və demokratik prinsiplərlə idarə olunmalıdır. Məktəb Rəhimov qardaşlarının şəxsi müəsissəsi deyildir. Rəhimov qardaşları nəinki qeyri-ixtisas fənnləri olan kimya, biologiya, informatika, musiqi, riyaziyyatı hətta dəmək saatlarını da guya tədris edirlər. Beləki, ata idman müəllimi olan Rəhimov Ramiz və ogul kollec təhsilli ibtidai sinif müəllimi Mustafa Rəhimov dərnək saatlarının pulunu da tədris adıyla mənimsəyirlər. Babək Rəhimovu məktəbdə dərslərin tədrisi düşündürmür. O özünün və qardaşlarının maddi rifahını düşünür və kimlərsə hansı məqsədlə onu himayə edir. Bununlada övladlarımızın keyfiyyətli təhsilalmaq hüququnu məhdudlaşdırırlar. Babək Rəhimovun yuxarıda adlarını qeyd etdiyi qardaşları və qohumlarının ixtisaslarına uyğun dərs yükü az olduğu üçün o qonşu məktəblərdən saat hesabı da olsa ixtisaslı müəllim gətirmək isdəmir ki, qardaşları və qohumlarını qanunsuz dərs yükü ilə təmin etsin. Təhsil haqında qanunları Baş Nazir, Elm və Təhsil Nazirliyi imzalayır. Ancaq yazılmış qanunlarıda Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəblər düzgün icra etmir. Bu məktəbdə qeyri ixtisas dərslər, fərdi məşğəllələri, fakultətiv və dəməkləri, hətta əvəçilik qaydada keçirilən dərsləridə Rəhimovlar tədris edir. Bu məktəbdə Azərbaycan Respublikasının Təhsil haqında qanun və təlimatlar düzgün tətbiq olunmur. İdman müəllimi olan direktorun qardaşı Ramiz Rəhimova verilmiş qanusuz Biologiya dərslərin qanuniləşdirməsindən ötrü gah Nazirlər Kabmetinin qərarına uyğun verilməsini, gah Biologiya ixtisasından sertivikatın olmasını gahda bu dərsin uzun müddət Ramiz Rəhimovun tədris etməsini bəhanə gətirərək Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək övladımın kefıyətli təhsil alma hüququnu pozurlar. Dəfələrlə Elm və Təhsil Nazirliyinə Orand kənd tam orta məktəbində aparılmış dərs bölgüsünün hansı qanun və təlimatla apardığı haqında müraciət etsə də müraciətindən yayınaraq müraciətinə aid olmayan cavablar verərərək valideyin kimi onun hüququnu pozmuşlar. Hansı qanunda yazılıb ki, Kimiya fənni Fizika fənninə, Biologiya fənni Bədən tərbiyə fənninə,(kollec təhsilli) İbtidai sinif fənni 5-11 siniflər üzrə riyaziyyat fənninə Texnologiya fənni İnformatika fənninə, Texnologiya fənni müsiqi fənninə yaxın fənlərdir. O, bir valideyin kimi dəfələrlə müraciət etsə də Elm və Təhsil Nazirliyindən yuxarıda qeyd etdiyi dərs bölgüsünün hansı qanun və təlimatla apardıqları barədə cavab ala bilməmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsində qeyd olunan dəlillərlə uyğun məzmunda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, hazırki mübahisə iddiaçının məktəb rəhbərliyi ilə münasibətlərinin pozulmasından yaranmışdır, əslində iddiaçının övladı oxuduğu sinifdə tədris hər fənn üzrə həmin fənn müəllimi tərəfindən aparılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2560/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2-1(120)-5080/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadlarının məzmunundan görünür ki, iddiaçı “Ə.Rzayev adına Orand kənd tam orta məktəbinin 2021- 2022-ci, 2022-2023-cü və 2023-2024 cü tədris illərində apardığı dərs bölgüsünün qanunsuz hesab edilməsi” tələbinə dair 2 dəfə iddia qaldırmış, hər iki halda iddia mümkün hesab edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi öz qərarında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmasını qeyd etsə də iddianı başqa əsasla- iddiaçının hazırki tələblə bağlı subyektiv hüququnun olmaması əsası ilə mümkünsüz hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə kollegiyası həmçinin iddianın “kompensasiyanın ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, bu qəbildən olan mübahisələr üzrə iddianın xüsusi mümkünlük şərtlərindən biri iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl sözügedən tələblə müvafiq cavabdehə müraciət etməsidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlsə də, iddianın mümkünlüyük şərtlərinə iddiaçının həmin tələblə bağlı subyektiv hüququnun olmaması baxımından qiymət verməkdə haqlı olmamışdır. Həmçinin tələbin “kompensasiyanın ödənilməsi” hissəsi ilə bağlı ümumiyyətlə hüquqi dəyərləndirmə aparmamışdır. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddianın “dərs bölgüsünün qanunsuz hesab edilməsi” hissəsi yuxarıda qeyd olunan əsaslarla hər bir halda mümkünsüz iddia olduğundan, eyni zamanda iddiaçıya kompensasiya tələbi ilə bağlı hüquqi yardım edilmiş olsaydı belə, onun cavabdehə ilkin müraciətinin olmaması baxımından iddiaçı üçün ugurlu nəticə əldə etmək mümkün olmayacaqdı. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkünlük şərtlərinin yenidən araşdırılması məqsədilə işin həmin məhkəməyə qaytarılması zərurəti də aradan qalxmış olur. Qeyd olunanlara əsasən işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiiş apellyasiya şikayətləri təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(120)-2846/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-590/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-590/2024
04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver