Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-591/2025 25.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: güzəştli arayışın düzgün qiymətləndirilməməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, cavabdehin nümayəndəsi XXX Qanuni nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “11 avqust 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli 2-1(120)- 1161/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1961-ci il təvəllüdlüdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” xx.xx.2024-cü il tarixli 13/24-05 nömrəli arayışda qeyd edilmişdir ki, “...İddiaçı güzəştli şərtlə yaşa görə pensiya hüququ verən qaynaqçı vəzifədə "xxxx" MMC-nin X2 zavodunda işləyir. xx.xx.2017-ci il tarixdə 8 nömrəli əmrlə “X1” MMC-yə qaynaqçı işinə qəbul olunub. xx.xx.2018-ci il tarixdə 56 nömrəli əmrlə “X1” MMC-nin ləğv olunması və "xxxx" MMC-yə qoşulması ilə əlaqədar olaraq Cəmiyyətin X2 zavoduna qaynaqçı peşəsinə qəbul olunub. Hal-hazırda "xxxx" MMC-nin X2 zavodunda işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 6 il 3 ay 17 gün təşkil edir.” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” xx.xx.2024-cü il tarixli 13/22-54 nömrəli arayışda qeyd edilmişdir ki, “...İddiaçı Şinbala oğlu güzəştli şərtlə yaşa görə pensiya hüququ verən qaynaqçı vəzifədə "xxxx" MMC-nin X2 zavodunda işləyir. İşə qəbul olub PMK-1 №-İi Mexanikləşdirilmiş dəstə xx.xx.1978-ci il tarixli, 148 nömrəli əmr, keçirilib 2-ci dərəcəli fəhlə xx.xx.1978-ci il tarixli, 172 nömrəli əmr, xx.xx.1979ci il tarixli, 145 nömrəli əmrlə əsgərliyə getdiyi üçün işdən azad olunub. Sabirabad RMZ-də xx.xx.1982-ci il, 18 nömrəli əmrlə qaynaqçı işinə qəbul olunub, xx.xx.1982-ci il tarixli, 49 nömrəli əmrlə keçirilib 1-ci dərəcəli qaynaqçı, xx.xx.1982-ci il tarixli, 89 nömrəli əmrlə öz ərizəsi ilə işdən azad olunub. İşə qəbul olunub xx.xx.1982-ci il tarixli, 227 nömrəli əmrlə Saatlı dəmiryolu qovşağında 1-ci dərəcəli qaynaqçı, xx.xx.1982-ci il tarixli, 246 nömrəli əmrlə işdən azad olunub. İşə qəbul olunub Saatlı dəmir yolu qovşağında xx.xx.1982-ci il tarixli, 284 nömrəli əmrlə 1-ci dərəcəli qaynaqçı işinə qəbul olunub, xx.xx.1983-cü il tarixli, 17 nömrəli əmrlə 2-ci dərəcəli qaynaqçı işinə keçirilib, xx.xx.1983-cü il tarixli, 170 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad olunub, xx.xx.1983-cü il tarixli, 21 nömrəli əmrlə Sabirabad MMC-də kənd təsərrüfatı trestində maşinist ekskvator köməkçisi işinə qəbul olunub, xx.xx.1983-cü il tarixli, 72 nömrəli əmrlə öz ərizəsi ilə işdən azad olunub, xx.xx.1983-cü il tarixli, 181 nömrəli əmrlə Saatlı rayonu Melarasiya və Su Təsərrüfatı idarəsinə 3-cü dərəcəli ekskavator maşinist köməkçisi işinə qəbul olunub, xx.xx.1985-ci il tarixli, 94 nömrəli əmrlə 2-ci dərəcəli betonşik işinə keçirilib, xx.xx.1986-cı il tarixli, 59 nömrəli əmrlə 2-ci dərəcəli betonşik işinə keçirilib, xx.xx.1986-cı il tarixli, 144 nömrəli əmrlə öz ərizəsi ilə işdən azad olub. xx.xx.1987-ci il tarixli, 32 nömrəli əmrlə Sabirabad MMC-də 3-cü dərəcəli ekskovator köməkçisi işinə qəbul olunub, xx.xx.1986-cı il tarixli, 01 nömrəli əmrlə Saatlı rayonu Mühafizə bölməsində gözətçi işinə qəbul olunub, xx.xx.1987-ci il tarixli, 51 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad olunub, xx.xx.1987-ci il tarixli, 263 nömrəli əmrlə Saatlı rayonu Mühafizə bölməsində gözətçi işinə qəbul olunub, xx.xx.1988-ci il tarixli, 40 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad olunub, xx.xx.1988-ci il tarixli, 39 nömrəli əmrlə Saatlı rayonu Sarıcalar 144 nömrəli Təsərrüfatlararası səyyar mexanikləşmə dəstəsində 3-cü dərəcəli qaynaqçı işinə qəbul olunub, xx.xx.1989-cu il tarixli, 20 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad olunub, xx.xx.1989-cu il tarixli, 36 nömrəli əmrlə Saatlı rayon Qaz idarəsinə 3-cü dərəcəli qaynaqçı işinə qəbul olunub, xx.xx.1989-cu il tarixli, 50 nömrəli əmrlə öz ərizəsi ilə işdən azad olunub, xx.xx.1989-cu il tarixli əmrlə Saatlı Təmir-tikinti idarəsinə 5-ci dərəcəli qaynaqçı işinə qəbul olunub, xx.xx.1991-ci il tarixli, 61 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad olunub, xx.xx.1991-ci il tarixli, 16 nömrəli əmrlə X4 Kombinatına 5-ci dərəcəli qaynaqçı işinə qəbul olunub, xx.xx.1993-ci il tarixli, 94 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad olunub, xx.xx.1993-cü il tarixli, 45 nömrəli əmrlə Saatlı 14 nömrəli Təsərrüfat hesablı qaz idarəsinə 5-ci dərəcəli qaynaqçı işinə qəbul olunub, xx.xx.1994-cü il tarixli, 23 nömrəli əmrlə həmin idarə ləğv olunduğu üçün THƏTCyə keçirilmişdir. xx.xx.1994-cü il tarixli, 62 nömrəli əmrlə həmin idarənin ləğv olunması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1995-ci il tarixli, 36 nömrəli əmrlə Saatlı rayon 109 nömrəli peşə məktəbinə mexanik işinə qəbul olunub, xx.xx.1995-ci il tarixli, 48 nömrəli əmrlə mexanik işindən qaynaqçı işinə keçirilmiş, xx.xx.1996-cı il tarixli, 4 nömrəli əmrlə qaynaqçı ustası işinə keçirilib, xx.xx.1998-ci il tarixli, 152 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad olunub. xx.xx.2005-ci il tarixli, 69 nömrəli əmrlə X3 idarəsinə qaynaqçı işinə qəbul olunub, xx.xx.2006-cı il tarixli əmrlə öz ərizəsinə əsasən işdən azad olunub, xx.xx.2010-cu il tarixli, 524 nömrəli əmrlə ARDNŞ Azəriqaz İB-TTŞ-si 5-ci dərəcəli qaz qaynaqçısı işinə qəbul olunub, xx.xx.2010-ci il tarixli, 1421 nömrəli əmrlə 5-ci dərəcəli qaz qaynaqçısı işinə keçirilib, xx.xx.2010-cu il tarixli, 2234 nömrəli əmrlə ştatları ləğv olunduğu üçün işdən azad olunub, xx.xx.2017-ci il tarixli, 08 nömrəli əmrlə “X1” MMC-yə qaynaqçı işinə qəbul olunub. xx.xx.2018-ci il tarixli, 56 nömrəli əmrlə “X1” MMC-nin ləğv olunması və "xxxx" MMC-yə qoşulması ilə əlaqədar olaraq Cəmiyyətin “X2” zavoduna qaynaqçı peşəsinə qəbul edilsin. Tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 26 il 2 ay 20 gün təşkil edir.” Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q- 40442/2024 nömrəli məktubda qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulub. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" MMC-nin 23 avqust 2022-ci il tarixli 13/22-54 nömrəli arayışında xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1993xx.xx.1994-cü il, xx.xx.2005-xx.xx.2006-cı il, xx.xx.2010-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda işlədiyi peşənin yuxarıda qeyd olunan qərarla təsdiq olunmuş siyahıda nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçılar vəzifələrə aid olubolmaması barədə hər hansı məlumat qeyd edilməyib. Bu səbəbdən də, güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “11 avqust 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 60 yaşının tamam olduğu tarixə, yəni 11 avqust 2021-ci il tarixə 25 ildən çox ümumi, o cümlədən həmin müddətin 12 il 6 aydan çox güzəştli sığorta stajı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. Cavabdehin etirazları: İddiaya qarşı etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilk təşkil edir. Şirvan İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli 2-1(120)-1161/2025 saylı qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi XXX Qanuni nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edillməsini və iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddiaya uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddiaya uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiya) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: ... 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən verilən forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayışa əsasən. İşəgötürənin fəaliyyət göstərməməsi səbəbindən həmin arayış təqdim oluna bilmədikdə isə şəxsin işlədiyi sahə, peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilənlərlə eynilik təşkil etdikdə MEİS-in “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə əmək kitabçasında olan qeydə, bu qeydin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda isə Dövlət arxivinin arayışına əsasən. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavə “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” Arayış Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli 2-1(120)-1161/2025 nömrəli qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Bu aşağıdakılardan irəli gəlir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə, yəni xx.xx.2021-ci il tarixə 25 ildən çox ümumi, o cümlədən 12 il 6 aydan çox güzəştli iş stajı vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini şərtləndirən və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin Məhkəməyə göndərilməsi əsaslarının qeyd olunmasını zəruri hesab edir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. İlk öncə qeyd edilməlidir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” xx.xx.2024-cü il tarixli 13/24-05 və xx.xx.2024-cü il tarixli 13/22-54 nömrəli arayışlardan görünür ki, iddiaçı ayrıayrı dövrlərdə müxtəlif idarələrdə qaynaqçı vəzifəsində işləmiş, bütün idarələrə münasibətdə isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən güzəştli arayış verilmişdir. İddiaçının işlədiyi idarələrdən bəziləri təmir-tikinti idarələridir. Ümumiyyətlə, iddiaçının əvvəllər işlədiyi idarələrin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə analoji müəssisə olub-olmaması ilə bağlı hər hansı bir araşdırma aparılmamışdır. Bundan başqa, qeyd edilən arayışlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavə göstərilən “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” Arayışa uyğun deyil. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan yaş həddinə - 60 yaşına xx.xx.2021-ci ildə çatmışdır. Bu səbəbdən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyası şamil edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə omuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı zaman qüvvədə olan qanunvericilik normasının tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin şərtlərindən biri də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsidir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qərarında iddiaçının malik olduğu fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı barədə, eyni zamanda həmin kapitalın güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya kapitalına uyğun olub-olmaması (pensiya təyinatına imkan verməsi) barədə araşdırmaların aparılması öz əksini tapmamışdır. Qeyd edilən məsələlər araşdırılmadan işə düzgün qiymət verilməsi mümükün deyil. İşə yenidən baxılarkən yuxarıda göstərilən məsələlər, o cümlədən işin həlli üçün əhəmiyyət kəsb edən digər hallar araşdırılmaqla mübahisəyə qiymət verilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli 2-1(120)-1161/2025 nömrəli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-591/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-591/2025
25.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver